Yuxarı

Qocaman şair: “Aprel döyüşlərindən sonra...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

78 yaşlı şair Əşrəf Veysəlli ilə çoxdan etmək istədiyim söhbət axır ki, baş tutdu. Ürəyində torpaq, yurd yeri, dost itkisi gəzdirən ağsaqqal şairlə söhbətimizin maraqlı olacağı qənaəti onunla hər görüşümdə yenilənirdi. Lakin şairin günlərini nəvələri, yaradıcılığı və xatirələri ilə paylaşdığı bir məqamda istəyimi gerçəkləşdirə bilmirdim. Bu günlərdə Sumqayıt şəhərində keçirilən ədəbi tədbirlərin birində şairlə üz-üzə oturdum:

- Salam, Əşrəf müəllim, necəsiniz? Özünüzü necə hiss edirsiniz? Sizin "Xatirə dəftəri"nizi birlikdə vərəqləmək istəyirəm.

- Allahın 99 gözəl adı var, deyirlər. Onlardan biri də yəqin ki, Salamdır. İnşallah, Allahın adi ilə başlanan dialoqumuz uğurla nəticələnər:

Salam bu köhnə dünyaya

təzə gələn şairlərə.

Söz qanıb mətləb anlayan,

qədir bilən şairlərə.

Bir nəfəsə min ah çəkən,

hər sözünü sınaq çəkən,

kədərə şaqqanaq çəkən,

dərdə gülən şairlərə.

Əriyib sözə yığılan,

gözlərinə qan sağılan

hər gün təzədən doğulan,

hər gün ölən şairlərə.

Bu sualın məndə hazır, standart cavabları var. Yarızarafat, yarıciddi deyilən cavablarla tərəfdaşımda xoş ovqat, xoş əhval-ruhiyyə yaratmaq istəyirəm. Məsələn, "can-başınız necədir" sualına, "canım babatdır, başımdan xəbərim yoxdur", "evdə- eşikdə" sualına "eşik evdən yaxşıdır", "nə var, nə yox" sualına "hər şey var, bir şey yoxdur, bir şey olsa hər şey olar", "Necəsiniz" sualına isə "hamı kimi - yəni əhalinin 60-70 %-i kimi" - deyə cavab verirəm.

Əşrəf müəllimin necə sevildiyini, hörmətinin saxlandığını dəfələrlə müşahidə etmişəm. Görünür, gənclik illərindən bu vaxta qədər üst-üstə yığılan səmimi münasibətlərin, qazanılan hörmətin nəticəsidir, düşüncəsi ilə soruşuram:

- Əşrəf müəllim, fikir vermişəm, Sumqayıt ədəbi mühitinin əksər şairləri sizi "əmi" deyə çağırır. Əmilik yükü ağır deyil ki?

Həmin xoş təbəssüm, zərif yumor hissi şairimizin budəfəki cavabında da diqqətdən yayınmır:

- Sumqayıt ədəbi mühitində örpəkli poeziyamızın nümayəndələri uzun müddət Ofeliya xanım Babayevanı "matriarx", papaqlı şeirimizin yaradıcıları isə məni "patriarx" adlandırıblar. İndi bəlkə də yaşımla, ağsaqqallığımla əlaqədar olaraq mənə "əmi" deyə müraciət edirlər. Çox sağ olsunlar. Ata-ana, baba-nənə anlayışlarından sonra əmi-dayı, xala-bibi anlayışları gəlir. Bu, məsuliyyətli işdir, kaş gənclərimizin əmi istəklərinə nail olub, əmilik missiyasını layiqincə yerinə yetirə biləydim...

- İllər ötür, yaşınızın üstünə yaş gəlir, amma şeirləriniz qocalmaq bilmir. Gənclik təravəti, enerjisi şeirlərinizdən boy verir.

- İnsan yaşa dolduqca Ulu Tanrı ona nə veribsə - göz, qulaq, təpər, güc, enerji və s. hamısını geri alır. Ona görə də məni laqeydlikdə, soyuqqanlılıqda suçlamazdan öncə bunları nəzərə almağınızı xahiş edirəm. Müsahibə götürmək istəyinizi gec cavablandırdığım üçün üzrxahlıq edirəm...Əgər həqiqətən də siz deyəndirsə, onda qocalıq dövrünün şeirini hələ yaza bilməmişəm. Bu barədə düşünməyə dəyər.

Əslində isə Əşrəf müəllimin yaradıcılığındakı ağsaqqallıq gənclik illərinin şeirlərində də qabarıq görünür. Daim gənclərlə əhatələndiyini yadına salıram:

- Həm də gənc ədəbi nəslin bütün tədbirləri sizsiz keçmir, onları şeirinizlə, yoxsa ağsaqqal olmağınızla özünüzə tərəf çəkmisiniz?

- İmkanım olsaydı, bacarsaydım və səhhətimdəki problemlər aman versəydi, bütün ədəbi-bədii tədbirlərdə yaxından iştirak edərdim... Təəssüf ki, yaşın o vədəsi deyil. İllər öz işini görür...Əgər gənc nəsil mən tərəfə meyl edirsə, bunu qocalara hörmət və az-çox yazı-pozularıma diqqətlə əlaqələndirmək olar.

- Əşrəf müəllim, bir qədər ötənlərə nəzər salaq. Nələri xatırlayırsınız? Nələrin yanından ötüb keçmisiniz, əl uzadıb götürməmisiniz?

- Xatirələrim çoxdur... 60-70-ci illərin ədəbi-bədii mühiti haqqında saatlarla danışa bilərəm. O dövrün yaradıcı insanları ilə bağlı sinəm söz-söhbətlə doludur. Kiçik bir xatirə danışım: Günlərin bir günü AYB-nin binası qarşısında xalq yaradıcılığına, ozan sənətinə dərindən bələd olan sevimli xalq şairi Hüseyn Ariflə görüşdük. Deyim ki, dəfələrlə onun Sumqayıtdakı görüşlərinin aparıcısı olmuşam. Hal-əhval tutduqdan sonra: "Ay Əşrəf, bu Azərbaycan xalqının 80 %-i rüşvətxordur", - dedi. Ayrılmaq istəyirdim ki, tutub saxladı: "O 20 %-i bilirsən niyə rüşvətxor deyil? Onlara rüşvət verən yoxdur".

Söhbətin bu məqamında nələrin təəssüfə səbəb olacağını soruşuram:

- Ümumiyyətlə, həyatda qazandığınızla itirdiyinizin arasında nə qədər fərq var?

- Çox şeylərin - var-dövlətin, şöhrətin elə rüşvətin də yanından saymazyana ötüb keçmişəm... Çox şey itirmişəm. Qazandıqlarım itirdiklərimin yanında heç nədir: Vətən, valideyn, dost itkilərinin hamısını görmüşəm. Vətən itkisi ən betəriymiş...

- Gənclik illərinizdən gənclik şəhəri Sumqayıtla bağlı olmusunuz. Sizcə, Sumqayıt yenə gənclik şəhəridir?

- Demək olar ki, mənim bütün həyatım Sumqayıtla bağlıdır. Şəhərimizin sürətli inkişafı, günü-gündən gözəlləşməsi onu gənclik taxtından düşməyə qoymur.

Şairin doğulub boya-başa çatdığı Qarabağ mahalı, Füzuli rayonunun Veysəlli kəndi düşmən tapdağındadır. Vətəndaş mövqeyini qoyduğu o qədər şeirlər yazıb ki...

- Qarabağ, Veysəlli torpağı şeirlərinizə daha çox gözünüzün önündə boy verib keçir, yoxsa ürəyinizdən yol alır?

- Qarabağ! Bizim yaralı yerimizdir. İnsan öz yaralı yerini çox istəyən kimi, biz də Qarabağımızı çox sevirik və onsuz çətin yaşayırıq... Bədii publisistikanın son dərəcə iddiasız və dəyərli nümayəndələrdən biri olan Feyzi Mustafayev demişkən, "Hər gün ürəyimdə QRAD partlayır.." Bu da bir taledir...Vaxt var idi Təbriz deməkdən dilimiz parçalanardı. İndi Təbrizə yollar açılıb, Qarabağa isə yollar bağlanıb. Biri olanda o biri olmur:

Biz öz müstəqilliyimizi böyük itkilər hesabına qazanmışıq. Onu da deyim ki, aprel döyüşlərindən sonra Qarabağ ümidlərimiz daha da artıb. Bu hadisələr zamanı hamımız Qarabağlı olmuşduq. Vətənimizin hansı bölgəsi təhlükə ilə üzləşsə, biz həmin bölgədən olmalıyıq. Yoxsa vətənsiz qalarıq.

- Gənclik illərinizdə özünüzü şair olaraq gördüyünüz yerə çatmısınızmı? - mövzunu bir qədər dəyişmək, şairi o ağrılardan üzü bəri çəkmək istəyirəm.

- Açığını deyim ki, gənclik illərində özümü şair olaraq gördüyüm yerə çata bilməmişəm. Əslində, buna can atmamışam da. İddiasız yaşamışam. Bu işdə özümdən başqa kimsəni günahlandırmağa haqqım yoxdur. Yazılarım haqqında S.Rüstəm, R.Rza, B.Nəbiyev, B.Vahabzadə, İ.Əfəndiyev, Ə.Ələkbərzadə, O.Sarıvəlli, M.Hüseyn, M.Araz, Ə.Kərim, S.Tahir, X.Rza və başqa söz nəhəngləri müsbət fikir söyləyiblər. Xalq şairi S.Rüstəm mənim "Bir gecəlik ayrılıq" lirik poemamın təqdimatından yazırdı ki, "Azərbaycanda bütün mətbuat orqanlarının qapıları bu istedadlı gəncin - Əşrəf Şəfiyevin üzünə açıq olmalıdır". Mən bunların heç birindən istifadə etməmişəm.

Məni yarı yolda atan çox olub,

Çox zaman yolnan da yollaşmamışam.

Çox olub qolumdan tutan, çox olub,

Heç kəsin qolundan sallaşmamışam.

- Əşrəf müəllim, həyatda nəyə nail ola bilmədiniz?

- Çox şeyə nail ola bilmədim. Buna da min şükür. Nazim Hikmət demişkən, "Ayrılıqdan it kimi gəbərsəm də, insan kimi yaşadım".

- Daha çox hansı xatirələrə, kimlərlə keçirdiyiniz günlərə dönmək istərdiniz?

- Qarabağlılı ,Veysəllili, Feyzi Mustafayevli, Əli Kərimli, Məmməd Arazlı, Vaqif İbrahimli... günlərimə dönmək istərdim...

- Xatirələrinizin ən həssas məqamını yada sala bilərsiniz?

- Kövrək xatirələrim çoxdur, birini deyim: Yaxın dostum Feyzi Mustafayev xəstəxanada yatırdı, son günlərini yaşayırdı... Bir gün onun yanında kimsə dedi ki, ömrünün hər saatını min ABŞ dollarına satın alan xəstələr var... Feyzi acizanə şəkildə üzümə baxdı və "Qardaş, biz az da yaşamaq istəyirəm..." - dedi. Ömrümdə ilk dəfə idi ki, dostumun xahişi qarşısında aciz qalırdım. Onu evinə apardıq, bayıra çıxdım, ağlaya-ağlaya iş yerimə getdim. Təzəcə çatmışdım ki, zəng oldu: "Feyzi keçindi, gəl".

- Bu günün ədəbi mühiti sizi qane edirmi?

- Bəli, mübahisəli və ziddiyyətli məqamları nəzərə almasaq, "hə" demək olar.

- Yormadım ki sizi?

- Qətiyyən yox! Mən maraqlı, istedadlı və duyğusal insanlarla, mənəvi zənginliyi ilə çoxlarımıza örnək ola biləcək gənclərimizlə söhbət etməkdən yorulmuram.

Tarix
2016.09.07 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla