Yuxarı

Ateistlərlə dindarların cəmləşdiyi məkanda müqəddəs gün – Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Yeni Müsavat” qəzetinin 28 yaşı tamam olur. Mən isə yaxınlarda 30 yaşımı qeyd etdim. Demək olar ki, “Yeni Müsavat”la tay-tuşuq. Ona görə də ürəyimdən keçdi ki, qəzetin redaksiyasına baş çəkim, otaqları gəzim, oradakı həmkar dostlarla görüşüm...

Bilənlər bilir ki, “Yeni Müsavat”ın redaksiyası “Neftçilər” metrosu tərəfdə yerləşir. Yeri demək olar ki, əzbər tanıyıram. Gözümü bağlasalar, gedib ünvanı tapa bilərəm. Səhər saat 11-12 arası olardı. Fotoqraf dostum Elnur Muxtarla birlikdə qəzetin redaksiyasına daxil olduq.

Ofisə girən kimi sağ tərəfdə baş redaktor Rauf Arifoğlunun otağı yerləşir. Gördüm içəridə səs-küydür. Düzü, dəqiq yadımda deyil, mən gedib Rauf bəylə görüşdüm, yoxsa birbaşa qəlbi geniş, otağı dar Azər Ayxanın yanına getdim... Məlum oldu ki, Azər bəy yerində yoxdur. Amma otağının qapısı açıq idi. Elnur boş otağın şəklini çəkdi.

Azər Ayxanın otağı ilə üzbəüz başqa bir qapı var, orada təxminən, ona yaxın əməkdaş oturur, amma nədənsə, mən oranı Xalid Kazımlının iqamətgahı kimi tanıyıram. Xalid bəylə görüşüb hal-əhval tutduq...

Xalid Kazmınlının ən maraqlı tərəflərindən biri onun səmimi bir ateist olmasıdır. Rauf Arifoğlunun da səmimi bir din adamı olması heç kimə sirr deyil. Bəs dindarla ateist necə yola gedir? Xalid Kazımlıya bu sualı verəndə fikrimdə nə vaxtsa və hardansa eşitdiyim bir söz təzədən ayaq üstə dayandı. Guya Rauf Arifoğlu əməkdaşlarını məcbur eləyirmiş ki, namaz qılsınlar. Hətta namaz vaxtı redaksiyada işlər dondururlur, hamı bir nəfər kimi namaza başlayır, qurtaran kimi işə davam edilərmiş. Bunu bir müsahibəmizdə Rauf bəydən soruşmuşdum. Demişdi ki, belə bir şey heç vaxt olmayıb. Amma Xalid Kazımlı elə bil fikrimi oxudu və məni düşündürən suala o da cavab verdi:

– Rauf bəy bizi heç vaxt təşviq eləməyib ki, mütləq dindar olaq. Ateistlərə də təzyiq eləməyib ki, siz mövqeyinizdən dönün. Bu günə kimi “Yeni Müsavat” kifayət qədər ateistlər olub.

Dərhal soruşdum:

– İndi də çoxdur?

– Vallah, saymamışam. Amma atesit mövqeyində olanlar var. Məsələn, mən, sonra Zamin Hacı...

Bu din söhbətini dəyişmək üçün Zamindən yaxşı bəhanə yox idi.

– Zamin də işə gəlir?

– Yox. Amma hər gün yazısı gedir.

– Kəramət bəy, biri var ateist, biri də var dindar olmayanlar... – Xalid bəy müzakirəyə nöqtə qoymaq istədi.

– Siz hansındansınız? – soruşdum.

– Mən 40 ilin ateistiyəm.

Təbii, “Yeni Müsavat”ın dünyəvi bir redaksiya olduğunu bilməmiş deyiləm...

– Burda ən qatı ateistlərlə ən qatı dindarlar dostdur. Bir yerdə çörək yeyirlər, söhbət edirlər, xeyrə-şərə bir yerdə gedirlər.

– Xalid bəy, din asan məsələdir. Əsas siyasətdir. Əməkdaşların siyasi mövqelərində də ciddi fərqlər varmı? Yaxud, siyasi mövqeyə də təsir göstərilirmi? Yoxsa, şərtləri özünüz yaxşı bilirsiniz...

– Düzü, siyasi mövqelər də müxtəlifdir. Məsələn, elə adam var ki, demokratdır, amma Çingiz xanı böyük fateh sayır.

Xalid Kazımlıya iki sual verdim, birini ürəyimdə, o birini dilimdə. Ürəyimdəkini demirəm, dilimdə isə soruşdum:

– Siz siyasi dünyagörüş baxımından müxalifətçisiniz, yoxsa?

– Şəxsən söhbət məndən gedirsə, mən müxalifətçiyəm, – Xalid bəy dedi.

– Bəs nətər müxalifətçisiniz ki, hökumətdən ev alırsınız...

– Mən neyləyim, özləri verdi...

– Bəs siz niyə götürürsünüz?

– Niyə götürməyim ki?

Qoy Xalid Kazımlı ev götürməyində olsun, mən isə onun parta yoldaşı, “Yeni Müsavat” qəzetinin hüquqşünası və Musavat.com saytının admistratoru Vaqif Hüseynlə bir az söhbət eləyim...

– Vaqif bəy, “Yeni Müsavat” axırıncı dəfə nə vaxt məhkəməyə veriblər?

– Xeyli müddətdir vermirlər. Amma təxminən, 2015-ci ilə qədər günümüz məhkəmələrdə keçirdi. Məhkəmlərə gedib-gəlməkdən iş görməyə vaxt da çatdırmaq olmurdu.

Düzü, 2015-ci ilə qədər sözü mənim diqqətimi çox çəkdi. Daha üstünə getmədim ki, Xalid bəy birdən məni öldürər. Həm də çürükçülük eləmək istəmədim....

– Bəs ən təhlükəli məhkəməniz hansı olub? – Vaqif bəydən soruşdum.

– Müdafiə naziri Səfər Əbiyev bizi məhkəməyə vermişdi. Özü, müavinləri, idarə rəisləri, üst-üstə 6 dənə məhkəmə işi idi. Bir milyon yarım pul istəyirdilər...

– Axırı nə oldu?

– Uzun müddət çəkdi, axırda heç-heçə oynadıq. Qarşılıqlı anlaşma oldu.

Yenə də öz-özümə fikirləşdim ki, onsuz da Rauf Arifoğlu ilə anlaşmaqdan başqa yol yoxdur.

– Deyəsən, keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədov da sizi məhkəməyə vermişdi...

Vaqif Hüseyn:

– Hə, ən zəhlətökən məhkəməmiz Anar Məmmədovla olmuşdu. Ayı əti yemək məsələsinə görə bizi məhkəməyə vermişdi. Düz 5 il çəkdi. Onunla da heç-heçə oldu.

– Heç uduzduğunuz, təzminat ödədiyiniz məhkəmə olmayıbmı?

– Olub. Məsələn, rəhmətlik Cəlal Əliyevə 1500 manat uduzduq, pulu isə uşaq baxçasına ödədik.

– Cəlal müəllim sizi niyə məhkəməyə vermişdi?

– Qəzetimizdə adı iş adamı kimi çəkilmişdi, ona görə.

Düzü, Vaqif Hüseynin və Xalid bəyin məhkəmə söhbətləri Səməd Vurğunun “Azərbaycan” şeirini yadıma saldı. Böyük şairin Azərbaycan haqqında dediklərini mən öz ürəyimdə “Yeni Müsavat”a aid edirdim: “Nələr çəkmiş başın sənin…”

Azər Ayxanın otağının qapısı yenə açıq idi, amma özü hələ işə gəlməmişdi. Saat isə birə işləyirdi. Ona görə də başqa bir otağın qapısını döydüm. Burada xeyli əməkdaş vardı. Hiss elədim ki, bu müxbirlərin Azər Ayxandan fərqli olaraq, işə vaxtında gəlməkdən başqa çarələri yoxdur. Gənc və gözəl xanım Xalidə Gərayı gördüm. Xalidə səhv eləmirəmsə, əvvəllər Publika.az saytında işləyirdi. Sonra yerini dəyişdi, başqa bir yerə getdi. İndi isə “Yeni Müsavat”da mədəniyyət mövzularından yazır. Sosial, bəzən də siyasi mövzularda da qələmini sınayır. Deyir, ad günümdə məndən müsahibə almaq istəyirmiş, Feysbukda yazıb, amma cavab verməmişəm. Zəng də eləyib, telefonum sönülü olub. Xalidə xanım bu sözləri deyəndə özümü lap nazir müavini kimi hiss elədim. Zəng edirsən, telefonu açmır, yazırsan, cavab vermir... İlahi, mən nə qədər böyümüşəm?!

Redaksiyada hamının üzü mənə tanış və doğma gəlirdi. Amma gəl ki, imzalarını xatırlamaqda çətinlik çəkirdim. Kənanın üzündə o qədər doğmalıq hiss elədim ki, elə bildim on bir il sinif yoldaşı olmuşuq. Cavanşir Abbasov dörd ildir “Yeni Müsavat”da işləyir. Siyasi müsahibələr, açıqlamalar alır. Doğrudan da, xeyli gənc olmasına baxmayaraq, uğurlu bir jurnalistdir.

Xalidə xanımdan soruşuram:

– Necə oldu ki, burda işləməyə başladın?

– Mən Kanal-13-də işləyəndə “Yeni Müsavat” qəzetinin redaksiyasından bir neçə dəfə reportaj eləmişdim. Bir gün isə işsiz qalanda Azər Ayxanın yanına gəldim. Yazılarımı göstərdim. Yazılarıma baxdı, dedi, sabahdan işə başlaya bilərsən.

Düzü, Azərbaycanda hansısa jurnalist narazılıq edəndə ki, iş tapmıram, mən ona inanmıram. Çünki digər sahələrlə müqayisədə bizdə ən yaxşı maaşı jurnalistlər alır. Bir balaca iş bacarığı, qabliyyəti, bir damcı da istedadı olan jurnalist təkcə “Yeni Müsavat”da yox, istənilən saytlarımızın birində fəaliyyət göstərə bilər. Daha o başqa söhbətin mövzusudur ki, işi yarıtmır, əlindən heç nə gəlmir, üstəlik də özü haqqında yüksək fikirdədir, söhbət belə jurnalistlərdən, belə adamlardan getmir.

Xalidə xanım da mənim fikrimi təsdiq elədi. Soruşdum ki, maaş sizi qane eləyir?

– Məni çox qane eləyir. Çox!

Xalidə hətta dedi ki, inanmıram hansısa redaksiyada “Yeni Müsavat” qədər sərfəli qonarar, sərfəli maaş olsun.

– Həm maaş alırsınız, həm də qonorar?

– Bəli... Özü də həftəlik alırıq. Hər həftənin üçüncü günü bizim müqəddəs günümüzüdür.

Düzü, xeyli təəccübləndim. Digər əməkdaşlar da dedi ki, Rauf Arifoğlu iyirmi ildir ki, bu sistemlə işləyir. Aylıq maaşı həftələrə bölür, hər həftə verir.

– Məsələn, maaş min manatdırsa, hər həftə 250 manat alırıq – bunu kimsə dedi, amma kimin dediyi dəqiq yadımda deyil.

Xalidə:

– Maaş həftəlik olduğu üçün hamı ürəklə çalışır. Ona görə də ən keyfiyyətli materiallar “Yeni Müsavat”dan çıxır.

Ürəyimdə fikirləşdim ki, həftəlik maaş sisteminə görə bəlkə mən də gəlib “Yeni Müsavat”da işləyim. Sonra dedim ki, ayıbdır. Onsuz da kifayət qədər redaksiyalar gəzib-dolaşmışam.

Xalidə xanım isə yaman ürəklə danışırdı. Dil qəfəsə qoymurdu:

– Saat 11-də işə gəlirik, 12-yə kimi iclas olur. 12-dən saat 5-6 arası da iş vaxtımızdır.

Yenə də adı dəqiq yadımda qalmayan əməkdaşlardan biri dedi ki, burda ailələr də işləyir.

– Hamınızın toyunda Rauf bəy iştirak eləyibmi? – soruşdum.

Cavab verdilər:

– Əlbəttə!

– Toya normal pul atır?

Güldülər:

– O, sirdir... – sonra isə: – Rauf bəyin toyumuza gəlməyi bəsdir. Elə toylar olur ki, hətta xanımı ilə birlikdə iştirak edir.

Rauf Arifoğlunun toya yaxşı pul atıb-atmamağı sualıma yenə də Xalidə xanım cavab verdi:

– Rauf bəy bütün məsələlərdə ürəklidir.

Bu yerdə redaksiyanın başqa bir əməkdaşı Etibar Seyidağa danışmağa başladı:

– Təkcə toya yox, əməkdaşlardan kiminsə yaxınları dünyasını dəyişir, Rauf bəy ordan da qəti qalmır. Mənim nənəm dünyasını dəyişdi. Rauf Arifoğlu onda Türkiyədə idi. Köməkçisi hava limanında onu qarşılayanda deyib ki, Etibarın nənəsi rəhmətə gedib, bu gün üçüdür. Rauf bəy hava limanından birbaşa Xırdalana – nənəmin yasına gəlmişdi.

Dostum Əli Raisin iş stolu isə boş idi. Harasa getmişdi. Kağız yazıb kompüterinin üstünə qoymuşdu ki, toxunma, təhlükəlidir. Onun boş qalmış stoluna baxa-baxa redaksiyanın növbəti otağı ilə də sağollaşdım.

“Yeni Müsavat”ın yaxşı bir yeməkxanası var. İçəri girdim, ləzzət elədi. Rahat yer idi. Yeməkxananın qabağında isə Rauf bəyin sürücüsü Bəhruzla bir az söhbətləşdim.

– Burda nisiyə yemək verirlər?

– Pul olmayanda maaşdan çıxırlar.

– Hər gün hamı eyni yeməyi yeyir?

– Bəli...

– Məsələn, bu gün kiftə bişibsə, hamı kiftə yeməlidir?

– Bəli...

– Kiminsə kiftədən xoşu gəlmirsə, necə?

– Gedib başqa şey alıb gətirir, yeyir.

Düzü, hamının eyni yeməyi yeməyi ailəyə aid bir xüsusiyyətdir. “Yeni Müsavat”ın isə doğrudan da, bir ailə olduğunu belə şeylərdən aydın şəkildə hiss eləmək çətin deyil. Yeməkxana ilə üzbəüz Rauf byin otağıdır. Yenə də səs-küy gəlirdi. Bu dəfə otağa daxil olduğum dəqiq yadımdadır. Gördüm kameralar, mikrafonlar hazırlanır...

– Rauf bəy, müsahibə verirsiniz? – soruşdum.

– Hə...

– Hara?

Səhv eləmirəmsə, Sevinc Telmanqızının səsi idi:

– BBC-yə...

Rauf Arifoğlu güldü:

– Özümüzə...

Mikrafonunu hazırlayan oğlan dedi ki, Rauf bəy, bir-iki kəlmə söz deyin, görüm, mikrafondan səs gəlirmi?

Rauf Arifoğlunun mikrafonu yoxlamaq üçün dediyi sözə baxın:

– Lelin baba sağ olsun, dörd yanımız bağ olsun.

Mikrafonu yoxlayan oğlan:

– Bir də deyin...

Rauf Arifoğlu:

– Ay pipiyi qan xoruz, gözləri mərcan xoruz...

Bütün bu söz-söhbətlər bir yana qalsın, həftəlik maaş sistemi mənim ağlımdan çıxmırdı. Rauf bəyə də eyni sualı verdim:

– Belə bir sistem hardan ağlınıza gəlib?

– O vaxt bizim sayt reklamlarımız yox idi. Qəzetin satışından gələn həftəlik pullar 1-ci, 2-ci günlər yığılır, 3-cü gün isə uşaqlara paylanılırdı. Sonralar da bu şəkildə davam elədi. Bu, işçiləri də qane edir, bizi də.

– Özünüz də maaşınızı 3-cü günlər alırsınız?

– Mən sahibkaram, maaş almıram.

Rauf bəy bu sözü bir az sərt dedi. Ona görə də yersiz sual verdiyimi özüm də hiss eləyib onunla sağollaşdım... Qonşusu və “Yeni Müsavat”ın baş direktoru Ələsgər bəyin otağına baş çəkdim. Ələsgər bəyin otağının divarları mətbuatımızın canlı və cansız klassiklərinin şəkillərilə bəzədilmişdi. Şəkildə gördüyüm adamların bəziləri siyasi mövqelərini o qədər dəyişib ki, inanın, bilmədim indi müxalifətçidir, yoxsa, iqtidarçı...

Ələsgər bəy 1993-dən “Yeni Müsavat”da işləyir. Gələn il fəaliyyətinin 25 yaşı olacaq. Başlayandan Rauf bəylə bir yerdə addımlayırlar.

– Ələsgər bəy, redaksiyanız neçənci ildən bu ofisdə yerləşir?

– 2009-dan. 9 ildir burdayıq. Lap əvvəl yerimiz “Sahil” metrosunun yanında idi, ordan 7-ci mikrarayona, Müsavat Partiyasının qərargahı olan binaya köçdük.

Rauf Arifoğlu üçün bir üstünlük də ondan ibarətdir ki, ofisə icarə haqqı ödəmir. Öz şəxsi mülküdür. Pul verib, dörd mənzili alıb, sonra mənzillərin arasını açıb, birləşdirib, indi də redaksiya kimi istifadə edir.

Sağ olsun, Ələsgər bəy gözəl və rahat yeməkxanalarında məni süfrəyə də dəvət elədi. Amma oturmadıq. Çünki başqa bir otağa baş çəkmək üçün tələsirdim, sonra isə xəngələ gedəcəkdim.

Növbəti otaqda tanıdıqlarım əməkdaşlar arasında Dünya Sakit və Könül xanımı gördüm. Dünya xanım iqtisadiyatdan, Könül isə şou-biznesdən yazır. Dünya xanım soruşdu ki, Barış müəllim necədir? Hətta qızım Jasmini də tanıyırlar. Maşallah, övladlarım məndən çox tanınır.

Otağın divarından Rəsulzadənin partreti asılmışdı. Gözəl idi. Rəsulzadəyə baxanda adamın əsəbləri sakitləşirdi.

Dəhlizdə Azər Ayxanın səsini eşitdim... İşə indi gəlirdi.

– Azər bəy, müdir qardaşınızdır deyə istədiyiniz vaxt işə gəlirsiniz...

Gülə-gülə:

– Hə... Müdirin qardaş olmaq əlavə avantajdır.

Qəfil soruşdum:

– Siz də maaş alırsınız?

– Hə...

– Qane eləyirmi?

– Yox! Rauf bəy maaşımı bir az artırsa, yaxşı olar.

Hiss elədim ki, zarafat eləyir. Amma zarafatını elə ciddi şəkildə davam elədi ki, inanmağa məcbur oldum.

– Rauf bəyə deyin ki, mənim maaşımı artırsın. Lap status da yaza bilərsən ki, Rauf bəy, Azər Ayxanın maaşını artırın, dolana bilmir – Azər Ayxan “ciddiliyindən” qalmırdı.

– Azər bəy, ehtiyac olanda qardaşınızdan borc pul alırsınızmı?

– İkimiz də bir-birimizdən borc alırıq. O məndən, mən ondan – sonra əlavə elədi: – Biz maaşı nağd da alırıq, kartla da. Amma bunları Ələsgər bəydən soruş, birdən aləmi bir-birinə qataram – bunları gülə-gülə dedi.

Gülüşündən hiss elədim ki, Azər Ayxan özünü əməlli-başlı meydan sahibi hiss eləyir.

Azər Ayxanla xeyli söhbətimiz oldu, ona qardaşının ad günümdə mənə hədiyyə olaraq pulqabı aldığını dedim və əlavə elədim ki, bərəkətli əli var, onun aldığı pulqabıdan pul qurtarmır.

O da təsdiqlədi:

– Hə, Raufun əli çox bərəkətlidir.

– Azər bəy, işçilərinizin hamısı redaksiyaya gəlir?

– Məsafədən də işləmək olar, amma o effekti vermir. Bizdə İlkin Muradov kənardan işləyir. Amma ofisə yığışmayanda, bir çatı altında olmayanda, səhər iclas eləməyəndə, bir yerdə günorta yeməyi yeməyəndə istər-istəməz işə qarşı soyuqluq yaranır. Böyük, azman şirkətlər var, onlar dəlidilərmi, işçiləri ofisə gətirələr? Ona görə də iş yerinə, ofisə yığışmaq lazımdır.

Bunlar da Azər Ayxanın sözləridir:

– “Yeni Müsavat” hamı üçün potensial iş yeridir. Vaxt vardı, buradan mən də çıxıb getmişdim. Amma qayıtdım.

– Niyə getmişdiniz ki?

– Nə yazırdım, deyirdilər ki, Rauf yazır. Rauf təzə-təzə yazmağa başlayanda da deyirdilər ki, onun yazılarını İsa Qəmbər, Mehman Cavadoğlu yazır.

Hiss elədim ki, Azər Ayxan da mənimlə eyni taleyi yaşayıb. Mən yazanda da deyirlər ki, atası Qəşəm Nəcəfzadə yazır. İndi həyat yoldaşım Çinarə xanımın saytda köşələri gedir. Deyirlər ki, Kəramət yazır. Doğrudan da, bizim işimiz Allaha qalıb. Amma deyəsən, Azərin dərdi daha böyük idi.

– Bir dəfə Rövşən Hacıbəyli ilə dava elədim. Deyəsən, 2013-cü il idi. Yazmışdı ki, sənin məqalələrini Rauf yazır. Zəng eləyib dedim ki, Rövşən, biz bir-birimizin gözünün qabağında böyümüşük. Yekə oğlansan. “Azadlığ”ın xeyli işçisi “Yeni Müsavat”da işləyib, burda işləyənlər ora gedib. Onların hamısı mənim yazmağımı, necə redaktor olduğumu çox yaxşı bilirlər. Hamısından da yaxşı sən bilirsən. 1991-ci ildə bir otaqda oturmuşuq. O da dedi ki, nə bilim, hirslənmişdim, yazdım.

Təbii, bunların hamısı Azər Ayxanın xatirələri idi. O öz xatirələrindən danışırdı, mən isə fikirləşirdim ki, 28 il qəzetçilikdə çox böyük bir tarixdir. Özü də davamlı, ardıcıl və peşə əxlaqını qorumaqla gəlib bu yerə çıxmaq asan məsələ deyil. Bunlar faktdır ki, Azərbaycanın Azadlıq savaşında, eyni zamanda yeni nəsil jurnalistikasının formalaşmasında "Yeni Müsavat"ın kifayət qədər böyük xidmətləri var. “Yeni Müsavat” böyük media məktəbidir.

Azər Ayxan məni qapıya kimi ötürdü. Düz qapının ağzına onun boynunu qucaqladım, bir də baxdım ki, başımızın üstündə iri hərflərlə “Yeni Müsavat” sözləri yazılıb. Bir anlıq mənə elə gəldi ki, mən Azərin yox, “Yeni Müsavat”ın boynunu qucaqlamışam...

Tarix
2017.11.10 / 16:51
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla