Yuxarı

Dekan yalvarırdı ki, rektora rüşvət almasını deməyim - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" saytı bu gündən etibarən virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsinə başlayır. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və "feysbukun" "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq.

Layihənin birinci qonağı bloqçu, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı və "Sancaq prodakşn"ın direktoru Mehman Hüseynovdur.

Sosial şəbəkələrdə nə zamandan populyarlaşmağa başladın?

- "Feysbuk"da, ümumiyyətlə virtual məkanda fəaliyyətim 5-6 il öncədən başlayıb.

Populyarlıq sözündən xoşum gəlmir. Fəaliyyətim son 2-3 ildə daha da aktivləşib. 2 ildir ki, Azərbaycanda ən çox izlənilən və fəaliyyətdə olan "feysbuk" istifadəçilərindənəm.

Bu virtual populyarlığın avantajları və dezavntajları nədir?

- Üstünlükləri çoxdur. Məşhurluq insana stimul verir. Ancaq bunun xoşagəlməz tərəfləri də var. Bəzən virtual aləmdəki bu tanışlıq və ünsiyyət real həyata keçməyə başlayır. Kimlərsə narahat edir, fəaliyyətimi tənqid adı ilə təhqir edirlər. Bunların hamısı paxıllıqdandır. Nəyisə bacarmırlarsa, bu o demək deyil ki, bacaranları təhqir etməlidirlər.

Niyə son zamanlar daha çox polislərdən materiallar hazırlayırsan?

- Son 5-6 ildə məmurların fəaliyyətini tənqid edirəm. Ancaq son zamanlar polislərə daha çox yer verirəm və onların qanunsuz hərəkətlərini daha çox işıqlandırmağa çalışıram. Düşünürəm ki, onların bu cür hərəkətləri davamlı olaraq heç kim tərəfindən işıqlandırılmır və tənqid olunmur. Mitinq və aksiyalardakı polis özbaşınalıqlarını gördükcə mən bu fikrimdə daha da qətiləşirəm. Ona görə qərara gəldim ki, polislərin qeyri-qanuni hərəkətlərini çəkib göstərməyi öz öhdəliyimə götürüm.

Bu qədər amansız olmağının nəsə şəxsi bir səbəbi var bəlkə?

- Bəli, bir az da şəxsi səbəblərdəndir. Açıq deyirəm ki, polislərə qarşı antipatiyam var. 2012-ci ildə mənə qarşı cinayət işi açılıb. Cinayət işində yazılmışdı ki, guya mən peşə fəaliyyətimi yerinə yetirərkən 6 polisi döymüşəm. Özü də bu polislər xüsusi təyinatlı sayılan çevik polis alayının əməkdaşlarıdır. Gülə-gülə boynuma qoydular. Təsəvvür edirsən, səni ifadə adı ilə bölməyə çağırırlar. Gəlirsən və sənə deyirlər ki, 6 çevik polisi döymüsən və onların da bir neçəsi xəstəxanadadır. Bu cür qondarma ittihamla məni günahlandırandan sonra onlara qarşı bu münasibətim yarandı.

Polis dostların var?

- Bütün rayonlardakı polislər məni tanıyır. Dost-tanışlarımın vasitəsilə onların məni tanıdığını və haqqımdakı düşüncələrini öyrənə bilirəm. Ancaq mənim şəxsən dostluq etdiyim polis yoxdur. Çünki mənə görə polis peşəsini hədsiz dərəcədə gözdən salıblar. Onlarla necə dostluq edə bilərəm? Onlara etibar etmirəm.

Mehman, yadımdadır ki, sən 2008-2011-ci illər arasında "feysbuk"da çox söyüşlə yazırdın. İzləyicilərin artandan sonra isə bu söyüşləri azaltdın, ümumiyyətlə heç yazmırsan. Bu nə ilə bağlıdır, bəlkə söyüşlə yazmaq sənə populyarlaşmaq üçün lazım idi?

- Düzdür, əvvəllər söyüşlü statuslar çox yazırdım. Məncə, bu, normal haldır. İndi isə azaltmışam və demək olar ki, söyüşsüz yazıram. Bunun bir səbəbi də mənə qarşı açılmış cinayət işi ilə bağlıdır. Çünki cinayət işinin sənədlərində polisləri söyüb təhqir etməyimlə bağlı yazılar var idi. Başqa bir səbəbi də var. Mən özüm üçün sosial şəbəkənin qaydalarını yaratdım. Daha çox insanları ətrafımda cəmləməyə və fikirlərimi tənqidi şəkildə bildirməyə çalışıram. İstəyirəm ki, təhqirə yol verməyim. İnsanları səhifəmə daha çox cəlb etmək üçün çalışıram ki, söyüşlərdən istifadə etməyim və daha korrekt şəkildə öz fikirlərimi çatdırım. Söyüşlə nəsə yazmağa pis baxmıram. Bu da fikri çatdırmaq üçün bir vasitədir. Sosial şəbəkə hər insanın şəxsi virtual həyatıdır. Bu baxımdan nə istəyir, yaza bilər. Məsələn, məndə paylaşımlarda heç bir məhdudiyyət yoxdur. Siyasi satira da var, ancaq yumordan ibarət olanlar da var. Qəbul etmədiyim şey odur ki, kimdənsə xəbərsiz onun şəxsi virtual həyatı sayılan hansısa yazışmaları və ya hansısa bir şeyi paylaşasan.

Bəs necə düşünürsən, istisnalar yoxdur?

Yox var. Məsələn, hər hansısa lider və ya ətrafına insan kütləsi toplamış birisinin heç kimin bilmədiyi mənfi əməlləri varsa və geniş kütlələr bundan xəbərsizdirsə, bunu paylaşmaq lazımdır. Çünki hər bir insan öz inandığı və özünə lider saydığı insanın gerçəkdə kim olmasını bilmək haqqına sahibdir.

Özünü daha çox jurnalist hesab edirsən, yoxsa bloqçu?

- Yaxşı sualdır. Çünki sosial mediadakı fəaliyyətimlə jurnalist fəaliyyətimi qarışdırmaq istəməmişəm. "Feysbuk"da yazdıqlarım mənim şəxsi fikirlərimdi və çalışdığım qurumun mövqeyi deyil.

Yox, mən onu demirəm. Bax, jurnalistika ilə məşğul olan insan muxbirlikdən baş redaktorluğa və təsisçiliyə qədər uzun bir yol keçir. Sən özünü redaktor və ya baş redaktor kimi görürsənmi?

- Yox. Mənim fəaliyyətim əsasən foto-video və bloqçuluqdur.

Yəni ki, yeni media?

- Hə, məhz elə. Özümü yeni mediadan kənarda təsəvvür etmirəm. Bu, elə sırf mənim işimdir.

Bəs öz medianı qurmağı düşünürsənmi, məsələn, televiziya-filan?

- Hələ ki, qarşımda başqa bir məqsədim yoxdur. Ancaq birmənalı olaraq nəsə demək istəmirəm. Zamanla ola bilər ki, belə bir şey olsun. Ancaq bununla bağlı heç bir planım yoxdur.

Bir az da universitet illərindən danışaq. Sosial mediadakı aktiv fəaliyyətin sənə problem yaratmayıb?

- Çox problemlər yaradıb. Mənim sosial mediadakı fəaliyyətim özümə yox, universitetin dekanlıq və rektorluğuna əməlli-başlı problem yaradırdı. Mən də çalışırdım ki, bu problemlərdən istifadə edim.

Necə istifadə edirdin?

- Xatırlayırsınızsa, ərəb ölkələrində inqilablar olan zaman Bakıda mart aylarında çoxlu aksiyalar keçirilirdi. Demişdilər ki, guya gənclərimiz inqilab edəcək. Mən də videolar hazırlayırdım. Həmin ərəfədə MTN işçiləri məni oğurlayıb rektorun yanına aparmışdılar. Həmin gün rektorla şifahi razılığa gəldik. Dekan da orda idi.

İqtisad Universitetində oxumuşdun da?

Hə İqtisad Universiteti idi. Dekanın iştirakı ilə rektor Şəmsəddin Hacıyev ilə söhbət etdik. O zaman mənə dedi ki, sən tələbələrə təsir edə bilirsən. Sənin fikrin bizim üçün ona görə önəmlidir. Biz sənə icazə veririk ki, sən dərslərə gəlməyəsən və imtahanlarda da biz sənə kömək edəcəyik. Amma bu razılaşma bizim aramızda qalacaq. Mən fikirləşdim və onunla razılaşdım. Çünki hesab edirəm ki, Azərbaycanda universitetə getməklə-getməməyin arasında elə böyük bir fərq yoxdur, təhsilin səviyyəsi çox aşağıdır. Həmin universitetdə dəyərli vaxtımı boşa verirdim.

Yaxşı, bəs bu razılaşmada rektorun qazancı nə idi?

- Onların qazancı o idi ki, mən dərsə gəlməyəcəm və universitetdəki tələbələrlə kontaktda olmayacam. Dolayısı ilə, tələbələri etiraza kökləməyəcəm. Onlar qorxurdu ki, mən tələbələri ayağa qaldıraram. Çünki tələbələrə təsir edə bildiyimi görürdülər. Mən bir müəllimə etiraz edən zaman 20 nəfər məni dəstəkləyirdi və ayağa qalxırdı. Bu barədə heç yerdə deməmişəm. Dekanla taksidə rektorun görüşünə gedən zaman mənə maşında yalvarırdı ki, rüşvət alması və digər qara işlərlə bağlı Şəmsəddin Hacıyevə heç bir məlumat verməyim. Mən də bildirirdim ki, rektor məndən hansı sualı soruşsa, ona cavab verəcəm. Əvəzində isə mənə deyirdi ki, biz sənə kömək edəcəyik. Qorxduqlarına görə nə istəyirdim, edirdilər. Hətta diplom işimi belə, başqası yazıb. Heç xəbərim yox idi ki, mənim yerimə diplom işini kim yazıb, necə yazıb. Diplomu da çoxundan tez aldım.

Bildiyim qədərilə sənə işlə bağlı çox yerdən təklif gəlir. Niyə qəbul etmirsən?

- Heç zaman pul mənim üçün dəyər olmayıb. Öz bacarığımı göstərmək üçün, öz vətəndaş borcumu yerinə yetirmək üçün əlimdən gələni etmişəm. Azərbaycan mətbu orqanlarından eləsi olub ki, aylıq 2-3 min manat təklif ediblər. Azadlıq mənim üçün əsas faktordur. Hazırladığım, çəkdiyim və yazdığım materiallara heç kim qarışa və azadlığımı məhdudlaşdıra bilməz. Bütün bu yayımladığım materialların məsuliyyətini özüm daşıyıram və istənilən zaman cavab verməyə hazıram.

Rusiyadan da sənə iş təklifi gəlmişdi, eşitdiyimə görə, yaxşı pul təklif edirdilər. Niyə razılaşmadın?

- Rusiyanın ən tirajlı media qurumlarından olan bir kanal mənimlə əməkdaşlıq etmək istəyirdi. Dedilər ki, Bakıda ofis açırıq və orda çalışan lazımdır. Həftə ərzində 4 videoreportaj hazırlamalı idim. Bu da ay ərzində 16 reportaj edir. Hər reportajıma görə, 700 avro pul təklif edirdilər. Fantastik rəqəm idi. Mən bununla razılaşdım. Çünki fikirləşirdim ki, bu yol ilə beynəlxalq mediaya çıxa bilərik və bunun sayəsində ölkəmizdəki məsələləri dünya ictimaiyyətinə çox rahatlıqla çatdıra bilərəm. Ancaq sonra vəziyyət dəyişdi və mən əmin oldum ki, Azərbaycana qarşı Rusiyada başlayan qaralama kampaniyasının içində mənə iş təklif edən kanal da var. Orxan Zeynalov məsələsində məhz həmin telekanal bu kampaniyanın arxasında idi. Mən sırf buna görə onların təklifinə verdiyim razılığı ləğv etdim. Azərbaycan ingilis və rus dillərində olmaqla press-reliz hazırladım və bütün qurumlara yayaraq bildirdim ki, telekanalın təklifinə razılıq verməyimə baxmayaraq, o əməkdaşlığa bu səbəbdən son qoyuram. Çünki orda çalışmağım vətəndaş mövqeyimə tamamilə zidd olan bir şeydir. Həm də ki, bu mənim vətəndaş borcum idi. Həmin zaman mənim vətənpərvərlik hisslərim hər şeydən üstün idi.

Tarix
2013.11.18 / 10:03
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla