Yuxarı

Ermənilər bundan sonra yalvarmağa başladılar - Varis

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az tanınmış yazıçı Varis Yolçuyevin müsahibəsini təqdim edir:

- Varis bəy, necəsiniz?

- Çox sağ olun. İnsan geniş şəkildə dünyanın, cəmiyyətin, dar şəkildə nəslinin, ailəsinin tərkib hissəsidir. Onun necəliyi də hissəsini təşkil etdiyi tamın necəliyindən asılıdır.

- Hazırda nə işlə məşğulsunuz?

- İşlər çoxdur, bəzən ildə 13 ay, ayda 32 gün, gündə 25 saat işləməli oluram. Moskva, Varna və İstanbulda yeni kitablarım nəşr prosesindədir. Bir neçə beynəlxalq hekayə almanaxına hekayələr yazıram. Bakıda isə “Teas-press” yayın evi “Uzaqdan gələn yağış” adlı Azərbaycanda çıxacaq sayca 11-ci kitabımı çapa hazırlayır.

- Romanlarınız kifayət qədər oxucu toplaya, sizi tanıda bildi. Bu uğurun arxasında nə dayanır?

- Mən ədəbiyyata xalq yazıçısı İsmayıl Şıxlının uğurlu yol diləyi ilə 90-cı illərdə gəlməli idim, amma ustadımın “Ulduz” jurnalında ön sözlə çap elətdirdiyi ilk hekayələrimin ardını gətirmədim, yazıb sandığa yığdım. Kitabla debütüm yalnız 2008-ci ildə “Sonuncu ölən ümidlərdir” romanı ilə oldu. Artıq xeyli püxtələşmişdim, sandıqdakıları bir-bir çıxarıb kəm-kəsirini aradan götürüb çap etmək olardı. Mən bilərəkdən balletristik romanla debüt etdim, kütləyə yönəlmiş ədəbiyyat nümunəsi qoydum ortaya, halbuki daha dərin, psixoloji, fərdə yönəli “Metamorfoz”, habelə “Yetmiş yeddinci gün” romanları ilə də debüt edə bilərdim. Ən böyük tiraj 500 nüsxə olan, bədii ədəbiyyat oxunulmayan, kitab mağazaları barmaqla sayılan bir məmləkətdə öncə potensial oxucularımın kim olacağını ayırd edib - onlar əsasən tələbə gənclər idi - məhz onların zövqünə uyğun sentimental trillerlə, özü də 10 minlik rekord tirajla ortaya atıldım.

Nəticə gözlədiyimdən də uğurlu oldu. Dərhal populyarlaşdım, həmin roman sonradan daha 6 dəfə təkrar nəşr olundu, bu ilin sonu yeni redaktədə 7-ci dəfə nəşr olunacaq. Dəfələrlə on min tirajlarla pirat nüsxələri çıxdı, günü bu gün də piratların dolanışıq mənbəyidir. Kitab Klubu rəsmən bu kitabı ölkədə ən çox satılan kitab elan elədi. Sonrası isə elə də çətin olmadı, mərhələ-mərhələ növbəti əsərlər gəldi.

- Nəşriyyatlarla özünüz əlaqə saxlayırsınız, yoxsa əsərləriniz naşirləri cəlb edir?

- Bu gün həm Azərbaycanda, həm də daha 5 ölkədə nəşriyyat hesabına ( bu öz hesabına kitab çıxarmaqdan kəskin fərqlənir, unutmayın) kitablarım çıxır, Şərq ölkələrində tam başqa, Qərb ölkələrində tam başqa əsərlərim uğur qazanmaqdadır.

- Qonorar öz yerində, oxucu rəğbəti qazanmaq da eləcə. Bəs ədəbi məclislərin, birliklərin diqqəti necə?

- Azərbaycandan savayı ABŞ-dan, Fransadan, Rusiyadan, Polşadan, Bolqarıstandan, Türkiyədən ədəbi ödüllər qazanmışam. Xüsusən, 2016-cı il Beynəlxalq Moskva Ədəbiyyat ödülünü Boris Akuninin, Mixail Zadornovun də təmsil olunduğu nominasiyada qazanmağım məni çox ruhlandırıb. Yazıçının uğurunun sirri istedadlı olması, yaxşı ustad tərəfindən düzgün yönləndirilməsi ilə yanaşı, həm də savadının, xüsusən filoloji savadının olmasında, mütaliəsinin genişliyindədir.

- Çox yazırsınız.

- Çox da oxuyuram: klassikanı da, müasirləri də.

- Məsələn?

- Məsələn, nəsrin dühası Viktor Hüqonu, Qabriel Qarsiya Markesi, müasir favoritlər Haruko Murakamini, Joze Saramaqonu, kumirlərim Con Maksvel Kutzeni, Orxan Pamuku və digərlərini oxumaqla yanaşı, hər bir təhkiyə növündə parlayan yeni ulduzları - Cededeyya Berrini, Corco Moyyesi, Piter Ceymsi və başqalarını izləyirəm, nəzəriyyəni təkrarlayıram, öz üzərimdə daim çalışıram. Dünyadakı ədəbi prosesləri, tendensiyaları izləyirəm. Özüm BDU-nun filologiya fakültəsini bitirmişəm. Yazıçıların Nyu Yorkda keçirilən Ümumdünya Konfransında müvəffəqiyyətlə 58 akademik saat dərs almağımı, Tolstoyun, Dostoyevskinin vətəni olan Rusiyanın Yazıçılar Birliyinin üzvü olaraq Rusiya ədəbi mühitindən kifayət qədər bəhrələnməyimi, hazırda Şərqi Avropanın ən böyük prodüser mərkəzi ilə çalışmağımı da bura əlavə etsək, mənzərə tam aydın olar.

- Dediniz ki, sizi əsasən gənclər oxuyur. Əsərlərinizdə nakam məhəbbət, gənclərin xoş və boş damarını tutan nəsnələr var, yaşamısınız bunları, yoxsa müşahidələrinizin məhsuludur?

- Simbioz. O da var, bu da. Hətta mənə taleyini danışan, yazıb göndərən, gündəliklərini hədiyyə edən yüzlərlə oxucum var. Bəzən kiçik, əhəmiyyətsiz görünən bir epizoddan da əsər yarana bilir. Viktor Hüqo 1831-ci ildə “Paris Notr-Dam kilsəsi” romanını bilirsiniz nəyin əsasında yazıb? Kilsənin damında yepiskopla gəzərkən yerdən tapdığı, içinə “Tale - qəzəvü-qədər” sözləri yazılmış kağız parçasının.

- Bəzi yazarlar var ki, əsərlərinizdən bəhs edərkən dodaq büzür, ədəbiyyat tarixində çox yaşamayacağınızı deyirlər.

- Əlbəttə, belletristik romanlar tarix üçün deyil, ədəbiyyata kütləvi oxucu gətirmək, ədəbiyyatı sevdirmək üçündür. Bu dodaq büzənlər mənim yaradıcılığımın ilk üç ilində - kütlə üçün yazılan əsərlərdə ilişib qalanlardır. O vaxt hətta mətbuatdan, efirlərdən üstümə hücuma olunurdu. Ancaq indi o vaxt deyil axı. Həmin o dodaqbüzmə prosesi ilə əsla uzlaşmayan, ölkədə və onun hüdudlarından kənarda kifayət qədər səs salan “Yanvarın 13 günü”, “Metamorfoz”, “77-ci gün”, “İyirmi bir”, “Babam, zalımlar və əncir ağacı”, “Ən sonuncu mogikan” kimi əsərlər də mövcuddur, bu əsərlərlə mən çox iddialıyam. Həm də bir həqiqət də var. Daha gözəl əsərlər hələ bundan sonra olacaq.

- Bu yerdə bir məsələyə də toxunaq: yazıçı vətəndaşlıq missiyası daşımalıdırmı, yoxsa bəşəri olmalıdır?

- Beynəlxalq arenaya çıxa bilən hər bir yazıçının öz xalqını tanıtmaq, mədəniyyətini dünyada təbliğ etmək missiyası olur. Mən özümə daha bir missiya götürmüşəm, torpaqlarımızı işğal edən ermənilərlə mübarizə. Hər bir romanımda geniş, yaxud epizodik Qarabağ müharibəsi ilə bağlı nəsə var. Amma mübarizəmin spektri tək bu deyil. Mən erməniləri dünyaya tək bizim deyil, bütün bəşəriyyətin düşməni kimi təqdim etməkdəyəm. Məsələn, Rusiyada dərc edilmiş “Xrizantema dəstəsi” adlı əsərim 1918-ci ildə ermənilərin Qubada azərbaycanlılarla yanaşı 40 yəhudini öldürmələrindən bəhs edir. Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəsmi internet səhifəsində “Məsləhət görülən ədəbiyyat” kimi tövsiyə olunan bu əsəri dünyanın dörd tərəfində on minlərlə insan oxuyur. Yaxud yenə də Rusiyada dərc edilmiş “Cənubda qar uçqunları” adlı əsərim İkinci Dünya müharibəsində ön və arxa cəbhədə 2 yüz min erməninin faşistlərin tərəfində vuruşub müttəfiqlərə, xüsusən ruslara nə qədər itki verməklərindən bəhs edir. İllik 32 milyon izləyicisi olan Proza.ru portalının 5 həftə “top5”-liyində qərarlaşan bu əsərin də saysız oxucuları var. Erməni tərəfi xüsusi fədakarlıq göstərərək, bu əsərləri oxuyub erməniləri lənətləyən yəhudilərə, ruslara, MDB xalqlarının nümayəndələrinə, digərlərinə yalvar-yaxar edirlər, məqalələr, videolar yerləşdirirlər ki, azərbaycanlı yazara inanmayın. Amma daldan atılan daş effektinin faydası olmur. Bax budur ədəbiyyatın gücü. Məgər tarix bu deyil ki? Gülümsəyərək, ironiya ilə söyləyirəm, o ağızbüzənlər Biləcəridən o yana çıxa bilirlərmi?

- Təxminən iki il əvvəl Gəncədəki hərbi hissələrdən birində sizin kitablarınızı istədilər. Dedim, verdiniz, apardım. Bəs özünüzlə görüşmək istəyənlərə vaxt ayırırsınız?

- Gücüm və imkanım daxilində Bakıda da, respublikanın şəhər və rayonlarında da bütün görüşlərə getməyə çalışıram. Oxucularımı çox sevirəm. Yalnız ölkə xaricindən olan dəvətləri tam dəyərləndirə bilmirəm. Sofiya, Moskva, Daşkənd, Kvebek, Tiflis - gedə bilmədiyim son ünvanlardır.

- Yazıçılarımızın birinin digərini acılamasına necə baxırsınız? Məsələn, bu yaxınlarda Həmid Herisçi Kult.az-a müsahibəsində özünü “fövqəlinsan” adlandırıb, digərlərini aşağılayıb.

- İstənilən sahədə fəaliyyət göstərən insan özünü əməli ilə təsdiqləyər, sözləri ilə yox. İnsana qiyməti ətrafdakılar qoyar. Nəinki cəmiyyətə örnək olan, ziyalılıq təcəssüməsi sayılan yazıçı, heç tam savadsız palançı, pinəçi də digərini alçaltmamalıdır. Bu, insanlıq fəlsəfəsinə ziddir. O ki qaldı Həmid Herisçiyə, fərqli düşüncə tərzinə görə, cəmiyyətə fərqli rakursdan baxma keyfiyyətinə görə, dünyanı dərki haradasa panteizmə dirəndiyinə görə, habelə hədsiz istedadına görə o, bu gün kifayət qədər dərk edilmədiyinin ağrısını çəkir. Bu ağrını ifadə etməkdə də tam səmimi olduğuna inanıram. Sadəcə, fövqəlinsan fikri, yəqin ki, konteksdən düzgün çıxarılmayıb.

- Sizcə, Azərbaycan yazarının tərbiyəsi mentalitetə uyğundur? Özündən böyüyü söymək, təhqir etmək və sair.

- Bizim çox istedadlı gənc yazarlarımız var. Eləcə də orta yaş və ahıl yaşlı çox dəyərli qələm əhlimiz var. Onlar gözəl əsərləri ilə daim gündəm yaradırlar. Amma daha çox da istedadsızlar var ki, onu-bunu aşağılamağa, hərəyə bir daş atmağa xərcləyirlər vaxtlarını. Çox təəssüf hissi ilə onu da deyim ki, bizdə rəqabətin düşmənçiliyə çevrilməsi, bəzən ən tanınmış yazıçılarımız arasında da soyuqluq yaradır, bu, çox pis tendensiyadır. Mən öz müşahidələrimə əsasən deyirəm, bizdəki qədər müharibə meydanını xatırladan qan-qadalı ədəbi mühit heç adamyeyənlərin ölkələrində də yoxdur.

- Varis bəy, bu günün ədəbiyyatı sələfləri qədər yaşaya biləcəkmi?

- Ən azı buna can atmaq lazımdır. Bugünün ədəbiyyatında məgər zirvələr azdır? Poeziyada Ramiz Rövşən, nəsrdə Anar, Elçin, Kamal Abdulla. Zirvəyə ucalmaqda olan nə qədər gözəl gənc yazarımız var. Hamısı əbədiləşməyə layiqdir, məncə. Yaşayarıq, görərik.

- Tənqidimiz necədir, sizi tənqid edirlər, yoxsa onların da öz “kuruq”u var?

- Əlbəttə, 300 manata resenziya yazan tənqidçilər də var, yalnız öz çevrəsindəki dostlarını mədh edən tənqidçilər də var. Belələri ilə işim yoxdur. O gün Yazıçılar Birliyində Qəbul Komissiyasının iclasında qocaman tənqidçimiz Vaqif Yusiflinin, bir qədər öncə efirdən çox obyektiv tənqidçimiz Nizaməddin Şəmsizadənin yaradıcılığım barədə xoş sözlər söyləmələri, Rusiyadan kifayət qədər tanınmış resenzistlər Aleksandr Qritsenkonun, Yelena Vasilyevanın, ABŞ-dan tanınmış ədəbiyyatşünas Lin Menkenin tərifləri məni sevindirir. “Ədəbi tənqid - ədəbi prosesin lokomotividir” fikri sosrealizmə aid olsa da, etiraf edək ki, yetərincə doğru deyilib.

Son olaraq müsahibəni bu sözlərlə yekunlaşdırmaq istərdim: ədəbiyyat əlinə qələm götürərək mövcudluğu görmək istədiyi kimi göstərmək gücündə olan bəzilərinin çabalarıdır, əslində. Bu təzad nə qədər böyük olursa, bir o qədər güclü nümunələr ortaya qoyulur. Vay o günə ki, o qələm götürən görmək istədiklərini mövcudluq kimi göstərə. Bu qədər sadə.

Tarix
2017.11.17 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla