Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2017


Məmməd Araz sərxoş rus qadını ölümdən qurtardı - Xatirə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az-ın oxucuları bu dəfə tanınmış yazıçı, jurnalist İradə Tuncayın “Xatirə dəftəri”ni vərəqləyəcək.

İradə xanım atası, xalq şairi Məmməd Arazla bağlı xatirələrini bölüşür.

- İradə xanım, zaman keçdikcə insan ötən günlərə daha çox qayıtmalı olur. Siz necə, həmişə qabağa, qarşı tərəfə baxırsınız, yoxsa xatirələrə dalmaq, ötən günlərə varmaq sizin də həyatınızın bir parçasına çevrilib?

- Bunun səbəbləri var. Qarşıda nə olacağını bilmirsən və bu gün sənə dünəni yada salır. Bəlli bir yaşdan sonra da köhnənin ideallaşma prosesi hərəkətə keçir. Çünki həmin geridə qalan günlərdə uşaq idin, gənc idin, enerjili idin, şən idin. Hər şeyi anlamırdın və arxayın idin. Müəyyən dövrdən sonra isə problemlər bütün ağırlığı ilə yağır üstünə. O zaman sənə elə gəlir ki, keçmişdə hər şey gözəl idi.

- Bu dəfə atanızla bağlı xatirələrinizi oxucularımızla paylaşmağınızı istəyirik. Deyin, Məmməd Arazla bağlı elə bir xatirəniz varmı ki, hələ də qəlb dəftərinizin vərəqlənməyən səhifəsində qalıb?

- Əlbəttə, var. Susmaq lazım olub ki, kimsəylə bölüşməmişəm. Həm Məmməd Arazla, həm də atamla bağlı... Yəni gördünüz ayırdım – atam və şair. Hamının atası ictimai, məşhur fiqur olmur. Bu da bir məsuliyyətdir. Ona görə nəyi deyib, nəyi susmağı bilməlisən. Bunlar mənə aiddir, özəldir. Güman eləmirəm hamı bilsə, nəsə dəyişəcək. Nə onun həyatında (mümkün deyil təbii), nə də mənim...

- Çox istərdik ki, atanızla bağlı xatirələrinizin ilk günlərindən başlayasınız. O vaxtlardan ki, siz hələ balaca uşaq idiniz. Uşaq yaddaşınızda atanız necə qalıb? Körpələrin yaddaşı iti olur axı...

- Körpələrin yaddaşı, yəqin, üç-dörd yaşından sonra itiləşir. Həmin yaşda hamının atası necə olur? Nağıl danışır, gəzməyə aparır, ezamiyyətlərdən dolu çemodanla gəlir, istəklərini qarşılayır... Belə... Yasamalda yaşayırdıq –beşinci mərtəbədə idi evimiz. Bəzən hardansa gec qayıdanda maşında mürgüləyirdim. Atam qucağında qaldırırdı məni evə. Qapını açan kimi mən də gözlərimi açırdım. Gülürdülər.

Musiqi məktəbinə aparırdı məni tramvayla. Yasamaldan mikrorayona gedirdik. Qarda-qışda... Donurdum. Xüsusən barmaqlarım. Əllərimi uzadırdım, o da nəfəsiynən qızdırırdı. Son vaxtlar o istini çox özləyirəm. Sığalını, tumarını, səsini... Bəzən fraqmentlər gəlir göz önünə, bəzən də tammetrajlı film.

- Bəs orta məktəbdə oxuyarkən atanızın adının ətrafında forslanmaq necə, olurdumu?

- Hamının atası televizorda danışmır. Hamının atasının kitabı olmur (o vaxt olmurdu hər halda). Biz Yasamalda yaşayırdıq və o vaxt bizim məhəllədə cəmiyyətin hər təbəqəsi, zümrəsi məskunlaşmışdı. Binamızda alim də vardı, yazıçı da, fəhlə də, həkim də. Və məktəbdə də elə bu ailələrdən uşaqlar oxuyurdu. Azacıq fərq gözə çarpırdı. Daha çox dağlı məhəlləsindən uşaqlar gəlirdi məktəbə. Həmin azacıq fərq özünü mütləq göstərirdi. 70-ci ildə atam ilk dəfə xarici ölkə səfərinə getdi. Fransaya. Qayıdanda mənə gözəl ayaqqabı gətirmişdi. Bütün məktəb tamaşasına durmuşdu. O vaxtı xatırlayanlar bilir – geyim məsələsi gərgin idi. Yəni qıtlıq idi. Geyinib getdim məktəbə, itələdilər ayağım ilişdi, yıxıldım. Ayaqqabının üstündəki sancaq qopdu. Ağladım. Həəə... Bu yaşa gəlmişəm, nə qədər geyimlərim olub. Özüm hər yeri gəzmişəm, amma elə gözəl ayaqqabım olmadı ondan sonra. Yəni mənə elə gəlir. Bu da fors...

- İki bacı olmusunuz. Atanız hansınızı daha çox sevirdi?

- Bacımla mənim aramda yeddi yaş fərq var. Üç uşaqları doğulub, tələf olub. Bacım doğulanda elə bilirdim özümlə oynamağa yoldaş gəldi. Amma sonra gördüm yox e, əksinə, qayğısını çəkmək lazımdır. Atam xəstələnəndə bacım çox kiçik idi. O görmədi onun sağlam, güclü vaxtların. Yəqin, buna görə də atam onu daha çox əzizləyirdi. Ölümündən az əvvəl ona dedi ki, sənin üçün heç nə edə bilmədim... Bacım deyir ki, yuxuda həmişə cavanlığını görürəm. Halbuki görməyib elə vaxtlarını. Mənim də gözümün qabağına həmişə o çağları gəlir. Elə bil, beynim özü məni ağrılardan qorumaq istəyir. Bloklanır bəzən o xatirələr.

- Ata-bala müstəvisindən bir qədər kənara çıxıb onunla dost ola bildinizmi?

- Ola bilmədim. İmkan olmadı. Danışa bilmirdi, mənim də ürəyimdə ona verəcəyim suallar qaldı. İndi də bəzən özlüyümdə danışıram onunla. Məlum məsələdir ki, cavab da yoxdur. Daha çox qayğı çəkən dayə, ana, bacı oldum. Dostluq olmadı.

- Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib. Amma özlərinə dost adı verdirənlərdən xəyanət də görüb. Yadınızda qalıbmı belə anlar?

- Qalıb, təbii. Onların dostluq zamanı indi klassik dediklərimizin əksəriyyəti cavan idi. Sonra sualtı cərəyanlar durumu dəyişir axı - hərənin taleyi bir cür gəlir. Bu xəyanət dediklərinizə kimsə də həyatın normal axarı kimi baxa bilər. O, özünü hamıdan təcrid eləmişdi. Elə bil, içinə hicrət eləmişdi. İstəmirdi onu belə görsünlər. Amma son günlərinə qədər görmək istədiyi adamlar vardı. Onlar da gəlmədilər. Yəqin, həmin insanlar da onu belə görmək istəmirdilər. Yəni bəraət belə olsun...

Bir dəfə sual verdim ona:

- Niyə sən hamını belə asan bağışlayırsan?

- Neynəyim, güllələyim?

- Sən də həmin adamdan yaza bilərdin. Elə yıxardın, bir də qalxa bilməzdi.

- Gəldi yanıma, “məni bağışla, səhv eləmişəm, sifariş idi”, - dedi. Belə şeylər çox olub. Hamıya eyni ölçü ilə yanaşmaq olmaz. Zəifi var, güclüsü var.

- Hə də, hamı pislik eləsin, sonra tövbə eləsin, “bağışla” desin, olsun-bitsin?

Cavab vermədi. Danışmaq istəməyəndə gözlərini bir nöqtəyə zilləyirdi.
68-ci ildə yazılmış bir məqalədən danışırdım. Həmin məqalədən belə çıxırdı ki, Məmməd Araz ümumilikdə sovet ideologiyası üçün çox qorxulu adamdır. Əslində, məqalə “Səməd Vurğunla söhbət” şeirinə cavab olaraq yazılmışdı. Təbii ki, sifarişlə.

- Olubmu ki, Məmməd Arazla saf dostluq edənlərin arasına bədxahları ləkə salmaq istəsin və bacarsın?

- O, çox saf və hər kəsə inanan insan idi. Hər yalana inana bilərdi, amma kimsəylə bunu müzakirə də eləməzdi. Bilirdi və üzə vurmurdu. Mən indi belə düşünürəm ki, mənasız olduğunu anlayırdı. Buna zaman xərcləmirdi. Əslində, şeirlərində var bunlar... Özü olduğu kimi.

Tutarlı söz gəzmə özünü yorub,
Məni bilirsən ki, aldatmaq asan...
Desələr: “Ay səni qonaq çağırıb,
Marsla evlənəcək”, inanasıyam...

- Atanız daha çox kimlərlə oturub-dururdu və bu yaxınlıq yeniyetməlik dövrünüzə qədər sizdə o insanlara bir doğmalıq hissi oyada bilirdimi?

- Gəncliyindən sona qədər Söhrab Tahirlə isti münasibətləri olub. Ədəbi cameədən çox adamla dostluq edib. Amma həyat bu – hərəni bir tərəfə aparır. Kimi yüksəlir, kimi yıxılır. Musa Yaqub olub, Faiq Dərgahov olub, Ağayar Həsənov olub, Cəfər Quliyev, İsa Məmmədov olub.... Yazar da var aralarında, başqa sənət sahibləri də. Mən dedim axı xəstəlikdən sonra ünsiyyətdən qaçırdı... Görünür, bu həm də psixoloji tərəfi idi xəstəliyin. Əvvəllər dostluq elədiyi adamlar sonra yerlərini başqa adamlara verdilər. Fədakar adamlara...

Tez yağdı, tez yağdı bu payız qarı,
Söndü çox əllərin odu barında.
Nə qəfil seyrəldi dost sıraları,
Nə dolu şax sındı dostlar bağında!

Gənclik illərindən yaxınlıq etdiyi bir insan vardı. Böyük vəzifəyə keçdi sonra. Aqil işsiz idi və atam ondan xahiş elədi ki, Aqili işə götürsün. Təfərrüatları demirəm - götürmədi. Sonra günlərin bir günü başqa bir şair axşamüstü qalxdı bizə (o vaxt 11-ci mərtəbədə yaşayırdıq, o bina sökülüb indi). Dedi, bəs filankəs aşağıdadır, səni gözləyir, deyir, gedək yeyib-içməyə. Atam qayıtdı ki, ona de, mən onunla heç ehsan yeməyə də getmərəm!

- Qonşulara münasibətdə, dostlara münasibətdə sizin illərin o tayında qalan müşahidələriniz bizə nəyi deyə bilər?

- Yasamaldakı evimizdə qonşularla münasibət vardı. Beynəlmiləl bir həyət idi. Hər millətdən adam vardı. Qapıbir qonşularımız erməni və gürcü qarışığı olan iranlı idi. Mehriban adamlar idi. Su gəlmirdi həftələrlə, aşağıdan daşıyırdıq. Bəzən qonşuların evlərindən. Sonra yaşadığımız ev isə qapalı çevrə idi. Elə bir münasibət olmayıb. Həm də danışa bilməyən adam nə ünsiyyət quracaq ki? Həmin binadan yadımda qalan bir epizodu deyim. O binada bloklar arasında balkonlardan yol vardı. Arxa tərəfdən. Yəni bloklar açıq idi. Bizim sırada amma başqa blokda bir rus ailə vardı. Nənə, qız, nəvə. Qadınlar. Nənə dindar idi, bəzən yığışıb dini mahnılar-filan oxuyurdular. Qız içkiyə aludə idi. Anası ilə davaları olurdu. Nəvə də balaca qız idi. Bir gün qapının zəngi çalındı, anam qapını açdı – qadın götürüldü balkona, sərxoş idi yenə. Yaxşı ki, atam balkonda imiş. Mən otaqdan seyr edirdim və nəyin baş verdiyini anlamırdım. Qadın rabitəsiz nəsə deyirdi, çalışırdı bizim balkondan öz balkonlarına keçsin. Təsəvvür edirsiniz, 11-ci mərtəbə və sərxoş adam ordan keçmək istəyir. Atam çəkdi saldı bunu aşağı, çıxardı evdən. Sonra bizə dedi ki, görmürsünüz neynir? Kömək eləyəydiniz də mənə. Şikəst qollarımla zorla dartdım. O söz qulaqlarımdadır. Şikəst qollarım... İki gün sonra qadın öz əcəli ilə öldü. Əzrail gətirmişdi bizim qapıya. Atam qoymadı orada ölsün. Bu da sizə qonşu.

- Məmməd müəllim, “Ədəbiyyat və İncəsənət” qəzetində müavin işləyib. O dövrdə senzuradan, təqib və təhdiddən, qorunmaq, ehtiyatlı olmaq lazım idi. Ona qarşı xəyanət və haqsızlıq oldu, o zaman yaşınız az olardı, təxminən 6-7. Necə yadınızda qalıb?

- Bakıda deyildik. Şimali Qafqazda dincəlirdik. Atam bizi qoyub qayıtmışdı Bakıya. Ezamiyyətə getməliydi - Başqırdıstana. Telefonlar da indiki kimi deyildi axı. Şəhərlərarası məntəqələr vardı. Getdik ora. Anam danışdı atamla, qayıtdıq qaldığımız evə. Xalam oğlu da orada idi. Anam dedi, bizim biletləri qaytar. Geri dönürəm. Anlatdı olanları ona. Qayıtdıq Bakıya. Tam anlamasam da, bildim ki, atamı işdən çıxarıblar. Siyasi motivləri sonralar bildim. Hətta partiyadan çıxarmaq söhbəti də gedibmiş. Ona görə də uzun müddət işsiz qaldı. Həmin vaxt bizim ailənin keçimi Ədəbi fonddan (Litfond deyirdilər) oldu. Yəni gedirdi rayonlara, orda ədəbi görüşlər keçirirdilər və bundan ezamiyyət pulu alırdı.Təxminən, iki il həmin pulla yaşadıq.Və təbii ki, anamın da maaşı vardı. Sonra da xəstələndi... və başlandı bitməz-tükənməz xəstəxana yolları....

- Səfərlərdə olub. Sizə aldığı hədiyyələrdən qoruyub bu günə saxladığınız varmı?

- Sağlam vaxtlarında səfərlərdə çox olurdu. Mən də səbirsizliklə çemodanları gözləyirdim. Qayıdanda gecənin hansı vaxtı olur-olsun həmən açırdım, baxırdım mənə nə gətirib. Məktəb formasından tutmuş bəzəkli bantlara qədər... Amma hədiyyə niyə deyək? Atanın övladına borcu deyək də. O vaxtdan nə qala bilər ki? Paltar, ayaqqabı? Əvvəl mən geyinirdim, sonra bacım. Bəlkə oyuncaqlar qala bilərdi. Onları da tez sındırırdım.

- Məmməd Araz kimi şəxsiyyətin sözsüz ki, gənclərə xüsusi qayğısı, diqqəti olub. Olubmu ki o istedadlı gənclərə görə kimlərləsə üz-üzə gəlsin, haqqı nahaqqın ayağına vermədiyinə görə əl-ayağına dolaşsınlar?

- Gənclərə olan qayğısına görə hələ özü gənc olan vaxtlardan hər kəs ona “əmi” deyirdi. Bunlar məlum faktlardır. Üz-üzə gəlmək isə hər zaman ədalətsizlik görəndə olub. Hər zaman kiməsə görə olub. Düşmən qazanıb özünə. Ona görə də yaşadığı həyatı yaşayıb...

- Ümumiyyətlə, deyin, Məmməd müəllim xatirələrdə daha şirin, xoş, sevilən, yadda qalan idi, yoxsa həyatda?

- Baxır kimin xatirələrində. Mənim atam idi – ona aid hər şey çox canlıdır. Heç xatirə də deyə bilmirəm. Orda sevgi var, şənlik var, əzab var. Həyat var. 45 il yanaşı yaşadımsa – bunun 40 ilini xatırlaya bilirəm. Bəzən mənə elə gəlir ki, əlimi uzatsam, toxuna biləcəm. Yəni ürək döyüntüsü, qəlb çırpıntısı var. Danışa biləndə öz uşaqlığından söhbət edirdi və mənə elə gəlir ki, yaşadığım hadisələrdir bunlar:

- Çox çətin idi, müharibə, aclıq, yetimlik. Bir də görürdün dağda yağış tutdu, qoyun-quzunun altına girib daldalanırdıq. Nənəm çörəyi qoynunda gizlədib gətirirdi, çəpərdən verib qaçırdı. (Atasını 45-ci ildə xalq düşməni kimi tutmuşdular. 55-ci ildə bəraət veriblər. Bəraət veriblər ki, 10 il havayı yatmısan, get yaşa).

- Kolxozda işləməyə də qoymurdular. Bir erməni vardı, o zamin durdu ki, bu uşaq təxribat eləməz, qoyun-quzuya yaxın buraxdılar. O şeiri də yalandan yazmışam (“Komsomola keçdiyim gün” şeirindən söhbət gedir), komsomola keçəndə dedilər, atası xalq düşmənidi, elə ağlamışdım ki, katibin yazığı gəldi mənə”.

Bunları mənə danışanda üzümdəki ifadəni görüb, onun da mənə yazığı gəlirdi, söhbəti dəyişirdi.

- Necə düşünürsünüz, atanızın ümidlərini doğrultmusunuz?

- Mənə olan ümidləri barədə heç danışmadıq biz. Bilmirdim nədi o ümidlər...

...Son ayları idi. Yeməyini yedirirdim. Əziyyətlə yeyirdi, mən də ürəyimdə özümlə vuruşa-vuruşa, “niyə, nədən” sualları ilə əlləşə-əlləşə sifətimə yalançı təbəssüm taxmışdım. Gözlərimdəki yaşı gördü:

- Sən də mənim kimisən, ürəyinlə yaşayırsan. Çətin olacaq sənə.
Hə, çox çətindir. Amma mən bağışlaya bilmirəm, kinliyəm. Özümə olanları unuduram, ona olanları yox. Bir dəfə çox məşhur bir yazıçı gəlmişdi redaksiyaya, müsahibə alırdıq. Sözarası dedi ki, “Məmməd mənə çox yaxşı olub, evində qalmışam, əlimdən tutub. Sonralar onu narahat etməmək üçün evə gəlmirdim”. Dilimin ucuna gələn sözləri zorla qaytardım: “Yalan deyirsən, sən özünü narahat etmək istəmirdin. Amma onun gözləri qapıda qalmışdı, gözlədiyi adamlardan biri də sən idin. Heç bir dəfə telefonu götürüb zəng də eləmədin...”

Təsəvvür edin ki, bir gülüstanda, gülzarda gəzirsiniz. Güllərin ətri bihuş edir, quşlar ötür, bulaq şırıldayıb axır. Və bu anda bir naqafil gürşad başlayır, buludlar örtür günəşin üzünü, sel gəlib hər yeri viran qoyur... Bax belə...

Tarix
2017.10.28 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Ermənilər bundan sonra yalvarmağa başladılar - Varis

KQB atamın o əsərini evdən apardı – Kərimzadə

Bolqarıstanda Bakı ilə bağlı reportaj yayımlandı - Foto

Mən fövqəlinsanam: Aqşindən Seymura qədər, hamısı... - Herisçi

Bizim Ağa müəllim: SSRİ-dən qorxmayan köhnə kişi - Foto

Ateistlərlə dindarların cəmləşdiyi məkanda müqəddəs gün – Foto

Fədayə Laçın hamısını üstələdi

Erməni qadınlarla yaxşıca əyləndik, sonda isə...

Kitabı haqda yazını 100 manata yazdıran şairimiz - Reportaj

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla