Yuxarı

Roma belə əxlaqsız hökmran görməmişdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci imperator, birinci tiran – Tiberi

"İnsanlar qul olmağa adət ediblər"

Tiberi. Roma imperatoru

"Yazıq Roma xalqı, elə ləng çənədə çeynəniləcək ki…"

Oktavian Avqust. Birinci Roma imperatoru

Eramızın 37-ci ilində martın 16-da Roma xalqı imperator Tiberinin ölüm xəbərini alıb küçələrə töküldü. Xalq "Tiberini Tibrə" (Tibr çayına) bağıraraq bayram etməyə başladı.

İmperator Tiberi Romadan uzaqda, Kapridəki villasında ölmüşdü. Uzun illədrdi ki, imperator sui-qəsdlərdən ehtiyat etdiyi üçün ya Kapri adasında, ya da Kampaniyadakı villasında yaşayırdı. Həyatının son altı ilində isə o, Romaya ayağını belə qoymamışdı. Xalqın isə sevinməyə haqqı vardı. Çünki Roma hələ ki, bütün tarixi boyunca belə bir tiran, manyak və əxlaqsız hökmran görməmişdi. Amma bu, hələ başlanğacdı. Romanı irəlidə daha böyük tiranlar və daha böyük əxlaqsızlıqlar gözləyirdi.

İmperatorun yeznəsi və oğulluğu

Eramızdan əvvəl 12-ci ildə imperator Avqustun yaxın dostu, silahdaşı və varisi, qızı Yuliyanın əri Aqrippa ölür. Aqrippanın ölümündən sonra Avqust qızına ər, özünə isə varis axtarmağa başlayır. Həmişə təsiri altında olduğu Klavdiya ondan oğlu Tiberini seçməsini istəyir və buna nail olur.

Çox sevdiyi arvadı Vipsani ilə xöşbəxt yaşayan Tiberi birdən imperatordan arvadını boşaması və onun qızı ilə evlənməsi haqqında əmr alır. İşin qəribə tərəfi o idi ki, Tiberinin birinci arvadı Vipsani Yuliyanın ölən əri Aqrippanın birinci kəbindən olan qızı idi. Tiberi arvadından göz yaşları içində ayrılır. İmperator ona keçmiş arvadı ilə görüşməyi qadağan edir. Onların oğlu Druz isə Avqustun evinə aparılır və orda tərbiyə olunur.

Yuliya Romada əxlaqsızlığı ilə ad çıxarmışdı və Aqrippadan 5 uşağı vardı. Daha əvvəllərdə o Tiberini yoldan çıxarmağa və yatağına salmağa dəfələrlə cəhd etmişdi. Evləndikdən sonra Tiberinin sevgisinə nail ola bilməyən Yuliya yenidən ehtirasını kənarda söndürməyə davam edir. Arvadının əxlaqsızlığından təngə gələn Tiberi könüllü olaraq Romanı tərk edir və bununla da Avqustun qəzəbinə nail olur. Nəhayət Romada gəzən dedi-qodulardan bezən Avqust qızını Romadan tənha bir adaya sürgün edir və onu Tiberidən boşayır. Yuliyanının yaşadığı adaya kişilərin ayaq basması yasaqlanır. Tiberi imperator olduqdan sonra isə keçmiş arvadını faktiki olaraq acından öldürür.

Eramızın 4-cü ilində dalbadal iki nəvəsini itirən Avqust məcburən Tiberini oğulluğa götürür və bununla da Tiberi Avqustun hakimiyyətinin varisinə çevrilir. Bir müddət sonra Avqust fikrini dəyişib nəvəsi Aqrippa Postumu varis elan etmək istəsə də, Liviyanın işə qarışması nəticəsində Avqust fikrindən daşınmalı olur. Aqrippa Postum isə sürgün olunur. Avqustun öldüyü gün Aqrippa Postum da öldürülür.

Tiberi imperator olur

Eramızın 14-cü ilində Avqust Kampaniyada ölür. Oğlunu təcili olaraq Kampaniyaya çağıran Liviya imperatorun ölümünü gizli saxlayır. Eyni zamanda sürgündə olan Avqustun nəvəsi Aqrippa Postumun öldürülməsi haqqında göstəriş verir. Tiberi Kampaniyaya gəldikdən sonra hərbi tribun ona əmrin yerinə yetirildiyini və Aqrippa Postumun öldürülüdyünü bildirir. Tiberi heç kimə belə bir əmr vermədiyini söyləyir. Özünü təmizə çıxarmaq üçün Tiberi Aqrppanın ölümünün Senat tərəfindən araşdırılmasını tələb edir. Lakin gizli əmrlə senatorlara hakimiyyətin digər iddiaçısının ölümünün araşdırmağı yasaqlayır. Aqrippanının ölümü tez bir zamanda unudulur.

Avqustun dəfnindən sonra senata gələn Tiberi hakimiyyəti qəbul etməkdən imtina edir. O bir zaman Avqustun etdiyi kimi artistlik edir və hakimiyyət yükünü daşıya bilməyəcəyini bəyan edir. Lakin gözləntisinin əksinə olaraq Senat ona hakimiyyəti qəbul etmək üçün yalvarmır. Hətta senatorlardan biri yerindən, "Ya idarə elə, ya da çıx get",- deyə qışqırır. İşarə o qədər açıq idi ki, Tiberi naz etməkdən həmən vaz keçir və Senatın verdiyi hakimiyyəti qəbul edir.

İmperator olaraq Senatla ilk təmasını Tiberi heç zaman unutmur. O, Senata olan nifrətini gizlətmir. Sonradan o senatorların heç birini öz ətrafına yaxın buraxmır. Hətta senatorlara onu salamlamaq imkanı belə verilmir.

Ancaq Tiberinin problemi təkcə Senatla bağlı deyil. İlliriya və Almaniya orduları yeni imperatoru qəbul etməkdən imtina edir. Ordunu sakitləşdirmək üçün Tiberi özünün varisi və oğulluğu Germaniki Almaniyaya yollayır. Almaniyadan qələbə ilə geri dönən Germanik Şərq canişini olaraq Suriyaya yola düşür. Bir neçə ildən sonra ordunun və Roma xalıqının sevimlisi gənc Germanik orda zəhərlənərək ölür. Ölməmişdən əvvəl o atalığının dostu Suriya valisi Pizonu onu zəhərləməkdə ittiham edir. Romada imperağorun öz oğulluğunu zəhərləməsi haqqında şayilər dolaşır. Buna baxmayaraq Tiberi Pizonu müdafiə edir.

Germanik xalqın və ordunun böyük sevgisini qazandığına görə Tiberinin qorxusuna çevrilmişdi və demək olar ki, imperator öz oğulluğuna olan həsədini gizlədə bilmirdi. Ona görə də Tiberinin oğulluğunu öldürülməsi haqqında dolayısı ilə əmr verməsi gözləniləndi. Bir qədər sonra Pizon intihar edir və bunula da Germanikin öldürülməsi söz-söhbətinə son qoyulur.

Pornoqrafiya artistləri

Gənclik illərində özünün qatı əxlaqsızlığını gizlədə bilən Tiberi çoxları tərəfindən sevilir. O, gözəl hakim, vəkil, istedadlı sərkərdə kimi tanınır. Avqustun hakimiyyət illərində o bir çox müharibələrə qatılır və Roma torpaqlarını genişləndirir. Lakin hakimiyyətə gəldikdən sonra bir qarış da torpaq almır. Tiberi ümumiyyətlə, dövlətin işləri ilə çox az maraqlanır. Hətta əyalətlərə uzun illər boyu valilər təyin olunmur. Gənclik illərində özünü nümunəvi vətəndaş və görkəmli sərkərdə kimi tanıdan imperator yaşlandıqdan sonra vaxtını ancaq əyyaşlıq və pozğunluq içində keçirir.

56 yaşında sonsuz hakimiyyət sahibi olan Tiberi hakimiyyətə gəldikdən bir neçə il sonra içində gizli saxladığı bütün pislikləri ortaya qoyur. Hələ dünya onun etdiyi vəhşiliklərin və əxlaqsızlıqların şahidi olmaışdı. Ondan sonra pozğunluq və əxlaqsızlıq imperatorlar üçün adi qaydaya çevrildi. İmperatorların işi, sadəcə, əyyaşlıq və eyş-işrətlə vaxt keçirməkdən ibarət oldu.

İlk illər o, hakimiyyətini itirməkdən qorxur və nümunəvi vətəndaş olduğunu nümayiş etdirməyə çalışırdı. Lakin tam olaraq hakimiyyəti ələ aldıqdan sonra ortaya heç kimin tanımadığı bir Tiberi çıxdı. Artıq yaşlanan imperator bütün zamanını eyş-işrətə həsr edirdi. Onun içində sözün həqiqi mənasında bir canavar doğulmuşdu.

Eramızın 26-cı ilində Romanı tərk etdikdən sonra isə Tiberi Kapri adasını tamamilə eyş-işrət və orqazm adasına çevirir. Adadakı 12 villanın hər yerində "Venera guşələri" yaradılır. Bu güşələrdə gecə-gündüz yeniyetmə "pornoqrafiya artistləri" hazır dayanır. Çünki hər an imperator "Venera guşələri"ndən birinə təşrif gətirə bilərdi. Əgər imperator adadakı meşədə gəzintiyə çıxırdısa, onun yolu boyunca hər addımda yeniyetmə oğlan və qızlar sevişirlər. Tiberi gəzərək onları seyr edir, xüsusilə yeniyetmələrin homoseksual oyunlarını böyük maraqla izləyirdi.

Axşamlar imperator şərab içir və müxtəlif otaqlarda sevişən yeniyetmələri seyr edirdi. Hər yerdən dəstə-dəstə adaya gətirilən yeniyetmə qız və oğlanlarla xüsusi müəllimlər məşğul olur, azyaşlı uşaqlara seksual pozğunluğun bütün sirrləri öyrədilirdi. Gecələr isə imperator adətən öz yatağına bir neçə azyaşlı oğlan alır, onları əzizləyərək "mənim balıqlarım" deyə çağırırdı. Tiberinin öz yatağına aldığı qızlar isə bir qayda olaraq azyaşlı və bakirə olurdular. Bununla yaşlı imperator öz sönməkdə olan şəhvətini doyuzdurmağa çalışırdı.

Tiberinin saysız yataq otaqlarını rəssamlar pornoqrafik şəkillərlə bəzəmişdilər və bütün divarlarda çılğın orqiyalar təsvir olunmuşdu. Bu otaqlara girən abırlı bir adam ikinci dəfə həmin otaqlara girmək istəmirdi. Tiberinin ziyafətlərində yeniyetmə qul qızlar lüt halda qonaqlara qulluq edirdi. Bu zaman imperatordan izinsiz kiminsə lüt cariyələrə toxunması Tiberinin ciddi qəzəbinə səbəb ola bilərdi. Ona görə hər kəs imperatorun eyş-işrətə başlamasını gözləyərdi.

İmperatorun yatağına saldığı və "Venera guşələri"ndə seyr etdiyi yeniyetmə oğlanların böyük hissəsi isə qulların uşaqları deyil, Roma patrisilərinin uşaqları idi.

İmperator sadist

Tarix adətən Tiberinin zalımlığına və dəhşətli işgəncə növləri tapmasına da mat qalır. Bir qayda olaraq Kapri adasında hər gün onlarla, bəzən isə, yüzlərlə dustaq, ya da qul qətl olunurdu. Adətən qətliamlar dənizə açılan qayanın üstündə həyata keçirilir və cəsədləri dənizə tullayırdılar. Aşağıda isə qayıqla üzən qullar sağ qalanları avarlarla öldürürdü. Bütün bunları Tiberi şəxsən izləyir və dəhşətli edamlardan böyük həzz alırdı.

Tiberinin ən çox sevdiyi öldürmə üsulu isə adamı gerçəkdən dəhşətə gətirir. Demək olar ki, hər gün imperator ziyafətlər verir və bu ziyafətlərdə şərab su yerinə axırdı. İmperatorun qonaqları isə Kapriyə qonaq dəvət olunan Romanın tanınmış şəxsləri olardı. Kifayət qədə içki içildikdən sonra Tiberinin işarəsi ilə qullar birdən kiminsə üzərinə atılırdı. Tiberinin xoşlanmadığı zavallını qullar yerə yıxır və cinsiyyət orqanını nazik iplə möhkəmcə bağlayır, sonra yenidən imperatorun "qurbanının" boğazına şərab tökürdülər. Sonra isə Tiberi saatlarla qonaqları ilə oturub şərab içir və dəhşətli iztirabdan qovrulan "qurbanının" yalvarışlarına qulaq asırdı. Nəhayət zavallının sidik kisəsi partlayır və sidikdən qanı zəhərlənən "qurban" dəhşətli əzablarla ölürdü.

Bütün bunları diqqətlə seyr edən və inanılmaz həzz alan Tiberi səhərə yaxın ziyafəti sakitcə tərk edir və yataq otağına keçirdi. Yataq otağında isə yaşlı imperator yatana qədər yeniyetmələr pornoqrafik tamaşalar göstərirdilər. Buna görə də Tiberinin ziyafətinə dəvət olunan hər kəs dəhşətli qorxu içində gecə boyu başına nələr gələcəyinin həyəcanı ilə yaşayırdı.

İy verən qoca keçi

Tiberinin digər əyləncəsi isə Romanın tanınmış ailələrinin qadınlarını zorla yatağına salması idi. Roma tarixçisi Qay Svetoniy Trankvil yazır ki, Malloni adlı tanınmış romalı xanımı onunla yatağa girməyə məcbur etsə də, başqa pozğun hərəkətlərə məcbur edə bilmir. Ona görə də bədbəxt qadını şərləyib həbs etdirir. Məhkəmədə qadından hələ də peşman olub-olmadığını soruşduqda isə, qadın onu iy verən qoca keçi adlandıraraq xəncərlə özünü öldürür. Elə o zamandan da Tiberini romalılar "iy verən qoca keçi" adlandırmağa başlayırlar.

Bir dəfə qurban mərasimində Tiberinin məbəddə qulluq edən iki qardaşa gözü düşür. Hər iki yeniyetmə ilə elə məbəddəcə mərasim başa çatar-çatmaz cinsi əlaqədə olan Tiberi sonradan yeniyetmələrin hər ikisinin dizlərinin sındırılmasını əmr edir.

Bir dəfə isə dəniz sahilində gəzərkən bir balıqçı onun qarşısında diz çöküb böyük bir balığın ondan hədiyyə olaraq qəbul edilməsini istəyir. Tiberi balıqçının hədiyyə etdiyi balıqla sifətinə vuru-vura öldürülməsini tələb edir. Zavalı balıqçını elə o şəkildə də öldürüb dənizə atırlar.

Donosçuluq

Tiberinin dönəmində "donosçuluq" ən hörmətli peşəyə çevrilmişdi. Bu həm də toxunulmazlıq yaradırdı. İmperator "donosçulara" toxunmurdu. Əksinə, onlara imtiyazlar verirdi. Hər hansı bir "donosçunun" gətirdiyi xəbər isə yoxlamağı düşünmürdü. Sadəcə, edam hökmü verirdi.

Xəbərçilərin vasitəsi ilə Tiberi böyük sərvət toplayırdı. Şərlənərək öldürülən insanların bütün sərvəti ona qalırdı. Bunun üçün də o, Romanın ən varlı adamlarını şərləyib öldürürdü.

Həddindən artıq xəsis olan Tiberi demək olar ki, heç kimə hədiyyə verməzmiş. Onun hakimiyyəti dövründə adını əbədiləşdirəcək heç bir böyük tikinti işləri də aparılmırdı. Pul tələb etdiyinə görə Tiberi müharibə aparmaqdan da tamamilə imtina etmişdi. Onun dönəmində İran Kiçik Asiyanı və Qafqazı yenidən geri qaytarmışdı. Hətta İran şahı Artaban yazdığı məktubda onu təhqir etsə də, Tiberi özünü İran şahına cavab vermək üçün əziyyətə salmaq istəməmişdi. Artaban onu əxlaqsız və pozğun adlandıraraq öz qohumlarını öldürməkdə ittiham etmişdi.

İmperator öz ailəsini məhv edir

Tiberinin vəhşiliyi və qəddarlığı heç bir sərhəd tanımırdı. O, faktiki olaraq hakimiyyətinə şərik ola biləcək hər kəsi öldürürdü. Buna görə də hakimiyyətinin sonuna yaxın qohumlarından ancaq bir neçə adam sağ qala bilmişdi. Onlardan biri isə Germanikin kiçik oğlu, gələcək imperator Kaliqula idi.

Qohumları arasında o ilk nifrətini qardaşı Druza qarşı yönəltmişdi. O qorxurdu ki, anası və Avqust onu deyil, qardaşının varis seçərlər. Ona görə də o qardaşını şərləyərək Avqusta sui-qəsd hazırlamaqda ittiham edir. Avqust buna görə Druzu əvvəl sürgün edir, sonra isə öldürülməsini əmr edir. Öz arvadı Yuliyanı isə o, sürgündə ölümə məhkum edir.

Anası isə elə hakimiyyətinin ilk illərində onun ağır yükünə çevrilir. Çünki anası onunla hakimiyyəti bölüşməyi tələb edir. Hər halda Liviya ona hər an hakimiyyəti kimin verdiyini başına qaxanc edir. Tiberinin Avqustun varisi və daha sonra imperator olması sözsüz birbaşa anası Klavdiyanının zəhmətinin bəhrəsi idi. Liviya tam 40 il oğlunun imperator olması üçün mübarizə aparmış, siyasi intriqalara getmiş və sonucda oğlunu imperator taxtına otuzdura bilmişdi. Ancaq bir neçə ildən sonra Tiberi lə anasının arasında ciddi gərginlik və münaqişə meydana çıxır. Münaqişəninin tək səbəbi isə Liviyanının oğlu ilə birlikdə hökmranlıq etmək istəməsi, Tiberinin isə buna dözmək istəməmsi idi. İmperator Avqustun arvadı və imperator Tiberinin anası elə bu üzdən həyatının son günlərini tənhalıqda keçirir. O, öldükdən sonra isə Tiberi Senatda anası üçün yas saxlamağı qadağan edir.

Oğlanlarına qarşı isə Tiberi heç bir zaman atalıq sevgisi göstərmir. Öz doğma oğlu Druza olan ikrahını isə gizlətmir. Əvvəl oğulluğu Germanikin, sonra isə doğma oğlu Druzun ölümü onda heç bir depressiya yaratmır və imperator pozğun həyat tərzi sürməyə davam edir.

Germanik öldükdən sonra isə Tiberinin onun arvadı və oğlanları ilə haqq-hesab çəkməyə başlayır. Germanikin arvadı Aqrippinanın döyə-döyə gözlərini çıxarırlar. Bundan sonra bədbəxt qadın özünü acından öldürmək isətəsə də, Tiberinin əmri ilə onu zorla yedirirlər. Çünki Tiberidən ölüm istəyənlərə heç bir zaman ölüm vermir, zorla onları yaşamağa məcbur edir. Ölümdən qorxanları isə öldürür. Bir dəfə Karnul adlı birisinin işgəncələrə dözməyərək öldüyü xəbərini alan imperator qəzəblə yumruğunu sıxaraq demişdi: "Karnul əlimdən qaçdı".

Germanikin oğlanları Neron və Druz isə İmperatorun əmri ilə acından öldürüldülər. Neron Ponti adasında, Druz isə imperatorun sarayının zirzəmisində acından öldü. Onları dəfn belə etmədilər. Uzun müddət sonra yeniyetmələrin sümüklərini toplayıb atalarının yanında torpağa tapşırdılar. Yalnız Germanikin oğlu Qay Kaliqula sağ qalmağı bacardı və Tiberidən sonra imperatorluq çələngini başına qoydu. Amma imperator bir il daha artıq yaşasaydı, Qay Kaliqulanın və doğma nəvəsi Tiberinin ölümü qaçılmaz olacaqdı. O öz nəvəsi Tiberini ümumiyyətlə qəbul etmir, onu bic hesab edirdi.

Tiranın ölümü

37-ci ilin əvvələrində Tiberinin səhhəti birdən bir-birə pisləşməyə başlayır. Buna baxmayaraq o özünün orqiyalarını davam etdirir. Martın 16-da imperator Mizendəki villasında huşunu itirir. Onun yanında olan əyanı Makron və varisi Qay Kaliqula imperatorun öldüyünü zənn edirlər. İmperatorun ölüm xəbəri yayılır və ətrafdakılar Qay Kaliqulanı təbrik etməyə başlayırlar. Bir qədər sonra Tiberi gözlərini açır. Ətrafdakılar dəhşətlə otaqdan qaçır. Lakin Makron və Kaliqula özlərini itirmirlər. İkili imperatorun üstünə cümür. Kaliqula Tiberinin paltarını ağzına soxaraq onu boğur. Bəzilərinə görə isə Kaliqula daha əvvəldən imperatora gec təsir edən zəhər veribmiş.

Romanı əxlaqsızlıq içində boğan imperator Tiberi ölərkən 78 yaşı vardı. Onun cənazəsini Romaya aparıb yandırdılar. İmperatorun ölümü ilə bağlı Senat matəm elan etmədi. Xalq isə bayram edirdi.

Tarix
2013.11.21 / 11:23
Müəllif
Azər Qaramanlı
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla