Yuxarı

Azərbaycanda jurnalistlərin kütləvi həbsi olub - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən şənbə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının yaratdığı mətbuat muzeyini görmək üçün redaksiyalarına yollandım.

Özümün də Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı muzey ideyam olduğu üçün həm Akif bəyin topladığı materiallarla tanış olmaq, həm də onun təcrübəsindən yararlanmaq istəyirdim.

... “Azərbaycan” nəşriyyatının 7-ci mərtəbəsində yerləşən redaksiyaya həmkarım Ruslan Rəhimovla bərabər getdik. Bizi səmimi şəkildə qarşılayan Akif bəy zaman itirmədən üç otaqda təşkil etdiyi muzeyi ilə tanış etməyə başladı.

Akif bəyin illərdir bu sahədə araşdırmalar apardığını bilirdim, mətbuat tariximizlə bağlı iki cildlik kitabını və digər əsərlərini də oxumuşdum. Özüm də illərdir bu sahə ilə məşğul olduğum üçün necə əziyyətlə başa gəldiyini anlayırdım.

...Akif bəy bizi ilk guşə ilə tanış edir: “Məhəmməd Əmin Rəsulzadənin burada gördüyünüz mühacirətdə çap etdiyi “İstiqlal” qəzetinin 64 sayına təxminən 1500 türk lirəsi ödəmişik. Onları Mətbuat Şurasına vermişik. Millət vəkili Cavanşir Feyziyevin də, Mətbuat Şurasının sədri Əflatun Amaşovun da belə bir ideyası var idi. Bu qəzeti onlar aldı, ona görə də şuraya təqdim etmişəm. Şahtaxtlının çap etdiyi “Şərqi Rus” qəzetinin 15 sayını aldıq. Biri təxminən 70-80 lirə idi. Bir dənəsi qalıb, o da 100 lirədir. Qalan materialları isə öz pulumla almışam”.

“İstiqlal” qəzetinin yerləşdiyi guşədə həmçinin mühacir azərbaycanlıların çap etdikləri “Türk izi”, “Mücahit”, “Azerbaycan” kimi jurnallar, Rəsulzadənin “Azərbaycan şairi Nizami”, Əhməd bəy Ağaoğlunun “Könülsüz olmaz” kitabları sərgilənir.

Akif bəy növbəti guşə ilə bizi tanış edir: “Bu gördüyünüz “İşıq” qəzetinin orijinalıdır. Məndə 5 nüsxəsi var, yalnız birini sərgiləyirik. Bu sənədləri isə Xədicə xanım Əlibəyovanın nəvəsi verib. Xədicə xanımın 1908-ci ildə çəkilən fotosudur. O, 1911-ci ildə nəşr olunan bu qəzetin redaktoru olub. Xədicə xanıma sonralar əmək fəaliyyətinə görə verilən mükafatı da nəvəsi bizə təqdim edib. 1920-ci illərdə Azərbaycan mühacirlərinin çap etdiyi Həsən bəy Zərdabinin təsviri olan açıqcanı da əldə etmişik”.

İkinci guşədə “Molla Nəsrəddin” (11 sayı), “Füyuzat”, “Dəbistan, “Məktəb” jurnalları, Şamil Qurbanovun eynəyi və makina yazısı, 1960-1970-ci illərin diktofonu, dönəmə aid fotoaparatlar, Hamlet Qasımovun vəsiqəsi, Sabir haqqında nadir kitab, Üzeyir Hacıbəylinin iş masasında çəkilmiş fotosu, Əhməd bəy Ağaoğlunun bir fotosunun neqativi, mətbuatla bağlı nişanlar, mürəkkəb qabları sərgilənir. Guşələrin yerləşdiyi otaqlarda divarlara Cəlil Məhəmmədquluzadənin, Məhəmməd ağa Şahtaxtlının, Əli bəy Hüseynzadənin, Üzeyir Hacıbəylinin və başqalarının portretləri asılıb. Bu portretlər dəyərinə görə 150-300 manata hazırlanıb.

Akif bəy mətbuat tarixi ilə bağlı dövlət arxivlərindən əldə etdiyi sənədlərin surətini göstərir və maraqlı bir bilgini bölüşür: “1911-ci ildə Azərbaycanda jurnalistlərin kütləvi həbsi olub. Oruc Orucov, Əhməd Kamal daxil olmaqla 8-ə yaxın jurnalistin evində türk izi axtarıblar. Əldə etdiyimiz sənədlərin içində bu fakt da var”.

Muzeydə “Kaspi” qəzetinin qonorar siyahısının, Tağıyevin İsa bəy Aşurbəyliyə mətbəə satması ilə bağlı sənədin də surətləri var.

Akif bəy sonuncu guşədəki materiallarla bizi tanış edir: “Bu, Cənubi azərbaycanlıların 1950-ci illərdə Türkiyədə çap etdikləri “Ümid” qəzetidir. 11 sayı var. Təxminən 180 lirəyə almışam. Yenə güneylilərin çap etdiyi “Vətən yolunda” qəzeti var. Müxtəlif jurnal və qəzetlərin senzura sənədlərinin surətlərini toplamışam. Muzeydəki kitabxanada isə mətbuat tarixi ilə bağlı kitablar toplanıb. Kim istəsə, gəlib rahat şəkildə tədqiqat apara bilər”.

Muzeydəki ən qədim qəzetin isə 136 yaşı var: “Gördüyünüz bu qəzet 1881-ci ildə nəşr olunan “Ziya” qəzetidir. Orijinaldır...”

... Akif Aşırlının Mətbuat muzeyindən xoş təəssüratlarla ayrılırıq. Arzu edirik ki, muzey daha da zənginləşsin, daha geniş məkana köçürülsün.

Tarix
2017.07.04 / 09:14
Müəllif
Dilqəm Əhməd
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla