Yuxarı

Təbrizdə Azərbaycan qadını belə yaşayır - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binanın bir küncündən gələn "canıva azzar" sözü məni çaşdırdı. Beş yaşında bir oğlan uşağı hirslə bunu atasına deyirdi. Bu tanış ifadəni eşitmək məni təəccübləndirdi. Mənə elə gəldi ki, mən öz doğma Azərbaycanımdayam. Lakin əslində mən İstanbul hava limanının gözləmə zalında Təbriz uçuşumu gözləyirdim.

Təbriz İranın əsasən azərbaycanlılar yaşayan hissəsinin mərkəzi şəhəridir və təyyarədə olan sərnişinlərin əksəriyyəti azərbaycanılılar idi.

Demək olar ki, qadınların heç biri başını örtməyib. Gənc bir qadın hündür ayaqqabı, qısa paltar və dar lasin geyinib.

Bu cür geyim İranda nəinki qadağandır, hətta buna görə, o, əxlaq polisləri tərəfindən həbs edilə və ya cəzalandırıla bilər.

Anası o qıza yaxınlaşır və soruşur ki, bu geyimdə İrana necə gedəcək. Qız isə kefi pozulmuş, nə edəcəyini düşünür. Biri ona öz baş örtüsünü verir ki, ayaqlarına bağlasın, lakin başından ayaqlarına qədər bədən tam örtülü olmasa o İranda təyyarədən enə bilməz.

Təyyarənin havaya qalxmasına isə 20 dəqiqə var. O, tələsik təyyarədəki qadınlara yaxınlaşır və onlardan kömək istəyir. Nəhayət, qadınlardan biri ona şalvar verir.

Təyyarə Təbriz hava limanına enəndə qadın sərnişinlər yaylıqlarını çantalarından çıxardıb səliqə ilə başlarına örtürlər.

Təbrizli qadınlar

Təbrizli qadınlar gündəlik həyatda da ölkədəki stereotipləri qırmağa çalışırlar. Qərb mediasının göstərdiyi qara çadralı və kişilərin dominantlıq etdiyi cəmiyyətdə heç bir hüququ olmayan qadınların əksinə olaraq, İran qadınları əslində siyasi və sosial həyatda aktiv rol oynayırlar.

Azərbaycanlılar farslardan sonra İranın ən böyük etnik qrupudur. Əsasən iran azərbaycanlılarının məskunlaşdığı Təbriz şəhəri ölkənin tarixi paytaxtlarından biridir və Şərqi Azərbaycan əyalətinin mərkəzidir.

Təbriz İran Azərbaycanının mədəni paytaxtıdır, bəzən yerli əhali şəhərin həm də siyasi paytaxt olduğunu deyir.

İranda Pəhləvilər sülaləsinin hakimiyyəti ( 1925-1979) və hazırkı İran İslam Respublikası zamanında da azərbaycanlılar ana dilində rəsmi təhsildən məhrumdur.

37 yaşlı Münir 18 yaşından azərbaycan rəqsləri öyrədir. O, deyir ki, bir neçə il əvvəl toyda heç kim Azərbaycan rəqsi oynamırdı, lakin indi milli rəqslər olduqca yayılıb.

"Milli deyil, fars rəqslərini oynamağımız məni olduqca narahat edirdi. Hər millətin öz rəqsi var. Bir gün toyda bir kişinin milli rəqs oynadığını gördüm və marağıma səbəb oldu. Mən Bakıdan gətirilən CD-lər aldıb öyrənməyə başladım. Daha sonra gizli dərslərə getdim.

"Mən bunu öz xalqım üçün edirəm. Həm də bu mənim xoşuma gəlir. Öz istədiyim kimi insan tapa bilmədiyim üçün ailə qurmamışam. Əgər ərə getsəm, rəqslə vidalaşmalı olacam, çünki güman ki, gələcək ərim rəqs etməyimi istəməyəcək. İndi isə çox rahatam.

Münir Təbrizin üç müxtəlif yerində dərs deyir, həftədə bir neçə dəfə dərs üçün uzaq kəndlərə gedir. Münir gizli şəkildə fəaliyyət göstərir.

"Onlar milli rəqsləri də siyasətə qarışdırır. İstəmirlər ki öz mədəniyyətimizi qoruyub saxlayaq", o deyir. Onun evinin ətrafında rəqs məktəbi ilə bağlı heç bir məlumat yoxdur.

29 yaşlı Nazilə Cavadbəyli ictimai fəal qadınlardan biridir. O, azərbaycan dilində məktəblərin açılması üçün mübarizə aparır və bir neçə kənddə fars və azərbaycan dillərində kitabxanalar açıb.

O, həmçinin bir sıra uşaq kitablarının müəllifi və İrandakı türklərin bu günü, keçmişi və gələcəyi haqqında məqalələr nəşr edən Sədaqət jurnalının redaktoru idi.

Maliyyə problemləri səbəbindən jurnal bağlanıb. Cavadbəyli uşaqların ana dilində oxuya bilməsi üçün azərbaycan dilində yazır. Onun kitabları Türkiyə və Bakıda nəşr olunub.

İranda qadınların hüquqları qanunla məhdudlaşdırlır. Qadınlar prezident seçkilərində iştirak edə, hakım ola bilməzlər.

Həmçinin onların atasının və qardaşının icazəsi olmadan ölkədən çıxışı qadağandır. Bununla yanaşı, onların varislik hüququ da məhduddur, ataları öldüyü halda qardaşlarına çatan miras iki dəfə çoxdur.

Azərbaycan kökənli bir xanıma İranda hüquq mübarizəsi aparmaq ikiqat çətindir, bir tərəfdən qadın kimi, digər tərəfdən isə azərbaycanlı kimi.

Səkkiz kitab müəllifi, feminist fəal, 55 yaşlı Fərənək Fərid ictimai həyata 40 ildir ki, atılıb. Dörd il əvvəl o, Urmiya gölünün "süni şəkildə qurudulmasına qarşı" keçirilən etriraz aksiyalarında iştirak etdiyinə görə 45 günlük həbs edilib.

"Onlar məni Urmiya gölünə görə həbs etdilər. Lakin məncə bu sadəcə nümayişlərdə iştirakım ilə bağlı deyildi, ana dilinin təbliği və feminizm fəaliyyətlərim onlara məlum idi. Bu, əsl Azərbaycan hərəkatı idi", həbsxanada fiziki təyziqə məruz qalan Fərid deyir.

Fərid Təbrizə azərbaycan dili və qadın hüquqları mübarizəsini eyni zamanda aparan ilk qadınlardan idi. O deyir ki, mərkəzləşmə İranda əsas problemlərdən biridir, " fəal qadınlar, Tehrana köçdükdən sonra milli məsələləri yaddan çıxardır və əsasən qadın hüquqlarının qorunması istiqamətində fəaliyyət göstəririlər".

"İslam inqilabından sonra milli köklərimizə qayıtmaq böyük hərəkata dönüşdü. Lakin, bir çox qadınlarımız ya milli məsələlər ya da qadın hüquqlarının müdafiəsi ilə məşquldu. İkisini bir yerdə apara bilmirlər.

Yaxın keçmişdən fərqli olaraq, indi bir çox ailələr qızlarını təhsildən məhrum etmir, əksinə onların savadlı və aktiv olmasını istəyir.

"Burda qadınlar kişilərdən daha fəaldır, qadın yazıçıların sayı kişilərdən daha çoxdur. Bu tarix boyu belə olub - Təbrizli qadınlar həmişə mübariz olub.

Bu gün də qadınlar təhsil almaq və onu davam etdirmək istəyir. "Keçmişdə isə hər şey daha fərqli idi", Cavadbəyli deyir. Onun 23 yaşlı baldızı 6 bacısı ilə birlikdə təhsil almaqdan məhrum edilmişdi.

Cavadbəylinin Parxahan kəndində böyüyən 64 yaşlı anası heç ibtidai təhsil sayılan mədrəsəyə də gedə bilməmişdi.

"O vaxtlar qızları oxumağa qoymurdular. Mən farsca danışa bilmirəm, amma istəyirdim ki, uşaqlarım təhsil alsın", 10 uşaq və 10 nəvə sahibi olan Zərifə Bazmi deyir. Zərifə 15 yaşında ailə qurub.

Lakin erkən yaşda evləndirilmələri də qadınları cəmiyyətin fəal nümayəndəsi olmaqdan yayındıra bilmir.

Adilə Təhmasibi misal götürək. 61 yaşlı Adilə Əhəş şəhərində böyüyüb, 9 yaşında nişanlanıb və 13 yaşında ərə verilib.

O, əri ilə dağlara çıxıb və daha sonra İranın ən məhşur haykerlərindən biri olub. 1986-ci ildə o, Təbrizdəki hayker qadınların təşkilatını yaradıb.

O, İranın müxtəlif bölgələrindən qadınları toplayaraq İranın dağlarına səfərlər təşkil edib.

"İranın müxtəlif bölgələrindən olan 1200 qadın ilə dağlara çıxdıq. Mən istəyirdim ki, onlarda özünə inam yaransın, anlasınlar ki, kişilərsiz də dağlara səyahət edə, öz ayaqları üstündə dura bilərlər", Təhmasibi deyir.

Təşkilatda qadınlara dağçılıq ilə yanaşı, iqtisadi cəhətdən heç kimdən asılı olmamaları üçün müxtəlif peşələr də öyrədilirdi.

Adilə Təbrizdə 8 mart Beynəlxaq Qadınlar gününü qeyd edən ilk qadınlardan biri olub. Həmin gün o , başqa qadınları evə dəvət edib, müxtəlif şerlər oxuyub və qadın hüquqları müzakirə edilib.

Rəsmilər bir neçə dəfə onun fəaliyyətini dayandırmağa cəhd ediblər. Məsələn, 8 mart bayramını qeyd etdiyi bilinəndə, o dindirilib və fəaliyyətə son qoyması barədə xəbərdarlıq edilib.

"Əlbəttə, mən istəmirdim ki, kimsə döyülsün və problem yaşasın, buna görə də 8 martı evdə keçirmədim, lakin gələn il digər qadınlar bu bayramı öz evlərində keçirdilər".

Çadra

Dağa çıxanda çadrasını çıxardığı üçün rəsmilər onun bu fəaliyyətinə də son qoymağa çalışdılar. O, 9 ay sevimli idmanından ayrılmalı olub.

Bütün bu məhdudiyyətlər təbrizli qadınları ictimai fəaliyyətdən uzaqlaşdıra bilmir. Bir çox qadın üçün çadra hökümətin geyinməyə məcbur etdiyi paltardır. İstənilən halda, heç nə qadınları düşündüyünü etməkdən çəkindirə bilmir.

Nazilənin 64 yaşlı anası çiçəkli qara çadrasını hətta evdə qadınların içində də çıxartmır. "Bunsuz özümü rahat hiss etmirəm. Hətta Bakıda olanda oğlum çadranı çıxartmağımı istəsə də, çıxartmadım. Çünki, artıq çadra geyinmək vərdiş halına gəlib," o deyir.

Onun qızı Nazilənin fikrincə isə yaylıq onların mədəniyyətlərinin bir parçasıdır.

"Hətta İrandan kənara çıxanda da baş örtüyümü çıxartmıram. Biz belə böyüdülmüşük. Bu mənim seçimimdir və mən özümü belə rahat hiss edirəm. Məncə azadlıq düşüncə və fikirlərdədir", o deyir.

Lakin bu fikirlə hamı razı deyil. Baş örtüsü yazıçı Leyla Novruzinin seçimi deyil.

"İrandan kənara çıxan kimi, yaylığımı çıxardıram. Çünki bu mənim seçimim deyil", Ərdəbil sakini 27 yaşlı Leyla deyir.

"Əlbəttə bunu geyinib geyinməməkdə azad olmaq istəyərdim, bizi buna məcbur edirlər, bu mənim şəxsi seçimim deyil. Mən demirəm ki, bu mənə istədiyim işi görməyə mane olur, lakin istənilən halda buna insanın şəxsi istəyi olmalıdır."

Teleqramla yanaşı, İnstaqram və digər məhşur sosial media vasitələri İranda olduqca məhşurdur və Leylanın çoxlu virtual izləyiciləri var.

O, sosial mediada başı açıq şəklini paylaşanda qadınlar tərəfindən tənqid edilib. "Əsasən də qadınlar məni tənqid etdilər. Onların reaksiyası olduqca mənfi oldu. Mən anlamıram ki, axı niyə mən kişilər gunah işləməsin deyə başımı örtməliyəm. Mənə deyirlər ki, kişilər mənə baxıb günah işləyəcək".

60 yaşlı Salihpur Təbrizdə taksi sürücüsüdür. Bakıdan fərqli olaraq, Təbrizdə qadın sürücüyə rast gəlmək adı bir haldır.

O, evlidir və 13 ildir ki taksi sürür. "Məni görəndə Bakıdan və Türkiyədən gələn hər kəs təəcüblənir. Mənim ərim maşın sürmür, onu hər yerə mən aparıram", o deyir.

Təbrizdə bir həftə qaldım, ancaq gördüklərimdən sonra anladım ki, dünya mediası İranın mühafizəkarlığını olduqca şişirdir.

Təbriz Beynəlxalq hava limanı.

Təbriz - İstanbul reysi. Təyyarə havaya qalxan kimi yaylıqlar çıxardılır. Bir çoxları üçün yaylığını başdan çıxartmaq azadlıqdır. İstanbulda gəzəndə iki -üç dəfə yaylığımın olub olmadığını yoxlamaq üçün əlimi başıma aparmışdım.

BBC

Tarix
2017.03.11 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla