Yuxarı

“Qızı Alı Mustafayevə vermədilər, elçiliyə atam getdi...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın “Xatirə dəftəri” layihəsinin budəfəki qonağı İqtisadiyyat üzrə fəlsəfə doktoru, professor, mərhum şair Famil Mehdinin oğlu Şamil Mehdidir.

- Şamil bəy, atanızla bağlı xatirələrinizə ilk günlərdən başlamağınızı istərdim. Körpələrin yaddaşı iti olur axı...

- Uşaqlıq yaddaşıma həkk olunan ilk xatirələr atamın dərin hörmətə malik olması idi. Evdə anamın, yaşadığımız ünvanda qonşuların, iş yerində müəllim yoldaşları və tələbələrinin, Ağdamda, Şuşada qohum-əqrəbanın, həmyerlilərimizin sərhədsiz hörmətini görürdüm. Bunun bir səbəbi mənsub olduğu kökə, nəslə bağlıydısa, ikinci, əsas səbəbi özünün alicənablığı, mədəniyyəti, təvazökarlığı, həyat tərzi, sadəliyi ilə bağlı idi.

Atam əmək fəaliyyətinə “Bakı-Baku” qəzetində başlayıb, qısa müddətdən sonra Bakı Dövlət Universitetində (o vaxt Azərbaycan Dövlət Universiteti) davam edib və ömrünün sonuna qədər özü yaratdığı kafedraya rəhbərlik edib. Eyni zamanda, 1959-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvü idi. Universiteti də, Yazıçılar İttifaqını da özünə doğma məkan bilirdi. Səhər tezdən, məni və qardaşımı məktəbə qoyub universitetə işə gedərdi. Günorta saat 4-5-də evə gələr, gecə saatlarına qədər kabinetində işləyərdi. Televizora nadir hallarda baxardı, xəbərlərlə maraqlanardı.

- Yaşınızın üstünə yaş gəldikcə Famil Mehdini necə tanıdınız? Nələri gördünüz, kimləri tanıdınız atanızın ətrafında? Onunla dost ola bildinizmi?

- Yetkinlik yaşlarında atamın yeni xüsusiyyətlərini görməyə başladım. Şəxsən özünə ziyan olsa da prinsipiallığını, heç vaxt yalan danışmadığını, yaşından asılı olmayaraq ahıla, uşağa hörmətlə yanaşmağını və digər cəhətləri müşahidə etdim. Tanıdı-tanımadı, müraciət edənləri dinləməyinin, dərdlərinə qulaq asdığının, imkanı dairəsində yardımçı olduğunun şahidi oldum.

Sualınıza cavab verdiyim zaman ərzində nə qədər xatırlamaq istədimsə də, yadıma düşmədi ki, kiminsə haqqında mənfi fikir söyləsin və ya kimlərsə dedi-qodu eləsin. Xoşu gəlməyən şəxs haqqında söz düşəndə danışmazdı, sadəcə, gülümsəyib keçərdi.

- Yəqin, kiçik yaşlarınızda atanızla səfər yoldaşı da olmusunuz.

- Tez-tez Qarabağda, digər bölgələrdə keçirilən müxtəlif bədii-kütləvi tədbirlərə bizi də aparırdı. Bu tədbirlərdə canlı klassikləri – Mirzə İbrahimovu, Əli Vəliyevi, Bayram Bayramovu, İsmayıl Şıxlını, Süleyman Rüstəmi, Nəbi Xəzrini, Sabir Əhmədlini, Bəxtiyar Vahabzadəni və digərlərini görürdüm, söhbətlərini dinləyirdim. Yeri gəlmişkən, mənim adımı Bayram müəllimin təklifi ilə qoyublar.

- Demək, yaşıdlarınızdan fərqli olaraq, məşhur yazarlarla kiçik yaşlarınızdan görüşmüsünüz.

- Bəli. Atamın mənsub olduğu yaradıcı nəsildən Tofiq Bayram, Məmməd Araz, Xəlil Rza, Əli Kərim, Əlfi Qasımov və b. ilə müxtəlif tədbirlərdə rastlaşırdıq.

Universitetdə çalışan Şirmməmməd Hüseynov, Nəsir İmanquliyev, Nurəddin Babayev, Qulu Xəlilov, Tofiq Hacıyev, Pənah Xəlilov, Mahal Məmmədov və digərləri ilə ailəliklə münasibətlər var idi, istirahətə birgə gedərdik. O zaman keçirilən 1 may və 7 noyabr bayram paradlarında jurnalistika fakültəsinin müəllim və əməkdaşları ilə birlikdə mən, qardaşım, bacım da iştirak edərdik.

Xudu Məmmədov və Rafiq Əliyevlə görüşləri də yaddaqalan hadisələrdən olardı. Bu görüşlərdə olan söhbətlər əsl həyat məktəbi sayıla bilər. Çox sonralar, 1987-ci ildə mən Rafiq müəllimin qızı Kəmalə ilə ailə qurdum və nişan məclisində xeyir-duanı Xudu Məmmədov verdi, toy məclisini isə sevimli şairimiz Şahmar Əkbərzadə idarə etdi.

O zaman gənc şairlər - Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Vaqif Bayatlı, Sabir Rüstəmxanlı və b. haqqında ilk dəfə atamdan eşitmişdim. Deyirdi, yaxşı nəsil şairlər yetişir, hamımızı üstələyəcəklər. Səbəbini də deyirdi – çünki müstəqildirlər, asılı deyillər.

- Qarabağ nisgilini necə yaşadı?

- Bu suala cavab vermək çox çətindir. Bəlkə də bu sual belə səsləndirilməlidir: Qarabağın işğalından sonra Famil Mehdi yaşadımı? 1987-ci ilin sonunda başlayan Qarabağ hadisələri yüzminlərlə insan kimi, atamın da həyatını iki hissəyə - Qarabağ faciəsinə qədərki və sonrakı dövrə böldü.

1988-ci ilin fevralından ilk kütləvi xalq etirazları başlayandan 1993-cü ilin avqust-senyabr ayınadək bir gün belə rahatlıq tapmadı. Bir çox ziyalıların iştirakı ilə “Nicat” cəmiyyəti təsis etmişdi. Günlərlə, aylarla rayonlarda, kəndlərdə olurdu, orada yaşayan əhali ilə görüşürdü, özünümüdafiə batalyonlarının yaradılmasına, silah-sursatla təmin olunmalarına, yaralı və şəhid ailələrinə yardımın təşkil edilməsinə yardım edirdi.

Məcburi köçkün və qaçqınların yerləşdirilməsində, məskunlaşmasında olmazın əziyyət çəkdi. Hətta o vaxtkı daxili işlər naziri Milli Məclisin iclasında “Famil Mehdi şəhərdə qarşıdurma, gərginlik yaradır” bəyanatı vermişdi. Buna baxmayaraq, hər şeyini itirmiş insanların yerləşdirilməsinə yardım edirdi.

Qarabağda itirilmiş ərazilərin tezliklə geri qaytarılmasının yaxın vaxtlarda mümkün olmayacağı aydın olandan sonra atamın üzü gülsə də, ürəyi gülmədi.

Hamı kimi arzusunda olduğu Arazın o tayını, Təbrizi ilk dəfə ziyarət edəndə sevinirdi. Qardaşım Nərimanın oğlunun doğulması, bacım Yeganənin övladlarının dünyaya gəlməsi, böyük nəvələrinin təhsildəki nailiyyətləri əhval-ruhiyyəsinə müsbət təsir edirdi. Lakin bu sevinc epizodik olurdu və Qarabağ yaralarını sağalda bilməzdi. Səhhəti ilə bağlı həkimlərə müraciət edərkən müayinə vaxtı yaşını soruşanda onlarda təəccüb yaranırdı. Deyirdilər ki, olduğundan 10-15 yaş daha yaşlı görünür.

2003-cü ilin yayında, həyatının son aylarında 11 illik fasilədən sonra “Dillən professor, utanma, dillən” son şeirlər kitabını nəşr etdik. Kitabın çapı əhvalını bir xeyli yaxşılaşdırmışdı. Bir xeyli müddət avtoqrafların yazılması və kitabların paylanması ilə məşğul oldu.

- Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib, heç olubmu ki, bədxahları bu dostluğa ləkə salmaq istəsin və bacarsın?

- Atam epidemiya halına gələn yerlibazlıq, dəstəbazlıq xəstəliyindən uzaq idi. İntriqalara, dəstələrə baş qoşmazdı. Əminliklə deyə bilərəm: elə bir adam tapılmaz ki, atamın ona qarşı ədalətsiz, haqsız hərəkət etdiyini deyə bilsin.

İnsanlara şəxsi keyfiyyətlərinə görə qiymət verdiyi üçün onların haralı, kimin adamı olması və s. bu kimi kriteriyalar onu maraqlandırmırdı. Yeri düşəndə deyirdi ki, yerlibazlıq, dəstəbazlıq bu xalqı məhv edəcək.

- Bəs ailə başçısı olaraq necə idi? Sizə, ailəyə vaxt ayıra bilirdimi?

- Atam üçün ailə prioritet məsələ idi. Nə qədər məşğul olsa da, ailə məsələlərinə həmişə vaxt tapırdı. Ailənin nədənsə korluq çəkməsinə imkan verməzdi. O dövr üçün əmək haqqı yüksək idi – 550 manat maaş alırdı. Ondan başqa qəzet, jurnallarda çıxan məqalə və yazıların ödənişləri kifayət qədər yüksək idi. Demək olar ki, hər il kitabı nəşr olunurdu və ən azı 10-12 min manat qonorar alırdı. Ona görə də maddi tərəfdən ailə tam təmin olunurdu.

Yay tətilində ailəliklə SSRİ-nin gəzməli, istirahət etməli yerlərinə - Moskvaya, Leninqrada, Kiyevə, Yessentukiyə, Kislovodska gedərdik. Amma dərslər başlayana qədər qalan vaxtı kənddə - Ağdamda olurduq. İmkan düşən kimi Şuşaya, Turşsuya, Qırxqıza qalxardıq. Kəlbəcərin İstisuyuna, Taxtasına, Dəlidağına səfər edərdik.

Coğrafiya dərsində adlarına rast gəldiyimiz dağ silsilələrinin, çayların, göllərin, düzənliklərin, demək olar ki, hamısını öz gözlərimizlə görmüşdük. Yaşa dolduqca anlayırdım ki, atam çalışırdı bizə Vətənin nə olduğunu başa salsın, torpağa bağlılıq yaratsın. Bu xüsusiyyət onun milliliyindən irəli gəlirdi. Onda Azərbaycanın istənilən bölgəsinə böyük məhəbbət vardı.

Bu səfərlərdə yaddaşımda qalanlardan biri də orada yaşayan, tanımadığı insanlarla necə rahat ünsiyyət qurması idi. Zəhmətkeş insanlara böyük hörmətlə yanaşırdı, qarşılığında da eyni münasibət görürdü. Ehtiyac olub-olmamasından asılı olmayaraq, yol qırağında vedrə ilə meyvə-tərəvəz, giləmeyvə satanlardan (onlar da əsasən qadın və uşaqlar olardı) qiymət danışmadan bazarlıq edərdi. Anam alınan malların çəkisinin çox olmasına görə etiraz edəndə deyərdi ki, əziyyət çəkiblər, qoy könülləri xoş olsun.

- Dövr o dövr idi ki, senzura, təqib, təhdid, ehtiyatlı olmaq insktinkti və sair vardı. Heç təzyiqlərə məruz qalmışdımı?

- Kənarda baş verənləri ailəyə hiss etdirməzdi. Ən uzağı anama nə isə bildirərdi. Ancaq xatırlayıram ki, 70-ci illərin ortasında “İnsan unudulmur” poemasına görə bir neçə il təzyiqə məruz qaldı. Sonralar bu barədə xatirə-romanında oxudum.

- Gənclərə xüsusi qayğısı, diqqəti olub. Onlara görə olubmu ki, kimlərləsə üz-üzə gəlsin, haqqı nahaqqın ayağına vermədiyinə görə əl-ayağına dolaşsınlar?

- Atamın gəncliyi ağır keçib. Özü bu barədə xatirələrində yazıb. Ana tərəfdən qohumları repressiya olunub, doğma yurdlarından - Ağdamın Əhmədavar kəndindən pərən-pərən salınıb. Babası və iki cavan dayısı - biri 26 yaşında, diğəri 19 yaşında dünyalarını dəyişiblər. İşğala qədər babasının ikimərtəbəli evində 8 illik məktəb fəaliyyət göstərirdi. Birinci sinfə də bu məktəbdə başlamışdı. Atam deyirdi ki, müəllimlərin hamısı mənə hörmətlə yanaşırdılar, hətta bəziləri imkan düşəndə qulağıma pıçıldayırdılar ki, bil ha, bura sənin baba evindir.

Həm də uşaqlıq, gənclik dövrü müharibə və sonrakı ağır illərə təsadüf edib. Mənəvi və maddi sıxıntının nə olduğunu kitablardan yox, yaşadığı həyatdan bilirdi.

Elə buna görə də cavanlığından qohumlara, qonşulara, tanıyana da, tanımayana da güvənc yeri idi. Müraciət edəni ümidsiz yola salmazdı, imkan dairəsində yardım edərdi. Etdiklərinə heç vaxt təmanna güdməzdi. Professor Cahangir Məmmədlinin mənə dediyi kimi, onun toyu bizim evimizdə atam tərəfindən təşkil olub. Rəhmətlik Alı Mustafayevin bir neçə dəfə rədd cavabı veriləndən sonra elçiliyinə atam gedib və məsələ həll olunub.

- Ola bilməz ki, sizin ondan, onun da sizdən və başqalarından incimədiyi anlar olmasın. Mümkünsə, bu barədə də danışın.

- Məişət səviyyəsində kimdənsə incidiyi yadıma gəlmir. Olsa da, gözləntilərinin doğrulmaması səbəbindən ola bilərdi. Mənimlə bağlı bir neçə məqamda inciklik olmuşdu. Universitetdə tələbəykən xəbər tutdu ki, siqaret çəkirəm. Məndən xahiş etdi ki, tərgidim və söz verim ki, bir daha siqaret çəkməyəcəyəm. Mən də söz verdim, amma dərhal əməl edə bilmədim, bir neçə il keçdi. Bu müddət ərzində hiss edirdim ki, inciyir sözünü yerə saldığıma görə, ancaq üzə vurmurdu.

İkinci belə məqam, elmlər namizədi dissertasiyasının müdafiəsi ilə bağlı idi. Məsləhət gördü ki, müdafiəni vaxtında edim, sonraya saxlamayım. 1991-ci il idi, ölkədə ciddi proseslər gedirdi, böyük dəyişikliklər başlamışdı. Bunları əsas gətirib, bir az gözləmək qərarına gəldiyimi dedim. Heç nə demədi, amma hiss etdim ki, inciyir. Hadisələrin sonrakı gedişatı da göstərdi ki, nə qədər haqlıymış. Yalnız 2008-ci ildə namizədlik dissertasiyasını müdafiə etdim.

Tarix
2017.09.13 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla