Yuxarı

Kitabsız, “nakam” Həqiqətə 13 sual...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həqiqət xanımı Şirvan şəhərində yaşayır. Dəvət olunduğu ədəbi tədbirlərə gəlir, bir də ürəyincə olan yazarların imza günlərinə qatılır. Dövri mətbuatda, sosial şəbəkələrdə aktivliyi ilə seçilir. Söz düşəndə deyir: “Hələ ki, kitabım yoxdur, bu, arzu olaraq qalır. Səkkiz almanaxda şeirlərim dərc olunub. Şeirsiz özümü pis hiss edirəm. Hər kəsi oxumağa çalışıram. Yaxşı şairlərin şeirlərini isə heç gözümdən qaçırmıram”.

Onunla Kult.az üçün həmsöhbət oldum. Budəfəki müsahibim kitab müəllifi olmasa da, şeirləri, ədəbiyyata marağı ilə daha səmimi idi.

- Həqiqət xanımın həqiqətləri nəyə söykənir?

- İnam olmayan yerdə mən də yoxam. İçimdə bir duymaq, duyulmaq hissi var. O hiss mənə nəyin yanlış, nəyin doğru olduğunu bəlli edir.

- Şirvanda yaşayırsınız, amma paytaxtdakı ədəbi tədbirlərdə tez-tez görünürsünüz. Bu, bir ədəbiyyat yanğısıdır?

- O yerdə ki şeiriyyat var, orda həqiqətlər var. O saflıqdan qaçmaq günahdır. Bu yol mənə heç uzaq görünmədi.

- Şeirlərinizdə nakam sevgidən bəhs edirsiniz...

- Həyatda kam sevgi yoxdur. Bunu adım kimi bilirəm. Sevgi dediyin duyğu, adından bəllidir. Həsrət dedikdə isə hər qəlbin öz həsrəti var! Şeirlərimə həsrət qatmasam, oxunmaz, özüm də elə bilərəm ki, nəsə yarımçıq qalıb. Mənim uşaqlıqdan dostum qələm, həmdəmim vərəqlər olub. Sirlərim, sözlərim onlarla alınıb.

- Ümumiyyətlə, sizin üçün sevgi nədir?

- Bəşər sevgisiz heçdir. Mənim də qəlbimdən bu duyğu keçdi... Sevgi haqdan gələn hissdir. Sevməyən insan yoxdur. Sevgi qəlbdə hər yaşda var. Bunu gərək danmayaq. Həyatda nəyə sevgi yoxdu ki?! Amma hamısı nakam... Adi bir çiçəyi sevirik və səhər onu solmuş görüb təəssüf hissi keçiririk. Sevgi nakam olmasaydı, həyat daha da bezdirici olardı. Əbədi olan ruhumuzdur... Sevgi, sadəcə, yaşamağa həvəsdir.

- Son sevginiz elə ilk sevginizdir?

- Son sevgim də, ilk sevgim də ürəyimdəki həsrətimədir. Etibarlıdır, mənimlədir o həsrət. İztirabları ilə, qayğıları ilə...

- Ötənlərə qayıdaq... Şeir yazmağa nə vaxtlar başladınız?

- Məktəbli idim, 10-11 yaşım olardı.

- Sizi nə məcbur edirdi buna?

- Şeir yazdığımı heç hiss etmirəm, özü alınır. Məcburi şeir yaza bilmərəm. Saatlarla yox, illərlə düşünsəm belə, istəmədən alınmaz. Məcburi yazılan şeir, məncə, heç oxunmaz da...

- Ədəbiyyatda öz yerinizi harda görürsünüz?

- Mən şeir sevərlərin qəlbində varamsa və xırda bir qığılcım kimi parlaqlıq yarada bilirəmsə, bu, mənə yetər.

- Daha çox nədən yazmaq ürəyinizcədir?

- Şeirlərimi seçə bilmərəm, ayıra bilmərəm ki, əsas nədən yazım. Qəlbimə nə toxunsa, onu da yazıram.

- Ailəniz sizin ədəbiyyatla məşğul olmağınıza necə baxır?

- Bu haqda heç vaxt narazılıq olmayıb. O qadağa olsa belə, ürək susmaz ki...

- Sizcə, son vaxtlar qadınlar niyə çox şeir yazır?

- Məncə, qadınlar elə əvvəllər də şeir yazıblar. Sadəcə, əvvəllər sosial şəbəkələr olmadığı üçün üzə çıxmayıb.

- Qadın şairlərdən ən çox kimdən zəhləniz gedir? Yəni daha çox hansı mövzudan yazanlardan?

- Əslində, həyatda heç kimdən zəhləm getməyib. Qəlbimdə nifrətə yer yoxdur! Qaldı şair xanımlara, tanısam da, tanımasam da hamısına hörmətim var. Niyə zəhləm getməlidir ki? Onlar şeir yazır da, zəif də olsa, güclü də olsa, öz hisslərini oxucu ilə bölüşürlər.

- Bir vaxtlar Həqiqət Elçin imzası ilə göründünüz, indi isə Həqiqət Həqiqi? Niyə? İndi daha çox həqiqisiniz?

- Bu sualınız lap yerinə düşdü. Onsuz da mən həmişə həqiqəti yazmışam. Yalana içimdə gülüb keçmişəm. Az bir müddətdə tanıdığım jurnalist, əməkdar şair Eldar İsmayıl hamımızın dəyər verdiyi, ürəyi torpaqla döyünən gözəl insan. Şeirlərimdəki həqiqətləri görüb mənə “Həqiqi şair” adı verdi. Elçin oğlumun adıdır. Düşündüm, bir halda ki, məni bu ada layiq görürlər, nədən dəyişməyim ki! Mənim şeirlərimin sayı iki minə yaxındır. Ömür vəfa etməsə, o zaman oğlum şeirlərimi Həqiqət Elçin adı ilə “Anamın misraları” kimi dərc etdirər.

İndi mənim sizə bir sualım olacaq. Suallarınızı sayı nə üçün 13 oldu?

- Bilmirəm, mən sualları saymıram...

Tarix
2017.06.06 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla