Yuxarı

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az gənc aktyor Ziya Ağa ilə müsahibəni təqdim edir.

– Ziya bəy, söhbətimizə şablon bir sualla başlayaq: necə oldu ki, bu sənətə gəldiniz?

– Düzü, bu sual ətrafında aparılan söhbətlər mənə olduqca absurd görünür. Məsələn, necə oldu ki, jurnalist oldun, necə oldu, rejissor oldun və s. Amma bir halda ki, sual verilib, cavablandırmağa çalışacağam.

– Buyurun...

– Mən şöhrət xatirinə aktyorluğu seçdim. İstəyirdim ki, məşhur olum, hamı mənə əl çalsın. Uşaq vaxtı Rafet əl Romanın “Şu hayatda nələr oluyor” mahnısını özüm üçün zümzümə edirdim. Anama dedim ki, müğənni olacam. İkinci sinifdə musiqi dərsində müəllimə dedi ki, kim mahnı oxuya bilir? Kütlə qarşısında çıxış etmək üçün şans yaranmışdı, əlimi qaldırdım. Çıxdım lövhənin önünə və oxumağa başladım, gözləntim böyük idi, təsəvvür edirdim ki, hər tərəfdən alqışlar qopacaq. Ancaq əksinə oldu. Mən oxuyan kimi qəfil hamıdan bir gülmək çıxdı ki, gəl-görəsən. Lövhənin önündəcə dərin bir travma aldım, keçib yerimə oturdum, ağladım.

Ondan sonra bir də dərsə ikinci sinfin axırında getdim. Utanırdım və kompleksim vardı deyə dərsə getmirdim, elə bilirdim ki, yenə hamı mənə güləcək. 11-ci sinifdə oxuyana qədər lövhənin önünə çıxıb dərs danışmadım, danışanda yerimdə durub danışırdım. Amma deyim ki, dərslərimi yaxşı oxumuşam, hətta əlaçı olmuşam.

2009-cu ildə isə universitetə sənəd verirdim. Axı içimdə hələ də o məşhurluq sevdası qalmışdı. O zamanlar peşəkar futbolla məşğul olurdum, “Qarabağ” klubunda oynayırdım. Amma ailəm dedi ki, futbol yaxşı sənət deyil, gəl sənədlərini başqa qruplara ver. Bir ingilis dili müəlliməm vardı, bilirdi ki, imtahanda təxminən, necə suallar düşəcək, məni də o suallara uyğun hazırlaşdırırdı. Keçid balından 11 bal çox topladım, yaxşı bir yerə düşdüm. Az bal toplasam da, bu, mənim biliyimə uyğun olan idi. Sıxıntılı, qapalı uşaq idim, futboldan da ayılmışdım, gərginliyim daha da artmışdı.

– Musiqi ilə bağlı xəyallarınız da ölüb getmişdi...

– Bəli... Amma içimdə gizli bir həvəs var idi. Ona görə imtahandan sonra seçim turunda prodüserliyi-filan da yazdım. Birinci yazdığım ixtisasa qəbul oldum. Birinci dərs günü Memarlıq və İnşaat Universitetinin darvazasından içəri girəndə gördüm ki, binada təmir gedir, insanlar o yan-bu yana həvəslə gəzişirlər. Öz-özümə dedim ki, ilahi, bu nədir? Bura mənim yerim deyil. Və məndə yenə şöhrət qığılcımları baş qaldırmışdı. Düz bir-iki ay dərslərə girmədim. Akademik məzuniyyət götürüb əsgərliyə getdim, qayıdıb gələndə isə dostum dedi ki, əlimdə bir işim var, onu montaj eləyə bilərsənmi? Mənim də bu işlərdən az-çox başım çıxırdı. Filmin adı belə idi: “Ata, oğul, dəniz”. Montaj etdim. Film ailə film festivalında nümayiş olundu. Sonra Pərviz Seyid adlı bir ssenarist var, o dedi ki, bir filmə hazırlanırıq, bəlkə sən də çəkiləsən. Bu təklif sanki mənim şöhrət simptomlarıma toxundu. Özümü sınamağı qərara aldım. Universitetə hələ də getmirdim. Nə tələbə yoldaşlarımı, nə də müəllimlərimi tanıyırdım. Təkcə Kəramət adlı bir Azərbaycan tarixi müəllimim vardı, ona bir qutu siqaret alırdım, bütün qiymətlərimi həll edirdi.

– Adaşımın hərəkətinə baxın da...

– Hə... (gülür) Elə oldu ki, Pərviz ilk filmi olan “Sus”u çəkməyə başladı, ilk dəfə o filmə çəkildim. Birinci filmə çəkiləndən sonra içimdə təzədən dəhşətli bir həvəs yarandı və yenə də məqsədim məşhurluq idi. Neçə il qapı şirkətində qapı satdım. Saatlarla Pərvizlə kino və aktyorluq barədə söhbətlər edirdim. O zamanlar əlimə Stanislavskinin bir kitabı keçdi, oxudum. Aktyorluq barədə iki cildlik kitab idi. Bütün aktyor oyunu onun üzərində qurulub. Əlifbadır o kitab.

Pərviz sayəsində əlaqələrim genişlənməyə başlamışdı. Bir neçə seriala, eləcə də “Səndən sonra”ya dəvət etdilər. Amma gedə bilmirdim, çünki utanırdım, uşaqlıq travmam gəlib gözlərimin önündə durmuşdu. Bir dəfə isə “Arzuların ardınca” filmi üçün təklif gəldi. Bu ilk böyük bədii filmim idi, baş rol mənə həvalə olunmuşdu. İkinci rejissor Asif vardı, məni çağırdı, utanırdım deyə yenə də getmədim. Son təklifdə yolda idim, avtobusla evə gedirdim, təzədən zəng gəldi, etiraz edə bilmədim. Və bundan sonra iş başladı. Bütün bunlar sənin ironik şəkildə verdiyin “necə oldu ki, bu sənətə gəldin” sualının cavabıdır(gülür).

– Bundan sonra məşhurlaşdınızmı?

– İki il çəkildiyim film ərsəyə gəldi, filmin təqdimat günü idi. Yenə də xəyallarımda möhtəşəm bir şey yaratmışdım. Elə bilirdim ki, “Təhminə və Zaur” filmindən sonra ilk uğurlu melodram məhz budur. Bunu düşünməyə əsasım o idi ki, təqdimatdan qabaq insanların özü piar keçirir, filmi bəyənir, təbliğ edirdilər. Gəlib oturub deyirdilər ki, “Arzuların ardınca” adına bir film çəkilib, baxmamısan o filmin treylerinə? Ağıllarına gəlmirdi ki, baş rolu oynayan mənəm.

Düzü, Ramilin ilk işi idi deyə, filmdə hamımızın səhvləri vardı. Amma bir də gördüm ki, Azərbaycan teleməkanının bütün kanalları, bütün sayt və internet kanalları qarşımda durub mənə mikrofon uzadıb.

– Hiss etdinizmi ki, istəyinizə çatmısınız?

– Arzuladığım yerdə idim, amma qəfil anladım ki, istədiyim bu deyil. Sonra filmə baxıb utandım, yerə girdim. Dedim, axı, mən belə etməmişdim, niyə belə görünür? Özümü çox pis hiss etmişdim. Səhər durdum, bulvara gedib bir karuselə mindim. Qapı dükanına getdim. Orda isə sanki mənə bir siqnal gəldi: Sən uduzdun! Sən əslində, bunu istəmirdin! İkinci sinifdə keçirdiyin travmanın qurbanı oldun, utancaqlıq kompleksindən xilas olmaq, qurtulmaq istəyirdin, beləcə aktyor oldun.

Bir müddət də bunun sarsıntısını keçirdim, ancaq məhz bundan sonra özümə dedim ki, daha aktyor olmaq olar.

– Hazırda çəkilişi gedən “Ögey ana” serialında da baş rollardan birini oynayırsınız. İsmayıl obrazı ilə real həyatdakı xarakteriniz arasında bir oxşarlıq, uyğunluq varmı? Serialda sözünü deyən, çəkinməyən, lazım gələndə vurmağı da bacaran bir rolunuz var...

– İsmayıl rolu ilə Ziya arasında çox böyük fərqlər var. Amma xarakterimiz, xasiyyətimiz tam üst-üstə düşür. Belə deyim, lap dəqiq olsun: İsmayıl bilir ki, bu serialdır və o uduzmayacaq, amma Ziya anlayır ki, həyat serial deyil, burada bir az ehtiyat lazımdır.

Yunanların bir misalı var. Deyir, o insanlar xoşbəxtdir ki, yuxularında yuxu olduqlarını bilirlər və anlayırlar ki, sən bu həyatın qəhrəmanısan, uça da bilərsən, yıxılsan da ölməyəcəksən, onları ayıldan şey isə qorxularıdır. Biz anlasaq ki, yuxarıdan yerə çırpılanda ölməyəcəyik, yuxudan ayılmarıq. İsmayıl da serialda bunları bilir, ona görə də rahatdır.

– Ziya bu həyatda, cəmiyyətdə çoxmu narahatdır?

– Əlbəttə... İstərdim çox şeyi düzəldim. Çox istərdim, ciddi müğənnilərin, sənət adamlarının cibinə beş manat qoyub kimsə oxutdura bilməsin. Əgər belə bir şey mənim başıma gəlsə, ilk dəqiqələrdə özümü idarə edə bilmərəm. Çox istəyirəm ki, belə bir şey başıma gəlməsin. Yaşamaq istəyirəm.

– Mənə elə gəlir ki, sizin ən uğurlu və məşhur rolunuz “Ögey ana” serialındakıdır. Doğrumu?

– Sənət baxımından deməzdim, amma məşhurluq, tanınmaq baxımından götürəndə, əlbəttə, yüz il sonra da hamı biləcək ki, mən o işimə görə tanınmışam.

Sizcə, aktyor rol seçməlidirmi?

– İki-üç il öncə Azərbaycanda bir film çəkildi: “Sadəcə sən”. Elşən Rüstəmov da filmdə rol almışdı. Eşitmişdim ki, o rol üçün Fuad Poladovu çağırıblar. O da deyib ki, ssenarini oxuyum, bir cavab verəcəyəm. Fuad müəllim ssenarini oxuyub və çox xoşuna gəlib. Amma deyib ki, bu rol mənə uğur gətirməyəcək, məsləhət görürəm, Elşən Rüstəmovu çağırın. Filmə baxandan sonra bildim ki, Fuad müəllim o sözü niyə deyib. Bəli, doğrudan da o rol üçün ən ideal variant Elşən bəy idi.

– Halbuki Fuad bəy nə olur-olsun oynayıb, qonorarını ala bilərdi. Deməli, Fuad bəydə bir aktyor kimi də, şəxsiyyət kimi də özünəhörmət hissi güclüdür. Və bu şeylərə görə də onu çox sevirlər.

– Haqlısınız... Müəllimim Vidadi Həsənov heç kimin mənə inanmadığı dövrdə dedi ki, sən aktyor olacaqsan. O mənim şəxsiyyətimin formalaşmağında böyük rol oynadı.

– İsmayıl obrazı tipik Azərbaycan kişisidir. Mentaldır. Namus, qeyrət daşıyıcısıdır. Maraqlıdır, siz o obrazla cəmiyyətə demək istəyirsiniz ki, əsl kişi belə olmalıdır?

– Mənim məqsədim budur ki, insanlara nəsə danışım. Məsələn, seriala çəkildiyim bir il ərzində onu göstərmək istəyirəm ki, mentaliteti pisləməyin. Pisləməyə qalsa, bunu hər şeydə tapmaq olar. Mövqeyə, məkana, düşüncə tərzinə baxır. Mən İsmayıl rolu ilə göstərirəm ki, mentallığın pis və yaxşı tərəfləri var. Məsələn, müğənni Üzeyir Mehdizadəyə qulaq asanları qınayırlar, onlara lağ edirlər, onları düşüncəsiz, təfəkkürsüz insan sayırlar. Amma anlamaq lazımdır ki, sabah Qarabağ uğrunda müharibə başlasa, döyüşə birinci gedən elə Üzeyirin mahnılarına qulaq asanlar olacaq. Amma Üzeyiri bəyənməyənlərin torpaqlar uğrunda döyüşməyə “duxu” çatmayacaq.

– Deyirlər, Üzeyirə o adamlar qulaq asırlar ki, savadsız, dünyagörüşsüzdürlər, əsl sənətdən xəbərləri yoxdur. Sizin dediyinizdən belə çıxır ki, müharibəyə də savadsız, dünyagörüşsüz adamlar birinci gedir?

– Yox, qətiyyən. Sizə bir sual verim: sizcə, mənim beynim var, ya yox?

– Danışdıqlarınızdan hiss edirəm ki, dünyagörüşünüz, təfəkkürünüz məhdud deyil.

– Mən 2009-cu ildə oturub saatlarla Üzeyirin “O mənim olmalıdır” mahnısına qulaq asmışam. Hətta əsgərlikdə ağlamışam, bir otaq vardı, girdim ora və üç saat dayanmadan Üzeyirin mahnısına qulaq asdım. Gördüm ki, getdikcə ona qarşı olan ikrah hissim aradan götürülür.

– Maraqlıdır, İsmayıl rolundan sonra təklif gəlsə, təlxək roluna çəkilərsinizmi?

– Təlxəyin mövqeyi olsa, bəli, çəkilərəm.

– Təlxəyin nə mövqeyi ola bilər ki?

– Təlxəklik də bir sənətdir. Bizim sənətin – aktyorluğun təməli təlxəklikdir. Təlxəklər yeganə insanlardır ki, tarixən şahların, hökmdarların qarşısında gülə-gülə deyib ki, sən səhvsən. Şahsa ona gülüb. O şaha deyib ki, “sən məğlubsan, bədbəxtsən, kral mənəm”. Təlxəyin mövqeyi olmasa, ingilis aktyorluğu bu səviyyəyə gəlməzdi.

Tarix
2018.02.21 / 08:45
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla