Yuxarı

Beyrək və Banuçiçək haqda - Faktlar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az filologiya elmləri doktoru, professor Tərlan Quliyevin "Ədəbiyyat tariximizin ilk sufi qəhrəmanı" adlı yazısını təqdim edir:

Əvvəli burada

Beləliklə, gördüyümüz kimi, "Qanlı qoca oğlu Qanturalı" boyu öz dini ifadələri, terminləri ilə bütün boylardan daha zəngindir. Doğrudur, biz bu zənginliyi bir də "Qam Börənin oğlu Bamsı Beyrək" boyunda görürük. Lakin "Bamsı Beyrək" boyunda gördüyümüz bu dini xüsusiyyətlər, qeyd etdiyimiz kimi, daha çox Dədə Qorqud obrazı ilə bağlıdır. Bu mənada, dastanda Qanturalı ilə tay-tuş olan cavanlar sırasında Beyrək obrazının bəzi xüsusiyyətlərini çıxmaq şərtilə, Qanturalı kimi dinlə bağlı olan demək olar ki, ikinci obraz yoxdur. Doğrudur, yenə elə "Qam Börənin oğlu Bamsı Beyrək" boyunda Dəli Qarçarın dilindən iki dəfə "Allah eşqinə" kəlməsi səslənsə də, bu, yenə də məsələni həll etmir, Dəli Qarçarı dinin daçıyıcısı olmaq baxımından Qanturalıya yaxınlaşdırmır. Dastanda təsvir olunan gənc Oğuz qəhrəmanlarının obrazlarına baxsaq, onların heç birinin Qanturalı qədər islam dini ilə bağlı olduğunu görmürük.

Beləliklə, "Qanlı qoca oğlı Qanturalı" boyuna nəzər saldıqda, boyun gənc qəhrəmanı Qanturalının Sarı donlu Selcan Xatun eşqinə dörd dəfə "Hu" dediyini görürük: "Qanturalı Sarı tonlu qız eşqinə bir "hu!" dedi. "Mərə, buğanızı qoyu verin, gəlsün!", "Sarı tonlu qız eşqinə bir "hu!" – dedi, Qanturalı: "Mərə kafər, aslanını qoy – ver gəlsün!", "Sarı tonlu qız eşqinə bir "hu!" dedi. Qanturalı uru turdı. Aydır: "Mərə, mən bu dəvənin burnına yapışcaq, ol qız sözilə yapışdı, - deərlər..." – dedi", "Sarı tonlı qız eşqinə bir "hu!" – dedi. Qanturalı adı görklü Məhəmmədə salavat gətürdi".

Ərəb dilinin qrammatikasına görə "Hu" – (huvə) ərəb dilində üçüncü şəxsin təkini bildirən əvəzlikdir. İlk sufi mənbələrində isə sufilərin cəm halını, məqamını – insanın xatirini, nəfs və diqqətini pozan bütün amillərin götürülməsi, qəlbin və diqqətin ancaq haqda cəmlənməsi, hər şeyin fani, haqqın isə baqi olması halını yaşayan salikin tövhid anlayışını ifadə etmək məqsədilə "Hu bila Hu" – "Ondan başqa O" söylədiyi ifadəsi içərisində işlənən kəlmədir (Nəsib Göyüşov). İbn əl-Ərəbiyə görə, "Hu", Allahın heç bir varlığın müşahidə etmədiyi mütləq qeyb və sirr olan zatına işarədir. "Hu", bəzi mütəsəvvüflərin varlıq mərtəbələrini "lahut", "cəbərut", "mələkut" və "nasut" mərtəbələri şəklində sıraladıqları sırada ilk mərtəbə olan "lahut" mərtəbəsidir. Bu mərtəbə, Allahın bütün ad və sifətlərinin batin və həqiqət olan mərtəbəsidir.

Eyni zamanda, bəzi sufilərə görə, Allah sözündəki "əlif" və "lam" hərfi tərif hərfidir. "Lam" hərfinin təşdidli olması, yəni iki dəfə tələffüz edilməsi isə tərifi qüvvətləndirmək üçündür. Nəticədə, Allah sözünün əsli "he" (h) hərfidir. Buna görə də, bütün canlıların alıb-verdikləri hər nəfəsdə Allahın adı olan "he" səsi vardır. Bu mənada, alınan hər nəfəsdəki "he"nin qaynağı qəlb, verilən hər nəfəsdəki "he"nin qaynağı isə ərşdir. "Hu" kəlməsindəki "vav" (u) isə ruhun adıdır.

Sufi ədəbiyyatın verdiyi məlumata görə, ilk sufilər kəlmeyi-tohidi, yəni "La ilahə illəllah"ı söyləməklə Allah-taalanı zikr edib, həmin mənanı ifadə edən "Hu" kəlməsi isə təriqətlər meydana çıxdıqdan sonra yaranıb. Sufilərə görə, zikrlərin ən fəzilətlisi Allah-taalanı O-ndan bir şey istəməmək anlayışıyla ifadə edən sözlə zikr etməkdir. Buna görə də Allah-taalanın zatı adı olan və heç bir tələb mənası daşımayan "Hu" kəlməsi sufilər tərəfindən ən fəzilətli zikr kimi qəbul edilib. Həzrəti Əlinin də Allah-taalanı ən çox - "Ya Hu, Ya mən Hu, La ilahə illa Hu" sözləri ilə zikr etdiyi məlumdur. Bundan onun səbəbini soruşduqda, onun "Hu"nun "ismi-əzəm" olduğu dediyi rəvayət edilir. Qəzzali də "La ilahə illəllah"ın ümumi camaatın, "La ilahə illa Hu"nun isə xüsusi insanların tövhidi olduğunu söyləmişdir. Sufilərin qənaətinə görə, Allah-taalanı hər hansı bir adla zikr edən zaman ondan müəyyən şey tələb edilir. Məsələn, "Kərim" adıyla səxavətlilik, hörmət, yaxşılıq, ehsan, "Şafi" adıyla isə şəfa, sağlamlıq umulur və s. Lakin bu adlar sırasında yalnız "Hu" adı Allah-taaladan heç bir şey ummadan, ancaq O-nun zatını nəzərdə tutur. Sufilərə görə, bu, onlar tərəfindən edilmiş ən kamil kəşfdir (İslam ensiklopediyası).

Beləliklə, gördüyümüz kimi, Qanturalı da Allah-taalanın başqa adlarını çəkməyərək, sadəcə olaraq, dörd dəfə "Hu" deyib meydana girir. Bu isə o deməkdir ki, Qanturalı ən çətin döyüşlərə, ölüm-dirim mübarizəsinə girərkən belə, sufilər kimi, Allah-taaladan heç nə ummur, sadəcə olaraq, onun zatına, onun sevgisinə sığınır. Allah-taalaya olan bu sevgi isə əgər belə demək mümkünsə, Qanturalıya görə, Selcan Xatunun timsalında, onun surətində təcəlli edir. Belə ki, Qanturalı hər dəfə döyüşə girərkən, dostları onu öyüb "Sarı tonlu Selcan Xatun köşkdən baqar, Kimə baqsa, eşqilə oda yaqar!" söyləyərək, Selcan Xatunun eşqinə döyüşə həvəsləndirirlər. Sufilərə görə isə eşqin özünəməxsus təlimi, nəzəriyyəsi, şərhi var.

Sufilərə görə, hədisi-qüdsidə rəvayət edilən və təsəvvüf aləmində böyük yer tutan "Mən gizli bir xəzinə idim, bilinməyi istədim və bu üzdən aləmi yaratdım" anlamındakı cümlədə keçən "bilinməkdə" məqsəd mərifət, "istəməkdən" məqsəd də məhəbbət, yəni eşq olduğu bildirilir. Sufilərə görə, Allahın sevgi ilə təcəlli etməsindən aləm meydana gəlib. Bu ilk təcəlliyə "Həqiqəti-Məhəmmədiyyə" də deyilir. Aləmin var olma səbəbi Həzrəti-Məhəmməd həqiqəti, yəni Allahın ona olan əzəli eşqidir. Buna görə də həzrəti-peyğəmbərə "Həbibullah" və "Məhbubi-kibriya" da deyiblər. Həllacdan gələn və sonrakı sufilərdə gözəl ifadəsini tapan bu nəzəriyyə, daha sonra eşq mövzusunu işləyən sufilərin çıxış nöqtəsi olub, bütün sufilər eşq mövzusundakı görüşlərini bu dairə ətrafında genişləndiriblər. Bu görüşə görə, aləm eşqdən yarandığı üçün aləmdəki hər zərrədə eşqin izini və təzahürünü görmək mümkündür. Təsəvvüfdəki hər şeyi əhatə edən küllü, ümumi və xüsusi eşqə buradan yanaşılıb. Sufilər, əsasən, eşqin beş növündən bəhs ediblər: Bəhimi (heyvani), təbii, ruhani, əqli, ilahi eşq. Bəhimi eşq əyyaş, günahkar və alçaq kimsələrin bildikləri, nəfsi-əmmarənin əsiri olan, əslində həva və həvəsdən ibarət olan aşiqlərin eşqidir. Bu, şəhvət və nəfsi arzuların eşqidir. Ağıl (məqul) və şəriət (məşru) çərçivəsində olmayan bəhimi eşq pis və günah sayılır. Təbii eşq isə ünsürlərdəki lətafətdən hasil olan maddi və cismani bir eşq olub, ağlın və elmin hakimiyyətində olmasa pisdir. Ruhani eşq isə xüsusi adamlarda olan maddi və mənəvi gözəlliklərə qarşı duyulan eşqdir. Belə bir eşqə tutulan kimsə özünü şəhvətdən qorusa, bu eşq onu ariflər dərəcəsinə yüksəldə bilər. Məlaküt aləminə çıxmaq üçün nərdivan vəzifəsi daşıyan bu eşq, məqbul sayılır. Əqli eşq isə məlaküt aləmində təcəlli edən gözəllikləri tamaşadan hasil olur. İlahi eşqə buradan keçilir. İlahi eşq, eşqlərin ən yüksəyidir. Sufilər məqbul və məşru çərçivədə qalması şərtilə hər növ eşqi yaxşı sayır və birindən digərinə keçə-keçə eşqlərin ən yüksəyi olan ilahi eşqə qovuşmaq istəyirlər. Buna əngəl olduğu üçün sufilər şəhvət, arzular və nəfsani istəklərin təsirində qalan eşqi pisləyirlər.

İbn əl-Ərəbiyə görə isə sevgi üç növdür. İlahi məhəbbət, ruhi məhəbbət, təbii məhəbbət. Həm Allahın bizə olan sevgisinə, həm də bizim ona olan sevgimizə ilahi məhəbbət deyilir. İlahi məhəbbət Allahın əvvəlcə öz zatını, sonra isə bizi sevməsi deməkdir. Allahın zatını sevməsi, eyni zamanda, özündən qıraqdakı varlıqları da sevməsidir. Buna görə də, bütün varlıqlar elə əzəldən ilahi məhəbbətə qovuşmuşlar. Bütün varlıqlar Allahın onlara olan məhəbbətilə zühur edir və təcəlli surətilə meydana çıxır. Ona görə də, hər növ sevgi hansı şəkil və surətdə görünürsə görünsün, ilk və həqiqi qaynağı olan ilahi məhəbbətlə mütləq əlaqəlidir. Ruhani sevgi, sevənin sevdiyi hər şeyi, sadəcə, sevgilisi üçün sevməsi və sevgilisinin muradından başqa heç bir şey düşünməməsi, başqa sözlə, aşiqin öz iradəsindən fani olaraq, məşuqun iradəsi ilə hərəkət etməsidir. Eşqin qayəsi aşiqlə məşuqu zatları baxımından birləşdirməkdir. Ortada Allahın gözəlliyinidən və ona duyulan sevgidən başqa bir şey olmadığından, əslində Allahdan başqasını sevmək də mümkün deyildir. Allahdan başqasını sevmək, gözəllərə və gözəl şeylərə vurulmaq əslində Allahı sevməkdir. Çünki əşyada təcəlli edən və özünü göstərən yeganə gözəllik onun gözəlliyidir.

İbn Ərəbi insan sevgisini ilahi mənbəyə bağlayır. Ona görə dünya gözəllikləri şəklində təcəlli edən Allah olduğu kimi, aşiqin gözündən bu gözəllikləri seyr edən də Allahdır. Bütün sevən və sevilənlərdə ilahi sevginin bir izini, əksini müşahidə edən arif, eşq və məhəbbəti Allahın bir sifəti olaraq qəbul edir və bu sifətin onun kimi sonsuz olduğunu bildirir (İslam ensiklopediyası).

Beləliklə, sufilər kimi, dörd dəfə "Hu" deyib Allah-taalanın zatına, sevgisinə sığınan Qanturalının eşqini, sevgisini də bizə elə gəlir ki, məhz bu kontekstdə, sufilərin eşq haqqında olan təlimləri, nəzəriyyəsi əsasında şərh etmək mümkündür.

"Qanlı qoca oğlı Qanturalı" boyunda digər boyların heç birində rast gəlmədiyimiz və Qanturalıdan başqa heç bir qəhrəmana aid olmayan bir cümlə oxuyuruq: "Qanturalı cəmal və kəmal iyəsi yigit idi." Bizə elə gəlir ki, məhz bu cümlə də dastanı yazıya alan müəllifin və yaxud da katibin Qanturalını bir daha sufi qəhrəman kimi təqdim etmək istəyindən irəli gəlir. Çünki Qanturalıya aid edilən "cəmal" və "kəmal" sifətləri adi təyinlər olmayıb, sufi-dini mühitdə işlənən ifadələrdir. Bu mənada, "cəmal" və "kəmal" terminlərinin sufi təlimində özünəməxsus şərhləri vardır. Belə ki, Qəzzaliyə görə, "qüsursuz və nöqsansız olmaq" mənasında həqiqi və mütləq kamal Allaha xasdır. Ədalət və elm sifətləri kimi ilahi bir sifət olan kamal sifətinə də sahib olması insan tərəfindən arzu edilir. İnsan üçün həqiqi kamal Allahın zatı, sifətləri və feilləri haqqında mərifət sahibi olmasıdır. "Camal"a gəldikdə isə, "camal" Allahın lütf və rizasına dəlalət edən, ad və sifətlərini, O-nun mütləq gözəlliyini ifadə etmək üçün işlədilən bir sufi terminidir. Sufilərə görə, aləm bütün rəngarəngliyi ilə ilahi bir gözəlliyə sahibdir. Başqa sözlə desək, aləmdəki gözəllik ilahi gözəlliyin təcəllisindən ibarətdir. İbn əl Ərəbiyə görə, gözəl olan Allah, aləmi öz surəti kimi yaratdığı üçün, aləm bütünlükdə gözəldir. Aləm ilahi gözəllikləri əks etdirən bir ayna olduğundan, İbn əl Ərəbi aləmi və ondakı gözəlliyi sevməyi layiq bilir. Gözəl olduğu üçün Allahı sevənin, aləmi də sevməsi, eyni şəkildə, gözəl olan aləmi sevənin, elə Allahı sevməsi öz-özlüyündə Allahın camal sifətini aşkar etmiş olur (İslam ensiklopediyası). Bu mənada, bizcə, dastanda "Qanturalı cəmal və kəmal iyəsi yigit idi" deyilməsi adi sözlər olmayıb, Qanturalını məhz sufi qəhrəman kimi xarakterizə edən, onun Allah-təalanın bütün digər sifətləri ilə bərabər "cəmal" və "kəmal" sifətlərini də tanıyan, buna görə də onu bütün dastan qəhrəmanlarından fərqləndirən, ona sufi xüsusiyyətlər verən ifadələrdir. Məhz Qanturalıya verilən bu sifətlərin – sufilərə məxsus "cəmal" və "kəmal" sifətlərinin davamıdır ki, daha sonra - elə bu cümlədən sonra, dastanda, oxuyuruq: "Oğuzda dört yigit niqabla gəzərdi. Biri Qanturalı, biri Qaraçəkür və oğlı Qırqqınuq və Boz ayğırlu Beyrək". Bizə elə gəlir ki, "cəmal" və "kəmal" yiyəsi olduqdan sonra Qanturalının Oğuzda niqabla gəzməsi tamamilə təbiidir. Çünki əgər türk inancına görə niqab "cəmal" və "kəmal" sahiblərini bədnəzərdən qorumağa xidmət edirsə, sufi təliminə görə cəmalı, başqa sözlə desək, Allahın təcəlli edən gözəlliklərini naməhrəmlərə göstərməkdən, ilahi gözəlliyin təcəllisini faş etməkdən çəkindirir. Məhz dastanda da belə olur. Qanturalı üzündən niqabını açan kimi Selcan xatun onun camalına aşiq olur: "Qanturalı niqabın sərpdi. Qız köşkdən baqardı. Taraqlığı boşaldı, kedisi mavıldı. Avsal olmış tana kibi ağzının suyı aqdı. Yanındağı qızlara aydır: "Həq təala atamın könlinə rəhmət eləsə, kəbin kəsüb məni ol yigidə versə. Bunın kibi yigit heyf ola ki, canvərlər əlində həlak ola!"- dedi".

Doğrudur, dastanda daha üç nəfərin niqabla gəzdiyinin şahidi oluruq. Bunlardan ikisinin - Qaraçəkür və oğlu Qırqqınuqun, sadəcə olaraq, adları ilə tanış olsaq da, Beyrəyin niqabla gəzməsi barədə bir-iki cümlə həcmində daha artıq məlumat alırıq: "Banıçiçək aydır: " Mərə qızlar, bu yigit nə yigitdir?" Qızlar aydır: "Vallah, sultanım, bu yigit yüzi niqablu yaxşı yigitdir. Bəg oğlu bəg imiş", - dedilər. Banıçiçək aydır: "Hey, hey, dayələr, (babam) mana bən səni yüzi niqablu Beyrəgə vermişəm, diərdi. Olmiya kim, bu ola. Mərə, çağırın, xəbərləşəyim", - dedi. Çağırdılar, Beyrək gəldi. Banıçiçək yaşmaqlandı". Doğrudur, bu cümlələrdən Beyrəyin də niqabla gəzdiyi haqda məlumat alırıq. Amma Beyrəyin digər sufi və yaxud da islami xüsusiyyətlər daşıdığı barədə bir o qədər də ətraflı bilgi əldə etmirik. Bütövlükdə dastanda Beyrəyin başına gələn əhvalatlardan, Beyrək haqqında nəql olunan hadisələrdən, əslində, Beyrəyin də adi qəhrəmanlardan olmayıb, Oğuzda öz nüfuzuna görə sayılıb-seçilən igidlərdən olduğu məlum olur. Buna görə də Beyrəyin də niqabla gəzməsini məhz bu kontekstdə qəbul etmək olar. Amma burada kiçik bir məsələyə də diqqət yetirməyi vacib bilirik. Belə ki, Beyrək Banuçiçəyin yanına gələrkən, niqablı təsvir olunursa, Banuçiçək onun qarşısına çıxarkən yaşmaqlanır. Bu isə o deməkdir ki, Oğuz qəhrəmanları niqabla yaşmağın fərqini çox gözəl anlayır. Deməli, yaşmaq sadə xalqın və yaxud da başqa sözlə desək, türk inancının, abır-həyanın, ismətin atributudursa, niqab bir qədər daha qəliz inancların, mürəkkəb halların, islamın, sufiliyin atributudur. Beləliklə, gördüyümüz kimi, Beyrək nə qədər nüfuz sahibi olub, eyni zamanda, niqabla gəzsə də, daşıdığı sufi atributları baxımından Qanturalı ilə eyni səviyyədə dayanmır. Qanturalı isə bütün xüsusiyyətləri ilə sufi qəhrəmandır. Yəni onun niqabla gəzməsi, camal və kamal yiyəsi olması, Allah-taala tərəfindən ona inayət edilməsi və nəhayət, sufilər kimi dörd dəfə "Hu!" deyərək meydana atılması, onu tamamilə əsl sufi qəhrəman kimi xarakterizə edir. Bu baxımdan Qanturalı, hətta dastanın mənəvi baş qəhrəmanı olan, Allah-taala tərəfindən könlünə ilham edilən, vilayət sahibi olan, ismi-əzəm duasını bilən Dədə Qorquddan da daha artıq sufidir. Bütün bu dediklərimizi nəzərə alaraq, "Dədə Qorqud kitabı"nın ədəbiyyat tariximizin başında durduğunu qəbul etsək, daşıdığı sufi xüsusiyyətlərinə görə bu dastanın qəhrəmanlarından biri olan Qanturalının da ədəbiyyat tariximizin ilk sufi qəhrəmanı olduğunu inamla söyləmək olar.

Tarix
2016.11.16 / 21:57
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla