Yuxarı

İlk ayrılığı 17 yaşda yaşamışam... - Ülfət Ziyafətqızı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ülfət Ziyafətqızı Lənkəranda 10 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs verir. Özü də bir vaxtlar bu məktəbin məzunu olub. Şairdir. Atası Ziyafət də Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan şairlərdəndir. Ülfət xanımın bu yaxınlarda “Bir ovuc göz yaşı” kitabı dərc olunub.

Kult.az Ülfət Ziyafətqızı ilə müsahibəni təqdim edir:

- Kitabının adını “Bir ovuc göz yaşı” qoymusan. Göz yaşlarını çoxmu görmüsən?

- Bu sual mənə sevimli şair M.Müşfiqin bir misrasını xatırlatdı: “Gözdən yaş çıxarmı ürək yanmasa?..” Mən çox həssas insanam, bəzən kiməsə görə ən xırda görünən bir şey məni çox dərindən sarsıdıb kövrəldə bilər. Bəlkə, bir az qəribə səslənəcək, məni təkcə kədər kövrəltmir, heyran qaldığım gözəllik də, vurulduğum bir kəlmə söz də, ən yaxın dost gəlişi də məni göz yaşlarımla baş-başa qoya bilər.

- Mənim arzularım ay işığıydı,

İndi ümid-ümid buludlanıram.

Rəngli gülüşlərim göy qurşağıydı,

Gözdə kədər-kədər sıralanıram - belə bir şeirin var, deyəsən, gənc könlünə dəyənlər çox olub.

- Mənə bu həyatda yaşamağa güc verən ümidlərimdir, özümə olan inamımdır. Kimsə bu inamı qıracaq bir şey etsə, hətta bu insan özüm belə olsam, içimdə qırılıram, özümdən də küsürəm.

- Yaman dərddən yazırsan... bu, yaşantıdır, yoxsa obrazlılıq?

- Hərdən düşünürəm ki, bəlkə dərd olmasaydı, mən də indiki Ülfət olmazdım. Allah ən sevdiyi bəndələrini verdiyi dərdlərlə sınağa çəkir, buna görə mən sevə-sevə, onlardan böyük zövq ala-ala dərdlərimi yaşayıram. Bir şeirimdə dediyim kimi, “dərd olmasa, heç kiməm...”

- “Baxışlar qucaqlaşdı

illərin həsrətlisi kimi,

ayrıla bilmədi...”

Çoxmu ayrılıq yaşamısan?

- Mən ilk ayrılığımı 17 yaşımda yaşamışam... Yəqin ki, ilk sevgimdən ayrıldığım o günün kədəri son nəfəsimədək məni tərk etməyəcək. Həmin gün mən çarəsizliyin dadını, rəngini hiss etdim və gedənimin ardınca tək bir kəlmə pıçıldaya bildim: “Cənnətdə görüşərik, gözəl mələyim - əziz anam...”

- Ülfət xanım, bir vaxtlar şagird kimi girdiyin sinfə müəllim kimi girirsən, hansı hisslər səni izləyir?

- Hər gün sinif otağına girəndə gözlərim ilk sıradakı partanı axtarır, körpə Ülfətin bu gün dərsdə iştirak edib-etmədiyini xəyalən yoxlayıram, sonra dərsə başlayıram. Şagirdlərimə baxanda öz sinif yoldaşlarımı, şagirdlik ömrümü xatırlayıram və bəlkə də həmin məktəbdə işləməyim məni saf uşaqlığımdan uzaqlaşmağa qoymur. Çox gözəl bir duyğudur bu.

- Müəllimlərin olmuş insanlar həmkarın kimi necə davranır, şair kimi necə qəbul edirlər səni?

- Müəllimlərimə olan sonsuz sevgim məni eyni məktəbdə işləməyə qədər gətirib çıxardı. Mən 2-ci sinifdən şeirlər yazıram, məktəbdə oxuyanda olurdu ki, dərs zamanı içimdən şeir yazmaq keçirdi, necə deyərlər, özüm dərsdə olsam da , xəyalım göylərdə gəzirdi. Müəllimlərim də bu xasiyyətimi bilirdilər, həmişə də normal qarşılayıblar. Bu yaxınlarda bildiyiniz kimi, mənim ilk kitabımın “Bir ovuc gözyaşı”mın təqdimat günü keçirildi və demək olar ki, bütün müəllimlərim həmin gün mənim yanımdaydılar.

- Lənkərandan üzü bəri şeirlərin sənə haracan gətirir?

- “Mənim şeirlərim körpələrimdir,

Yenicə göz açmış ömrə, həyata.

Tumurcuq bağlamış pöhrələrimdir,

Göylərdə gözləyən əbədiyyətə

Əllərindən tutub yol gedirəm mən”.

Bu yolun sonu yoxdur, xəyallarımın, arzularımın gedə biləcəyi qədər gedəcəyəm və ölümdən başqa heç nə məni bu yoldan saxlaya bilməz.

- Səncə, Azərbaycanda yazarlar öz dəyərini ala bilibmi?

- Bildiyiniz kimi, mən şair ailəsində doğulmuşam, hələ uşaq yaşlarımdan ədəbi söhbətlərin əhatəsində böyümüşəm, düzü, o vaxtla indini müqayisə edəndə həm sevindirici, həm də üzücü halları müşahidə edirəm. Sevindirici hal odur ki, indi tanınmaq daha asandır, bəzən isə ədəbiyyatdan, nəzəriyyədən başı çıxmayan oxucuların əhatəsində özümü hiss edəndə çox üzülürəm, bu baxımdan, məncə, yazarlarımız tam dəyərini ala bilmir. Düzdür, bu gün sosial şəbəkələrin rolu həyatımızda danılmazdır, amma elə bu sosial şəbəkələrdə bəzən yığdığı “layk” sayına güvənib şeir adı ilə nəzəriyyəsiz söz yığınları oxuculara təqdim olunur. Bu da çox üzücüdür.

- Azərbaycan yazarının dünya yazarlarının içində özünü sərbəst hiss etməsi üçün nəyi çatmır?

- Nizamini, Nəsimini, Füzulini və adlarını saymadığım bir çox dahilərimizi dünya ədəbiyyatına aparan nüans əsərlərində öz “mən”indən uzaqlaşmaq idi. Ümumbəşəri duyğulardan yazdıqları üçün ədəbiyyat onları yaşatdı və dünyəviləşdirdi. Məncə, biz də bu gün özümüzü deyil, dünyanı hiss edib yaza bilsək, o zaman sərbəstliyimizə də qovuşacağıq.

- Özünü yazı masası arxasında yaxşı hiss edirsən, yoxsa sinif otağında?

- Şagirdlərimlə zaman keçirməyi sevirəm və bu baxımdan sinif otağım mənim istirahət etdiyim yerdir. Özümün özümlə baş-başa qaldığım yer isə yazı masamdır, orda mən heç bir kompleks yaşamadan hönkürtü ilə ağlaya da bilərəm, ən rəngli gülüşlərlə gülə də bilərəm. Orda mən həm körpəyəm, həm də dünyanın ən yaşlı insanı. Bu baxımdan yazı masamı daha çox sevirəm.

- Qeyd etdiniz ki, atanız da şairdir. Bəs öz övladınız da şair olmaq istəsə, münasibətiniz necə olardı?

- Bir insanda ilahi vergi varsa, biz buna nə deyə bilərik? Bəlkə də 7 yaşımda ilk şeirimi yazanda atam mənim haçansa şair olacağımı düşünməmişdi. Sonrakı illərdə içimdəki şeir yanğısını görüb mənə bu yolun nəzəri tərəflərini öyrətdi, dəstək oldu - bu baxımdan şanslı olduğumu düşünürəm. İstedad genetikdir, bu gün mənim 8 yaşlı oğlum Səid də öz uşaq təxəyyülünə əsaslanıb şeirlər yazır. Əgər o da gələcəkdə şair olacaqsa, buna mane olmaram. Sadəcə, içimdə bir az üzülərəm ki, o da şair ürəyinin əzablarını dadacaq...

Tarix
2017.07.09 / 09:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla