Yuxarı

Ermənilərə qan udduran, MTN-də yatan polkovnik...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın “İnsan taleyi” layihəsinin bugünkü qəhrəmanı ağır döyüş yolu keçib. Sovet ordusu sıralarında zabit kimi xidmətə başlayıb, gənc yaşlarından ordudakı xidmətinə komandanlıq tərəfindən layiqli qiymət verilib. Keçmiş SSRİ-nin orden və medalları sinəsini bəzəyib.

Elə Milli Orduda da xidməti zamanı dəfələrlə təltif edilib. Birinci Qarabağ savaşında komandiri olduğu briqada düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv edib. Döyüş yolu, hərbi xidmətdəki uğurları onu düz MTN-nin zirzəmisinə qədər izləyib. Düz 13 ay istintaq altında fiziki və mənəvi təzyiqlərə məruz qalıb...

Kəlbəcərdə doğulub-böyüyüb. Doğma rayonunu iki dəfə uzun müddətə tərk edib. Birinci dəfə orta məktəbi bitirib Kiyevdə hərbi məktəbə daxil olanda, ikinci dəfə isə Kəlbəcər uğrunda gedən döyüşlərdə vuruşub, rayon düşmən əlinə keçməzdən 2 ay qabaq yaralanıb, hospitala düşəndə. İkinci ayrılıq hələ də davam edir.

“Məni orda basdıracaqlar, bilirəm, torpaqlarımız onlarda qala bilməz”, - deyir.

Qəhrəmanımızın adı... Yox, adını elə “Polkovnik” deyə çağıraq. Taleyinin qara səhifələri yazılmasaydı, həbs olunmasaydı, general da olacaqmış. O, bunu əminliklə deyir.

Polkovnik hazırda böyük bir şirkətin təhlükəsizlik xidmətinin rəisi görəvini daşıyır. Allah adamıdır, namaz qılır, oruc tutur, əməlləri ilə çoxlarına örnəkdir.

İndi həyat hekayətini oxuyacağınız, həyatının bəzi məqamları ilə tanış olacağınız Polkovnikin taleyi ürək ağrıdıcıdır. O, doğrusu, söhbətimiz zamanı çox şeyi danışmaq istəmədi, “bunun üstündən keçək”, - dedi, baxmayaraq ki, özü haqda hər şeyi danışacağına söz vermişdi, mən onun dedikləri ilə sözsüz razılaşırdım.

Şirkətlərinə yaxın bir kafenin həyətində oturduq. Onu burda tanıyırlar, dərhal yaxınlaşdılar...

- Bilirsən də mən kəlbəcərliyəm. Yaşım artdıqca şəhər məni sıxır, genişliyə itələyir, hara gedim?.. Mən peşəkar zabitəm. Sovetlər dönəmində ittifaqın bir çox yerlərində xidmət etmişəm. Milli Ordu yarananda isə hər şeyimi Rusiyada saxladım, vətənə döndüm. Vətən bizi çağırırdı, axı. Zaman o zaman idi ki, sorğu-suallar, sorumlar da çox olurdu. Nə məsələdir, niyə gəlmisən, bəlkə Rusiya kəşfiyyatına işləyirsən və sairə. Yorurdular, amma bütün bunlar mənə xoş gəlirdi, axı təzə qurulan bir dövlət idik, müharibəyə sövq edilmişdik, ayıq-sayıq olmalıydıq...

Polkovnik nəsə fikirləşir. Barmaqları ilə qaşlarına sığal çəkir. Sanki üzüaşağı dartır ki, qaşlarının ucu kipriklərinə qədər “dartına” bilsin. Sonra yenə də danışır:

- Axır ki, xidmətə başladım. Dağlarda böyümüşdüm. Dağların sərt iqlimi, mülayim təbiəti mənə çox tanış idi. İnan mənə, elə bilirdim hər kol-kos, daş-qaya mənim əsgərimdir, bizi, torpağımızı qoruyur. Düşmənin anasını, - ətrafa baxır, səsini yavaşıdır, - ağlatmışıq e... çoxlu sayda sarsıdıcı zərbələr vurmuşam e onlara.

- Bunu heç bilmədilər də...

- Niyə? Bunu yaxş bilirlər, dəyərləndiriblər də, orden-medal da veriblər. Mən əsgərimi ataları kimi qorumuşam. Ata yox e, ana kimi. Necə ana balasını bağrına basır ha, bax, onları elə əzizləmişəm, döyüşə ruhlandırmışam, qələbəyə inandırmışam. Biz uduzmazdıq, bizi uduzdurdular. Düşmənə olunan köməyin miqyası böyük idi, bunu sən də yaxşı bilirsən! Baxma ha, Qarabağ işğal altındadır, bu erməninin şücaəti deyil, bu, heç rusun erməniyə olan sevgisi də deyil, bu, rusun bizə olan nifrətidir. Rus havaxt bizi istədi ki? Biz havaxt özümüzü rusa sevdirmək üçün oyun-oyuncağa çevrildik ki?

Düzdür, o vaxt başda oturanların bəzilərinin ruslara meyilli olması aydın idi onlara. Amma ruslar yaxşı bilirdi ki, bu adamlar vəzifə ölüləridir, onlara olunan bu xoş münasibət heç də xalq sevgisi, xalq məhəbbəti deyil, - bunu da çox qətiyyətli səslə dedi.

- Polkovnik, yəni əlimizdən tuturdular, atəş açanda toxunurdular ki, düz atmayaq, düşməni vurmayaq?

- Demək olar ki, elə idi... Bilirsən, orduya müdaxilələr də çox olurdu. Sanki istəmirdilər ki, müharibəni tezliklə udaq. Siyasətçilər hər şeyi sabaha saxlayırdılar, gələcək nəslə yükləyirdilər bu günün ağrısını, acısını, torpaq itkisinin qisasını, şəhidlərimizin tökülən qanını. Gələcək nəsil də ki, budur, - deyib ətrafa baxdı, qonşu stolda oturan cavanları göstərdi, - qəhrəman, döyüşkən Mübarizlər, Fəridlər də var, amma təəssüf ki, bax bu qulaqları sırğalı, yeriyəndə dallarının büzmələrini oynadanlar da yetişir...

Polkovnik çay içmir, stəkanı ovcuna alıb, barmaqları ilə sığal verir. Siqaretin giləsini burnuna tutub iyləyir. Gözlərində həyat eşqi, mübarizlik var.

- Düz 13 ay MTN-in zirzəmisində cəza çəkib, istintaq altında olmuşam, yanıma gəlib-gedənim də olmayıb. Özüm özümün vəkilim idim. Məni niyə həbs etdiklərini də bilmirdilər heç.

- Heç olmasa, özünüz bilirdiniz niyə tutulmusunuz?

- Niyə bilmirdim, çox yaxşı bilirdim!

- Axı bu, necə oldu? Müharibədə hansısa səhvinizmi oldu?

- Yox, məni atəşkəs dövründə saxladılar. Səfər Əbiyevin dəstəsinin maliyyə fırıldağına şərik olmamışdım, ona görə həbs etmişdilər...

Polkovnik susur. Hiss edirəm ki, mövzunu dəyişmək istəyir, amma biz onunla razılaşmışdıq axı, o özü buna razılıq vermişdi. Armudu stəkandakı çayı kənara səpir. Yenisini süzürəm. Yenə də barmaqları ilə stəkanı “əzizləyir”.

- Bir gün dəvət etdilər korpusa və dedilər ki, həbs olunursan...

Polkovnikin etinasızlığı sanki adamı əsəbiləşdirməyə hesablanmış taktiki addım idi. Və mən doğrudan da əsəbləşirdim:

- Niyəsi olmalıdır axı bu həbsin, ətraflı danışmırsınız...

- Günahım vardı. Həm də günahsız idim. Ramiz Rövşən necə deyib? Hamı günahkardır dünyada, amma...

- Amma dünyada heç kəsin günahı yoxdur, - şeirin ikinci misrasını mən dedim.

- Ay sağ ol, dünyada heç kəsin günahı yoxdur. Mən də eləcə...

Bu dəfə çayı araq içirmiş kimi başına çəkdi, əlinin arxası ilə dodaqlarını sildi:

- Arağı həbs olunan gündən bəri içmirəm. İçəridə namazı da öyrəndim, oruc da tuturam. Tutulmasaydım da içkini atacaqdım yəqin, axı dini ayinləri etməyə söz vermişdim özlüyümdə...

Köynəyinin düymələrini açdı. Ətrafa boylandı, bizə tərəf baxan kimsənin olmadığı əminliyindən sonra köynəyin yaxasını ehmalca araladı:

- Görürsən? Güllələr də məni istəyirdi, ürəyimə dəymirdi, bədənimə, sinəmə xal qoyurdu, qanımı axıdırdı, ilişib qalırdı qabırğalarımın arasında...

Köynəyinin düymələrini bağlaya-bağlaya davam etdi:

- Amma bunlar mənim ürəyimə toxundular... Həbs olunmağımı demirəm ki... Heç kəs sığortalanmayıb, görərsən, özündən deyənin birini qol-qıç edib atdılar içəri, o qədər eləsini görmüşük, görürük ki... Səməd Vurğun necə deyib? “Dünən dövran sürən bu gün can verir”...

- İllər xəstəsiyəm, yaram qan verir, - şeirin növbəti misrasını deyirəm.

- Hə, elədir, yaramızın qanı dayanmır... Bu millət döyüşməyi bacarır... Bilirsən, məni əskiltdilər, təhqir etdilər, incitdilər...

- Nə dedilər axı?

- Dedilər, çox səhv edib döyüşübsən... Dedilər ki, ağlın olaydı qalaydın Rusiyada, tanyalarla kef çəkəydin... Bilirsən kimlər deyirdi bunu? İstintaqı aparan zabitlər, MTN-şiklər, müstəntiqlər. Bax, bu, məni incidirdi.

- Səni buna görə tutdular ki, düşmənlə vuruşmusan?

- Yox, döyüşdüyümə görə tutmadılar, vəzifə səlahiyyətlərimi aşdığıma görə, əsgərlərimin yaşam şəraitin yaxşılaşdırdığıma görə həbs olundum. Zabit və gizirlərdən pul toplamışdıq ki, əsgərlərin qaldıqları kazarmanı abıra salaq.

- Əsgərlərdən də?

- Əsgərdə pul olur? Əlbəttə yox, amma balalarının yanına gələn valideynlər kömək edirdi. Bir neçəsi usta idi, təmənnasız 3-4 gün işlədi, bəziləri inşaat materialı aldı və s.

- Sonra da şikayət etdilər, hə?

- Yox, şikayət etmədilər... Komissiya gəlmişdi, girdilər kazarmaya ağızları açıq qaldı. Kazarma deyəndə, bura əvvəllər ferma olmuşdu. Sovet vaxtından burda dabaq xəstəliyi yayılıbmış, mal-heyvan da dözmürmüş. Atəşkəs dövrü idi də... Bu fermanı verdilər ki, əsgərlər yaşasın. Gördüm əsgərlərim əldən gedəcək, qoymadım orada gecələsinlər. Gizirlərdən 5 şirvan, zabitlərdən 10 şirvan pul yığdım, özüm isə 13-cü əmək haqqımı verdim - 100 şirvan, bir də dediyim kimi, valideynlərin köməyi ilə qurduq, yaratdıq. Tualet, hamam, əsgər yeməkxanası, mətbəxi və s. Binanı düz 3 dəfə dezinfeksiya etdirdim, laborantlar gəldi, yoxladılar, yaşamaq olardı. Komissiya xərclənən vəsaitlə də maraqlandı, göstərdik ki, bu qədər pul toplamışıq, bu qədər də dükanlara borcumuz var, növbəti maaşda verəcəyik. “Əhsən” deyib getdilər.

- Axı bu, onların da xoşuna gəlib...

- Hə, gəlmişdi. Onlar gedib məruzə ediblər və ağıllı adamlar bu işlərə görə büdcədən pul silməyin mümkün olmasını başa düşüb. Sonradan mənə dedilər ki, MN-nə müraciət edim və kazarmanın təmiri üçün bu qədər vəsait istəyim, etmədim. Axı bu tikili MN-nin balansında deyil. Mən raportda haranın təmirini göstərməliyəm, bu ki cinayətdir. Bax onda hamıdan izahat alıblar ki, doğrudan da pul yığılıb. Onları zərərçəkən kimi göstərirdilər. Dedim, o zaman ən böyük zərərçəkən mənəm ki, 100 şirvan qoymuşam. Dedilər ki, ay yazıq, bu nazirin tapşırığıdır, gəl raport yaz, pul istə. İstəmədim. Dedilər, yaxşı, nazir filan qədər vəsait ayırır sənin briqadana, qol çək ki, almısan və xərcləmisən. Yenə də onların dediyini etmədim. Və həbs olundum... Məhkəməmdə dedim ki, qanunda göstərilir ki, komandir şəxsi heyətin yaşamını, qidasını ilk növbədə təmin etməyə borcludur, hansı yolla olursa-olsun, təbii ki, oğurluq olmaz.

Polkovnik həbsxana həyatından da bəhs etdi:

- CÇM-də zabitlərin, türmə işçilərinin diktəsi ilə bəzi “bespredellər” hərbçi olduğuma görə üstümə yeridilər. Otuzdurdum hamısını. Məhkəməmdə bütün şəxsi heyət tərəfimi saxladı, zərərçəkən olmadıqlarını, könüllü olaraq bu işi gördüklərini dedilər. Sadəcə, komandirimizdən məsləhət, xeyir-dua alırdıq... 13 aydan sonra günahlarım təsdiqini tapmadı, bəraət aldım, amma orduya qayıtmadım, təqaüdə çıxdım, məni istintaqa cəlb edənlər mənə bu şirkətin xidmət rəisi vəzifəsini verdilər.

Polkovnik sudu, sonra:

- Sən canın, gəl mövzunu dəyişək. Hər şey yaxşılığa doğru gedir. Necə deyib şair? "Hələ yaşamağa dəyər bir az da...” Kimin şeiridir bu?

- Məmməd İsmayılın...

- Hə, düzdür. Bir azdan yeni mühafizəçilərə təlim keçəcəyik, duraq...

Tarix
2017.07.05 / 09:07
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla