Yuxarı

Alimlə oxuyan, Nurəddinlə çəkilən xanım - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəridə Mirişovanı ifa etdiyi bir mahnıdan tanıdım. Sonradan biləcəkdim ki, sözləri tanınmış şair Sona xanım Vəliyevaya aid olan mahnının musiqi müəllifi elə Fəridə xanımın özüdür. Onu da öyrəndim ki, bu gün Axar.az-ın “Gerçəkləşməyən arzular” layihəsinin qonağı olan Fəridə Mirişova həm də Azərbaycan Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisidir.

- Fəridə xanım, sizi ilk olaraq Sona xanım Vəliyevanın sözlərinə yazdığınız “Bir az möhlət ver, Allah” mahnısıyla tanıdım. Maraqlandım, bir çox populyar mahnılar müəllifi və ifaçısı olduğunuzu bildim. Mənə maraqlı gəldi, özünüzü niyə belə ləng tanıtmısınız?

- Bu sualla bir neçə dəfə qarşılaşmışam. Hər dəfə də eyni cavab vermişəm, ya da ümumiyyətlə, söhbəti dəyişmişəm. Hələ uşaq vaxtlarımdan çox böyük korifeylərin xeyir-duası ilə bu sənətə gələrək təhsil almışam. Həm də uşaq vaxtlarımdan təkcə Azərbaycanda deyil, o zamanlar Sovet İttifaqının bir çox böyük səhnələrində çıxışlarım olub. Amma heç vaxt tanınmaq haqqında düşünməmişəm, belə bir istəyim olmayıb. Yəqin ki, sizin təbirinizcə desək, ləng tanınmağımın əsas səbəbi budur.

- Niyə axı?

- Mənim üçün əsas meyar, əsas missiya sonunda Azərbaycan mədəniyyəti və incəsənəti tarixində qatqısı və ona töhfəsi ola biləcək musiqi xadimi olmaq idi. Geniş tamaşaçı auditoriyasına tanınmasam da, bu günədək müxtəlif ölkələrdə onlarla beynəlxalq simpozium və festivallarda Azərbaycan musiqi, mədəniyyəti və folklorunu təbliğ etmişəm.

- Yəni arzunuza çatmısınız...

- Bu istiqamətdə, demək olar ki, müəyyən qədər hə...

- “Bir az möhlət ver, Allah”da gözəl bir kliplə yaddaşlarda qalırsınız. Bu klipin ideyası hardan gəldi, kimin təklifi oldu?

- Klipin çəkilməsi ideyası çox hörmətli Sona xanım Vəliyeva ilə müştərək olan fikrimizdən irəli gəldi. Nə yaxşı ki, bu fikri reallaşdırdıq. Çünki bu mahnı mövzu olaraq bəşəri və düşündürücüdür. Bu əsərdə təkcə bir insanın yaradanına olan imdadını deyil, bütövlükdə bəşərin yaradanına olan xitabını görürük. Bu, dünən də, bu gün də belə olub, çox güman ki, sabah da belə olacaq.

- Xalq artistləri Alim Qasımovun, Nurəddin Mehdixanlının, İlham Zəkiyevin də yer aldığı bu klip, əslində, böyük bir ideyaları gerçək edəcək film təsiri bağışlayır. Çəkilişlər çox vaxt apardı?

- Bəli, bu klipin, eyni zamanda mahnının uğur qazanmasında ustadım Alim Qasımov kimi bir dahi sənətkarın səsi və klipdə çəkilməsi, eləcə də dəyərli aktyormuz Nurəddin Mehdixanlının möhtəşəm ifası çox böyük rol oynadı. Ümumiyyətlə, klipin ideya müəllifi Bəxtiyar Qaraca və bütün yaradıcı heyyətin klip üzərində çox böyük əməyi var. Bunu dana bilmərik. Demək olar ki, bir ay gərgin vəziyyətdə klip üzərində işlədik. Əməyimizin bəhrəsini gördük. İzləyicilərin münasibəti, klipə baxış bunu deməyə əsas verir.

- Fəridə xanım, musiqi təhsiliniz var, özünüz isə Folklor İnstitutunda işləyirsiniz. Mahnı yazmaq, ifa etmək xobbidir, yoxsa bu, bir sənətdir ki, qulpundan möhkəm yapışmısınız.

- Respublika İncəsənət Gimnaziyasını, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetini və Milli Konservatoriyanı bitirmişəm. Mənim üçün mahnı əhval-ruhiyyədir. Yəni əgər bir bəstəçi şeiri oxuyarkən hansı əhval-ruhiyyədə olursa, hansı ovqata köklənirsə, onun bəstəsi olan mahnı da sözsüz, o cür olacaq. Mən hər hansı bir ovqatda, əhval-ruhiyyədə olmasam, bəstə yaza bilmərəm. Çox mahnılarım var, amma təəssüf ki, müəyyən səbəblərdən işıq üzü görə bilmir. İfa etmək isə Allahın mənə verdiyi istedad və aldığım təhsildir. Sizcə, bütün bunlardan sonra ona xobbi kimi yanaşa bilərəmmi? Mən ruhən xanəndə doğulmuşam. Folklor İnstitutunda elmi işçiyəm, musiqi folkloru ilə məşğul oluram. Yaradıcı insan yaradıcılıqla məşğul olmayanda xiffət edər, hətta ölə bilər. Nə yaxşı ki, yazmaq, tədqiq etmək bacarığım var. Müğənni kimi yoluma sədd qoyulanda o zaman yazıram, tədqiq edirəm və az da olsa, rahatlıq tapıram.

- Demək, müğənni kimi sizin qarşınıza sədd çəkənlər, mane olanlar olub. Bu istiqamətdə arzularınız elə arzu olaraq qalıb...

- Elə şeylər var ki, günah ətrafda yox, insanın özündə olur. Mən özümü günahlandıra bilirəm. Amma həyatda nəyə asanlıqla nail olmaq olur ki? Hər şey çətinliklə əldə olunur, hər şeyin qarşısına çəkiləcək bir sədd olur, tapılır.

- Sizinlə söhbət edirəm, parta arxasından heç də dünən durmamısınız, amma nədənsə məndə körpə bir uşaq təəssüratı yaradırsınız, nə məsələdir? İçinizdə kiməsə, nəyəsə qarşı inamsızlıq var elə bil, yanılmıram ki?

- Bunu mənə hər kəs deyir, nədənsə... Siz də hiss etdiniz demək... Doğrusu, bilmirəm, bu, nədən irəli gəlir. Əslində, mənim bu yaşadığımız dünyadan başqa bir dünyam da var ki, özümü daha çox o dünyamda görürəm. Orda hər şey gözəldir, fərqlidir. Orda riyakarlıq yoxdur. Real olan bu dünyada isə elə deyil. O üzdən insanlardan uzaq qalmaq istəyirəm.

- Səhnə sizə çoxmu ögeylik göstərib? Axı bir balaca səsi olanların nəfəsi, qışqırığı, az qala, qulaqlarımızı yağır edir, niyə bu səsi “gizlədirsiniz”?

- Səhnənin nə günahı var ki?.. Günahkar o səhnəni idarə edənlərdədir. Hər şey hansısa maraqlar üzərində qurulub, maddiyyat üzərində idarə olunur.

- Fəridə xanım, sənət adamlarının özəl bir həyatı olur. Adları müxtəlif sponsorlarla hallanır, özlərini çiyinlərə qonan mələk kimi aparırlar, amma sizin bu sahədə dayanaqlığınız fərqlidir.

- Hər kəsin bir həyat kredosu var. Hər kəs məqsədinə çatmaq üçün bir yol tutur, mübarizə aparır, çarpışır. Ola bilsin, sizin dedikləriniz doğrudan da belədir. Amma mən bu haqda heç danışmaq istəməzdim. Mənim həyatım, sənətim göz önündədir, nə olsun ki, elə gözlər var, bunu görmək istəmir.

- Nə arzulayırdın, nəyə nail oldunuz?

- Həmişə arzum olub ki, fikrimdə tutduğum layihələrim var, onları həyata keçirim. Təəssüf ki, bu hələ də arzu olaraq qalır.

- Ailə həyatını sənətə qurban verdim, deyənlər var. Siz də övladlarınızı tək böyüdürsünüz. Buna sizin müğənni olmanız səbəb olmayıb ki?

- Mən bu sənətə təsadüfi gəlməmişəm. O zamanlar rayonumuzda pionerlər evinin müdiri Cəfərağa müəllim dəfələrlə bizim evə gəlib atamı razı salmaq istəyirdi ki, mənim Bakıya oxumağa gəlməyimə razılıq versin. Çünki rayonlararası müsabiqədə qalib olmuşdum. Və gəldim də. Respublika İncəsənət Gimnaziyasında ilk müəllimim olan, hər zaman xatirəsini əziz tutduğum Tükəzban xanım İsmayılovadan dərs aldım. Sonra Azərbaycan Mədəniyyət və İncəsənət Univeristetinə qəbul oldum. Tələbə ikən ailə həyatı qurdum, univeristeti yarımçıq qoyub ailə ilə başqa ölkəyə köçdük. Universiteti yarımçıq qoymağımın səbəbi ailəmi sənətimdən üstün tutmağım idi. Amma fələk hər zaman biz deyəni demir ki..

- Fəridə xanım, bu gün musiqimizdə sizi qane etməyən nədir?

- Şəxsi münasibətlər əsas götürülür, bax, bu, məni qane etmir. İstedad qalır kənarda, təsadüfi insan gəlib müğənni ola bilir. Acınacaqlı hal budur. Bayağı, mənşəyi, mənbəyi məlum olmayan musiqilər çoxluq təşkil edir. Ən dəhşətlisi isə efirlərin bunları hər gün yayımlamasıdır.

Tarix
2017.05.23 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla