Yuxarı

Anam dedi, nəyi gözləyirsən, kişi deyilsən?!

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Namiq Dəlidağlı Kəlbəcərdə doğulub. Jurnalist kimi fəaliyyət göstərir, şairdir. Bir zamanlar gənc şairlər içində ən istedadlılar sırasında barmaqla göstərilərdi. Kəlbəcərdən gələndən gah Bakıda, gah Sumqayıtda, gah da Sarayda məskunlaşıb. İndi bilmirəm... Bu bir az da elə didərgin ömrünə uyğundu...

Kult.az üçün bu dəfə onunla həmsöhbət oldum.

- Bu yaxınlarda yeni şeir kitabınla ədəbi mühitdə göründün, təbrik edirəm!

- Diqqət və təbrikinə görə təşəkkürlər! Görünə bildiyim üçün çox şadam.

- Kitabının adını “Otel otağından reportaj” qoymusan. Bu ad heç də şeir kitabına uyğun gəlmir. Adamda belə təəssürat yaranır ki, detektiv əsərdir...

- Sualından hiss etdim ki, sənə hədiyyə verdiyim kitabımın heç üzünü də açmamısan. Çünki kitabda detektiv məqamlar və “dramatik səhnələr” də var. Rahat ömür və bəxtəvər dövranda yaşamadığım üçün mənim “detektivlərim” də şeir şəklində yaranır, doğulur.

- Hə, haqlı iraddır. Amma sənin yaradıcılığını çoxdan izləyirəm axı, ad doğrudan da qəribə göründü mənə…

- Öncə kitabın adını “Sevgi sükutu” qoymaq istəyirdim. Nəşriyyatda kitab çapa gedən ərəfədə, nədənsə, fikrimdən daşındım. Və bu “nədənsə”mə haqq qazandırıram. Mənim qənaətimcə, şeir təkcə hissin, duyğunun bədii ifadəsi, xəyal və xülyaların məhsulu deyil. Bir çox halda gerçək olanları şeirə gətiririksə, deməli, kitaba xəyal etdiyimiz, oxucunu aldadan və kövrəldən ad qoymamalıyıq.

- Demək, sənin sükutlu, sakit keçən sevgin olmayıb…

- Haqlısan. Mən sevgi sükutu yaşamadığım halda, kitabın adını “Sevgi sükutu” qoymağım özümü bilərəkdən aldatmağım, oxucunu isə yalanlarıma inandırmağa çalışdığım kimi səslənərdi. “Mən səni sevə bilmədim”, “Dərdindən öləcəm sənin” kimi kitab adları hind filmlərinə baxıb ağlayan tamaşaçıların - oxucuların artıq qəlb arxivinə getdi. İndi müasir oxucunun zövqü və tələbi başqadı - ilk istəyi səndən gerçəyi almaq və eşitməkdir. Kitabda “Otel otağından reportaj” adlı şeirim var və yaşanmış gerçəkliyin ifadəsidir. Fikrimcə, müasir oxucum məni anladı və səmimi olduğuma inandı.

- Namiq, 25 ildir Kəlbəcərə getmirsən, niyə?

Gədiklər, bərələr tar bağlayıbdı,
tavana əl dəymir, tor bağlayıbdı,
yolları, izləri qar bağlayıbdı,
bu fəsil bir kəndin qışı üşüyür, - bu sənin şeirindəndir..

- Getməməyimin səbəbini bilməmiş deyilsən. Artıq 25 ildən çoxdur ki, Kəlbəcər yağı əlində yağmalanır. Yolları, izləri bağlıdır. Sənin sualının birbaşa qınaq olduğunu anladım. Və bir daha acizliyimə görə təəssüfləndim. Ancaq bir gün Kəlbəcərə gedəcəyimə inanıram, bunu anama da söz vermişəm.

- Şair xəyalının səni Kəlbəcərsiz qoymadığı aydındır. Ruhun ordadır. Ruhun vücudunu nə vaxt aparacaq?

- Neçə il öncə anam mənə təqribən belə bir sual verdi: “Biz niyə yurd-yuvamıza dönmürük, nəyi gözləyirsiz, kişi deyilsiz?!”
Bu sual qarşısında gözlərimi döydüm, çıxış yolunu bir şeir qaralayıb anamı yola verməkdə gördüm. Yurd-yuvanın itkisini, ora gedə bilməməyini etiraf etmək, kişi üçün çox ağırdır. Və təəssüf ki, anam dünyasını dəyişdi, mənim şeirdə elədiyim etiraf, həqiqətə çevrildi - anamı Kəlbəcərə aparammadım.

Nə umub küsürsən, qurbanın olum,
Bağlanıb bənd-bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
İncimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı,
Yoxdu bizdən daha bir umacağı.
Unut Dəlidağı, Novlu bulağı,
Öyrən bu şəhərə, aparammıram.

Yanırsan, göylərə bülənddi tüstün,
Görürəm, çox vədə vurmuram üstün.
Çəmənlər pərişan, çiçəklər küskün,
Qan tökür dağ, dərə, aparammıram.

Ta demirəm sağlıq olsun, ay ana
Boşalanlar birdə dolsun, ay ana.
Namiq adlı oğlun ölsün, ay ana,
Səni Kəlbəcərə aparammıram.

Ancaq özüm gedəcəyimə ümidvaram.

- Namiq, səncə, qalib dövlətin şairi daha səmimi şeir yazar, yoxsa torpağı işğal altında olan şair?

- Ümumiyyətlə, şeirdə pafosun, şüarçılığın, lap elə “dozası” artıq səmimiyyətin əleyhinəyəm. Məncə, qalib dövlətin şairi səmimi yazmağa çalışar, çünki onun dediyinə hamının inanması üçün. Axı haqlı-haqsız qalib dövlətin şairidir. Torpağı basılmış yurdun şairi isə istər-istəməz çağırışa, şüara daha çox meyillənir. Bu da müəyyən qədər başadüşüləndir.

- İllərdir səni tanıyıram. Kəlbəcər, ümumiyyətlə, torpaqlarımız ard-arda işğal olunanda sən daha çox çılğın, həm də aqressiv idin, indi yaman mülayimləşmisən. İtkilərlə barışmısan ki?

- Mən anamın-atamın itkisiylə barışsam da, heç vaxt canım Azərbaycanımın qanqal bitirən bir qarış torpağının işğalıyla razılaşmaram. Ancaq bu da gerçəklikdir ki, illər keçdikcə o yurda bağlı insanlarımızın cərgəsi seyrəlir. Anam məndən, mən oğlumdan daha çox o torpağa bağlıyıq. Nəsillər bir-birini əvəz etdikcə, illərdir əlimiz çatmayan, ünümüz yetməyən yurd yerlərimizə bağlılığımız da azalır. Təəssüf ki, acı da olsa gerçəklikdir. Bu amili nəzərə alıb çox narahat olmalıyıq. Mənim çılğınlıq və aqressivliyimin “əriməsinə” gəldikdə isə burda yaş faktoru, həyat təcrübəsi, nadan zamanın burnumu ovması, məişət qayğıları və digər səbəblər də var.

- Camaat bir sayta sahiblik edə bilmir, sən ikisini təsis etmisən, nə məsələdir?

- Dədələrimiz üçdən deyib. Mənə elə gəlir ki, bu, hələ son deyil. 26 ildir mətbuatda çalışıram. Jurnalistikada kifayət qədər təcrübə topladım. Bu günün tələbi tamam başqadır və bu, mənə çox xoşdur. O üzdən özümün təcrübə və potensialımı nəzərə alıb, ətrafımda olan həmfikirlərimin istəyi ilə iki sayt təsis etdik. Və müğənnilər demiş, “göz dəyməsin, tutdurduq”. Hələ uğurlu yolun başlanğıcındayıq. Dəyərli oxucularımıza operativ və dolğun xəbər istehsal edib çatdırmaq arzusundayıq və bu yolda çaba göstəririk.

- Bu anlarda daha çox şairsən, yoxsa jurnalist?

- Peşəm olduğu üçün hər an özümü jurnalist hesab edirəm. Şairlik isə insana vergi kimi verilir. Elə vaxtlar olur ki, adam şair olduğunu uzun müddət unudur, rahatçılığını əlindən alan hiss, duyğu adlandırdığımız qadasını aldığım harasa uzaq səfərə getmiş olur. Dönməyə də bilər... Amma bu aralar özümü hər an şair hiss edirəm, bu da yəqin ki, yeni kitabımın nəşriylə bağlıdır. O ruha köklənmişəm.

- Səməd Vurğun demiş, müsəlləh əsgər olmağın nə vaxta qalıb?

- Adətən, orduya və səfərbərliyə çağırış rəsmi və ümumi olur. Hamı kimi mən də neçə ildir bu çağırışı gözləyirəm. Yəqin ki, yenidən əsgər olmağa bu dünyada vaxtım çatar...

- Ədəbiyyatımızın vəziyyəti necədir? Torpaqları işğalda olan yazarlarımız bülbüllə gülü çoxmu aşiq-məşuq edəcək?

- Ədəbiyyatımızın ümumi durumu barədə geniş fikir söyləmək niyyətində deyiləm. Bu həm də mənim işim deyil. Ancaq bir çox hallarda, köhnə ədəbi nəslin yeni qüvvələri qəbul və həzm edə bilməməsi məndə təəssüf hissi doğurur. Onlar gənclərə doğru yol göstərmək əvəzinə, dünənlərini öyüb geriyə çağırış edirlər. Bu da sözsüz ki, ədəbiyyatımızın inkişafına az da olsa, zərbə vurur. Bülbül və gül məsələsi isə mənlik deyil...

- Sumqayıtda ədəbi ab-hava kimya zavodlarının ab-havasında boğulmur ki?

- Zavodlar tam gücüylə işləyəndə belə kimyəvi maddələr sumqayıtlı yazarların təbinə təbii olduğu üçün təsir etməyib. Mənə deyirlər ki, paytaxtdan gələn yazıçılar həmişə Sumqayıtda əziyyət çəkib, havaları çatmayıb. Təkcə “zavodlara” görə yox, həm də təbləri korşaldığı üçün...

- Sumqayıtla bağlı yaxşı xəbərlər paylaşırsan, icra başçısı həmyerlindir, deyəsən... Yoxsa elə şəhər yazdıqların kimidir?

- Saytları nəzərdə tutursan, yəqin. Burda gedən xəbərlərin əksəriyyəti ümumi informasiyadır və istinad etdiyimiz mənbələr də var. Müəllif olaraq isə mən 1-2 xırda yazı hazırlamışam və səmimi deyim ki, tam orada gerçəklik əks etdirilib. Bu gün Sumqayıt çox gözəlləşib və bu, hər birimizi sevindirir. Danmaq və gizlətmək mümkün deyil.

- Ədəbi mühitdə artım nəzərə çarpır. Şeir yazanlarımız çoxalır. Səncə, şairlərimizdən ordu yaratsaq, komandan kim ola bilər?

- Maşallah, əhalimizin sayı artdıqca paralel olaraq şairlərimiz də çoxalır. Bu da sevindirici və təbii haldır. O şeyin ki, ziyanı yoxdur, artsa yaxşıdır. Şairlik fərdi yaradıcılıq işi olduğuna görə, şairlərdən ordu düzəltmək real məsələ deyil. Ona görə də kimin komandan olacağı barədə fikrim və təklifim yoxdur.

- Niyə jurnalistlərimizə olan qayğı, diqqət yazarlarımıza yönəlmir? Onların mənzil şəraiti və sairə...

- Çox aktual və gərəkli bir məsələyə toxundun. Əslində, şairlərimizin əksəriyyətinin peşəsi jurnalistlikdir. Bu mənada, xeyli şair dostumuz da ev almaq şansı əldə edib. Bu, şəxsən məni çox məmnun edir. Bu gün əksəriyyətimizin qədərincə qayğı və problemlərimiz var. Aldığımız məvacib, çalışdığımız iş yerindəki mühit ürəyimizcə deyil. Çox təəssüf ki, bu çətinliklərimiz illərdir ki, davam edir. Deməli, jurnalistlər üçün atılan bu addım təqdirəlayiqdir. Məncə, yaxın gələcəkdə yazıçı və şairlərimizə də ev verilməsi məsələsi öz həllini tapacaq.

Tarix
2017.06.07 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla