Yuxarı

Şaban Nazpərinin adını çəkəndə udqunub dedi ki...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilgəh Kardioloji Sanatoriyası haqda ətraflı məlumat verməyə lüzum yoxdur. Qısaca onu deyək ki, Sovetlər dönəmindən fəaliyyət göstərən bu şəfa və istirahət ocağının adı-sanı, şöhrəti keçmiş SSRİ-nin və o vaxtın dost ölkələrinin qulağına çoxdan çatmışdı.

Xəzərin qoynunda yer alan sanatoriya fəaliyyətə başladığı gündən bu vaxta qədər öz ampluasındadır. İnsanlarımız bura sev-sevə, sevinə-sevinə gəlirlər. Dənizin kənarında bir cənnət məkandır. Havasına söz ola bilməz. Təsadüfi deyil ki, hər gün bura şəhərdən və şəhərətrafı yaşayış məskənlərindən xeyli adam gəlir, gəzinti və təmiz hava udmaqla istirahət edir.

Son illər hər yay məzuniyyətimin müəyyən hissəsini burada keçirirəm. Artıq burda hər il görüşdüyüm tanışlarım da var.

Budəfəki sakinlərin də əksəriyyəti “sovetdən qalma” adamlardır. Kənd təsərrüfatında, sənaye müəssisələrində, zavod və fabriklərdə, hüquq-mühafizə orqanlarında çalışan ahılları söhbətə tuturam. Xatirələrini Xəzərin ləpələri kimi vərəqləyirəm. Bir-birinin ardınca yada salınan xatirələrin arxasında bir qürur, iftixar hissi ilə yanaşı, bu günə gəlib çatmalarının və daha çox yaşamaq istədiklərinin gözləntiləri var. Niyə də olmasın? Onlar buna layiqdir, onlar bunu qazanıblar.

Həmin insanlardan bəhs edib, xatirələrini sizinlə bölüşəcəm. Silsilə yazacağım yazılarda təkcə xoş yaşamın, şirin bir ömrün daşıyıcılarının yox, eləcə də bir vaxtlar zillət və basqı altında yaşayan insanların da taleyindən bəhs olunacaq... İndi isə görüntü olaraq sanatoriyada ilk günlərdə müşahidə etdiklərimi yadıma salıram.

Sanatoriyanın baş həkimi də “köhnələrdəndir”, artıq tanışa çevrilib. Fürsəti fövtə vermirəm, “Bayıldan bayıra” kitabıma bir oxucu da tapıram.

- Sən hardan bilirsən ki, mən detektiv ədəbiyyatı daha çox xoşlayıram? Şeir kitabını da oxumuşam ha, - deyib, kitab şkafından “Burda darıxmaq olmaz” kitabımı göstərir.

Kitab dəfələrlə vərəqlənmiş, bəzi vərəqlər qatlanmış, işarələnmişdi. Bu, məni sevindirdi...

Qısaca deyim ki, mənim üçün ayrılan otağı bəyəndim. Əvvəlki illərə müqayisədə təmir olunan sanatoriya xüsusi diqqət çəkir.

Əsas korpusun 3 qatında təmizlik işlərinə Ayna xala baxır. Balacaboy, yaşlı, mehriban qadındır. “Nə lazım olsa, deyərsən”, - deyir. Qonşularımla maraqlanıram. “Özün görəcəksən, adama yovuşan deyillər. Böyük yerdə işləyənlər olublar, balaları da gəlib gedir”, - deməklə kifayətləndi. Qəribə gülüşü var. Xırda, ətrafı qırışlı gözləri təbəssümünün içində az qala “boğulub” yoxa çıxır. Bu qadını çox istədim. Gözləri “müştərinin” əlində, cibində deyil. Əlini cibinə salan sakinin isə əlini onun xalatının yan cibinə tərəf uzanmasını görmür. Dilində xeyir-duası, alqışı.

Məşhurlardan əməkdar artist Yusif Mustafayev buradadır. Saçını qısa vurdurub, başında nazik, günlüklü parça papaq var. Axşamlar və səhərlər gəzintiyə çıxdıqda qarşılaşırıq. Həmişəki kimi çox mehribandır:

- Əmioğlu, bura sakitdir, bir az dincəlmək gərəkdir. Ayaqlarımda, dizlərimdə xırda ağrılar olur. Sən bilirsən də, o vaxt qəza keçirdim.

Zarafat salıram:

- Məhərrəmlikdir də, məzuniyyətə çıxmısan...

Yusif müəllimlə həmsöhbət olmaq istəyənlər çoxdur. Yusif arada imkan tapıb məni təqdim edir:

- Biz ekrandayıq, görünürük, bu əmioğlu bilirsiniz kimdir?..

Və bundan sonra məni təqdim edir, sözlərimə oxuduğu mahnılardan misallar göstərir. Burada da işbazlar var. İstirahətə, müalicəyə gəlsələr də, bir çox ağır işlərini elə burada aşırırlar.

Hər gün konsert proqramları olur. Şam yeməyindən saat yarım sonra qoca və qarılar ağır addımlarla sanatoriyanın 3-cü qatında yerləşən kluba qalxırlar. Giriş 1 manatdır. Tamaşaçılara çay təklif olunur. Həftə ərzində 3 ansambl müxtəlif vaxtlarda konsert proqramları ilə çıxış edir. Müalicəyə gələnlərin ən çox xoşladığı müğənni Gülnarə Ədalətlidir. Mən şəxsən bu müğənnilərin heç birini tanımıram. Burada dostlaşdığım Lənkəranın Qumbaşı kəndindən olan Şaban kişi deyir ki, bu müğənniləri “dayanacaqdan” tutub gətirirlər. “Bunlar əslində evlərinə bazarlığa gedirmiş, iş-güclərini atıb bura oxumağa gəliblər. Nə var, nə var, özlərini Nazpəriyə oxşatsınlar”.

Şaban kişi Nazpərinin adını çəkəndə udqunur. Deyir ki, orta məktəbdə oxuyanda bir qızı sevirdim, Nazpəri onun cildinə girib, elə bil.

Burada yaşlı adamların məşğuliyyəti də elə qocafəndidir. Qadınlar 3-4 nəfər toplaşıb qeybət edirlər. Bir neçə dəfə söhbətlərinə qulaq kəsilmişəm. Ədəbi və əzəli mövzu qayınana-gəlin-baldız-kürəkən söhbətidir. Bütün hallarda da ya qaynı arvadları, ya baldızları, ya da uzaq qohum, qonşu gəlini yola vermir. Özlərinin isə maşallah, gəlin-qayınana problemləri olmur...

Ahıl kişilər isə domino və nərd taxtası arxasında cəm olurlar. Maraqlı oyun gedir. Arada kiçik narazılıqlar olmasa, bu birliklərin ideal olduğunu demək olar.

Özlərini idarə edə bilməyən, yüksək səslə danışıb istirahətdən, müalicədən çox, kefə gəldiklərini deyən orta yaş nəslinə mənsub insanlar da var ki, ağırtaxta kişilər onların hərəkətinə baxıb, “bala, sizin arzuladıqlarınızı Kislovodskda, Yesentukidə, Ukraynada kurortda olanda edərdik. Bura isə ocaqdır, ocağın oduna kül tökməyin”, - deyirlər.

Ardı var

Tarix
2017.10.17 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Stoltenberqdən İrəvanda ərazi açıqlaması

Nikol sirri açdı: Almatı Bəyanatından niyə bərk yapışıb?

NATO baş katibi Cənubi Qafqazdan “əliboş” qayıdır

Stoltenberq Bakıdan nəyi xahiş etdi?

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla