Yuxarı

Oğru aləminin lotuları haqda acı reallıqlar...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rövşən Yerfi imzasının xüsusi təqdimata ehtiyacı yoxdur. Uzun müddət Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində müxtəlif vəzifələrdə çalışıb. Eyni zamanda, bədii yaradıcılıqla məşğuldur.

Zindan həyatından bəhs edən bir neçə kitab, onlarla publisistik məqalə müəllifidir. Həyatının müvafiq dönəmini qapalı mühitdə yaşayanların islah olunmasına, onların taleyini yaşamağa sərf edib. Onunla Axar.az-ın “İnsan taleyi” layihəsində görüşdük.

- Rövşən bəy, heç də bekar olan, təqaüdə çıxana oxşamırsınız...

- Təqaüdə 47 yaşımda çıxmışam. Mən əslində çox yaşlı görünürəm. Halbuki bu yaşda bekar qalmağa heç nə ilə bəraət vermək olmaz. Ötən beş ildə işləməkdən ötrü özəl mühafizədən başlamış, özəl nəşriyyatadək bir çox yerlərdə işləmişəm. Şükür, hələ də işləyirəm, özümdə o gücü hiss edirəm.

- Daim müqəssir bilinənlərin yanında olmusunuz. Necə idi, o müqəssirlər içində müqəssir olmayanları müşahidə edirdinizmi?

- Həyatda əksər məsələlər “iki üstəgəl iki”olmadığı kimi müqəssirlər arasında müqəssir olmayanları da görmüşəm. Bu müxtəlif səbəblər üzündən olur. Heç yerdə mütləq ədalət deyilən şey yoxdur, haradasa bunun baş verməsi təbii haldır. Lakin arzulamaq və çalışmaq lazımdır ki, belə halların miqyası artmasın, istisnalar şəklində olsun.

- Bu yaxınlarda “Müqəssir” adlı kitabınız çıxacaq. Bəlkə məşhur suala indi cavab tapaq: Kimdir “Müqəssir”?

- Bayaqkı sualınızdan hiss etdim ki, söhbəti yeni kitabımın üstünə gətirəcəksiniz. Bu kitabın başlanğıcında və sonuna yaxın ötəri cəzaçəkmə müəssisəsi diqqətə gətirilsə də, əsər həbsxanadan deyil, qadın qəlbinin duyğularından, çırpıntılarından bəhs edir. O qadın ki, bir insan kimi xoşbəxtliyini istəyir, arzulayır, lakin yaşadığı cəmiyyətin yazılmamış qanunları onu faciəyə aparıb çıxarır. Sizə bir “sirr”açım, “Ziyarət”povestimdən savayı qalan 7 povestin, o cümlədən, “Müqəssir”in də süjetlərini həbsxanadakı qulluğun hesabına mənimsəmişəm.

- Mən bilən, sizin heç də boş vaxtınız çox olmamalı idi, axı.

- Bilirsiniz, mən dəstə rəisindən əlavə 2 müəssisədə 6 il məhkumların cinayət işləri saxlanılan xüsusi hissədə işləmişəm. Yəni təsvir etdiyim hadisələrin hamısı real faktlar əsasındadır, sadəcə, onları zamanın tələbinə uyğunlaşdırıb qələmə alıram. Bilirsiniz, hazırkı yaşadığımız cəmiyyətdə “Müqəssir”dəki qəhrəmanıma bənzər nə qədər qadın var? Durmadan artan boşanmalar, ər-arvad qətlləri, az qala, ölkənin hər bölgəsində baş verən qadın intiharları – bunlar adi kriminal xəbərlər yox, böyük faciədir. İstəyim oxucunu düşünməyə vadar etməkdir: bu gedişatla biz hara gedirik?

- Xidmət zamanı gördüyünüz hadisələr, ünsiyyət qurduğunuz insanlar yaradıcılığınıza təsir edib, bəs, bir insan olaraq həyatınızda nəyi dəyişib?

- Çox şeyi... Həbsxananı əbəs yerə universitetlə müqayisə etmirlər - dünyagörüşümü, həyata baxışımı dəyişib, ən əsası isə mənə fərqli yaradıcılıq bəxş eləyib.

- Həbsxanada cəza çəkənlərin hüquqlarının məhdudlaşdırılması aydındır, bəs onların arzularının qanadlarının qırılması necə?

- Əgər arzular böyük və müqəddəsdirlərsə, qırılmamalıdır, əksinə daha sarsılmaz olmalıdır. Şübhəsiz, məhbəs insanı cəzalandırmaq, islah etmək üçündür. Təəssüf ki, indi çox vaxt islahı məhkumun iradəsini sındırmaq kimi anlayırlar. Əzablı da olsa, dözməyi bacaranlar var.

- Bir çox əsərlərinizdə, müsahibələrinizdə “içəri”nin ab-havası ilə çöldəkiləri tanış edirsiniz. Bu tanışlıq vacibdirmi?

- Əlbəttə. Bəs bu povestləri yazmaqda məqsəd nədir? Həyatı yetərincə dərk etməyən yeniyetmələr “içəri” barədə, oğru aləminin lotuları barədə sifarişlə yazılmış mədhnamələrdən öyrənib, oranı görməyi arzulamaları yaxşıdır, yoxsa acı reallıqları bilmələri? İçərinin ab-havasını tanış etməklə istəyirəm, oxucularım azadlığın şirinliyini onu itirməmiş bilsinlər, itirəndən sonra yox...

- Rövşən bəy, zabit olaraq heç təhdid və xoşagəlməzliklə qarşılaşdınızmı?

- Yox, olmayıb. Nə qulluq vaxtı, nə də qulluqdan sonra. İstər məhkum, istərsə də əməkdaşla problemim olmayıb, şükür Allaha. Deyim niyə? Mən qəzetçilikdən xidmətə gedəndə arzum kalon rəisi olmaq deyildi. Ürəyimin dərinliklərində inamım vardı ki, zaman gələcək, mən tanınmış yazıçı olacağam. Ona görə də bütün xidmət boyu həm danışığıma, həm hərəkətimə nəzarət edirdim ki, ayama, ləqəb qazanmayım, tanınanda deməsinlər ki, “bu həmin filankəsdir də, indi bizimçün yazıçı olub”. Ən vacib amalım bu olub. Münasibətlərdə çalışmışam ki, qanundan kənara çıxmayım. Odur ki, vicdanım rahatdır, kimsədən heç bir çəkinəcəyim yoxdur.

- Sizcə, bizdə zindan ədəbiyyatı yaranıbmı?

- Bizdə zindan ədəbiyyatı XII əsrdə yaşamış Fələki Şirvaninin “Həbsiyyə”si və Xaqani Şirvaninin “Həbsiyyə” adlı şeirləri ilə başlayır. Amma nəsr sahəsində yaranışı son 25 ilə aiddir. Məhbəs nəsri haqqında bir neçə məqalə dərc etdirmişəm. Hələ ki, bu sahə haqqında məndən başqa danışan yoxdur. Sizin “Bayıldan bayıra” kitabınızı zindan ədəbiyyatının son uğurlarından biri hesab etmək olar.

- Sizcə, “Müqəssir” sizi oxucularımız arasında sevdirə biləcəkmi?

- “Müqəssir”in qadın oxucularımın rəğbətini qazanacağına yüz faiz əminəm və qadın oxucularımın sayının ən azı iki dəfə artacağını gözləyirəm...

Tarix
2017.05.31 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla