Yuxarı

Azərbaycanda qanuni oğru yoxdur - Həbsdən çıxan şair

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış şair Mahir Mehdi bu yaxınlarda azadlığa çıxıb. 1 il 6 ay həbs həyatı yaşayan şair polisə müqavimət maddəsi ilə həbs edilmişdi.

Kult.az-ın “İnsan taleyi” layihəsinin qonağı olan Mahir Mehdi həbsxanada gördüyü, yaşadığı hadisələrdən, o aləmin reallıqlarından danışıb:

- Mahir, bir müddətdir azadlıqdasan. “Ağır günün ömrü az olar” deyiblər, səndə necə oldu, papağını fırladın keçdi o ağır günlər, yoxsa günlərin ayağından daş asılmışdı?

- Vaxtın necə keçdiyini hiss eləmədim. Bir də gözümü açdım ki, getmək zamanıdır, növbəti hissəni keçirəm və səhər sayılmasında yerimə kimsə dayanıb. Türmədə yer heç vaxt boş qalmır. Hər gün kimsə gedir, kimsə gəlir. Boş qalmır nədir, ehh, sən ki, bunu yaxşı bilərsən, hər yerin öz qiyməti var.

Faiqcan, çöldə yazılanların içəriyə qətiyyən dəxli yoxdur. Yəni jurnalistlər türmə həyatından, gerçəkliyindən xəbərsizdirlər. Onların yazdıqları – razborka, filan lotu belə elədi, filan “qanuni oğru” avtoriteti öldürtdü - boş şeylərdir. Sənə cinayət aləmindən az-çox xəbərdar olan adam kimi deyirəm, Azərbaycanda bu dəqiqə qanuni oğru, kriminal avtoritet, oğru ideyası deyilən bir şey yoxdur. Hamısı şişirdilib. Sovetlər Birliyinin çöküşündən sonra Azərbaycanda oğru aləmi də dağıldı. İndi adları hallandırılanlar isə oğru qayda-qanunlarının nə olduğunu bilməyən yuxarılara bağlı, türmə dilində desək, mentlərə işləyən dələduzlar, reketlər, quldurlardır. Heyif ki, bizdə Rusiyadan fərqli olaraq belə şeyləri açıq yazmağa qorxurlar. Əgər doğrudan da oğru qayda-qanunu olsaydı, 5-ci zon da daxil, bütün zonlarda bu qədər özbaşınalıq olmazdı.

Acınacaqlı odur ki, dustaqlar arasında birlik yoxdur. Hamı bir-birinin ətini yeməyə hazırdır. Gəncə əhli ayrı, Lənkəran əhli ayrı, Salyan əhli ayrı... Hərəsinin də başında əhləbaxan durur. Yəni müftəyeyən. Təzə gedəndə məndən soruşdular ki, hansı əhlə çıxmısan. Dedim ki, əhlim də özüməm, əhləbaxan da. Orada hansısa əhlə çıxmayan dustağa pis baxırdılar. Ancaq bu, mənim vecimə də deyildi. Kimin hünəri nə idi mənə pis baxsın?! Hamı bilirdi ki, mənim öz aləmim var; oxumaqla, yazı-pozu ilə məşğulam. Özün də yaxşı bilirsən ki, çöldə 1 manata aldığımız şey orada 2-3 manata satılır. 1 manatın üstündə dustaqların bir-birini al-qana boyamasının şahidi olmuşam, olmusan, yazılarını oxumuşam, bilirəm. Heç bir dustaq öz haqqını tələb eləyə bilmir. O dəqiqə dərsi verilir. Türmədə bir insan kimi özünü saxlamaq çətin məsələdir. Ora kişi kimi gedib, kişi kimi qayıtmaq zor işdir. Ora elə bir yerdir ki, döyüləndən, işgəncə veriləndən sonra nəinki dostuna özünə də şər ata bilərsən, yəni eləmədiyin bir şeyi boynuna ala bilərsən. Orada mən heç kəsə, hətta özümə də inanıb etibar eləmirdim.

- Mahir, darıxırdınmı, deyə soruşmuram, adam özü özü üçün də darıxır, de, heç karıxdığın vaxtlar oldumu?

- Darıxmaq onsuz da mənim professiyamdır, işim-peşəmdir, bundan başqa əlimdən nə gəlir ki? Türmədə darıxmağın da dadını çıxardım, ancaq karıxmağa gəlincə, bir dəfə də büdrəmədim, oturuşmuş, həyatın hər bir çətinliyini görmüş adamam. Orada dustağından-nəzarətçisinəcən hamı hörmətlə yanaşırdı mənə. Ən bərkgedən oğlan da, ortalıq uşağı da mənimlə ədəb-ərkanla görüşürdü. Orada ədəbiyyatımızı layiqincə təmsil eləyə bildim (gülür). Çöldə, çevrəmdəki yoldaşlar haqqımda çox dedi-qodular elədilər. Orada da qulağıma gəlib çatdı bəzisi. Ancaq türmədə min nəfərin içində karıxmadan yaşamaq hər oğulun işi deyil. Həmin dedi-qoduçular ora düşsəydilər, bir çoxlarının yeri bilirsən də hara olardı? Bu mənada darıxdım, ancaq karıxmadım.

- O tərəflərdə olmaq, gözlərini uzaq bir nöqtəyə dikmək kimi bir şeydir. Kimlərin yolunu gözlədin?

- Anamı çox gözlədim… Gözəlim anamı. Öldüyünü bilsəm də, mənə elə gəlirdi ki, hələ sağdır - həqiqətən deyirəm. Birdən elə sayırdım ki, bu dəqiqə mikrofonla məni görüşə çağıracaqlar. Növbətçi hissəni keçib, görüş otağına gedəcəm. Anamı orada oturmuş görəcəm və o mənə həmişəki kimi gülümsünüb deyəcək: “Mahan, ürəyim sənə qurban”. Bir də sevdiyim xanımı gözləyirdim, sonra öyrəndim ki, gəlib, görüşə icazə verməyiblər. Başqa heç kəsi gözləməmişəm, bircə dəqiqə də. Özümə qadağan eləmişdim yol gözləməyi. Türmədə də özümü azadlıqdan məhrum eləmişdim, həbsim də həbs olunmuşdu, susdurmuşdum öz istəklərimi. Oxuyurdum, yazırdım öz mühitimi qurmuşdum. Min nəfərin içində özümü min birinci sayırdım. Gün ərzində bizi 3 dəfə sayırdılar. Dəstə rəisi mayor Bayram həmişə ən axırlarda çəkirdi adımı.

- Səncə, onlar, dost bildiklərin niyə gəlmədi? Sən yaxşı dost seçməmisən, onlar yaxşı dost olmadılar, yaxud imkansızlıq?

- Heç vaxt seçməmişəm, həmişə məni seçiblər. Ona görə də kimisə suçlu çıxarıb, qınamaq fikrindən çox uzağam. Adam orada hamını çox gözəl tanıyır, hətta tanıdığı adamları belə. Dostları, yoldaşları, qohumları hətta çöldəki Mahiri belə bayırda soyunub girmişdim zona. Orada dostum da, yoldaşım da özüm idim. Bir də sevdiyim xanıma yazdığım şeirlər. Bir də kitablar… öz aləmim, öz düşüncələrim.

- Şeirlərini oxudum, oraların havası da vardı misralarda, havasızlığı hiss etdinmi orada?

- Həbsdə xeyli şeir yazmışdım. Bəzi dəftərlərimi “şmonda”, yəni axtarış olanda götürdülər. Sonra it-bata düşdü. Türmədən sonra isə Bakıda idman çantamı yerə qoyub telefonla danışırdım, bir də ayıldım ki, aparıblar. İçində dəftərlərdən başqa qiymətli bir şeyim yoxuydu… Yaxşı ki, oradakı şeirlərin bəzisini əzbərləmişdim, ancaq maraqlı qeydlərim vardı, bir povest, iki-üç hekayəyə bəs edəcək qədər... Orada da imkan daxilində işləməyə, havasızlığa, hava vurmağa çalışırdım. Ancaq ora düşməyi faciə-zad saymıram. Yazan üçün bəs qədər material var orada: Əsl insan mənzərələri, qadınsız kişilərin yaşam tərzi, düşüncələri, qumarbazlar, işverənlər, üzdəniraqlar, hərəsi bir roman, bir film, bir kitab… Ən maraqlısı odur ki, ora düşənlərin heç biri özlərini günahkar saymır, hamısı haqsız yerə tutulduğunu deyir. Günahı kiminsə boynuna atıb, özünü təmizə çıxarmağa çalışır. Orada çay, qənd, siqaret ən qiymətli və tələb olunan bir şeydir, özün bilirsən. Mən hər üçündən imtina eləmişdim və bu dustaq həyatına, yaşayışına, gözə girmədən, xəlvətcə etirazımıydı. Çalışırdım orada jarqonla danışmayım. Kimdənsə nəsə istəməyim yadıma gəlmir. İnanılası olmasa da, bu, belə idi. Nə pul göndərənim vardı, nə mənə baş çəkən. Cəmi bircə yol rəhmətlik qardaşım gəlmişdi yanıma. Ancaq imkanı olan adam kimi üstümə pula, borca gələnlər çoxuydu (acı bir təbəssüm sifətinə yayılır - F.B). Bir də zonda ən yazılası şeylərdən biri qumarda uduzub tavanı çönməsin deyə, pulu vaxtında verməyə çalışan, ancaq ödəyə bilməyən dustağın qorxusu, təlaşı, həyəcanı, iztirabı, yalvarışlardır… Kişilərin dolma bükmələri, bozbaş bişirib, paltar yumaqları, yemək üstdə dava salmaları başqa aləmdir. İlk dəfə orada gördüm, qadınsız kişinin miskinliyini, köməksizliyini, yalqızlığını, yazıqlığını, özümdə də hiss elədim yaşadım.

- Orada adamları mütaliə edə bildinmi? Kimlərlə, hansı təbəqənin adamları ilə həmsöhbət oldun?

- Türmədə 50-dən çox müəllifin, 100-ə yaxın romanını, 600-dən çox hekayə, pyes, essə və çıxışını oxudum. Qeydlər elədim, fəlsəfəyə aid bəzi mətnləri nəzərdən keçirdim.

Faiqcan, orada mətnlər sadəcə ayrı cür, tamam başqa şəkildə, özgə biçimdə oxunur. Orada mətnlər çöldəki kimi konfet, çay, tort dilimi ilə oxunmur. Adam oxuduqlarını bir gündə yüz yol dönə-dönə yaşaya bilir. Bulqakovu, Platonovu, Nabokovu ləzzətlə oxudum. Haqverdiyevdən təzədən zövq aldım. Dostum Pərviz Cəbrayılın “Yad dildə” romanı yağ kimi getdi. Siyahını uzatmaq da olar… Ümumiyyətlə, mən mütaliəni çox ciddi bir fəaliyyət, yaradıcı proses sayıram. Oxumaq çox az şeylə müqayisə olunan bir işdir. Bir nəfərin idarə elədiyi simfonik orkestrdir. Bu yaxınlarda bir statusumda yazmışdım ki, mətndə görünməyəni, yazılmayanı, olmayanı oxumağa cəhd edirəm həmişə. Bu cəhd alınmayanda, boşa çıxanda, oxuya bilmədiyim şəhərlərə, küçələrə, adamlara bir də qayıdıram, təkrar-təkrar, dönə-dönə bir də qayıdıram. Orada qalxırdım çarpayının ikinci qatına, saatlarla mütaliəyə girişirdim. Amma vaxt öldürməkçün yox, vaxtsız qalmaq, zamansız yaşamaq, Mahir Mehdinin mən olduğunu yaddan çıxarmaq üçün oxuyurdum…

Söhbət eləməyə adam tapılırdı, 100 nəfərlik bir barakda yaşayırdım, böyür-başım oğrularla, xuliqanlarla, qulaqkəsənlərlə dolu idi, mən bu sözləri sevgiylə deyirəm, mən onlardan çox şey öyrəndim.

- Qeydlərinin oğurlanmasını o qədər də faciə etmə. Mən yaddaşıma köçürürdüm. İki povest, bir roman, 300-dən çox şeir, onlarla hekayətlə çıxdım çölə. İki kitab basıldı, 3 kitablıq yazılarım durur hələ. İri həcmli nəsə yaza biləcəksənmi?

- Roman demirəm, ancaq povest nəzərdə tutmuşam. Zonda yazmağa başlamışdım. İmkan, şərait olmadığına görə yarıda saxlayası oldum. Heyif, dediyim kimi, yazdıqlarım itdi, ancaq kök məndədir. Bir də yazacağım əsər sırf türmə həyatından bəhs eləməyəcək, nəsə qarışıq bir şey olacaq. Bulqakovdan, Nabokovdan da təsirlənmələr vardı itirdiyim əlyazmamda. Görək nə çıxacaq içindən. Bir də orada anladım ki, yazmaq özünü aldatmaqdan başqa bir şey deyil, ancaq aldanışların ən səmimisi, ən gözəli və ən ləzzətlisidir. Düzdür, yazanda mənə elə gəlir ki, nəsə böyük, yekə, dünyanı silkələyəcək, dəhşətli, çox vacib və gərəkli bir işlə məşğulam ancaq sonra baxıram ki, yaşamaq lazımdır, yazmaq boş şeydir.

- Ümumiyyətlə, nələri öyrəndin oralarda?

- Çox şey…Ən əsası, necə yazmamağı, necə yaşamamağı, qadınlara dəyər verməyi, xüsusən də ruhumun xanımını qiymətləndirməyi. Bəsdir, məncə.

- Burada səhər yuxudan duranda gözlərin içəridəkilərdən ən çox kimləri görmək istəyir?

- Şəmi varıydı, Goranboydan, anormalıydı, xəstəxanaya, müalicəyə göndərmək əvəzinə gətirib salmışdılar türməyə. Hamı ələ salıb oynadırdı, məzələnirdi, vaxtını keçirirdi onunla. İmkanı olan, bərkgedən ortalıq uşaqları Şəmiyə qoyma diş düzəltdirmək üçün pul yığmışdılar. Sonra o yetimin adına yığılmış pulla başqa bir “blatnoy oğlan”a diş düzəltdirəsi oldular. Bu da bizim haqq-ədalət tərəfdarı olan dustaqlarımız. Həmin Şəmi elə ağıllı hərəkətlər eləyirdi ki, bəzən mat qalırdım. Onun “bılış, dardımı?” deyib şaqqanaq çəkib ürəkdən gülməyini, Siyasət adlı ruhi xəstəliyi olan bir dustağın qaşıqlarla dəmir dirəyi döyəcləyib “mahnı çalmasını” eşitmək istəyirəm. Bir də pişikləri özündən çox istəyən və onlara görə dəfələrlə karserə düşən adını unutduğum dustaqdan ötrü darıxmışam.
Bu adamların hərəsi bir roman, bir kitab, bir dünyadıe. Bunları yazmaq, yaşamaq, hiss eləmək hər oğulun işi deyil. O adamlardan şeir yazmağı, kitab oxumağı, qələm tutmağı öyrəndim, hərfləri sözləri tanıdım təzədən, onlarda hiss elədim özümü.

- Sındırılmağa meyilli olanlar, sındırılan adamlar, canilər, fırıldaqçılar, dələduzlar və sairlər gördün. Bəzi çiyni paqonluları gördükdə onların atasına rəhmət oxumaq keçdi könlündən?

- Elə həqiqətlər var ki, bunların qətiyyən sübuta ehtiyacı yoxdur. Deyəsən, bir qədər pafoslu çıxdı (yenə də gülüş). Paqonlular haqqında danışıb, enerjimi boş yerə sərf eləmək istəmirəm, onsuz da hər şey göz önündədir. Ancaq bir şeyi deyim, onlar da yemək yeməlidilər, əyin-baş alamlıdlar, komfortlu evlərdə yaşamalıdılar, xarici maşın sürməlidilər. Hardansa pul çıxarmalıdılar, ya yox. Dustağın canı sağ olsun. Ağılları var, tutulmasınlar. O cinayətkar dediyimiz adamların, mənə qarşı göstərdiyi sayğını mən çöldə heç kəsdən görməmişəm. Buradakı boynu qalstuklu, dedi-qodu yayan, dalca danışan, yalançı vətənpərvər ziyalılar o paqonlulardan daha qorxulu, daha təhlükəlidirlər, bunları tanımayana lənət, bunlar paqonsuz paqonlulardır.

- Yuxarıda dedin, dəftərlərin yağmalandı, çantan oğurlandı, bununla belə, Azərbaycan oxucusuna nə gətirdin içəridən?

- Xətrinə dəyməsin, bu, lap Sovet dövrünün sualına oxşadı. 30 il qabaq buna belə cavab verərdilər: “Özüm boyda şeir-filan…” Sualını havada qoyub sayqısızlıq eləmək istəmirəm. Faiqcan, biləsən ki, Azərbaycan oxucusu yolumu gözləməyib heç vaxt. Bu oxucunun mənə ehtiyacı yoxdur, mən də ona ehtiyac duymuram. “Azərbaycan oxucusuna içəridən heç nə gətirmədim, əliboş, özüm gəldim”, - desəm, suç eləmiş olmaram.

Tarix
2017.10.26 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla