Yuxarı

Bizim Ağa müəllim: SSRİ-dən qorxmayan köhnə kişi - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az-ın “Xatirə dəftəri” layihəsinin budəfəki qonağı tanınmış yazıçı Fəxri Uğurludur. O, layihədə atası gözəl ziyalı, mərhum şair Ağa Laçınlı ilə bağlı xatirələrini bölüşür.

- Fəxri bəy, xəyallara dalmaq, xatirələrlə baş-başa qalmaq, ötənlərə qayıtmaqla aranız necədir?

- İnsanın yalnız keçmişlə yaşaması da, gələcəyə hədsiz aludəliyi də patologiyadır, xəstəlik, dəlilik əlamətidir. Zamanın indiki zamanı isə yoxdur. Fikrimcə, tək sağlam təmayül budur: insanın azından bir əli, bir ayağı, bir gözü əbədiyyətlə təmasda olmalıdır. Əbədiyyət dediyimiz o bir anın içində keçmiş də var, gələcək də; həm də bunların hər ikisi indiki zamandadır.

- Ötənlərdə qalan acılı günlər də xatirəyə çevriləndə şirinləşir. Biz isə doğrudan da şirin və maraqlı keçən günlərinizi vərəqləyəcəyik. İstəyirik, atanızla bağlı xatirələrinizi oxucularımızla paylaşaq. Deyin, Ağa müəllim sizin üçün təkcə ata idimi?

- Bu suala “Tanrı dağları” silsiləsindən olan “Ehsan” adlı yazımdan bir sitatla cavab vermək istəyirəm (yazıda bu sözləri hekayənin özünə ehsan verən qəhrəmanı Toğrul bəyin qızı deyir): “Atam bizə evdə dərs öyrətməzdi, deyərdi, mən sizin məktəbdə müəlliminizəm, evdə yox. Vay o günə, evdə sizə müəllimlik eləyəm, məktəbdə atalıq… Çətinə düşəndə köməyimizə anamız çatardı. Öz-özümə deyərdim, bəlkə, atam düz eləmir, bəlkə, evdə bir cür, məktəbdə ayrı cür olmaq yaxşı iş deyil? Sonra başa düşdüm, yox, ailən-uşağın varsa, evdə evin kişisi, arvadının əri, uşağının da atası olmalısan. Ustadlığını, müəllimliyini məktəbə saxlamalısan. Vay o günə, atam demiş, ustadlığını evdə sınaqdan keçirib dədəliyini məktəbdə göstərəsən. Atam evdə bizi göydən endirən atamızıdır, məktəbdə – göyə qaldıran atamız…”

- Yaddaşınızın alt qatına qayıtmaq, heç kimlə paylaşmadığınız xatirələrinizi bölüşmənizi istərdik. Elə şeylər, elə məqamlar olub ki, bu şəxsən sizə aid idi? Uşaq yaddaşınızda atanız necə qalıb?

- Bu, olduqca geniş mövzudur. Mənim yaddaşımın alt qatı cildlərə, kitablara sığmaz. Qısaca onu deyə bilərəm ki, lap uşaqlıqdan atamla həmsöhbət, sirdaş olmuşam. Şeirlə-sözlə, şairlərin adıyla, məsələn, Səməd Vurğuna “Səmət Burqun” deyə-deyə dil açmışam. İlk əzbər bildiyim şeir parçası atamın ilk kitabında dərc olunmuş “Sibir çayları” şeirindən bir bənd olub:

Arazın dərdi
Dərya qədərdi.
Nə bəxtəvərdi
Sibir çayları...

Yeri gəlmişkən, Yazıçılar Birliyinə də ilk dəfə atamın qucağında getmişəm. İndi kimsə məni orada qonaq kimi qarşılayanda gülməyim gəlir. Atam danışırdı ki, səni Yazıçılar İttifaqına aparmışdım, Süleyman Rüstəm çıxdı qarşıma. Qucağımda səni görcək dedi, adə, bu lap fırt eləyib sənin burnundan düşüb ki! Dedim, ustad, düz tapmısınız, oğlumdur, bir yaşı tamam olub, gətirmişəm İttifaqa üzv qəbul elətdirəm. Deyirdi, Süleyman Rüstəm şaqqanaq çəkib güldü, sonra da baş barmağını çiyninin üstündən geri tuşlayıb dedi: “Adə, məndən ötdü, filankəsə dəydi, filankəsə dəydi...” O, çəkdiyi adları burda açıq yazmıram, çünki həmin qələm adamları çoxdan bu dünyadan köçüblər. Hərçənd Süleyman Rüstəmin dediyində heç bir qərəz olmayıb, sadəcə, atamla zarafatlaşıblar.

- Ağa Laçınlı sözün bütün mənalarında ağayana bir kişi idi. Tələbələri onu həmişə “Bizim Ağa müəllim” deyə xatırlayırlar. Bəs zaman keçdikcə, yaşınızın üstünə yaş gəldikcə Ağa müəllim sizin üçün daha kim olurdu, onu necə tanıyırdınız?

- Atamın vəfatından keçən on il ərzində onun haqqında onlarla xatirə yazısı, şeir yazılıb. Yazanların bir qismi də atamın tələbələridir. Ölümündən sonra mən onun haqqında çoxlu xoş söz eşitmişəm. Bu müddətdə atama dostlarının, doğmalarının, qələm yoldaşlarının, tələbələrinin gözüylə baxmaq məndən ötrü çox maraqlı oldu. Ötən on il bir həqiqətə əminliyim qat-qat artırdı: valideynin övladına ən qiymətli mirası, doğrudan da, təmiz ad-sanmış. Bu mirasa heç bir sərvət tən gələ bilməz.

- Atanızın ətrafında müxtəlif təbəqənin adamları olub. Onlarla münasibəti necə idi?

- Atam adamlara təbəqəsinə, silkinə, rütbəsinə görə fərq qoymazdı, hamıyla bir dildə danışardı. Ancaq namərd, dönük, yaltaq adamlarla dil tapa bilməzdi, belələrini görəndə ya dinməzcə yan keçər, ya da oxundan çıxardı.

- Laçına, Oğuldərə kəndinə münasibəti məlumdur. Şeirlərində, söhbətlərində təsadüf etmişəm. Bəs bizim bilmədiyimiz, sizin aşkar edə biləcəyiniz nələr vardı?

- Atam doğma yurda münasibətini şeirlərində eninə-uzununa ifadə eləyib. Sovet dönəmində Azərbaycanın müstəqilliyi onun ən böyük idealıydı. Atamın ötən əsrin 70-ci, 80-ci illərində çıxmış kitablarında olduqca sərt, açıq mətnlə yazılmış antisovet şeirlər var. “Qlavlit”də işləyən yurdsevər, elsevər dostlarının əliylə o yazıları sakitcə, haysız-küysüz senzuradan keçirirdi, ancaq antisovet şeirlərini reklam eləmirdi. Ümumiyyətlə, reklamçılıq onun xarakterinə tamam yad bir məsələydi. O, tarixin ədalətinə arxayın idi, hərçənd ədalətin ucsuz-bucaqsız dəryasından atamın təşnə ürəyinə bir içim su düşmədi. Ölkəmiz müstəqillik qazanandan sonra onun əziyyəti əvvəlki illərdən artıq oldu, üstəlik, dədə-baba yurdu viran qaldı. Ancaq atam bu qismətdən çox da gileylənmədi, bir para yaşıdı kimi sovet bayrağının həsrətini çəkmək onun ağlının ucundan da keçmədi.

- Atanızla ata-oğul müstəvisindən kənara çıxıb dost ola bildinizmi? Bir yerdə səfərə çıxmaq və sair baxımından...

- Atam mənlə yola çıxmağı çox xoşlayardı, deyərdi, sən yanımda olanda işlərim yağ kimi gedir, qapılar üzümə taybatay açılır. Buna görə də ta uşaqlıqdan atamla çox yoldaşlıq eləmişəm. Mənim on-on bir yaşım olanda birlikdə Moskvaya getmişik, əsgərliyimin bir ili tamam olmamış dörd dəfə yanıma gəlib, mən hərbi xidmətdən qayıdandan sonra Laçının kəndlərini gəzmişik. Az-maz özümü tanımağa başlayandan sonra onun yazılarının ilk oxucusu, ilk tənqidçisi də mən oldum. Tez-tez deyərdi, biz ata-bala deyilik, qardaşıq.

- Tanınan, sevilən şair idi. Dünyasını dəyişdikdən sonra, necə düşünürsünüz, unudulmadı ki? Axı insanlarımızın unutqanlığını çox görmüşük...

- Məncə, qələm adamı dünyadan köçəndən sonra övladları onun xatirəsinin keşiyində qılınc-qalxanla, dəhrə-baltayla durmamalıdır. Bizim borcumuz onun ədəbi irsini nizama salmaq, imkan düşdükcə üzə çıxarmaq, bir sözlə, görmək istəyənlərə göstərmək, təqdim eləmək olmalıdır. Yalnız bu qədər. İndi çox dəyərli qələm adamı unudulub. Heç gözümüzün qabağında olanların da layiqli qiymətini hər saat verə bilmirik. Görünür, yeni formasiyaya hələ qədəm qoya bilməmişik, dünyanın gedişatına hələ pəncərədən baxırıq. Sovet ədəbi prosesindən qopmuşuq, di gəl, dünya ədəbi prosesinə inteqrasiya oluna bilməmişik. Gün gələcək, biz ötən yüzildə yaranmış ədəbiyyatımıza bir ayrı gözlə baxacağıq, onda çox itib-batmış adlar üzə çıxacaq. O zaman cavanlı-qocalı ədəbiyyat dəllallarının, ədəbi monopolistlərin olmayan söz bazarında qiymətini öldürüb bir qırağa tulladığı neçə-neçə qələm cəfakeşi adının üstünü örtmüş tozun içindən silkinib qalxıb layiq olduğu dəyəri alacaq. Onların yazdıqları yenə əllərdə gəzəcək, əsərləri dərsliklərə düşəcək. Bu baxımdan mən atamın da ədəbi taleyindən narahat deyiləm, onun ədəbiyyatımızdakı yerini aydın görürəm.

- Ağa Laçınlı köhnə kişilərdən idi. Adama elə gəlirdi ki, o, əsrin o tayında qalıb, insanlara, ətrafa, gənc nəslə münasibətdə mentalitet dediyimiz nədirsə, bu kişinin xarakterindən köçürülmüşdü sanki. Evdə necə idi?

- Atam ənənəyə, keçmişə, köhnəliyə, mən deyərdim, lazım olduğundan da çox bağlıydı. Onun anasına, dayısına, atasının, əmilərinin xatirəsinə bağlılığına da mən bu kontekstdə baxıram. “Mentalitet” dediyiniz münasibətlər sistemi ondan ötrü hər qanundan müqəddəs, hər dəyərdən ucaydı. Sovet imperiyasının çökməyini arzulayanda atam içində böyüdüyü həmin o münasibətlər sisteminin də çökəcəyini, köhnə dünyanın darmadağın olacağını, daş üstə daşının qalmayacağını ağlına gətirmirdi. 2006-cı ildə yaşı doxsanı haqlamış anasının ölümüylə o köhnə dünyanın atamın kürək söykədiyi sonuncu divarı da uçulub-sökülüb yerlə bir oldu. Atamın arxası tamam boş qaldı, hətta bizim varlığımız da onu ovuda bilmədi. Bir il beş ay on yeddi gündən sonra – 2007-ci ilin 25 noyabrında atam bu dünyada hamıdan çox bağlı olduğu, neçə-neçə şeir həsr elədiyi anasının yanına köçdü. Hələ 2001-də yazdığı bir şeirdə anasıyla altı il sonrakı məzar qonşuluğunu belə təsvir eləmişdi:

Yerimiz bir kolun batıq dibində,
yan-yana yatmışıq bu daşlar kimi.
İndi ağlaşırıq ölü dilində
ayrılıb tapışan sirdaşlar kimi.

Necə demişdisə, necə arzulamışdısa, elə də oldu.

- Ailəyə qarşı, xanımına, balalarına qarşı xususi bir münasibəti, tərbiyə metodu, tövsiyələri necə idi?

- Atam evdə öyüdverən, yolgöstərən dədə pozası almazdı. Danışardı, gülərdi, zarafat eləyərdi. Bəzən də çox kür olardı. Ən çox üstündə əsdiyi buydu ki, biz eldən-obadan aralı düşməyək, kökümüzdən qopmayaq, millətimizə arxa çevirməyək. Bacardıqca hamıya yaxşılıq eləyək, ancaq pisin pisliyini də görməyə gözümüz olsun, şeytanın şərinə calanmayaq, iblisin fəndinə aldanmayaq. Nəhayət, ən başlıcası, haram tikə yeməyək.

- Gənc yazarlara münasibətdə necəydi? Əlindən tutduqları xatirini əziz tuturmu?

- Doğrusu, mən belə bir siyahı tutmamışam. Güman eləyirəm ki, atamın da beynində belə siyahı olmayıb. O, yaxşılığa görə əvəz ummazdı. Əgər əvəz umursansa, demək, qolundan qopan yaxşılıq deyil, faizli kreditdir. Atam da kimə yaxşılıq eləyibsə – mən onun varisi kimi yəqin deyə bilərəm – hamısının halalı olsun.

- Yayda rayona getdiyiniz zaman ona diqqət necə olurdu?

- Atamın gedişi kəndimizdə bayram ovqatı yaradırdı. Bu gediş bizdən ötrü də bayrama çevrilirdi. Atam doğma yurdda dinə-imana gəlirdi, kürəyini dağlara söykəyəndə dağ kimi təpərli olurdu. Özü həmin anları onlarla yazısında ifadə eləyib.

- Zaman-zaman şahidi oluruq ki, insanlarımıza qarşı haqsızlıqlar baş alıb gedir. Siz atanızla bağlı ən çox nəyə təəssüf etmisiniz, nədə, hansı zamanda yanında olmalıydınız, ola bilməmisiniz?

- Atam noyabrın 20-dən 25-nə kimi ölümün qapısı ağzında növbə gözlədi. Özü də növbəsini göz bəbəyitək qorudu, kimsəni irəli buraxmadı. O beş günü reanimasiyada yatmalıykən diz qatlamadı, şəhəri ayaqdan saldı. Həmin günlərdə mənim əlim onun əlinə çatmadı, çatsaydı, başqa cür olacaqdı. Ondan xeyli əvvəl – 1998-99-cu ilərdə dərin sağlıq böhranı keçirmişdi, ancaq yaxşı insanların timsalında qarşımıza çıxan Yaradanın sayəsində o ütüdən salamat qurtarmışdı. Onda atam bizlə - ailəsi, balaları, doğmalarıyla müttəfiq oldu, birləşib ölümü yendik. 2007-də isə belə olmadı, atam bizi atıb ölümün tərəfini tutdu. Heç yastığının yanını kəsdirməyə də macal tapmadıq. Mənə elə gəlir, anası onu öz ölümünə çağırırdı. Tam əminəm ki, ölümün səltənətində anasıyla, atasıyla, dünyadan köçüb getmiş cəmi əzizləriylə görüşüb qucaqlaşmağa atamın böyük, çox böyük ümidi vardı...

Tarix
2017.11.11 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla