Yuxarı

Adam öldürməyə hazır olan taksi sürücüsü...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adam öldürməyə hazır olan taksi sürücüsü...

Adım Maildi. Əliyev Mail. Zəngilandan məcburi köçkünəm. 43 yaşım var, ailəliyəm, üç uşaq (iki qız, bir oğlan) atasıyam. Saray qəsəbəsində kirayədə yaşayıram. Taksi sürücüsüyəm.

İt günü

Günümü soruşan olsa, düşünmədən deyərəm: it günündə! İldən-gündən xəbərim olmur. Nəyimə lazım, nə fərqi var?! Ancaq indi bilirəm ki, sentyabrdı, (layihə sentyabrda hazırlanıb.- red.) dərslər, daha doğrusu, dərdlər başlayır.

Alınmır, aldırırıq

Çörəyimi daşdan çıxarıb dolanmağa çalışıram. Alınmır. Aldırırıq. Çünki buna məcburuq. Problemlərin altında xürd-xəşil olmuşuq. Ailədə 6 nəfərik. Anam, yoldaşım, uşaqlarım. İşləyən tək mənəm. Anam 80 manat pensiya alır, məcburi köçkün kimi 70 manat müavinət verirlər. Sürücülükdən isə qazancım ayda üç-dörd yüz arası olur. Onun da iki yüzünü verirəm maşının icarəsinə. Elə ay olur ki, onu da verə bilmirəm.

İkisi də rüşvətdi, amma…

Lisenziyanı soruşursunuz, ancaq baxın, lisenziya belədi ki, Nəqliyyat Nazirliyi ayda 60 manat istəyir. İşçiləriylə düz-qoş etmişəm, ayda 30 verirəm. Düzdü, ikisi də rüşvətdi. Amma neynəmək olar?! Birdəfəlik həll eləmək də olmur. İllik var, o da 1500 manatdı. Həm də bununla bitmir axı, bunun vergisi, sığortası, sosialı var…

Onun pulunu verincə ölüb-dirilirəm

Mən nə yaxşı ata, nə yaxşı ər, nə də yaxşı övladam. Sadəcə, onlara acından ölməmələri üçün çörək aparan bir fiquram. Qızımın biri onda, biri səkkizdə, oğlumsa ikidə oxuyur. Məktəb açılır, mən onlara hələ də paltar ala bilməmişəm. Hələ böyük qızın əlavə məşğələləri var. Onun pulunu verincə ölüb-dirilirəm. Yoldaşıma da demişəm ki, ac-susuz qalsaq da, uşaqları mütləq oxudub adam etməliyik. Bizim çəkdiyimiz zülmü çəkməsinlər deyə. And içə bilərəm ki, mənim uşaqlarım bir dəfə də olsun bulvara getməyib.

"SOCAR"a, "BP"yə sürücü götürməyə 2000 manat istəyirlər

Vəziyyət çox çətindi. Ancaq yoldaşım anlayışlıdı. Düzdü, bəzən onun da dözümü qalmır, deyinir, dava-dalaş çıxır evdə. Haqlıdı da. Amma neynəmək olar?! Taleyimizdi də. Uşaqlar çox şey istəmir. Telefon-filan, belə şeylər. Bircə böyük qızım hər gün deyir: @Ata, mənə kompüter al". Mən də aldadıram. Hər gün deyirəm, alacam. Amma necə?! Xəcalətliyəm ailəmin qarşısında. Belə, zəhmətkeş adamam ee, işdən qorxmuram. Babat maaş versələr, 24 saat işləməyə hazıram. Şirkətlərə müraciət edirəm, CV yazıb qoyuram, oralarda da iş yoxdu. Olanda da maaşı elə eynidi, üç yüz manat. Yenə beş yüz olsa, çulumuzu sudan birtəhər çıxararıq. Neft Şirkəti yaxşı maaş verir. "Socar", "BP" - onlarda da 500 manat maaşa 1000, 800 manata isə 2000 rüşvət istəyirlər.

Bəs o iki ayı necə yaşayaq?

Düzdü, iki aylıq maaşımı verib işlərəm. Ancaq fikirləşirəm ki, bəs o iki ayı necə yaşayaq? O hesabdan kənara çıxsaq, batarıq. Bizdən o pulu istəyənlər orayla əlaqəsi olan adamlardı, hətta taksi ilə durduğumuz əraziyə gəlib tez- tez təklif edirlər bizə.

Prezidentimiz yaxşıdı…

Gününü dəqiq bilməsəm də, bilirəm ki, prezident seçkisi oktyabrda olacaq. Mən həmişə seçkilərə getmişəm. İlham Əliyevin danışıqları məndə həmişə umid yaradır: Hər dəfə yaxşı olacağını deyir axı. İnanıram ki, yaxşı olacaq. O boyda kişi özü deyir ee bunu. O gün çıxışına baxdım, əlinə döndüyüm, gördüz necə tənqid etdi məmurları?! Demişəm də, prezidentimiz yaxşıdı, ətrafdakı məmurlar pisdi. Məncə, onun xəbəri olmur yerlərdəki məmurların özbaşınalığından-zaddan.

Xalq azaddı, amma acdı

Düzdü, biz neft ölkəsiyik, daha yaxşı yaşamağa haqqımız var. Odey, bax Kuveytə, ərəb ölkələrinə, gör xalqı necə yaşadırlar? Mən işimlə əlaqəli xarici vətəndaşlara çox danışıram. Onlar deyir, siz belə yaşayışa layiq deyilsiz. O gün bir türk vətəndaşı deyir: "İndi gərək sizin ən kasıb vətəndaşınızın belə qapısının dəstəyi qızıldan ola". Baxdım ki, düz deyir də, vallah. Hansı xalqdan əskiyik?!

Əvvəllər ANS-ə baxıb inanırdım

Televizora baxmağa vaxtım olmur. Axşam gedirəm evə, bir tikə çörək yeyib yatıram. Əvvəllər ANS-ə baxıb inanırdım ki, düz danışırlar. Düzünü desəm, bu dəqiqə evdə televizor işləmir. Kanallar qarışıb bir-birinə. 20 manat lazımdı usta gətirib kanalları yenidən yığdırmağa.

İsrail əjdaha sənətkardı

Ağadadaşı, Məhəbbət Kazımovu, Baloğlanı, İsrail xoşlayıram... İsrail əjdaha sənətkardı. Yazıçılardan Bəxtiyar Vahabzadəni, şairlərdən… hmmm… Nədi o, naxçıvanlı, Arazdı adı. Hə, ay sağ ol, Məmməd Araz. Adlarını eşitmişəm də, şəxsən hardan tanıyacam?!

İyirmi beş ildi nazirdirlər

Millət vəkili nədi? Hə, deputat… Deputatlardan heç birini, nazirlərin əksəriyyətini tanıyıram. İyirmi beş ildi nazirdilər də, necə tanımayım?! Məsələn, cənab Ramil Usubov, cənab Ziya Məmmədov və s.

Xəyalıın belə qura bilmədiyi arzu

Öz evimizin olmasıdı ən böyük arzum. Beş min manat tapsam, torpaq alaram.

Heç birini bilmir

Vallah, başımı elə itimişəm, həyat yoldaşımın, uşaqların heç birinin ad gününü bilmirəm. Bildiyim təkcə özümküdü. Fevralın 23-ü. Balıq bürcündənəm.

Yoldaşına sonuncu hədiyyəsi

Üç ay əvvəl yoldaşıma ətir bağışlamışam. Ucuz da olsa, "8 mart"da, "Sevgililər günü"ndə hədiyyə alıram.

Heç vaxt

Yox əşi, nə danışırsız, ailəlikcə yeyib-içmək üçün hansısa bir restorana, kafeye getmək nədi? Əlbəttə, bir qadın kimi belə şeylər yoldaşımın ürəyindən keçə bilər. Bəzən deyirəm də: gedək, birlikdə gəzək-filan. Deyir: çöldə xərclədiyimiz pulu bir dərdimizə-sovumuza verərik.

"Bazlıq", xəyanət…

Kişiyik də. Bazlıq da olmalıdı. Amma elə işlərə də kasıbçılıq imkan vermir. Hətta bir xanım deyəndə ki, gedək bir yerdə yemək yeyək, məcburən "yox" deyirəm. Düzdü, yoldaşım mənə görə bütün qadınların ən gözəlidi, amma bunun məsələyə dəxli yoxdu. Elə belə, ötəri münasibətlər xəyanət sayılmır, məncə. Bir dəfə xəyanətimi bilib bağışlayıb, ikinci dəfə bağışlamaz. Ona görə ehtiyat edirəm. Ümumiyyətlə, kişilər gərək qadınına belə şeyləri hiss elətdirməyə.

Adam öldürə bilərəm

Bəlkə də adam öldürə bilərəm. Namus üstündə. Necə yəni namus nədi? Hər şey. Namussuz adam necə yaşaya bilər? Namus qeyrətdi. Qeyrət nədi? Hər şey. İzah eləməkdə çətinlik çəkirəm, amma mənim üçün hər şeydi.

Zəngilan qaytarılsa...

Oynaya-oynaya gedərəm. İnanıram ki, qaytarılacaq. Ancaq artıq belə başa düşmüşəm ki, bizim taleyimiz öz əlimizdə deyil. Rusların əlindədi.

Telefon zəngi

Evdəndi. Yox, yoldaşıma deyə bilmərəm ki, bir jurnalist xanımla oturub, müsahibə verirəm. Gülməli gələr ona. Qısqanclığı bir yana, deyəcək ki, işin-gücün yoxdu? Nə xeyri var onun bizə?..

Tarix
2013.11.10 / 14:38
Müəllif
Sona
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla