Yuxarı

Düşmənə divan tutan tovuzlu kəşfiyyatçı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz haqda çox yazılıb... Yazılacaq da... Füsunkar təbiəti, göz oxşayıb könül açan mənzərələri, sazla nəfəs alan, sözlə böyüyən qədim yurd. Bir tərəfdən dost sevincinə, digər tərəfdən düşmən iftirasına, hücumuna məruz qalır. Yaşayır, yaşayacaq bu qədim yaşayış məskəni.

Ulu öndər Heydər Əliyevin qiyməti bu rayon haqqında deyilənlərin və yazılanların sırasında həmişə birinci olacaq: “Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır. Lakin onun ən qiymətli sərvəti adamlarıdır”.

Doğrudan da mərdliyi, qoçaqlığı və qonaqpərvərliyi ilə tanınan tovuzlular müstəqil Azərbaycanımızın ictimai-siyasi həyatında öz fəallıqları ilə seçilirlər. Onlar istər Sovetlər dövründə, istərsə də müstəqillik illərində həmişə ön sırada olublar və olacaqlar da. Buna onların vətənpərvərliyi, yurda bağlılığı, düşmən qarşısında mərd dayanmaları, qəhrəmanlıqları əsas verir.

Tovuzda bütün bayramlar, o cümlədən böyük təntənə ilə qeyd edilən 9 May - faşizm üzərində Qələbənin ildönümü də əsl bayram əhval-ruhiyyəsilə qarşılanır.

Ona görə ki, İkinci Dünya müharibəsi illərində bütün Azərbaycan xalqı kimi tovuzlular da həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və şücaət göstəriblər. Məlumdur ki, 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Həmvətənlərimizin 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 min zabit və əsgərimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.

Tovuz rayonundan 3 nəfər – Yusif Sadıxov, Mərdan Musayev və Məstan Əliyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, yüzlərlə tovuzlu müxtəlif orden və medallarla təltif edilib. Tovuzlular Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş həmvətənlərinin ruhunu əziz tutur və onlarla fəxr edirlər.

İgidliyi ilə fərqlənən qəhrəman tovuzlulardan biri də Qurbanov Teymur Məmməd oğlu olub. Teymur əmi 1941-1945-ci illərdə cəbhədə misilsiz qəhramanlıqlar göstərib, gələcək nəsillərə örnək ola biləcək şərəfli bir ömür yolu keçib.

Bu günlərdə bir qrup yaradıcı adamla qəhrəmanın 100 illik yubleyində, həm də Teymur əminin həyatından bəhs edən kitabın təqdimatında iştirak etmək üçün Tovuza yollandıq. Yazıçı Məzahir Əliyevin qələmə aldığı “Bir ömrün salnaməsi” kitabı sözün həqiqi mənasında tədqiqat əsəridir. Bu kitab Teymur Qurbanovun şərəfli həyat yoluna işıq salmaqla yanaşı, onun şəcərəsindən, mənsub olduğu Əmirli elinin keçmişindən və bu günündən bəhs edir. Kitabda həmçinin tarixi mənbələrə istinadən gözəlliklər diyarı Tovuzun coğrafi mənzərəsi, 1881-1889-cu illərdə Bakı-Tiflis dəmiryolu çəkiləndə bir məntəqə kimi meydana gəlməsindən tutmuş sonralar şəhərə, rayon mərkəzinə çevrilməsinə qədər ətraflı söhbət açılır.

Tədbirdən əvvəl Teymur əminin məzarını ziyarət etdik. Hava sakit və günəşli idi, amma qəbiristanlığa çatanda birdən-birə hava tutuldu, şimşək çaxdı, yağış yağmağa başladı. Molla tələsmədən Qurandan ayələr oxuyurdu. Asif müəllim (Asif Qurbanov) ona yaxınlaşıb yağışın şiddətini xatırladan kimi molla dərhal işini yekunlaşdırdı.

Amma heç kəs getmək istəmirdi. Sanki şıdırğı yağışı da unutmuşdular. Bu zaman Akif müəllim hardansa gətirdiyi dəri gödəkçəni çiynimə saldı. Tədbir məni yaman tutmuşdu. Bir tərəfdən Akif müəllimin yağış suyuna qarışan göz yaşları içində etdiyi kövrək çıxışı, digər tərəfdən Münasib müəllimin atasının keçdiyi həyat yolunun - “kişilik məktəbi” və onun üçün “həyat akademiyası” olması barədə söylədiyi fikirlər... Teymur əminin qızları – Çimnaz, Ofelya və Aytəkin xanımın nisgilli çıxışları, bu ocağın gəlini Rəna xanımın söylədiyi şeir, digər çıxışçıların səmimi sözləri bizə hər şeyi unutdurmuşdu.

Avtomobillərə əyləşib ata ocağına yollandıq.

Hərbi vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı Şəmistan Əlizamanlının çıxışı və oxuduğu mahnılar tədbirə xüsusi rəng qatdı. Teymur əminin nəvələri: Elnurun, Vüqarın, Aqilin, balaca Teymurun babaları Teymur əmi haqqında qürurla, ruh yüksəkliyi ilə etdikləri çıxışlar rəğbətlə qarşılandı. Tədbirdə Teymur Qurbanov şəxsiyyəti, onun şərəfli həyat yolundan geniş söhbət açıldı. Teymur əmi həqiqətən də məşəqqətli bir həyat yolu keçib. Hələ körpə ikən anasını, az sonra atasını itirən Teymur Rəsul əmisinin, Mileylə nənəsinin himayəsində böyüyüb. 1937-ci ildə əmisi və digər yaxınları repressiya qurbanı olub. 1938-dən əsgərliyə gedib, 1944-cü ilədək böyük döyüş yolu keçən Teymur Qurbanov Finlandiya müharibəsinin və faşist Almaniyasına qarşı qanlı döyüşlərin də iştirakçısı olur. Müharibədə sol qolunu itirir, ömrünün sonuna qədər bədənində 20-dən çox qəlpə gəzdirir. Yeddi övlad böyüdür, hamısına ali təhsil verir, toylarını edir, ailə sahibinə çevirir.

Teymur Qurbanov bacarıqlı kəşfiyyatçı olub. Onun döyüş yoluna nəzər salanda heyrətlənməyə bilmirsən. Bəzən insanın həyatı “tükdən asılı” vəziyyətə düşür və həmin anda onun sağ qalması möcüzə hesab olunur. Həmin kitabda məni təsirləndirən bir hadisəni xatırlatmaq istəyirəm:

"Bir gün Teymurun kəşfiyyatçıları çətin bir tapşırıq aldılar. Onlar düşmən qüvvələrinin arxasına keçib bir neçə gün müşahidə aparmalı və komandanlığı maraqlandıran kəşfiyyat məlumatları toplamalı idilər... Kəşfiyyatçılar almanların arxasına keçərək bir neçə gün ərzində lazımı məlumatları topladılar. Geriyə qayıdarkən kəşfiyyatçılar minalanmış sahəyə düşərək həlak oldular. Bədəninin müxtəlif yerlərindən 9 yara alan Teymur 2 gün huşunu itirmiş vəziyyətdə qalır. İki gündən sonra özünə gələrək böyük çətinliklə gözlərini açır. Teymur heyrətdən yenidən huşunu itirir: yoldaşlarının hamısı partlayışın təsirindən parça-parça olmuşdular. Bədənində olan dəhşətli ağrının təsirindən gözlərini açan Teymur xeyli qan itirərək gücsüz vəziyyətə düşmüşdü. Onun sol qolu tamamilə qırılmışdı, bədənindən axan qan balaca bir gölməçə yaradaraq laxtalanmışdı. Ayağa qalxmaq istədi, ancaq ayarları sözünə baxmazdı. Tərpənməyə taqəti yox idi. Teymur ani olaraq düşündü ki, bunları görürsə, deməli, yaşayır. Güc toplamaq lazımdır, ancaq necə? Axı yeməyə də bir şey yox idi. Onun gözü torpağın üstündə laxtalanmış qana sataşır. Bu, onun öz qanı idi. Gözlərini bərk-bərk yumub qana batırdığı barmağını sormağa başladı. Ürəyi bulandı, az qaldı mədəsi ağzından çölə çıxsın. Bir az özünə gələn kimi barmağını yenidən laxtalanmış qana uzatdı. Böyük çətinliklə yerdəki qanı tamamilə uddu. Yanğısı azaldı, gözlərinə işıq gəldi. Özündə hərəkət etmək üçün bir qüvvə hiss elədi. Teymur yavaş-yavaş özününkülərə tərəf sürünməyə başladı. Kəşfiyyat məlumatları onda idi. Çətinliklə olsa da, bu məlumatları hərbi hissəyə çatdıra bildi və yenidən huşunu itirdi. Onu xüsusi təyyarə ilə əvvəlcə Moskvaya, oradan da Başqırdıstanın paytaxtı Ufa şəhərində yerləşən hospitalda yerləşdirdilər. Bu qəhrəmanlığına görə Teymur Məmməd oğlu Qurbanov SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif olundu..."

Münasib Qurbanovun çıxışı, milli sənətçimiz Şəmistan Əlizamanlının ifa etdiyi vətənpərvərlik mahnıları, Aşıq Qələndər Zeynalovun “Dilqəmi”si, digərlərinin məntiqli çıxışları tədbiri daha mənalı və unudulmaz etdi. Özünəməxsus ovqatı, rəngarəngliyi ilə seçilən mərasimdə “El Gücü” Beynəlxalq Humanitar Assosasiyasının təsis etdiyi Heydər Əliyev adına “El atası” qızıl döş nişanının iqtisad elmləri doktoru Münasib Qurbanova təqdim edilməsi böyük marağa səbəb oldu. Bu nişan Münasib müəllimin uzun illər çoxşaxəli fəaliyyətinə verilən qiymətin təzahürü idi.

Tarix
2017.06.10 / 08:45
Müəllif
Kamil Məhərrəmoğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla