Yuxarı

Bu yol qara, qorxulu, uzun-uzun döngələr...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az-ın “Gerçəkləşməyən arzular” layihəsinin budəfəki qonağı tanınmış tənqidçi İradə Musayevadır.

- İradə xanım, bayramlar ərəfəsindəyik. 8 martı artıq yola saldıq. İlaxır çərşənbə və Novruz bayramı qarşıdadır. Təbrik edirəm. Əhvalınız necədir? Bayram ovqatına köklənə bilmisiniz?

- Çox sağ olun, minnətdaram... Baxın, Siz də özünüzdən asılı olmayaraq, bayramdan danışanda “yola saldıq” ifadəsini işlətdiniz... Burda bir zorən, canını dişinə tutub bayramı qeyd etmək və sanki bu “dramatik” gündən yaxa qurtarmaq assosasiyası var. Hər şey get-gedə elə bil ki, əzaba çevrilir... 8 mart kişilərin 80 faizi üçün sevdiyi, hörmət etdiyi qadınlara rəğbətlərini nümayiş etdirmək fürsətindən çıxıb, məsuliyyət və bir az da artıq utanmaq, gözükölgəli qalmaq kədərinə çevrilib az qala.

Əhvalımı hər zaman qaydasında saxlamaq istəyirəm, buna çalışıram. Çünki bu ovqat hər tərəfə yansıyır. Mən təkcə evdə yaşamıram ki, yollarda, işdə, iclaslarda, tədbirlərdə. İnsan ətrafına nüfuz edir öz əhvalı ilə. Ona görə də qayğılarını özü ilə sürüyüb onun-bunun üstünə yıxanları heç sevmirəm. Evdən çıxdım, bitdi ev problemi. İşdən evə döndümsə, onda da işin problemi və s. Əlbəttə içərimdədir, amma daxilimdəki narahatlıqlarla ətrafımı qaranlaqlaşdırmaq istəmirəm.

Qaldı bayram ovqatına köklənmək məsələsi. Əvvəlki həvəs, coşqu yoxdur nədənsə. Səbəbini isə bilmirəm. Bəlkə həyatımızın müxtəlif (bəlkə bütün) sahələrində ümidlərin azalması, inamın, etimadın yoxa çıxması həm də yazın, baharın “Novruz” adlı mifini də etibardan salıb? Nə bilim...

- Sizinlə Axar.az-ın “Gerçəkləşməyən arzular” layihəsində həmsöhbət oluruq. Sonda verilə biləcək sualı əvvəlcədən verim, sizcə, söhbətimiz gerçəkləşə biləcəkmi, ürəyinizcə olacaqmı?

- Gerçəkləşə bilər. Səmimiyyət olarsa, alınar. Sizi şəxsən tanımıram, səmimi adam kimi qəbul edirəm, məncə, alınar...

- O zaman deyin, niyə tənqidlə məşğul oldunuz, nəyə görə tənqidi seçdiniz? Bu, sizin yaradıcı insan kimi ən böyük arzunuz idimi?

- Yox, mən tənqidi seçmədim və ən böyük arzum da bu olmayıb. Ümumiyyətlə, mən inanmıram ki, dünyada kimsə gənc yaşlarında əlinə qələmi məhz tənqidçi olmaq arzusu ilə alsın. Bu, seçim deyil, qabiliyyətin ortaya qoyulmuş formasına başqaları tərəfindən verilən addır. Mənim ilk tənqidi məqaləmi 90-cı illərin sonlarında “Azərbaycan” jurnalı (30 səh.) “Gənc tənqidçinin tribunası” adı ilə çap edəndə yazdıqlarımın adını bildim. Tənqidçi olmağımla fəxr etmirəm, amma bu cür yazmağa ehtiyac duyuram. Ədəbiyyat tarixçisi, nəzəriyyəçisi də ola bilərdim. Bəlkə yazıçı, ya şair də. Lakin özümü bu şəkildə - tənqidçi kimi - ifadə edəndə elə zənn edirəm ki, daha azad şəkildə deyə bilirəm sözümü. Ədəbi prosesin bu zamanında əslində, ədəbi tənqidə daha çox ehtiyac var. Ədəbi tənqidin fikrinə, sözünə ehtiyac var...

- Çox istərdim ədəbiyyatımızın bugünkü ab-havasından qısaca da olsa bəhs edəsiniz, necədir durum, kütləvilik peşəkar ədəbiyyat adamı olaraq sizi bezdirmir ki?

- Bezdirir. Yaxşıları pislərin arasından tapıb çıxarana qədər gözün, beynin, vaxtın gedir. Tünlük işi çətinləşdirir. Ümumi vəziyyət isə yaxşı deyil. Söz, ədəbi-bədii söz sanki alınıb və pay-püşk olunub. Qurumlar, cəmiyyətlər, birliklər, ocaqlar, saytlar, qəzet və jurallar şəklində çoxlu “söz sahibkarları” var ki, söz onların “polya”sına daxil olanda özünü “yığışdırır”, zəifləyir, köməksiz, müdafiəsiz qalır. Sözün ağası, ağaları ədəbi-bədii düşüncəni böyüməyə, özündən bir barmaq da olsa hündürə qalxmağa qoymur. Demirəm, nələrisə qadağa edir. Sadəcə, elə qeyri-obyektiv şərait yaradırlar ki, subyektlər böyüyə bilmir, eləcə kölgələrdə bitib, elə oradaca itir, yox olur. Nəticədə ədəbiyyat uduzur.

- Və bu, sizi daha çox narahat edir...

- Bəli. Məni ədəbiyyatın uduzması, geriləməsi niyə bu qədər narahat edir? Çünki bu ədəbiyyat, ədəbi-bədii sözdür insanı, cəmiyyəti, mühiti təkamül ya tənəzzül yoluna salan. Tarix də sübut etdi ki, bütün dünya ədəbiyyatında yazıçıların tarixə, inqilab və intibahlara təsiri siyasət və ictimai mövqe sahibindən daha çox olub. Bu gün bizdə ədəbiyyat çox hallarda funksiyasızlıq həddindədir... İctimai-siyasi, sosial-mədəni sahələri özündə əks etdirmək gücündə olmayan ədəbiyyat, sənət məsələsi ola bilmir. İctimai əhəmiyyəti azalır, cəmiyyət hadisəsinə çevrilmir və s.

- İradə xanım, tənqid olmasa, ədəbiyyat nəyi itirərdi ki? Məsələn, siz tənqiddə sərt mövqe sərgiləyənlərdənsiniz, bu, nə verə bilər ki?

- Bu sualı çox eşidirəm. Və həqiqətən də pis oluram. Hətta həmkarlar, alimlər, müəllimlər də bəzən mənə canıyananlıqla bu tövsiyəni edir. “Nə xeyri var?” – mənalı suallar məni çox ağrıdır. Belə çıxır ki, biz öz “xeyirsiz” fəaliyyətimizlə insanlara hətta mane də ola bilirik. Bu cür yanaşma ancaq bazar iqtisadiyyatı yox, bütün mənəvi keyfiyyətlərin bazara çıxarıldığı, bazarlaşdığı bir cəmiyyətdə mümkündür. Mən yalana, saxtakarlığa, buqələmunluğa, qeyri-elmi, anti-sənət mövqeli məsələlərə obyektiv reaksiya verməyə çalışıramsa, bu, niyə narahatlıq yaradır? Və mən hər kəsdən fərqli olaraq inanıram ki, biz inamla, israrla, prinsipiallıqla sözün, ədəbiyyatın gedişinə, sözün yaxşı mənasında, müdaxilə etsək, nələrəsə nail olarıq. Təkcə ədəbiyyat yox, ictimai düşüncə, estetik zövq və bütövlükdə Azərbaycan insanının şüuru, düşüncə tərzi dəyişər...

- Yəni sizin hər hansı bir fikriniz oxucularda hansısa yazarla bağlı fikir formalaşdıra bilər?

- Məncə, bilər... Yazıçıya yox, əsərə, kitaba, mətnə...

- Ümumiyyətlə, tənqid dedikdə əsasən nəyi nəzərdə tutaq? Hansısa müəllifin hansısa əsərinə bəh-bəhlə bəy tərifi verməsinimi?

- Əlbəttə, yox... Biz axı ciddi ədəbi tənqiddən və axtardığımız həqiqi ədəbiyyatdan danışırıqsa, “bəy tərifi” hardan yadınıza düşdü?

- Gəlin tənqidçilərimizin yazdıqları irihəcmli əsərləri, tənqidi materialları götürək, çoxundan hansısa xoş münasibətin iyi gəlir axı.

- Mən hansısa tənqidçinin əleyhinə çıxmıram axı. Sadəcə, onların qeyri-obyektiv olduqları, kimlərəsə təmənnalı yarındıqlarını açıqca görürəm. Özü də təkcə mən yox, sıradan bir oxucu da bunu dərk edir. Amma oxucu fikrini əsaslandıra bilmir. Məsələn, mən isə konkret faktlarla əsaslandıra bilirəm. Çünki bu, mənim sənətimdir. Axı mən həm də səhnənin arxasında, necə deyərlər, “mətbəx”dəyəm. Tənqidçi həmkarlarımın kimdən niyə yazdığının ən incə sirrini belə duyuram. Hətta o tənqidçilər, pul alıb kiminsə haqqında yazdıqları kitabları ortaya niyə çıxarmadığının, ya da yaltaqlıqla yazdığı məqalələri kitabına niyə salmadığını da açıqca görürəm və təəssüflənirəm. Ürəyimdə deyirəm ki, “ay zalımın balası, pulu yedin getdi, amma bu yazını, ya kitabı gizlədə bilmirsən, elə hey xoruzun quyruğu görünür”(gülür).

- Gənc, yaxud “kimsəsiz” yazarların əsərlərinə xala-xətrin qalmasın tənqidi fikirlər səsləndirənlərimiz də az deyil, amma tutaq ki, həmin tənqidçilər Aqil Abbasın, Elçinin, Hüseynbala Mirələmovun və sairlərinin əsərlərinə tənqidi fikir səsləndirməz və səsləndirmir də. Niyə?

- Vallah, bunu o adamlardan soruşsanız, yaxşıdır. Amma mən də təsdiqləyirəm ki, titul mətnlə tənqidçinin arasına girməməlidir. Bu yaxınlarda Orxan Bahadırsoy adlı gənc şairin şeirlərini oxudum, çox sevindim və məqalə yazdım. Özü də xalq şairi haqqında işlədilə biləcək epitetlərlə. (Gülür) Və yaza-yaza düşünürdüm ki, bu şeirləri, məsələn, ən çox sevdiyim şairlərdən biri - R.Rövşən yazsaydı, tənqidçilər çox böyük şövqlə tərifləyərdilər. Hətta həmkarlarımdan bu təqdirimə görə məni qınayanlar da oldu sosial şəbəkədə ki, “yeni intonasiya”, “yox ta bir, küçələrə tökülən intonasiya” və s. Onda da pis oldum... Eqo ilə ədəbiyyata baxanda münasibətlərdə təbəqələşmə olur... Baxın, onun bu şeirinə:

Acı sümük ağrısı, bir də quru öskürək...
Sərxoş kişi də deyir: “Bir siqaret ver görək!”
Ətraf şam ağacları, hürən meşə itləri...
Mənim kimi tək qalıb piyada keçidləri.
Qopub düşür önümə iri-xırda qozalar.
Körpü altında durub yaşlı “mamaroza”lar.

İndi bir mən oyağam, bir də ki, fahişələr.
Bu körpüdə ovunur neçə tənha kişilər.
Gedirəm ağır-ağır, yorğun, səssiz-səmirsiz.
”Mamaroza” soruşur: - Əylənmək istəmirsiz?
"Yox" deyiram astaca, "Mən indi can üstəyəm!"
Gülür “mamaroza” da, elə bilir xəstəyəm.
Keçirəm o körpüdən, keçirəm ağır-ağır.
Siqaret yandırıram, tüstü təpəmdən çıxır.

Tənhalıq həmişəki... darıxmağı demirəm...
Hələ sənin yoxluğun - o da başqa bir aləm!
Gah siqaret, gah içki, nəfəsim də təngiyib.
Fikrim səndə ilişib, yuxum səndə ləngiyib.
Dodağımı çeynəyir əsəbimdən dişlərim.
Sənsizlikdən doğuldu bütün pis vərdişlərim.
Hara gedim, bilmirəm, heç olmasa zəng elə,
Eyni yerə qayıdır bu döndüyüm döngələr.

Bu dərdlərin içində naçarlıq da dərd olur.
Buralarda olmalı bir köhnə dəmir yolu.
Ordan arabir keçir neft daşıyan qatarlar.
Bütün tənha adamlar özün ora atırlar.
Sən də çox biganəsən, daha özün bilərsən,
Telefonum açıqdı, istəsən, zəng edərsən!

Mən dəmir yolundayam, burda bir it də ölüb.
Taxta döşəmələrə əl-ayağı tökülüb.
Bu yol qara, qorxulu, uzun-uzun döngələr...
Sən də tez ol zəng elə, geciksən, qatar gələr!

- İradə xanım, daima ədəbi qruplaşmadan bəhs olunur, sizcə, tənqidçilər bu qruplaşmada istiqamətverici deyil ki?

- Əgər tənqidçilər bu ədəbi qruplaşmalarda istiqamətverici, ya hakim mövqeli söz sahibi olsaydı, sevinərdim. Amma elə deyil, onlar çox zaman vasitə olur... Səbəb yox, məhz kiminsə öz yalanını, ya iddiasını sübut prosesində, çox üzr istəyirəm, züy tutan olur. Təbii ki, hər kəsə aid deyil. Fəqət çox zaman belə olur... onlardan istifadə edirlər, onlara inanmadan, etimad etmədən, onlardan “ön söz”, tənqidi rəylər, resenziyalar alırlar. “Yalana dəstək” kampaniyalarında bu əliqələmli söz “hakimləri”ndən ədəbi qiymət, ədəbi hökm adıyla yalan, riya mahiyyətli dəstək, kömək alırlar. Bir də görürsən səs-səsə verib, çiyin-çiyinə dayanıb yalana səcdə mərasimi qurublar. Gülməli və ağlamalı vəziyyət - tragikomik situasiya.

- Tənqidçilər arasında da qarşıdurma səngimir. Biri digərini qəbul etmir və sair... Kobud səslənsə də, soruşum, nəyi bölə bilmirlər? Sizcə, bir-birlərinin “müəlliflərinə sataşmaqla” maraq dairələrinə müdaxilə etmirlər ki?

- Mənim özəlləşdirdiyim müəllif və ən əsası məni özəlləşdirən müəllif yoxdur, ona görə də bu sualı özümə aid etmirəm...

- İradə xanım, layihənin mövzusunu tamam unutdum, deyin, elə bir arzunuz olubmu ki, gerçəkləşməsin? Və bu arzu nə idi?

- Ədəbiyyatla, sənətlə, elmlə bağlı N qədər reallaşmayan arzularım var... Fəqət, yaşadığım cəmiyyət, ədəbi mühit, elm sahəsindəki boşluq, zamansızlıq, dayaqsızlıq, köməksizlik, hər addımda inandığım adamlardan mənəvi-psixoloji xəyanətlər görüb elə hey sarsılmağım, təəccüblənməyim imkan vermir o arzularımı istədiyim kimi həyata keçirim. Ümumiyyətlə, mənim ədəbiyyat və ədəbi-intellektual dünyagörüşümüzü formalaşdıracaq, inkişaf etdirəcək islahatlar aparmaq məsələsi ilə bağlı ideyalarım var ki, bu artıq yeni söhbətin mövzusudur...

- Məsələn, heç istəmisiniz ki, xalq yazıçısı olasınız?

- Əsla!

- Bəs ədəbi yaradıcılıqda hansı arzunu indi də ürəyinizdə saxlayırsınız?

- Ədəbi tənqidin, ədəbiyyat nəzəriyyəsinin konsepsiyasını hazırlayacaq layihələr üzərində işləyərdik, əgər səmimi bir elm-sənət adına işləmək istəyən işçi qrupu olsaydı...

- Vaxtınızı aldım, çox sağ olun!

- Mən təşəkkür edirəm, məni həmsöhbət seçdiyiniz üçün...

Tarix
2017.03.12 / 09:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla