Yuxarı

Cavabım erməni jürini pərt etdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Konservatoriyasının professoru, musiqiçi Abbasqulu Nəcəfzadə ilə Kult.az-ın “İnsan taleyi” layihəsində həmsöhbət olduq.

Əvvəli burada

- Məlumdur ki, mənfur qonşularımız təkcə torpaqlarımıza deyil, həm də musiqimizə, incəsənətimizə əl uzadır, siz onlarla çoxmu qarşılaşmısınız, alətlərimizi özümüzünküləşdirə bilmisiniz?

- Mən nəinki mənfur qonşularımıza, dünyanın istənilən aliminə bir sıra çalğı alətlərinin (litofonlu qavaldaş, davul, ksilofonun “əcdadı” – əlvah, zurna, balaban, arfanın prototipi olan çəng, ud və s.) vətəni Azərbaycan olduğunu sübut etməyə hazıram. Bəzən simpozium və konfranslarda buna nail də olmuşam. 1986-cı ildə İrəvanda gənclərin I Zaqafqaziya müsabiqəsində ud, saz, kamança, ney, balaban, tütək və zurna alətlərində bəstələdiyim “Təbrizi” adlı kompozisiya ilə çıxış edirdim. Müsabiqənin qaliblərinə ziyafət verirdilər, ordakı çıxışımdan sonra münsiflər heyətinin milliyyətcə erməni olan sədri dedi: “Azərbaycanlı balası qədim erməni alətlərində çox gözəl ifa etdi”.

Əsəbi halda soruşdum: “Bu alətlərin hansı sizindir?” Cavabı: “Hamısı”.

Aramızdakı müzakirə hər kəsin marağına səbəb oldu və diqqətlər bizə yönəldi.

- Məsələn, birinin adını söyləyin.

- Elə əlində tutduğun duduk.

- Bu, duduk deyil, balabandır.

- Biz qədim alətimizə duduk deyirik, bizdən götürüb adını da balaban qoymusunuz.

- Yaxşı, zəhmət olmasa, dudukun etimoloji izahını verin.

- Bu “duyet” (üfləmək) sözündəndir, ona görə "duduk" deyiblər.

- Axı, “duyet” rus sözüdür, ruslarda da belə alət yoxdur.

Mənim bu sözümdən sonra erməni çıxılmaz vəziyyətə düşüb əsəbi halda dedi:

- Bunun nə dəxli var ki, duduk nə deməkdir? Xalqımız belə adlandırıb da. Ruslar çörəyə “xleb” deyir, dava etməlisən ki, bunun sözaçımı nədir?

- Türklərdə “xleb”ə “çörək”, yaxud “əkmək” deyirlər. Bu nemət də insanın yaşayışı üçün əsas qidalardan sayılır, çörək buğdadan hazırlandığından və buğda torpaqda əkib-becərildiyindən – çevir+ək, əkmək sözlərindən yaranıb. Balaban isə iki türk sözündən törəyib: bala və ban. Bala – kiçik, ban isə səs, ün anlamında olub, həzin səsli alət deməkdir. O ki qaldı sizin balabana duduk deməyinizin də səbəbi rus sözü deyil, bu da türkcədir. “Kitabi-Dədə Qorqud” dastanında düdük alətinin adına rast gəlirik, bunun da istər quruluşu, istər tembri, istərsə də səsoyadıcısına görə balabana heç bir aidiyyəti yoxdur. Düdük tütəyin prototipidir, quşları ovlayarkən onda yalançı quş səsləri çıxarıblar və aləti düdük adlandırıblar. Bəzi yalançı insanlara təhqiramiz şəkildə bu səbəbdən düdük deyirlər. Fitli səsoyadıcısı olduğundan Türkiyədə futbol matçlarında şərhçinin “hakim düdüyü çalıyor” ifadəsini tez-tez eşidirik. İdman yarışlarında hakimlərin sizin dediyiniz “duduk”, yəni balaban çalan görmüsünüzmü?

Mənim bu cavabımdan sonra hər kəs gülüşdü, erməni jüri yaman pərt olmuşdu, daha heç nə danışmadı. Digər qonaqlar mənə suallar yağdırmağa başladılar. Ud, saz, kamança, ney, tütək və zurna alətlərinin sözaçımı ilə maraqlandılar, mən əsaslandırılmış cavabları verdim. Azərbaycandan İrəvana bizimlə bərabər o vaxtlar çox gənc olan siyasi elmlər doktoru, professor Rövşən Mustafayev (1960-2009) də jurnalist kimi getmişdi. Çıxışımdan çox təsirlənmişdi. O, Bakıya qayıtdıqdan sonra “Azərbaycan gəncləri” qəzetinin böyük bir səhifəsini mənim çıxışıma həsr etmişdi.

- Çox istərdim ki, sənətdə və elmdə başınıza gələn maraqlı olayların xatirələrini oxucularımızla bölüşəsiniz.

- İfaçılıq fəaliyyətimdə maraqlı hadisələr çox olub. Baba Mahmudoğlunun canlı efirdə boynuna lampanın kiçik məftilinin qırılıb düşməsi və bunu büruzə verməməsi, ifasını davam etdirməsi əsl sənət fədakarlığı idi. Bu hadisə hər dəfə yadıma düşəndə Baba müəllimin boynundakı yara gözümün önünə gəlir və ürəyim ağrıyır.

Toylardakı maraqlı hadisələr haqqında “Balabançı Həsən dayının gülməcələri” adlı əsərimdə bunların bir qismini vermişəm, maraqlananlar əsərin elektron versiyasını əldə edib oxuya bilərlər.

Mən heç bir tədbirə təkcə bir alətlə getmirəm, ən azı yanımda 4-5 alət olmalıdır. ABŞ-da İndiana Universitetində “Azərbaycan çalğı alətləri” mövzusunda çıxış edirdim, ingilis dilini çox zəif bildiyimdən tərcüməçi vasitəsi ilə çıxış edir, əsas sözümü isə 10-a yaxın müxtəlif üsullarla səsləndirilən çalğı alətində ifamla bildirirdim. Təsəvvür edin, Avropa aləti olan skripkada bir melodiya ifa edir, arxasınca həmin musiqini Azərbaycanın qədim nəfəs aləti zurnada çalırdım. Tamaşaçı çox təəccüblə baxır, alətləri dəyişdikcə məni alqışlayırdılar. Sonra hər bir alət haqqında sual verir və mən cavablandırırdım. Yaşlı bir professor "nə əcəb ingilis dilini bilməyirsiniz" sualını verdikdə, tərcüməçi özü sualı cavablandırdı və onu çox alqışladılar. Soruşdum ki, sən nə dedin? Cavabı belə oldu: “Dedim ki, Abbasqulu Nəcəfzadə 80-dən artıq çalğı alətinin “dil”ini bilir. Bir adam 2-3 çalğı alətinin “dil”ini öyrənə bilər. Bu qədər alətin hər birini öz “dil”ində bizə çatdırdı. Bunlar məncə ingilis dilini əvəz edə bilər”.

Əslində professorun sözündə həqiqət var, ingilis dilini hər bir alim mükəmməl bilməlidir. Mən fransız və fars dillərində müəyyən qədər fikrimi izah edirəm.

- Uğurlarınız boldur, tanınırsız. Deyin, heç bədxahlarınız olubmu?

- Bədxahların sayı-hesabı yoxdur. Hər addımda adama badalaq vermək istəyirlər. İstər elmdə, istər ifaçılıq sənətində, istərsə də pedaqoji fəaliyyətdə “ayaqdan çəkən” çox olur. Mən bunlara fikir vermirəm, öz yolumu davam edirəm. Amma dünyada yaxşı insanlar daha çoxdur, bu da həyatda insanda nikbinlik yaradır. Ulu Tanrının mənim qarşıma çıxardığı şəxslər haqqında əvvəlki suallarda qismən cavab vermişəm. Hələlik mənimçün sonuncu olan bir alimin də adını xüsusi qeyd etmək istəyirəm – Ali Attestasiya Komissiyasının Baş elmi katibi, aparat rəhbəri, texniка üzrə elmlər doktoru, professor Arif Quliyev. Arif müəllimin qəbulunda oldum, problemimi söylədim və məsələ müsbət həllini tapdı. Bu geniş ürəkli alimlə qısa söhbət zamanı onun musiqişünaslıq sahəsindəki biliyinə heyran qaldım. Azərbaycan elminin keşiyində duran əsl belə ziyalılarımızın varlığıyla böyük qürur duyuram. Oxucu fikirlərimi düzgün qəbul etsin, düşüncələrim ona görə deyil ki, problemimi həll etdi, həll olunmasaydı belə Arif müəllimin arifliyinə vuruldum. Nə yaxşı ki, 60 yaşımda 85 yaşlı bu alimin əlini sıxmaq mənə nəsib oldu.

- İndilərdə nə işlə məşğulsunuz?

- Qarşıda 60 illiyim qeyd olunmalıdır. Bu münasibətlə tədqiqatçı, ifaçı, pedaqoq, bir sıra sanballı əsərlərin müəllifi Əhsən Rəhmanlı həyat və yaradıcılığımla bağlı monoqrafiya hazırlayır. Mənim bir fəaliyyətim də bəstəkarlıqdır. Bəstələdiyim 60-a yaxın melodiyalarımı notlaşdırıb toplu halında nəşr etdirmək istəyirəm. Artıq müəllifi olduğum 4 mahnım notlaşdırılıb və işıq üzü görüb. Boş vaxtlarımda nəvələrim – Məryəm və Aidə ilə babalığın ləzzətini alıram. Məzuniyyətdə olduğumdan nəvələrlə daha çox məşğul olmağa vaxt tapıram.

Tarix
2017.08.14 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla