Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 İyun 2017


Çayı tərsinə axan, burulğanı öldürən şəhər - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton müsahibələrimiz bitdiyinə görə.... yola davam edə bilərik. Səfirindən vəkilinə, vəkilindən tərcüməçisinə, politoloquna, tələbəsinə qədər zəngin bir yelpazə təqdim etdi bizə Vaşinqton. Etiraf edim ki, Amerika səyahətimiz boyunca müsahib baxımdan Vaşinqton qədər səxavətli davranan ikinci şəhər də olmadı. Amma haqsızlıq da etməyək. Çünki şəhərlərin gözəlliyi bir çox hallarda müsahib azlığını da unutdururdu.

Çikaqoya qədər... pis sürprizlər və əngəllər

İndi isə yolumuz.... Çikaqoyadır. Bu şəhərin adı gələn kimi azərbaycanlıların içi isinir. Necə deyərlər, qardaş şəhərimizdir – küləklər şəhəri. Bəli, Çikaqo sərt, üzü kəsən küləyinə görə bu ünvanı qazanıb. Elə şəhərə qədəm qoyan kimi bizi qarşılayan kəskin mart küləyi də meydan oxurcasına “xoş gəldin”ini elədi. Bura gələnə qədərsə..... bizi gözləyən əcaib sürprizlər barədə.

Bəli, Vaşinqton aeroportundayam. Təyyarəmin qalxmasına 1 saat var deyə düşünürəm və arxayın oturmuşam. Bu arada məni müşayiət edən Zaur Bayramlının maşınına aeroportun önündə polis cəza yazıb, protokol tərtib edib – burda aeroportun qabağında maşın saxlamaq olmaz. Odu ki, kefimiz azca pozulub, oturub uçuş vaxtını gözləyirik. Amma Zaur bəyin qəfil nidası ilə yerimdən hoppanıram. “Aaaa, bu bilet AM vaxtı ilə deyil, PM vaxtı ilədir...” O da nə? İzah edir: “yəni, indi yox, 12 saat sonra uçmalı olacaqsız. Ya təcili bileti dəyişməliyik, ya da yarım gününüz itəcək”. Sən demə, burda saat qurşaqları məsələsində diqqətli olmaq lazım, əks halda günün məhv ola bilər. Görüş və müsahibələrini saatbasaat planlaşdırmış biri üçün bu, dünyanın sonuna bərabər bir olaydır. Xoşbəxtlikdən bileti dəyişmək üçün onu alan şəxslə - GünAz TV-nin rəhbəri Əhməd Obalı ilə dərhal əlaqə saxlayırıq. Məlum, səfərimizin Çikaqo bölümünün təşkilatçısı əfsanəvi telekanalın rəhbəridir. Yarım saatlıq gərginlikdən sonra bilet dəyişdirilir, qaça-qaça “gate”ə doğru gedirəm. Bir hərfin etdiyinə bax sən, AM, ya PM? Arada yarım günün itsin.

Amma pis sürprizlər bununla bitmir. Məlum olur ki, ümumiyyətlə, Amerikada daxili uçuşlarda baqaj üçün 25 dollar ödəmək lazımdır. Niyə? Elə ona görə. Üstəlik, bunu kartla ödəyirsənsə 25, nağd yolla ödəyirsənsə 30 dollarından keçməlisən. Çəkinin, ölçünün heç bir önəmi yox – qayda qaydadır. “Təvazökar jurnalist”in kartı olmadığı üçün ödənişi nağd yolla edir. Amma dərs olsun. Çünki xaricə səfərə çıxdınsa, mütləq bank kartı ilə işləmək lazımdır. Məsələn, təyyarədə Çikaqoya qədər bir neçə saat yolum var. Yemək yeməm lazım. Məlum, Amerika daxili uçuşlarda yemək servisi-filan yoxdur. Sadəcə yarım litr su və kiçicik duzlu peçenye ikram edirlər. Kimin könlü yemək istəyirsə, pulunu ödəyib almalıdır. Stüardessa gəlir – hamburger, kofe, salat sifariş verirəm. Nağd pul uzadıram, “kartınız yoxsa mümkün deyil”, cavabı alıram. Kor-peşman aldıqlarımı geri qaytarmaq istəyirəm ki... O da nə? Yanımda oturan, çox güman ki, tələbə olan cavan qızcığaz tez kartını çıxarır, pulu ödəyir və qaytardığım yeməkləri alıb, mənim qarşıma qoyur. Aha, maraqlı detal. Demək ki, Amerikada belə də olarmış. Gənc bir qız heç tanımadığı (bəlkə də pulunu ödəməyəcəyi) birisi üçün 30 dollarından keçir. Təşəkkür edir, amerikanların bu durumda bir-birinin könlünü xoş etmək üçün dediyi “you saved my life” (siz mənim həyatımı xilas etdiz) cümləsini deyib, şükranımı bildirirəm. Unutmadan anons verim ki, Amerika reportajlarım və müsahibələrim bitəndən sonra bir təəssürat yazımı da yolda-izdə, kafedə-restoranda, təyyarədə.... gördüyüm, tanıdığım amerikanlara həsr edəcəm: inanın, amerikanlar da Amerika qədər fərqli dünyadılar.

Boynunuzdan muğayat olun – göydələnlərin vətəninə xoş gəlmisiz!

Nəhayət... Bu qədər müqəddimədən sonra Çikaqoya çata bilərikmi? Çikaqoya çatıram, aeroportda oturub Əhməd Obalını gözləyirəm. Bu arada aeroportun vi-fi sistemi ilə rahat internetə girib, həmkarımıza bu nəhəng aeroportdakı yerimi də foto ilə bildirirəm. Az keçmədən olduğum yerə gəlir və biz aeroportdan maşına doğru getməliyik.Amma bu, bildiyimiz aeroportlardan deyil. Parkinqə çatma üçün qatara minməli, az qala iki metro stansiyası qədər yol getməliyik. Üstəlik,yeraltı yox, yerüstü metro. Əhməd bəysə elə tanışlığın ilk dəqiqələrindən ev sahibi kimi doğma şəhərini öyməyə başlayır. “Bura Amerikanın ən gözəl şəhəridir” deyir, ardınca isə obyektiv jurnalist olduğunu unutdurmur: “Amma havasına görə ən pis şəhəridir. Çikaqo NyuYorkdan daha sistemli şəhərdir. Bura “second city” (ikinci şəhər) deyirlər. Bizim şəhərlə NyuYork arasındakı fərq nədir, bilirsizmi? Burda insanlar daha sakit, daha relaksdir. NyuYorkun insanları isə daha əsəbidir”.

Əhməd bəy izahat verir ki, bura “windy city” (küləklər şəhəri) deyilməsinin səbəbi təkcə iqliminə görə deyil. Söhbət həm də siyasətin küləyindən gedir. Artıq maşına minmişik, Çikaqonu kəşfə başlamaq olar. İlahi, bir şəhərdə də bu qədər hündür binalar ola bilərmi? Həmkarımız deyir ki, ümumiyyətlə, Amerikanın ən uca binaları burdadır. 104 mərtəbəli binalar, ofislər, ticarət mərkəzləri. Bəzən ştativi yerə qoyub, binanı aşağıdan yuxarı çəkmək istəyirəm, alınmır. Bir də görürəm ki, aparatı lap yuxarı fokuslamağa çalışdıqca boynum tutulub, ya da ikiqat əyilmişəm. Düşünün, belə bir işgəncə...Amma nə xoş işgəncə...

Çikaqo deyib keçməyin – bir çox ilklər bu şəhərdədir

Çikaqo İllinoys ştatının şimal hissəsində yerləşir, yəqin bilirsiz. Bu, nəhəng meqapolis olmaqla yaşayır. Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. O, Miçiqan gölünün cənub-qərb sahili boyunca uzanaraq şəhəryanı qəsəbələrlə birgə "Böyük Çikaqo'' adlanan aqlomerasiya yaradır. Onun ərazisində 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Bu, Nyu York və Los-Ancelesdən sonra əhalisinə görə ABŞ-da üçüncü şəhərdir.

Çoxlu sayda göydələn və hündür evlərin olduğu bu şəhərin müasir siması 1871-ci ildə baş vermiş faciəvi hadisənin – yanğının sayəsində yaranıb. Yanğın nəticəsində əhalinin üçdə bir hissəsi evini itirib. Bu da yerli hakimiyyətdən təcili olaraq problemin həllini tələb edirdi. Çikaqonun əvvəlki plan əsasında qurulması qeyri-praktik hesab olunduğundan şəhər tamamilə yeni konsepsiya üzrə rekonstruksiya edildi. Burada əsas ideya ərazini dərininə yox, hündürlüyünə yüksəltmək idi. Beləliklə də Miçiqan gölünün sahilində bir-birinin ardınca yüksək binalar yaranmağa başladı.

Amma şəhərlə bağlı fərqliliklər bununla bitmir ki. Keçək digər bilgilərə. Dünyanın ən uzun küçəsi Çikaqoda yerləşir. Hətta dünyanın ilk göydələni də burada inşa edilib. Çikaqo çayı var ha, bax o dünyada əks istiqamətdə axan yeganə çaydır. Və ya daha bir bilgi. Playboy jurnalının nəşri Çikaqoda 1953-cü ildən başlanıb.Çarxlı yelləncək də 1893-cü ildə məhz burada yaradılıb.Dünyada ən son pulsuz zooparklardan biri olan Linkoln Park Zoo Çikaqoda yerləşir. Amerikada ilk bankı 1937-ci ildə burada yaradılıb.Dünyanın ən uzun küçəsi olan Western Avenue-nun uzunluğu 23,5 mildir.Dünyanın ən nəhəng pulsuz qida festivalı olan Taste of Chicago burada keçirilir.Şəhər hər il bütün dünyadan 35 milyon turist qəbul edir.

Millenium parkın balaca lobyası

Miçiqan gölünün yanından da keçirik. Əhməd bəy deyir ki, dünyanın ən təmiz, şirin suyu burdadır. Həmkarımız sağ olsun, çox gözəl tur təşkil edir mənə. Maşınla gəzinti, geniş izahat, müqayisələr. Avtobus turundan qat-qat gözəl və effektli. Yolumuz Millenium Parkına tərəfdir. Adı üstündə, park millenium girəndə salınıb. Parkın ortasında isə gümüş rəngdə, kiçik lobyanı xatırladan bir fiqur. Yazmaqla anlatmaq mümkünsüz, ən yaxşısı siz videoya baxın – o kiçik lobyaya yaxınlaşıb, onun altına girəndə insan sanki 3D filmlərinə baxır, bir neçə boyutlu.

Qaynar şəhər olmasına nə baxırsız? Mən orda bulunduğum bir gün ərzində bir dəfə də olsun siqnal səsi eşitmədim. Bu şəhərdə bir sintez var – klassika ilə modernliyin şəhəri. Bir tərəfdə baş döndürən göydələn, başını çevirib digər yönə baxanda klassik üslubda tikilmiş evlər. Məsələn, metro qatarlarına baxırsan – şəhərin bəzi yerlərində yerin altı, bəzi yerlərində isə üstü ilə gedir. Çikaqo deyiləndə ilk ağla gələn bölgə Loopdur. Çikaqonun iqtisadi və mədəni mərkəzi olan Loop öz adını bölgənin ətrafını bir halqa şəklində dolanan qatar xəttindən alır. Loopu boydan-boya kəsən Çikaqo çayından OakStreetə uzanan Miçiqan Avenue- digər adı ilə Magnificent Mile – üzərində yer alan muzeylər, göydələnlər, restoran və kafelər, Chanel, Louis Vuitton, Burberry veGucci kimi seçkin və keyfiyyətli butiklər və alış-veriş mərkəzləri ilə şəhərin ən populyar məkanı.

Şəhərdə velosipeddən istifadə çox geniş yayılıb. Velosiped yolları və parkları hər yerə tapmaq mümkündür. Ona görə də çikaqolular avtobusa və ya qatara öz velosipedləri ilə gedirlər. Qış aylarının çətin şərtlərində isə ona uyğun olan mavi velosipedləri kirayələyə bilərsiniz.

O’hare və Midvay aeroportuna gələndə və ya gedəndə istifadə edə biləcəyiniz qatarlar var. Taksilər aeroportdan şəhərə təxminən 40 dollara, nəqliyyatın vəziyyətinə görə, 25-90 dəqiqə arasında çatdıra bilir. Qatar isə daha ucuz – 5 dollar ödə, 45 dəqiqəyə şəhərdə ol. İctimai nəqliyyat vasitələrindən istifadə etmək istəyən şəhər sakinləri adətən 1 günlük və ya bir neçə günlük limitsiz istifadə imkanı verən kartları almağı tərcih edir. Bu kartlar qatar, avtobus və metroda keçərlidir. Amma avtobuslara nəğd pul ödəyərək minmək də mümkündür.

Unutmadan... Çikaqo həm də Avraam Linkolnun şəhəridir. Şəhərin mərkəzindəki qocaman heykəlinə baxın, sanki gəlib-gedən hər kəsi salamlayır.

Bir burulğan, 3 ölü – ayağımız Çikaqoya düşmədimi?

“Küləklər şəhəri” olaraq bilinən Çikaqoda daim külək əsir.Xüsusən qış aylarında şəhərə baş çəkən insanlar kəskin bir soyuğu hiss edirlər, bizim kimi. Çikaqo dörd fəsli də yaşayan bir şəhər. Bahar ayları bir az qısa davam edir. Aprel və may aylarında baharı daha çox hiss etmək mümkündür. Havanın temperaturu 5 ilə 15 dərəcə arasında dəyişir. Mart ayı bizim öyrəşdiyimizdən bir az daha soyuq keçir. Yay aylarında isə havanın temperaturu 32 dərəcəyə qədər arta bilir. Bu günə qədər şəhərdə qeydə alınan ən yüksək istilik 41 dərəcədir.

Bəxtimdən (ya da bəxtsizliyimdən) mən Çikaqoda qaldığım gecə şəhərdə güclü burulğan baş verdi. Hətta bunun anonsunu bir neçə saat öncədən, yəni, gecə Donald Trampın canlı yayım çıxışını yarıda kəsərək verdilər. Səhər isə xəbərlərdə məlum oldu ki, burulğan zamanı 3 nəfər həyatını itirib. Yəni, çox da “ooo Amerika” deyə heyran olmağa tələsməyək, bu ölkədə təbii fəlakətdən bol heç nə yox. Ölüm gözlə qaş arasındadır.

Nəsə, pis şeylərdən çox danışmayaq... Çikaqonu dadımlıq da olsa gəzəndən sonra yolumuz Ə.Obalının rəhbəri olduğu GünAZ TV-yədir. Növbədə əfsanə kanalın ofisində, studiyasında olub, ordan reportaj-müsahibə hazırlamaqdır.

Bütün bunlar haqda növbəti yazıda...

Musavat.com

Tarix
2017.03.11 / 14:08
Müəllif
Sevinc Telmanqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Cadugərlər, cinlər və lənət haqda... - Ekstrasens sirləri açdı

İnsan kosmik enerjini necə alır? – Müsahibə

Əziz müəlliməm, məndən sevməyi soruşmayın - Video

Peyğəmbər deyirdi ki, qız övladını diri-diri basdırsan…

Düşmənə divan tutan tovuzlu kəşfiyyatçı

Anam dedi, nəyi gözləyirsən, kişi deyilsən?!

Kitabsız, “nakam” Həqiqətə 13 sual...

Bu “demokrat” “erməniləri də başa düşək” dedi...

Oğru aləminin lotuları haqda acı reallıqlar...

Alimlə oxuyan, Nurəddinlə çəkilən xanım - Video

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla