Yuxarı

Hər şey hazırdır, amma qorxuram... – İradə Tuncay

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ulduz” jurnalı ilə Axar.az saytının birgə layihəsi

Bir vaxtlar poçtalyonlar səhər tezdən poçt qutularına məktublardan çox qəzet atardılar. Hər kəs abunə olduğu qəzetləri mənzilinin nömrəsi yazılan dəmir qutulardan çıxarıb həvəslə oxuyardı. O vaxtlar nə şəbəkələr vardı, nə də televiziyalar indiki qədər çox idi. Heç telefon da hər evdə gözə dəymirdi. Adamlar xəbərləri isti-isti qəzetlərdən oxuyardılar. “Ədalət”lə ilk tanışlığımız da elə o vaxtlardan başlayır. “Yazı masası”nın bugünkü qonağı “Ədalət” qəzetinin baş redaktoru, gözəl xanım, maraqlı insan, yazıçı-publisist İradə Tuncaydır.

İradə xanımın gözlərində parıltı var. Bu parıltıda onun ömür yolu var, göz yaşı var, sevinci var və elə böyük iradəsi var ki... Əslində, mən o parıltını hansısa ulduza, çox güman ki, Alfa Sentavraya bənzədirəm! Gözəl, cazibədar, görüntüsü soyuq, özü qaynar ulduza!

İradə xanım, sizi yazmağa nə vadar edir?

– Yaradıcılıq prosesinin izahını vermək çətindir. Düşünürəm ki, bunu heç kim dəqiq deyə bilməz. Amma prinsip etibarı ilə ən böyük yaradıcı elə təbiətin özüdür. Bu fəsillər, dəyişmələr, yaşılın sarıya dönməsi, sonra sarının tökülməsi və yenidən həyatın dirilməsi... Bütün bunlar yaradıcılıqdır. Baxanda biz heç onun elədiyinin mində birinə, milyonda birinə yaxın düşə bilmirik. Hər rəngin altında o qədər rəng var, çalar var ki, onu heç bir rəssam çəkə bilməz. Mümkün deyil. Təbiət özünün qabiliyyətindən bizə də bir az pay verib. Və biz bu prosesin içində qaynayırıq. Qaynayırıq, amma bəzən olur ki, uzun müddət – hardasa altı ay, yeddi ay, bəzən də daha çox heç nə yaza bilmirsən. Bu – tənəzzül dövrü hər kəsdə baş verir. Bir də görürsən ki, beynində, elə bil, düyməni basdılar və işə düşdün. Yazı özü gəlib süzüldü təxəyyülündən və bir anın içində hazır oldu. Ona görə də izah və təqdimat vermək çətindir. Amma elə adamlar var ki, qarşılarına məqsəd qoyurlar, bu gün filan qədər yazı yazacağam. Yox, məndə belə deyil. Bəlkə də, bu yaxşı şeydir – yazını rejimə salmaq. Bilmirəm, bəlkə də yox. Hər halda məndə alınmır bu cür.

– Yazı masanızda əlinizin altında nə olur?

– Əvvəllər ancaq qələmlə yazırdım, indi də qələmlə yaza bilmirəm. Əlifba dəyişəndən sonra bu, müəyyən narahatlıq törətdi. Daha klaviaturaya öyrəşmişəm. Atam deyirdi ki, əlimdə qələm olmayanda fikirləşə bilmirəm. Yazıya nə təkan verirsə, həmin prosesdə “o” lazımdı mütləq.

Əgər yazım gecə saatlarına təsadüf edibsə, mütləq qəhvə içirəm. Gündüz saatlarında isə çay, ancaq çay...

– Bəs prosesin özü necə gedir?

– Hər kəsin yaradıcılığı onun içini xarakterizə edir. Bu proses insanın özüdür. Mən sakit adamam. Yazı prosesim də sakit gedir. Arada durub pəncərədən baxıram. Fikirlərimi toplayıb yenidən davam edirəm.

– Bəs yazıdan sizi nə ayıra bilər?

– Saatın səsi məni narahat edir. Mən yazanda sakitlik istəyirəm. Bəzən iş saatlarında vaxt ayırıb nəsə yazmaq istəyirəm, gələn-gedən məni yorur. Bir yandan da telefon zəngləri. Hər dəfə yazıdan, düşüncədən ayrılıb yenidən yazıya adaptasiya olmaq çox çətin olur. Mümkün qədər sakitlik istəyirəm.

Bütün bunlardan başqa şəxsi problemlərim məni yazıdan yayındıra, düşüncələrimi parçalayıb fikrimi dağıda bilər...

– Nəsr səbr tələb edən sahədir. Sakitlik, bir kənara çəkilib fikirləri cəmləyib yazmağı sevir. Siz çox aktiv, qaynar xanımsınız. “Yol” romanını yazmaq necə alındı bəs?

– Mən, əslində, çox səbirli adamam. Qətiyyən göründüyüm kimi deyiləm. Məndən sakit, səbirli adam yoxdur. Amma daha çox kiçik həcmli mətnlər yazmağı sevirəm.

– Bəs yeni roman necə, bu barədə nə düşünmürsünüz?

– Beynimdə böyük nəsr əsəri var, hazırdır. İntəhası yaza bilmirəm... Qorxuram... Qorxuram ki, mənə pis təsir edər.

– Yazdıqlarınız sizi incidir?

– Publisistika məndə şeir kimi yaranır, yazılır. Rahat, incitmədən... Ona görə daha çox publisistik yazılar yazıram.

– Bəs şeir necə, yazmısınız heç?

– Heç vaxt yazmamışam, heç cəhd də etməmişəm. Düşünməmişəm bu barədə. Amma son vaxtlar – hardasa beş-altı il içində üç dənə, adını nə deyim bilmirəm, qoy elə eksperiment deyim, yazmışam. Mən şair deyiləm və yazdığımı böyük şeir nümunəsi saymıram. Sadəcə, içimdən gələn düşüncəni yazmışam. Vəssalam...

– Yazıçının şeir yazmağı da maraqlıdır. Adətən, poeziyadan nəsrə gəlirlər...

– Ədəbiyyatı, sözü bilən adam sistemləşdirib nəsə edə, nəsə yaza bilər, əlbəttə ki. Burda qeyri-adi heç nə yoxdur. Amma bu, böyük poeziya nümunəsi olacaqmı?! Bax sual budur.

Atam həmişə evdə ədəbiyyat mühitindən söhbətlər edirdi. Danışırdı ki, bir dəfə iclasda Mirzə İbrahimovla Mehdi Hüseyn mübahisə edirlərmiş. Mehdi Hüseyn deyib ki, mən nəsrə şeirdən gəlməmişəm, sizin kimi. Mirzə İbrahimov da cavab verib ki, ona görə belə qurusan da!..

Şeir tam başqa auraya, qalaktikaya aparan bir nəsnədir. Xüsusi bir anlam daşıyır, ələlxüsus da Şərq aləmində. Şərq adamı poeziyaya çox meyillidir. Şeir bir ayrı dünya, bir ayrı aləmdir...

– Televiziya verilişlərinə ssenarilər yazmısız. Bəs kinossenari yazmaq heç vaxt ağlınızdan keçməyib? Yazmaq istəməmisiniz?

– Yox, düzü, mən buna real baxmamışam. Bir az praqmatik adam olduğumdan buna heç vaxt maraq göstərməmişəm.

– Yaradıcı adamların işləməsi çətin olur. Qəzetin baş redaktorusunuz, məsuliyyət var üzərinizdə. Qəzetdə gedən bütün materialları gözdən keçirirsiniz, hər şeyə nəzarət edirsiniz. Bunlar sizi yormur, daha doğrusu, yaradıcılığınıza mane olmur ki?

– Sovet dövründə yazıçılar böyük qonorar alırdılar. Onunla dolanmaq olurdu, həyatlarını təmin edə bilirdilər. Tutalım, ssenari yazırdılar, qonorar alırdılar, tərcümə edirdilər, qonorar alırdılar. Amma indi bunların heç biri yoxdur. Yazıçı, şair çap etdiyi kitabdan da heç nə qazanmır. Əksinə, özü xərcləyir. Tiraj da əvvəlki illərə baxanda çox aşağıdır. Oxuyan azdır, kitab alan azdır. Problem bundadır. Çoxu da öz cibindən kitab çap etdirir ki, imzası itməsin, qalsın. Amma bu imzanın da qalıb-qalmayacağı sual altındadır...

Şoloxov bir kənddə yaşayıb. Ömür boyu da işləməyib. Elə aldığı qonorarla yaşayıb. İndi gəl bunu transfer edək bizim dövrümüzə. Necə olar, səncə? Dolanmaq olar? Mümkün deyil axı. Ona görə də bəzən çox istedadlı adamlar da bu məişət qayğılarının içində itib gedirlər. Məsələn, dövrümüz haqqında gözəl romanlar yazıla bilər. Material, mövzu həddindən artıq çoxdur. Amma heç nə yazılmır, demək olar ki. Məişət qayğıları, problemlər imkan vermir. Yəni bu baxımdan işsiz olmur, alınmır.

– Bayaq qeyd etdiniz ki, yazıçılarda tənəzzül dövrü – durğunluq olur. Yazmayanda darıxmırsınız ki? Narahat olursunuzmu ki, mən niyə yazmıram, niyə yaza bilmirəm? Bu sizi incidirmi?

– Yox, mən öz tənbəlliyimə haqq qazandırmaq üçün bəhanə axtarıram. Deyirəm ki, bu elə belə olmalıydı. Yazmıramsa, deməli, hələ yazmamalıyam.

– Bəs yazmağa can atan, ortalığa çıxmaq, öz istedadını göstərmək istəyən gənclərlə bağlı nə düşünürsünüz?

– İstedadlı gənclər var. Yazırlar. Amma bu sosial şəbəklərdə ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi olmayan adamların “Əla!”, “Möhtəşəm!”, “Super!” kimi rəyləri bəzən cavan adamı yolundan edə bilər. Bilirsiniz, hələ özünə tam qiymət verə bilməyən, hələ tam formlaşmayan bir gənci bu cür “təriflər” çaşdıra bilər. Bu cür dost “möhtəşəm”ləri onları uçuruma aparır. Tərif çox lazımlı şeydir. Xüsusilə, yaradıcı adam üçün çox vacibdir. Amma bu yalançı “afərin”lər baş gicəlləndirir bəzən. Bir dəfə bir gəncə dedim ki, bu şəkildə davam etsən, səndən nəsə olacaq. Gördüm ki, üz-gözünü turşutdu. Yəni necə yəni olacaq?! Mən artıq şairəm!

Bilirsinizmi, hər bir insanın öz limiti var. Onu heç cür aşa biməz. Məsələn, Lermontov 28 yaşacan nə yazacaqdısa, yazdı və dünyasını dəyişdi. C.Cabbarlı 35 yaşında artıq klassik idi. Çexov, Müşfiq... Bu, həmin adamlara verilmişdi. Amma hamıda belə olmur axı. Ona görə oxumaq, çalışmaq, mütaliə etmək, öz üzərində işləmək lazımdır.

İradə xanımla söhbətimiz elə maraqlı keçdi ki, onu deyə bilmərəm, biz onun qonağı olmaqdan çox şad olduq. Daha bir yazı adamının yazı prosesini, yazı “mətbəx”ini öyrəndik. İradə xanım gözündəki işıqla bizi “Ulduz”a yola saldı.

Tarix
2017.12.25 / 10:37
Müəllif
Xanım Aydın, Vüsal Nuru
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla