Yuxarı

“Ermənilər təslim olmağa hazır idi...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu az adam olar ki, tanımasın. Başqalarından fərqli olaraq onun iki yox, üç, bəlkə də daha çox gözü var. Müşahidə qabiliyyəti güclüdür. Çoxlarının böyük bir mətndə verdiyi informasiyanı bir foto ilə daha dolğun və ətraflı çatdırmaq qabiliyyətinə, bacarığına malikdir.

O, S.Rasim imzası ilə tanınan məşhur fotoreportyor Sadıxov Rasim Mirzəbala oğludur. Əslən Novxanı kəndindəndir. Tanınan nəslin nümayəndələrindəndir. Babası Əlibala Sadıxov Məhəmmədəmin Rəsulzadənin uşaqlıq dostu olub. Söz düşəndə deyir ki, mən bununla həmişə fəxr edirəm!

Bu günlərdə məşhur fotoreportyorla görüşüb söhbət etdim:

- Rasim müəllim, sizinlə Axar.az-ın "Xatirə dəftəri" layihəsində görüşürük. Deyin, işdən, yaradıcılıqdan vaxt tapıb xatirələrə çoxmu dalırsınız?

- Yox, xatirələrə dalmağa vaxtım çox az olur. Demək olar ki, olmur. Yalnız təsadüfi hallarda həyatımda baş verən hadisələrin oxşar anları ilə rastlaşanda xatirələrə dalıram.

- Uzun illər çəkdiyiniz fotolar Azərbaycan mediasında böyük önəm daşıyıb. S.Rasim imzası ilə seçilib, xoşa gəlib. Demək olar ki, foto aləmində bir məktəb yaradırsınız. Davamçılarınız, şagirdləriniz də çoxdur. "Ustadın üzünə ağ olanı" olmayıb ki?

- Olub. 100-ə yaxın şagirdimdən yalnız 2 nəfər naxələf çıxıb. Bu iki nəfərdən biri naxələflikdə xüsusən fərqlənib. Hətta 90-cı illərdə, 20 Yanvar hadisələri zamanı yanvarın 26-da anonim olaraq telefonla Bakı Şəhər Komendantına - rus ordusunun generalına zəng vurub, mənim nəşriyyatdakı otağımın ünvanını bildirib və əlavə edib ki, guya otağımda silah gizlədirəm. Bu zəngdən sonra 1 zabit və 4 rus əsgərindən ibarət qrup həmin gün mənim otağımın qapısını sındırıb içəri daxil oldu, çox ciddi axtarış apararaq otağı darmadağın edib, məni həbs etdilər. Yanvarın 27-də axşamüstü mərhum jurnalist Ağəddin Mənsurzadənin başçılığı ilə bir qrup jurnalistin Komendanta müraciəti əsasında məni azad etdilər. İkincisi haqqında isə mən ümumiyyətlə, danışmaq istəmirəm. Qoy Allah hər kəsə öz əməlinə görə versin.

- Müxtəlif dövrlərdə ən qaynar yerlərdə olmusunuz, siyasi çəkişmələrdən tutmuş, 20 Yanvar qırğınından tutmuş Qarabağ savaşlarına qədər kameranız silaha çevrilib. O günlərin olayları da xatirəyə çevrilib axı...

- Xatirələr çoxdur, onları saymaqla qurtara bilmərəm. Ən unudulmaz, acınacaqlı xatirəm əlbəttə ki, 20 Yanvar hadisələri, Qarabağda apardığımız uğursuz döyüş əməliyyatlarıdır. Bir sözlə, onları sadalamaqla qurtarmaq olmaz. Mən, adətən, o xatirələri, anları çəkdiyim şəkillərə baxanda daha dəqiqliklə xatırlayıram. Ona görə də o illərdə çəkdiyim hər bir şəkil mənim üçün unudulmaz bir xatirədir.

- Olubmu ki, hansısa məqamı zamanında çəkmisiniz, amma zamanında dərc etdirə bilməmisiniz?

- Bəli, belə hallar olub, bu cür şəkillərim çoxdur. İndi də elə şəkillər var ki, müəyyən səbəblərə görə onları dərc etdirə bilmərəm.

- Niyə?

- Çünki bu şəkillər insan talelərinin müəyyən problemlər və anlaşılmazlıqlarla qarşılanmasına səbəb ola bilər.

- Rasim müəllim, çox güman ki, həm də sizə qarşı basqı, təhlükə doğuracaq hadisələr olub.

- Dəfələrlə! Üstüörtülü və açıq-aşkar mənə qarşı dəfələrlə basqılar olub. Hətta indi yadıma düşəndə, müəyyən hadisələri araşdıranda öz-özümə deyirəm ki, Allah məni qoruyub, mənim tərəfimdə olub.

- Yaddaşınızda ən çox sizi məyus edən, lakin tariximiz, dövlətimiz üçün lazımlı olan hansı məqamlar kameranızın obyektivinə düşüb?

- Mənim üçün tarixi, unudulmaz və ən acınacaqlı hadisə Sürət Hüseynovun rəhbərlik etdiyi qoşunların Xankəndinin 11 km-də olarkən, ovaxtkı rəhbərlərin hakimiyyət uğrunda çəkişməsi nəticəsində xəyanətin baş verməsi hadisəsidir. Halbuki həmin günlər artıq erməni separatçıları təslim olmağa hazırlaşırdılar və hətta öz nümayəndələrini Bakıya danışıqlar üçün göndərməyi qərara almışdılar. Amma hakimiyyət uğrunda gedən çəkişmələr, erməninin son beşiyini dağıtmağa imkan vermədi. Həmin andan bir-birinin ardınca bizim məğlubiyyətimiz, torpaqların itkisi başladı. Təəssüf, əgər bu xəyanət olmasaydı, Qarabağ problemi həmin günlərdə Azərbaycanın xeyrinə bitmiş olacaqdı.

- Respublikada siyasi çək-çevirlər də yaddaşınızdan yan qaçmaz. Nələr və hansı hadisələr sizi bu gün də tərk etmir?

- 20 Yanvar hadisələri, Xocalı faciəsi, səngərlərdəki əsgərlərimiz... Hansıları ki, Bakıdan avtobuslara yığıb, cəbhə bölgəsinə, səngərlərə boşaldırdılar. Bu acı bir həqiqətdir. Bunlar heç vaxt məni rahat qoymayacaq. Allaha çox şükür ki, indi Azərbaycanın amansız düşmənə lazımi cavab verəcək ordusu var. Bildiyiniz kimi, Aprel hadisələri zamanı ordumuz öz qüdrətini nümayiş etdirdi. Və bu da o acı xatirələrdən olan tikanlardan bir-ikisini yaddaşımdan, ürəyimdən çıxartdı. Arzum budur ki, Azərbaycan ordusu tezliklə insan cildinə girmiş, vəhşi və murdar erməni həşəratlarının cavabını versin.

- 1990-cı il 20 Yanvarda çəkdiyiniz şəkillər, "yaralanmış" gəmilər və sair də sizin çəkdiklərinizin içərisində tarixi bir sənəddir. O günləri araşdıran komissiya sizə müraciət etdimi?

- Bəli, komissiya mənə də müraciət edib. Onu da deyim ki, həmin bu komissiya bayaq dediyim - yanvarın 26-da olunan anonim zəngin hansı nömrədən olduğu məlumatını mənə verib. O vaxta qədər elə bilirdim ki, məni qanlı yanvar fotolarını hər gün yayımladığım üçün tutublar. Mən ondan sonra başa düşdüm ki, həmin nömrədən yalnız bir adam zəng vura bilərdi. Bu, həmin o dediyim naxələf, nankor, üzdəniraq "şagirdim" idi.

- Bir çox rəhbərləri kameranızla "nişana" alıbsınız. Daha çox kimi əbədiləşdirmək yorucu olmayıb?

- Ulu Öndər Heydər Əliyevi. Mən deyərdim ki, o, bəlkə də yeganə tarixi şəxsdir ki, onu çəkərkən öz işimdən daha çox həzz alırdım. Qeyd etmək istərdim ki, Ulu Öndər reportyorlara, xüsusən, fotoreportyorlara qarşı çox həssas idi. Çəkilişlər zamanı o özü bizim üçün şərait yaradırdı.

- Bu gün nə işlə məşğulsunuz? Deyəsən, fəaliyyətinizin əhatə dairəsi daha da genişlənib.

- Bu gün mən Azpress.az video–foto informasiya agentliyinin xəbər saytına rəhbərlik edirəm. 70 %-ə qədəri video və fotodan ibarət olan saytımızda güclü fotomüxbir komandası fəaliyyət göstərir. Bunların içərisində mənim şagirdlərim də var.

- Fotojurnalist olaraq gənc davamçılarınıza tövsiyəniz nə olardı?

- Öz sənətlərini sevsinlər. Fotojurnalistika adicə fotoqraflıq etmək deyil. Bunlar tamamilə bir-birindən uzaq sahələrdir. Fotojurnalist olmaq şərəfli və çox məsuliyyətli işdir. Burada ilk növbədə öz sənətinə sevgi və böyük professionallıq lazımdır. Bu da illərlə, səbirlə mübarizə apararaq əldə olunur.

- Rasim müəllim, elə bir tanınmış ziyalı, yazar, elm və siyasət adamı olmaz ki, sizin xidmətinizdən yararlanmasın. Şəxsi arxivlərində nəyi isə tapa bilməyəndə sizə müraciət edənlər çoxmu olub?

- Demək olar ki, hər gün müraciət edirlər. Amma mən onların bu xahişlərini yerinə yetirmək iqtidarında deyiləm. Fürsətdən istifadə edib, bu söhbətimizdə də qeyd etmək istəyirəm ki, məni üzrlü hesab etsinlər. İnanın ki, o arxivi çeşidləmək, oradan nəyisə tapmaq onu yığmağa həsr etdiyim ömür qədər əlavə ömür tələb edir. Adını çəkmək istəmədiyim, rəhbərlikdə olan yaxın dostumuzun bu barədə bir hekayəsini qeyd edərdim. O, həmişə deyir ki, Rasimdən arxivindən hansısa bir fotonu tapmağı xahiş etməyin. Belə təsəvvür edin ki, Rasim oturub öz arxivinin üstündə, bir əlində bıçaq, bir əlində alma tutaraq, onu dilimləyib yeyir. Təsadüfən bıçaq onun əlindən bu arxivə düşsə, inanın, o əyilib arxivin içindən bıçağı tapmağa cürət etməyəcək. O, almanı elə bıçaqsız, dişləyərək yeyəcək.

- Arxivinizi almaq istəsələr, neçəyə satarsınız?

- Nə qədər ki, sağam, arxivim satılmayacaq.

- Bəs sizin özünüzün ən yaxşı şəklinizi kim çəkib?

- Mən konkret ad çəkmək istəməzdim. Çünki şəkillərimi çəkmək istəyən hər bir xoşniyyətli insan bunu səmimi qəlbdən edib. Hansısa şəklin pis və ya yaxşı olduğunu araşdıraraq kiminsə xətrinə dəymək istəməzdim.

Tarix
2016.09.16 / 09:24
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla