Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2018


Molla Vəli Vidadinin yadigarı: 3 prezidentin tərcüməçisi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaqani Qayıblı imzası çoxlarına qərib gələ bilər. Olsun. Qəriblikdə, qürbətdə yaşayan bir imza üçün təbiidir. Amma diqqətli oxucu bu imzanın adına, izinə düşüb də Xaqani Qayıblı imzası olan şeirləri ruhlarına çiləyə bilərlər. Bu şeirlərdə həm də qürbətin ab-havasını duyarlar.

"Axar.az"ın "Soraq" rubrikasında şair Xaqanı Qayıblının izinə düşdüm. Bakıda 50 yaşının yubiley törənində söhbət etmək imkanı əldə edə bilmədim. Onu Estoniyada tapdım. Sorağına gəldiyimi dedim.

Vətən məni yola salıb

- Belə də... "allah qürbətin belini qırsın" – deyimində bir qədər nisgil vardı. Hər halda kim olursansa ol, qürbət əlini adamın saçına yox e, ürəyinə çəkir, kövrəldir onu..

- Az öncə vətəndə idiniz. Uzaqlardan necə görünür vətən? "Toxunma, qardaşım, bir himə bəndəm, Boşalam qürbətdə, dolam qürbətdə" - demisiz bir şeirinizdə. Qürbət yuxularızı gerçəkdən ərşə çəkir?

- Hər dəfə vətənə gedib-gəldikdən sonra, vətən təlaşımın və həyəcanımın içindən əl edərək məni yola salıb - çünki qədərincə vaxtım olmur ki, bütün əzizlərimə baş çəkəm, dostlarımdan hal-əhval tutam... Sonda da xoş, ərkyana "umu-küsülər" dumanında bir müddət vətənin şəklini çəkirəm gözlərimlə... Elə indi də o cür... Təbii ki, qürbət yuxuları ərşə çəkir... hələ gecə yarı yuxudan hövlank durmağı demirəm hələ. Bu günlərdə ulu babam Molla Vəli Vidadinin "Ağlarsan" şeirini yenidən oxudum. Elə bil hər misrası mənim üçün yazılıb...

- Lütfən deyin M.V. Vidadi sizin mənəvi babanızdır, yoxsa qan qohumluğunuz var?

- M.V.Vidadi mənim şərəflə daşıdığım Qayıblı soyundandır. Bəzi yerdə Qaib, yaxud Qayıb və Qayıbzadə yazılır. Bizim soyumuzdan ən görkəmlilərindən biri də Qafqazın Müftüsü Hüseyn Əfəndi Qayıbovdur. Hər halda eşitməmiş olmazsınız.

Dəfələrlə rastlaşmışam o sonuncu adamla

- Dünyanın sonuncu adamına ağı demisiz. Demisiz ki: "Səni ağlayası adam tapılmaz". Dünyanın sonuncu adamlarına çoxmu təsadüf etmisiz?

- O şeir cismən dünyanın sonuncu adamına yazılmadığını tutduğunuza görə sağ olun. Rast olmuşam, həm də dəfələrlə rastlaşmışam o sonuncu adamla.

Həm də dünyanın hər yerində - Tartuda, Bakıda, Çikagoda, İstanbulda, Peterburqda... hamısı da bir-birinin eynisi...

İnsan ömründə unudulan günlərin sayı-hesabı yoxdu

- Xəqani bəy, "qərib bir şəhərdə tünlük olan bir küçədə" nələr yaşamısız ki, ötən günün acısını çəkib, yas saxlaya bilməməsiz?

- Hə, yadıma düşdü "yas saxlamaq olmur hər ötən günə..." misrasını deyirsiniz... elə deyilmi?

- Elədir…

- Hər günə şənlənməyin mümkün olmadığı kimi, hər ötən günə də yas saxlamaq olmur axı... İnsan ömründə unudulan günlərin sayı-hesabı yoxdu, amma elə günlər var ki, o günləri heç bir zaman unutmaq mümkün deyil. Bax o gün də həmin günlərdən biri idi... Moskvada... aləm bir gün idi... həyatın acımasız, dünyanın fani... insanın aləmlərin əşrəfi olduğunu təsdiqləyən bir gün idi.

Mənim nə həddimə ki…

- Şeirlərinizdə qürbət boy verir. Qürbətdə hiss etdim özümü sizi oxuyanda. Əzbərimdə qalan şeirlərinizdə əsasən bu şeirlər oldu. Estoniyada siz Azərbaycanı qürbətdə kövrələn birisi kimi tanıdarsız ha, birdən…

- Mən hələ qürbətə gəlməmişdən belə bir misra dilimə gəlmişdi:

"Bəxtimlə düşdüyüm əlbəyaxadan,

Əlimdə qürbətin yaxası qalıb!"

Qürbət mənim iç dünyamda görünən boyuma biçilib. Yəni bunu yalnız könül dünyamı duyanlar hiss edir. O ki qaldı mənim hər kəsin görə biləcəyi tərəfimə, bu, heç də dediyiniz kimi, kövrək, sentimental birisi kimi görünmür. Əvvəla, mən adı bəlli Qaraçöpdə dünyaya gəlmişəm və mənim xarakterim bir qaraçöplü kimi formalaşıb - dediyindən dönməyən, qabağından yeməyən.

Digər tərəfdən, bir Azərbaycan türkü olaraq mənim nə həddimə ki, Azərbaycanı kövrələn birisi kimi tanıdam.

- Xaqani bəy, şeirlərinizdə duyğusallıq, həzinlik var. Qürbətdə yaşamın təsiridir, məlum. Deyin, Qaraçöpdə doğulmanız, qonşuluqda yaşasaq da, yeniyetmə və gənclik illərinizdə Azərbaycana baxışda bir qürbət havası keçirdimi içinizdən, Vətənin qıraqda qalan parçasında yaşamış kimi hiss vardımı sizdə?

- Xeyr! Əsla! Başqasını deyə bilmərəm, amma mənim içimdə elə bir duyğu olmayıb. Ola bilsin, mən səkkizinci sinfi bitirdikdən sonra orta məktəbi Qazax rayonunda oxumuşam, bundan qaynaqlana bilər, amma sonralar da vətəndən qıraqda yaşayırammış kimi bvir duyğu içimdən keçməyib. Sonralar isə heç keçməyib, çünkü məndən ötrü Vətən Qaraçöpdən, Başkeçiddən başlayıb, Zənganda qurtarır.

Vətən üçün içimdə darıxıram

- İstərdim oxucularımıza bir qədər ətraflı tanışlıq verək. Qürbətdə vətənçün darıxmaqdan, şer yazmaqdan savayı nə işlə məşğulsuz?

- Bilirsiz, mən vətən üçün içimdə darıxıram və bunu hər qarşıma çıxandan mümkün qədər gizləmişəm. Hətta Estoniyada yaşayan soydaşlarımız daxil, çox yerdə (Eston ədəbi mühiti xaric) mənim şair olduğumu bilmirlər və mən buna heç ehtiyac da duymamışam. "Nə işlə məşğulsunuz" sualnınıza qısaca cavab versəm, belə deyərdim - Estoniyaya gələndən Tartu Universitetinin divarlarından kənara çıxmamışam, ilk illərdə tələbə idim, son illərdə isə müəlliməm. Vallah, nə deyim, adam özü haqqında çox danışa bilmir axı...

Mən üç prezidentə tərcüməçilik etmişəm

- Bilirik ki, Estoniya prezidentinin tərcüməçisi kimi fəaliyyət göstərirsiz. Onunla Azərbaycan, Qarabağ həqiqətləri haqda söhbət etmisizmi heç?

- Mən üç prezidentə tərcüməçilik etmişəm. 1996-2001 arası Lennart Meri (amma L.Merinin prezidentlik müddəti 1992-2001 olub), 2001-2006 arası Arnold Rüütel, Toomas Hendrik İlvesə isə 2001-dən indiyə qədər. Azərbaycan və Qarabağ həqiqətləri haqqında hər üç prezidentlə söhbətlərimiz olub. Daha çox rəhmətlik Lennart Meri və T.H.İlveslə bu haqda söhbətimiz olub. L.Meri özü yazıçı idi və mən onunla hələ prezident olmamışdan tanış idik. Türkiyəyə rəsmi səfərlərimizdə, hətta uçaqda söhbətlərimiz olub. L.Meriyə bəzi kitablar da vermişdim. Bu haqda bir rəsim də olmalıdır, tapsam göndərərəm. Arnold Rüütel hər zaman Azərbaycanın tərəfində olub və indi də hər tədbirimizdə canla-başla iştirak edir. T.H.İlves ilə biz çoxdanın tanışlarıyıq. Avropa Azadlıq Radiosu hələ Münxen şəhərində fəaliyyət göstərəndə T.H.İlves eston şöbəsinin müdiri idi və mən onunla 1992-ci ildə Münxendə tanış oldum. O vaxtdan da zaman-zaman görüşmüşük və əlaqələrimiz hər zaman səmimi olub.

Qarabağ haqqında şeirlə danışmağın əleyhinəyəm

- Torpaqları işğal olunmuş bir ölkənin nümayəndəsi kimi Qarabağ problmini necə çatdırmısız? Şeirləmi paylaşmısız?

- Mən Qarabağ haqqında ümumiyyətlə şeirlə danışmağın əlehinəyəm və bu mövzuda qətiyyən sentimentallığa yol verməmişəm. İstər Estoniyada olsun, istər Almaniyada, istərsə də Belçikada - Brüsseldə Avropa Parlamentində parlamentar dostlarımın köməyi ilə həyata keçirdiyim dəyrimi masalarda. Çünki bu mövzu qətiyyətlilik və faktlara əsaslanan daha rasional mövqenin sərgilənməsini tələb edir. Bu mövzu ətrafında poetik ifadələr deyil, geniş bilgi və qarşınızdakını inandıracaq gücə malik bir diskussiya tələb edir.

Ermənilər Estoniyada təmsil olunmur

- Siz Azərbaycan, yoxsa Türkiyə türkcəsində tərcüməçilik edirsiz?

- Hər iki dövlətin - həm Azərbaycanın, həm də Türkiyənin rəsmi nümayəndələri gəldiyində və ehtiyac olduğunda tərcüməçilik edirəm. Bu, prezidentlər səviyyəsində də olub, parlament rəhbərlərinin səviyyəsində də.

Gərəkdiyi təqdirdə ümumi bilgilərin formalaşması üçün lazım olan məsləhətlər də olub.

-Bəs Estoniya hakimiyyətində ermənilər hansı səviyyədə təmsil olunur?

- Estoniya hakimiyyətində adını çəkdiyiniz millət heç bir şəkildə təmsil olunmur. Ən azı mən eşitməmişəm, yaxud da hər hansı bir yüksək səviyyəli görüşlərdə rastlaşmamışam - nə banketlərdə, nə də rəsmi görüşlərdə.

Bir ucu gedib Kamal Abdullaya çıxır

- Xaqani bəy, sonda çox istərdim, Azərbaycan ədəbiyyatının qıraqdan necə görünməsini deyəsiniz. Bizi kənarda necə tanıyırlar?

Daha öncə də demişdim, təkrarçılıq olmasın, amma görünən budur ki, son illər Azərbaycan ədəbiyyatı qıraqdan nəsr şəklində görünür. Bunun da bir ucu gedib Kamal Abdullaya çıxır.

Xaqani bəylə söhbətimiz burada yekunlaşmadı. Sadəcə bəzi suallarım vardı ki, cavablandırmaq istəmədi, təvəzökarlıq etdi:

- Özüm haqqında nə məlumat verə bilərəm ki, Faiq bəy? Əfvinizə sığınaraq deyirəm haa. Bir daha xahiş edirəm, bu ifadəm başqa cür anlaşılmasın…

Tarix
2014.04.17 / 18:59
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Nazirin millət vəkili olan qızı tələbəlikdən danışdı

Sabiq deputat "Nəsimi" bazarında satıcı işləyir - Foto

İspan mənşəli azərbaycanlı qızın Türkiyədə qeyri-adi həyatı - Foto

Azərbaycanın məşhur hambalı: 22 yaş kiçik aktrisa ilə... - Video

Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə

Gülərək ölən xalq artisti: SSRİ onun bu “səhv”ini bağışlamadı

Türkiyədən Mübarizlə bağlı möhtəşəm süjet - Video

Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - Foto

Kamal Sunalın həyat yoldaşı hər kəsi kövrəltdi - Foto

Bunu etsək, Azərbaycanda türk qalmaz... - Atatürkün gizli sözü

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla