Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Sentyabr 2017


Tanınmış şairimizin qızı niyə intihar etdi?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az-ın “Xatirə dəftəri” layihəsində mərhum şairimiz Əliağa Kürçaylının oğlu Ülfətlə görüşüb, atası haqda xatirələrini dinlədik.

- Ülfət bəy, layihəmizin formatına uyğun olaraq atanız, gözəl şairimiz Əliağa Kürçaylı haqda xatirələrinizlə oxucularımızı tanış edəcəyik. Əvvəlcə deyin, sizin üçün xatirə nədir?

- Xatirə... Bu, əslində, itirdiklərimiz, daha həyatda heç vaxt əlimizin çatmayacağı anlardır. Xüsusən, sənin üçün əhəmiyyət kəsb edən nə iləsə əbədi vidalaşmaq, əlbəttə, insanı ağrıdır. Düşünəndə ki, bir saat, bir dəqiqə, hətta bir an əvvəl gördüyün, iştirakçısı olduğun hadisə, etdiyin söhbət bir də heç vaxt eyni ilə təkrarlanmayacaq, üzülürsən. Yəqin, elə buna görə xatirələr bizim üçün qiymətli və şirindir. Əliağa Kürçaylı “Turac” şeirində dediyi kimi:

Gəl səninlə səhər-səhər
Seyrə çıxaq biz bir qədər.
Ömrümüzdən keçən günlər
Bir də dönmür dala, Turac!

Bunlar şirin xatirələrdir. Amma bəzən həyəcan, itki, məhrumiyyətlərlə dolu yaşadığın günlərdə xatirindən silinmir. İstəsən belə bunlardan qurtula bilmirsən. Bu da xatirədir, fəqət, acı xatirə. Acı xatirə də həyatda çox vaxt səninlə birgə yüyürür və yadına düşdükcə ürəyini ağrıdır.

- Ülfət bəy, danışdıqca gözləriniz yol çəkir, uzaqlara baxırsınız, deyin, uzaq uşaqlıq illərinizin atanızla bağlı ən işıqlı xatirələri hansılardır?

- Ən işıqlı xatirələr deyəndə, atamla bağlı əlbəttə ki, hər şey yadımdadır və bunlar, sözsüz, mənim üçün çox əziz anlardır.

- Məsələn...

- Məsələn, 60-cı illər idi. Yadımda deyil, məktəbə gedirdim, yoxsa yox. Amma o yadımdadır ki, Azərbaycanda “Rusiya Poeziya günləri” keçirilirdi. Moskvadan Rusiyanın yazıçı və şairlərindən ibarət böyük bir nümayəndə heyəti gəlmişdi. Poeziya gününün formatına uyğun olaraq hər gün haradasa bir tədbir keçirilirdi. Rusiyalı yazarları Azərbaycanın ən səfalı, ən gözəl yerlərinə aparıb qonaq edirdilər. Səhv etmirəmsə, nümayəndə heyətinə SSRİ Yazıçılar İttifaqının sədri, məşhur Sovet yazıçısı Konstantin Fedin başçılıq edirdi. Bir gün nümayəndə heyəti, tədbir iştirakçıları Astaraya yola düşdülər. Atam məni də özüylə apardı. Yadımdadır, Astaranın füsunkar təbiəti ilə yanaşı zəngin mətbəxi də qonaqları valeh etmişdi. Güclü yemək-içməkdən sonra hamı yatmağa getdi. Səhər atamla durub gördük ki, Fedin tək-tənha, bir əli belində, o biri əlini alnına dayaq edib, Astaraçay kənarında dayanıb ətrafı seyr edir. Ona sarı getdik. Birdən Fedinin gözü çayın hər iki tərəfində sahilə yığışmış qadınları aldı. Onlar körpələrini başları üzərinə qaldırıb bir-birinə göstərir, “sabahın xeyir” deyir, hal-əhval tuturdular. Bu mənzərəni xeyli nəzərdən keçirən Fedin nəhayət üzünü Kürçaylıya tutdu:

- Aliaqa, bu iranlılarla bir-birinizi nə yaxşı anlayırsınız. Bayaqdan baxıram, qadınlar bir-biri ilə çox rahat danışırlar.

Kürçaylı çox ciddi tərzdə, aramla, belə cavab verdi:

- Konstantin Aleksandroviç, onlar iranlı olmaqla yanaşı həm bizim soydaşlarımızdır, həm də bu taydakı astaralılarla qohum-əqrəbadırlar, dillərimiz də birdir.

- Bəs onlar o taya necə düşüblər? - deyə, görünür, tariximizdən bixəbər olan Fedin sadəlövhlüklə soruşdu.

- Onlar elə ömrü boyu orda yaşayıblar, Konstantin Aleksandroviç, sadəcə, bizim xalqı Araz boyu, Astaraçay boyu iki yerə bölüblər, – deyə anlatdı Kürçaylı.

- Sluşay, kak vı terpite! – söyləyən Fedin məsələni bir az da qəlizləşdirdi.
Bu yerdə Kürçaylı doluxsundu. Üzünü yana çevirib qeyzlə dodaqaltı öz-özünə dedi: “Terpet eləməsəm, gərək səni yıxıb, təpiyimin altına salam!”

- Uşaqlıq xatirələri heç bitməz, tükənməz...

- Elədir. Bir dəfə də, yadımdadır, məktəbin aşağı siniflərində oxuduğum vaxtlar idi. Ailəliklə hamımız atamı Moskvaya yola salırdıq. Qatarın yola düşməsinə az vaxt qalırdı. Kupedə oturub, söhbət edirdik. Elan olundu ki, “ötürənlərdən xahiş olunur qatarı tərk etsilər. 5 dəqiqdən sonra qatar yola düşəcək”. Kürçaylı qalxdı ki, bəs yavaş-yavaş gedin, məndən nigaran qalmayın. Elə o an qəfil soruşdum ki, ata, bəs birdən kimsə yaddan çıxıb qalsa, onda nə olar?

Atam güldü, məni qucaqlayıb dedi:

- Qaqaş, bu dəfə tək getməliyəm. İnşallah, gələn dəfə səni də apararam, söz verirəm.

Gözlərindən və səsindən hiss olunurdu ki, özü də bizdən asanlıqla ayrıla bilmir. Ürəyi bizimlədir. Lap “Ürəyim” şeirində olduğu kimi:

Fit verib yoluna düzəldi qatar,
Qaldı bütün şəhər, dostlar, tanışlar....
...Gərib sinəsini tufana, qara
O gedir arxada qoyub düzləri
Ürəyim səssizcə düşüb yollara
qayıdır geri...

- Əliağa Kürçaylını bir övlad olaraq sevməyiniz xatirələrinizdən də boy verir. Bəs o, sizin üçün ata olmaqdan əlavə kim idi?

- Qüdrətli şair, vətənini hədsiz məhəbbətlə sevən vətəndaş və ləyaqətli bir kişi. Mən lap erkən yaşlarımdan onun gözəl şair olduğunu anlamışdım. Bunu özü də yaxş bilirdi. Qəribədir, əsl şair ömrünün elə bir çağına yetişir ki, özündə bunu etiraf etməyə ehtiyac duyur. Puşkin deyirdi: “Mən şeirimlə özümə heykəl ucaltmışam”. Böyüklüyünü duyan Sabir də bundan yan keçməyib: “Bənzərəm bir qocaman dağa ki, dəryada durar...”

Kürçaylı isə bu hissi belə ifadə edib:

Yox, təvazökarlıq tutmur bu yerdə,
Şairəm, özü də yaxşısındanam.
Bunu yüz yol deyib tənqidçilər də,
Lap heç deməsinlər, məgər nadanam?!

Gücümü, qüvvəmi görmürəm məgər,
Məgər mən görmürəm yaxşını, pisi?
Öz zövqüm, mənimçün dünyaya dəyər
gəlsə də dünyanın min tənqidçisi...

Odur ki, atamı oğul kimi sevməklə yanaşı, ona vicdanlı şair və ləyaqətli insan kimi də hörmət bəsləmişəm. Ləyaqət Kürçaylı üçün çox vacib məfhum idi. İnsan münasibətində bunu vacib kriteriya kimi qəbul edirdi. Əksər kitablarında “Ləyaqət” başlığı altında xüsusi bölmənin olması təsadüfi deyil.

- Ülfət bəy, hiss edirəm ki, atalı günləri unutmamısınız. Bəs uşaq şıltaqlığınız necə, olurdumu? Olurdusa bu, atanızı qəzəbləndirmirdi ki?

- Yox, mən onun qəzəbli olmasını heç yadıma gətirə bilmirəm. Şıltaqlıq isə olurdu, məsələn, bir gün bağda tutdum ki, bizi ova apar. Əvvəl razılaşmadı, dedi ki, a bala, Goradildə nə ov, rayona gedərik apararam. Baş beynini o qədər apardım ki, axırda dedi, yaxşı, get onda Sadıq əmiyə, Gəray əmiyə de, uşaqları hazırlasınlar (Sadıq Murtuzayev və Gəray Fəzli bağ qonşularımız idi). Xülasə, beş-altı oğlan uşağını maşınlara doldurub düzəldilər yola. Quş-zad nə gəzirdi. Maşınları boşuna ora-bura sürürdülər. Amma mən əl çəkmirdim. Axır o qədər dirəndim ki, atam məcbur olub maşından düşdü və işıq dirəyindəki sığırçınlara güllə atdı. O gün görüb-götürdüyümüz elə o oldu. Mən yenə əl çəkmədim. Maşınları dənizə tərəf sürdülər. Dənizdə çoxlu sayda ördək vardı, amma uzaqda idilər. Atam sahildə ölü bir qağayı gördü. Tez tüfəngi göyə tutub atəş açdı. Gəray Fəzli o başdan qaça-qaça gəlib soruşdu ki, Əliağa, vurdun? Atam yerdə ölü qağayını qaldırıb Gəray əmiyə göstərdi. Gəray Fəzli sevindiyindən bilmədi nə etsin. Sonralar Kürçaylı həmin əcaib ov günündən zarafatla “Heydərbabaya salam” üslubunda 10-15 bəndlik şeir yazdı. Hamımız əzbərləmişdik və məclislərdə uşaqlar həvəslə oxuyardılar.

- Əliağa Kürçaylının ətrafı geniş olub, deyirlər. Bəs dostları ilə münasibəti necə idi?

- Dostlarının sayı-hesabı yox idi, düz deyirlər. Sıralarında qələm dostları da çox idi. Qapımız qonaq üzünə həmişə açıq olub. Kürçaylı onların gəlişinə həmişə sevinirdi. Mənə elə gəlir ki, ümumiyyətlə bizim evdə olan məclislər qonaqların sayına və deyib-gülmək əmsalına görə heç bir evdə olmayıb. Kürçaylı dost üçün canını verərdi, dost yolunda hər cür fədakarlığa hazır idi, amma qarşı tərəfdən də bunu həmişə umurdu. Nisbətən az görüşsə də, ən çox ürək yandırdığı, çətin məqamda ürəyini aça bildiyi dostları Sadıq Murtuzayev, Qəzənfər Hümmətov, Arif Məlikov və prokuror Hacı Rəhmanov idi.

- Bəs, qonşu kimi necə idi?

- Qonşularla yaxşı münasibətdə idi, hamının hörmətini saxlayırdı. Bağdan qayıdanda mənə dəfələrlə deyib ki, qaqaş, apar İlyas əmiyə (İlyas Əfəndiyevi nəzərdə tuturdu, bir blokda olurduq) bir yeşik üzüm, bir yeşik əncir ver, yaşlı adamdır, balkondan baxır.

- Ülfət bəy, atanızı dost kimi, qonşu kimi, ata kimi xatırladınız. Bəs ailə başçısı kimi yaddaşda necə qalıb?

- Kürçaylı əsl Azərbaycan kişisinə xas olan bütün xüsusiyyətlərə malik adam idi. Bizim üçün səməndər quşu kimi özünü oda-közə vururdu. Darıxmağa qoymurdu. Bizi teatr tamaşalarına, kino-festivallara, gəzintilərə aparırdı. Hər yay bizi öz maşınında səyahətə çıxarırdı. Gürcüstanı, Şimali Osetiyanı, Abxaziyanı, Nalçiki, Soçini qarış-qarış gəzdirib. Maşınını uzaq Ukraynaya sürüb – Odessanı, Xarkovu, Kiyevin görməli yerlərində, səfalı meşələrində, göl kənarlarında bizə aylarla istirahət təşkil edib. Xüsusən, bacımın bir sözünü iki eləməzdi. Həm evin kiçiyi, həm qız uşağı olduğu, həm də gözü-qaşı eynilə ona oxşadığı üçün. Bir də... Uşaq anadan olandan talesizlik onu qarabaqara izləyirdi. Doğulanda həkimlər dartıb qıçını çıxarmışdı. Yaşıdları iməkləyən zaman uşaq bir ayağı gipsdə yerdə çabalamalı olmuşdu. Elə ona görə də gec ayaq açdı yeridi. Atam bizi İlisuya aparmışdı. Orda uşağı epilepsiya tutdu. Sonra boğazında zob tapıldı. Bir gün də Kürçaylı bizi Qara dənizdə böyük bir gəmiyə mindirdi. Gəmi Sevastpola tərəf üzürdü. Gecə yarısı uşağın kor bağırsağından güclü ağrılar tutdu. Kürçaylı bütün gəmini ayağa qaldırmışdı. Nəhayət, kapitanla uzun çənə-boğazdan, savaşdan sonra gəminin kursunu oradan ən yaxın liman olan Yaltaya çevirməyə nail oldu. Sahilə enən kimi təcili yardım maşını dərhal bizi xəstəxanaya apardı. Əməliyyat başladı, atam məni içəri buraxmadı. Xəstəxananın həyətində oturub gözlədim. On beş-iyirmi dəqiqədən sonra qapıda anamı gördüm. Bir neçə saatın içində başı tən ortadan gül kimi ağarmışdı. Odur ki, Kürçaylı uzun illər bacımı uşaq kimi çiynində, boynunda, qucağında gəzdirir, ömrünün sonuna kimi əzizləyirdi.

Bir gün bağda qonaqlıq idi. Bir azdan uşaqlar süfrədən çəkilib kənarda oynamağa başladılar. Bacım artıq təxminən yeddinci, səkkizinci sinifdə oxuyurdu. Oyunun ortasında uşaqlardan aralanıb qaça-qaça atamıza sarıldı. Atam da onu öpüb oxşamağa başladı. Atamın dostu Ramazan Rəcəblinin həyat yoldaşı Tahirə xalanın o anda anama söylədikləri indiki kimi qulağımdadır: “Şəhla, Əliağa düz eləmir, böyük qızdır, sabah ondan necə ayrıla biləcək?!”

Elə də oldu... Atamın son nəfəsindən yarım saat keçməmiş Ülkər özünü həlak elədi. Bu haqda ilk dəfədir ki, uzun-uzadı danışıram. Xeyli vaxt anamdan gizlicə dolabın qapısını açıb bacımın paltarlarını iyləmişəm. Özümü inandırmışdım ki, bacım harasa uçub gedib, bir müddətdən sonra qayıdacaq. Bir evdə, ailədə 4 nəfər olasan və bir anda ikisini itirəsən. Buna dözmək çox çətindir.

- Ülfət bəy, xatirələriniz çox kövrəkdir, atalı, bacılı, analı günlərə qaytardım sizi, özüm də üzüldüm... Mövzunu bir qədər dəyişək, deyin, Əliağa Kürçaylı bu qədər dostcanlı, həyatsevər olmasına rəğmən, qanıqara, yazıçı dostlarından incik olduğu vaxtlar olurdumu?

- Yox, Kürçaylı tez-tez inciyən, küsən insanlardan deyildi. Yalnız böyük-böyük məsələlərdə umduğu qələm dostlarında ləyaqətsizlik, yaxud səbatsızlıq, milli heysiyyatsızlıq görəndə heyfsilənirdi. Bunlara çox vaxt şeirlərində münasibət bildirirdi.

- Deyirsiniz, heç küsdüyü, incidiyi birisi olmayıb?

- Olub. Bütün mehribanlıqlarına baxmayaraq qonşusu, qələm dostu şair Qabillə tez-tez küsüb-barışırdılar. Özü də çox xırda şeylərin üstündə. Bir gün atamla Salam Qədirzadə bizim balkonda oturub yeyib-içirdilər. Bir azdan Qabil də çıxıb öz balkonlarında oturdu, başladı çay içməyə. Mənzili bir mərtəbə aşağıda, sağ tərəfdə idi. Qəti bu tərəfə boylanmır, sanki heç bunları görmürdü. İş Salam Qədirzadədən keçdi. Xeyli təbəssümlə Qabili nəzərdən keçirdi. Sonra “əclafa bax, heç bu yana baxmır, neyləyək, Əliağa?”, - dedi. Üçü də həmişə bir yerdə yeyib-içərdilər. Üçü də bir-biri üçün darıxardı. Amma barışıq üçün heç biri ilk addımı atmaq istəmirdilər. Nəhayət, atam məni çağırdı. Qabil nə üçünsə otağa keçmişdi. Gəldim. Kürçaylı Qabilin balkonunun küncündə düzülmüş balonları göstərib dedi: “Daşatanla o balonlardan birini vura bilərsən?”. ”Əlbəttə”, - dedim. “Get onda gətir, vur”, - dedi atam. Daşatanı (Daşatan - raqatka. F.B) gətirib nişan alıb, vurdum. Göyəm turuşusu olan balon aşağıdan deşilmişdi. Bənövşəyi su şorhaşorla yerə axmağa başladı. Salam Qədirzadə ilə atam gülməkdən uğunurdular. Salam əmi gülə-gülə dedi ki, Qabili od götürəcək, “zakuskası” əldən getdi. Bir-iki dəqiqəyə balonda ancaq qupquru göyəm qaldı. Bir azdan Qabil balkona çıxdı. Balonu görüb diqqətlə, maddım-maddım baxdı. Sonra “Bəyim, bu atdı ki” deyib həyat yoldaşını çağırdı. Amma atamla Salam Qədirzadənin yuxarıdan gülərək ona baxdıqlarını görəndə özü də gülməyə başladı və “əclaflar, sizin işinizdir”, - dedi. Kürçaylı əl işarəsi ilə onu bizə çağırdı. Bir azdan üçü də əvvəlki kimi bir yerdə yeyib-içir zarafatlaşırdılar.

Tarix
2017.07.17 / 23:17
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türkmanlar türk polisindən niyə narazıdır? – Fotolar

Şeyxin oğlu iki rükət namazı güclə qılır - Hacı Qalib

Öldürdüyü qadınların fotoları, işgəncə, qətl alətləri... - Reportaj

Lütfi Zadə vəsiyyəti ilə Yafəsə uduzdu – Aqşin Yenisey

“Nəslim Rüstəmxanlılardan böyükdür, Ziya Məmmədovla isə...”

“Qızı Alı Mustafayevə vermədilər, elçiliyə atam getdi...”

Xalq gözəl səsi olan hər ifaçını qəbul etmir – Xalq artisti

“Oğul axtarıram ki, gəlib ağzımı tiksin” - Elza

İnsanlar bunu başdanxarablıq kimi başa düşə bilər...

Ölüm ayağında gözlərini məndən qaçırırdı – Məşhur şairin qızı

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla