Yuxarı

12-ci imamı “görən” lider hazırlığa başladı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

İranın ən önəmli siyasi fiqurlarından olan Rəfsəncanini üstələyərək 6-cı prezident olan Mahmud Əhmədinejad bürokratiyanın aşağı qatlarından gələn biri kimi, İran siyasətinə yeni bir istiqamət verdi. O, 2005-ci il seçkisində 28 milyona yaxın səsin 17 milyonunu qazanaraq prezident oldu.

Əhmədinejad toplumun yoxsul təbəqələrinə, ölkənin yoxsul bölgələrinə, kənd və balaca şəhərlərə vəsait ayırmaq planı və “Sevgi, Məhəbbət, Diqqət” şüarı ilə toplumun yoxsul, mühafizəkar kəsimlərindən səs aldı. Ərdəbilin keçmiş valisi və Tehranın bələdiyyə sədri olmuş Əhmədinejad neftdən gələn gəliri iranlılara verəcəyini, evi olmayanlara ucuz evlər tikəcəyini dedi, ümidini itirmiş yoxsulara böyük ümid vəd etdi.

Onu inqilab keşikçiləri və Qum şəhərinin şiələrinin öndə gələn din xadimləri də dəstəklədilər. O, prezident olduqdan sonra yoxsullara neftdən gələn gəlirdən bəlli bir miqdarda verdi və ev tikmək layihələrini xalq arasında təbliğ etməyə başladı. Onun ölkə daxilində və xaricdə danışdığı dil və danışıq tərzi hər zaman mübahisəyə səbəb oldu. O, Holokost səbəbkarlarını ittiham edərək, dünyada həm böyük nifrət, həm də sevgi qazandı.

Əhmədinejad İranda siyasi elitanın dilində yox, daha çox kəndli və yoxsul təbəqələrin dilində danışdı. Bu da ona həm nifrət, həm də sevgi qazandırdı.

Əhmədinejad İranın nüvə texnologiyasını inkişaf etdirmək proqramını yenidən başladaraq, ABŞ və Avropa ölkələri ilə diplomatik qarşıdurmaya girdi. Bu da İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə nəticələndi. Onun dönəmində İranda mətbuat azadlığı və toplumsal azadlıqlar keçmiş dönəmə görə çox böyük bir geriləmə yaşadı.

2009-cu il seçkilərində Əhmədinejad sandıqlara atılan 38 milyon səsdən 24 milyonunu qazanaraq, ikinci prezidentliyini qazandı. Onun rəqibi, İran-İraq savaşı dönəminin baş naziri Mir Hüseyin Musəvi Təbrizdəki səsvermələrdə saxtakarlıq olduğunu iddia edərək nəticələrə etiraz etdi. Bu etiraz İranda “Yaşıl hərəkat” toqquşmalarına səbəb oldu. Onlarla insan öldü, minlərlə insan mühakimə edildi və tutulanlardan bəziləri edam olundu. Qiyamın səbəbkarı kimi göstərilən keçmiş baş nazir Musəvi və keçmiş parlament sədri Kərrubi ev həbsinə məhkum edildilər (onların həbsi hələ də davam edir). Bu hadisədən sonra minlərlə insan ölkəni tərk etməyə məcbur oldu.

Əhmədinejad dönəmində İranla Qərb və ABŞ arasında gizli müzakirələr aparıldı. O, ABŞ və İsrailə qarşı populist çıxışlarına görə dünyada İran və şəxsi üçün xeyli tərəfdar topladı. Əhmədinejad dönəmində “İran İslamı Məktəbi” adı altında yeni bir islam anlayışının toplum və siyasətə yeridilməsinə cəhd olundu. Bu fikrə görə, “İran islamı” deyilən bir islam təbliğ edilirdi ki, bu da İran milliyyətçilərinin xoşuna gəlirdi. Bununla yanaşı nüvə enerjisi proqramı İranda fars milliyyətçiliyi hisslərinin qabarmasına yol açdı. Beləliklə, Əhmədinejad və onun heyəti yeni bir xətt açaraq, İran siyasətini ikiqütblü - reformistlər və mühafizəkarlar durumundan çıxardı.

Əhmədinejad şiələrin 12-ci imamı olan Mehdini gördüyünü və onu bir nurun dövrəyə aldığını iddia etdi. Bəzi tərəfdarları onun Mehdi olduğunu deyirdilər.

Əhmədinejad öz dönəmində xaricdə yaşayanlarla əlaqə qurdu və onların potensiallarından istifadə edərək xal qazanmaqla yanaşı, ABŞ və Qərb ölkələrində xaricdəki iranlılardan ibarət lobbi yaratmağa çalışdı.

İranlı iqtisadçıların sözlərinə görə, Əhmədinejad dönəmində neftin qiyməti çox yüksək olduğundan ölkə büdcəsinə son yüz ilin ən böyük valyuta axını oldu. Amma unutmayaq ki, onun dönəmində İran böyük bir embarqo və iqtisadi sanksiyalarla qarşılaşdı. Əhmədinejad müxtəlif yollarla ölkəyə lazım olan malları idxal edə bildi. Bu yolların qanuni olmaması İran iqtisadiyyatında korrupsiyaya yol açdı.

Onun dönəmində İran iqtisadiyyatı 12% gerilədi. İnfilyasiya və bahalaşma rəsmi olaraq 25% göstərilsə də, 45% olduğu deyildi. İşsizlik isə rəsmən 13% elan edilsə də, bunun daha çox – 25% olduğunu iddia edənlər oldu.

Əhmədinejada müxalif olanlar bütün problemlərin onun siyasətindən qaynaqlandığını göstərmək istəsələr də, bağımsız iqtisadçılar İranın iqtisadi problemlərinin daha dərində olduğunu və bir şəxsə bağlamağın doğru olmadığını deyirdilər. Bütün bunlara baxmayaraq, toplumun yoxsul kəsimlərində hələ də Əhmədinejada qarşı maraq var.

Əhmədinejad 2017-ci il prezident seçkisində öz namizədliyini irəli sürsə də, qəbul olunmadı. O, dini liderin sözünə məhəl qoymayaraq, öz namizədliyini irəli sürmüşdü. Görünür, Əhmədinejad və onun heyətinin İranın siyasi arenasını tərk etmək niyyətləri yoxdur və onlar getdikcə öz müstəqil siyasi xətlərini yaratmaq istəyirlər. Əhmədinejad dolayı olsa da, dini liderə qarşı gələrək və yenə də dolayı olaraq prezident seçkisini boykot edərək, özünə siyasi xal qazanmaqdadır. Bu da onu göstərir ki, İranın siyasi arenasında dini liderin ölümündən sonrakı dövrə hazırlıq başlayıb.

Ardı var

Tarix
2017.05.18 / 08:45
Müəllif
Umud Mahdian
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla