Yuxarı

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövlud dostlarımız arasında bəlkə də yeganə adam idi ki, heç vaxt oyun oynamırdı, oynaya da bilmirdi. O, oyun oynaya bilsəydi, taleyi belə faciəli olmayacaqdı.

Onun ən böyük səhvi də oynaya bilməməsi idi. Hər şeyə ürəyi ilə baxırdı. Qız sevirdi, sevgilisinə o qədər təmiz hisslərlə yanaşırdı ki, axırda qız ondan bezirdi. Axı o qızın istədiyi başqa şeylər idi. Mövlud bunu anlamaq istəmirdi. Sevdiyi qızla dalaşırdı ki, sən niyə “Səfilləri” oxumamısan. Özünün məşhur bir sözü vardı, tez-tez dostlara danışırdı. Deyirdi ki, mənim iki il “sevirəm” sözünü deməyə cəsarət eləmədiyim qızla bir oğlan iki günün içində tanış da oldu, sevdi də, yatdı da, ayrıldı da...

Maraqlıdır, indi öz-özümə fikirləşirəm ki, biz bütün bu vaxt ərzində hələ bir dəfə oturub ciddi şəkildə ürək-dilək söhbəti eləməmişik, dərdləşməmişik. Danışdıqlarımız ancaq zarafat, lağ-lağı... O, mənə “Musa Musayevin yerlisi” deyirdi, mən ona “xalası Xumar”... Çox vaxt Mövluda söz çatdıra bilmirdim. O, məni “Qəşəmin yetimçəsi” deyə çağırırdı, mən onu “istedadsız”! Mənə deyirdi ki, Niyaməddin Musayevin ansamblında ionika çalan kişiyə oxşayırsan.

Tez-tez incikliyimiz olurdu. Bu inciklik isə etiraf edirəm ki, mənim cığallığım üzündən baş verirdi. Bir dəfə dostumuz Cavid Zeynallının toyunda Mövludla bərk davamız düşmüşdü. Bu dava uzun müddət dillərdə nağıl kimi danışıldı. Aysel Əlizadə bizim davamıza yazı da həsr etmişdi. Yenə günah məndə idi. Mövlud təxminən, bir il Qazaxda qaldı, müalicə olunurdu. Yaxşı yadımdadır, gözündə də eynək vardı, üzü də bir az tüklü idi. Gəldi, yanımızda adamlar vardı, hamı ilə görüşdü, mənə salam vermədi. Salam verməməyinin də səbəbi vardı. Bir yazımda Mövluda ilişmişdim. Onda nadinc vaxtlarım idi.

Mövludun mənə salam verməməsindən cırnadım, başqa cür reaksiya verdim. O da mənə bir şillə vurdu. Mən də bu şilləni cavabsız qoymadım. Beləcə məsələ böyüdü, söhbəti daha böyük arenada – restoranın həyətində həll eləməli olduq. Aləm bir-birinə qarışmışdı. Bir söz dəqiq yadımdadır, Şərif Ağayar dedi ki, onlarla işiniz olmasın, dalaşıb, axırda qucaqlaşıb ağlayacaqlar. Doğrudan da belə oldu. Şərif dünyagörmüş adamdır. Bir də gördüm Mövlud uzaqdan üstümə gəlir. Elə bildim məni vurmaq istəyir. Gəlib boynumu qucaqladı, üzümdən öpdü, onda göz yaşımı saxlaya bilmədim.

Mövlud özünə yer tapa bilməyən bir adam idi. Mən onu “Əlifbam”, “Azərbaycan” şeiri kimi əzəbərləmişdim. Əlini alnına qoyanda bilirdim ki, nə fikirləşir. Qəfildən məclisdən durub gedəndə səbəbini hamı müzakirə edirdi, amma mən yaxşı bilirdim o niyə getdi... Hətta zəng edirdim, telefonumu götürmürdü, bilirdim ki, niyə götürmür. O qədər, o qədər... Görəsən, təzədən bir adamı bu qədər əzbərləmək üçün nə qədər vaxt lazımdır? Ümumiyyətlə, Mövlud kimi bir şeir varmı yenidən əzbərləyim?

Yaxşı xatırlayıram, Mövlud kəndə getmək istəyirdi. Bunu mənə elə həvəslə, elə iştahla danışırdı ki... Guya orda orta məktəbdə müəllim işləyib hamıdan uzaq, rahat, başı-beyni sakit yaşayacaqdı. Mən də gülüb deyirdim ki, gedib orda da darıxacaqsan. Bir ara Tiflisə getdi, orda yaşamaq istədi. O da alınmadı, qayıdıb gəldi. O, bir yol tapıb xilas olmaq, canını qurtarmaq istəyirdi. Bəlkə də Mövlud özünü öldürmədi, xilas etdi... Gənc bir ömrü nağıl kimi yaşadı.

Mövlud çox böyük bir istedad idi. O, gənc yaşında Səfər Alışarlı, Fəxri Uğurlu və başqa-başqa ciddi ədəbiyyat adamlarının sevgisini, etimadını qazanmışdı. Onda olan yaradıcı həssaslıq, müşahidə biz yazarların heç birində yox idi. Gözəl hekayələr də yazırdı. Ancaq təəssüf ki, o cür bir istedad, o cür bir ədəbiyyat bilicisi biz ondan gözlədiyimiz mətnləri yaza bilmədi. Və özü də bunu bilirdi. Buna görə də dəhşətli dərəcədə əzab çəkirdi, narahatlıq hissi keçirirdi.

Mövludun bir sözü vardı, şəhərdə qəfildən yolunu dəyişirdi, deyirdi ki, ora getmə! Soruşurdum niyə? Qayıdırdı ki, xatirəsi var. İndi fikirləşirəm ki, Mövludla bu şəhərin hər yerində xatirəmiz var. Bəs mən yolumu hara dəyişim? Ondan ötrü darıxmamaq üçün gərək evdən çıxmayım. Hələ orasını demirəm ki, evimizdə də olub.

Bilmirəm o indi hardadır. Ancaq doğrudan da başqa bir dünya varsa, mənə elə gəlir ki, Mövlud orda da narahatdır, orda da yaşaya bilmir. Nə bilmək olar, bəlkə də orda da intihar edib. Çox kövrək idi. Bizim yanından başıaşağı keçdiyimiz, heç fikir vermədiyimiz bir şey ona təsir edər, göz yaşlarını saxlaya bilməzdi. Son görüşlərimizdə daha tez-tez kövrəlirdi. Mart ayının səkkizi idi, hansı ki, həmin ayın on beşindən on altısına keçən gecə intihar edəcəkdi, Şərif Ağayarla “20 Yanvar”da “Məhsul” kafesində oturmuşduq. Birdən Mövlud mənə zəng elədi, səsi çox pis gəlirdi. Soruşdu ki, hardasan? Dedim ki, Şəriflə oturmuşduq. Dedi, heç hara getməyin, gəlirəm. Gələn kimi zarafatlaşmağa başladı. Dedi, Kərəm, mənim göz yaşımı görməyəcəksən. Nüsrət Kəsəmənlinin məşhur bir şeiri var, Nazpəri xanım da oxuyur, klip də çəkdirib. Guya o şeiri parodiya edirdi. Mən də qayıdıb şeirin o biri misrasını deyirdim: “Mövlud, tale oyunlara atacaq səni”. Şərif də bizə baxıb gülürdü. Necə oldusa söhbət Qulu Məhərrəmlidən düşdü. Qulu müəllimə zəng elədim. Sən demə, o da yaxınlıqdan keçirmiş. Gəlib bizimlə oturdu, hal-əhval tutduq. Mövlud isə həmin narahatlıqla başını çiynimə qoyur, tez-tez eyni sözü təkrar edirdi: “Kərəm, mənim göz yaşımı görməyəcəksən...”

Elə bu sözü deyə-deyə qəfildən hönkürdü. Ağlaya-ağlaya durub üzünü yumağa gedəndən birdən kafenin ortasında dayandı, yanına gəldim ki, nə oldu? Üzümə baxıb əli ilə ürəyini ovcuna alıb möhkəm sıxdı, sinəsini silkələdi. Qayıtdı ki, Kərəm, ürəyim partlayır. Başa düşürsən? Ürəyim partlayır! Sonra sinəsini yumruqladı.

Mövluddan sonra özümü başa sala bilmirdim. Harda hündür bina görür, tez mərtəbələrini saymağa başlayırdım. Demək olar ki, hər gün onunla birlikdə oturduğumuz kafeyə gedirdim. Bir gün isə gecəni gözlədim, saat ikiyə on beş dəqiqə işləmiş onun özünü atdığı binanın qabağına gəldim. Liftin düyməsini basıb düz on yeddinci mərtəbəyə çıxdım. Tam səmimi deyirəm, intihar-zad etmək fikrim yox idi. Sadəcə, o ucalıqdan aşağı baxmaq istəyirdim. Liftdən çıxan kimi sağ tərəfdə ağ plasmas qapı vardı. Qapını açıb balkona çıxdım. Hava da küləkli idi. Ora elə bir yerdir ki, ordan adam təsadüfən də yıxıla bilər. Çünki balkonun divarı çox alçaqdadır. Balkona keçəndən hardasa 15-20 saniyə sonra baxdım ki, atamın nömrəsindən mənə zəng gəldi. Onda atamla anam İmişliyə getmişdilər. Telefonu açıb cavab verdim. Sən demə, anam imiş. Atamın telefonu ilə zəng edib yuxulu səslə soruşdu ki, Kəramət, qurban olum, hardasan? Yatıbmış, yuxudan durub zəng edib. Mən də təmkinli səslə cavab verdim ki, yoldayam, evə gedirəm. Anamla sağollaşan kimi gördüm arxadan kimsə qolumdan yapışdı. Baxdım ki, binanın mühafizəçisidir.

Mən həmin vaxtlar dəhşətli depressiya keçirdim. Bütün bu şeylər, gecə vaxtı binanın başına çıxmaq, ordan aşağı baxmaq istəyim axmaqlıqdan başqa bir şey deyildi, mən bunu indi anlayıram. Mövlud mənə çox şeyi aydınlaşdırdı. Məsələn, Mövluddan sonra başa düşdüm ki, insan öləndən sonra həyat necə davam edir. Və bunu anlayandan sonra gördüm ki, ölməyin də bir mənası yoxdur. Bütün çətinliklərə baxmayaraq, yaşamaq lazımdır. Çünki biz bu həyatı təkcə özümüz üçün yaşamırıq. Övladlarımız var. Belə bir cəmiyyətə övlad etibar eləyib getmək dünya səviyyəli əclaflıqdır.

Son vaxtlar ona diqqətim çoxalmışdı. Özünə də demişdim. Qayıtdı ki, yəqin, ölüb-eləyəcəm. Xəstəxanada yatdı, gündə beş dəfə zəng edirdim. Ayə, istedadsız, nəsə lazımdı? Yox, Kərəm, qadan alım, heç nə istəmirəm, bir azdan yatacam. Soruşurdum ki, konturun var? Deyirdi, varımdı, varımdı... Yadıma gəlir, gülə-gülə demişdim ki, sənin hər şeyin var, bircə istedadın yoxdur. Kaş ki, o, eyvanda beşcə saniyə səbr edəydi, bəlkə anası zəng edəcəkdi...

Həmişə metro bağlananda, saat 12-yə yaxınlaşda mənə deyirdi ki, Kərəm, sən canın getmə! Məzarının yanında onunla nə qədər söhbət elədim. İnan, elə bil həmin səsi eşidirdim. Kərəm, sən canın, getmə! Mövludun balaca bir başdaşı vardı. Taxtadan qoyulmuşdu, müvvəqqəti idi. Qırmızı qələmlə üstünə yazmışdım ki, darıxanda zəng elə...

Yadıma gəlir, Kamal Abdulla yazar dostlarını gözəl bir məclis ətrafında toplamışdı. Məclis başlayanda Kamal müəllim məndən soruşdu ki, ürəyin nə istəyir? O, yemək-içmək mənasında soruşurdu. Mənimsə cavabım belə olmuşdu ki, ürəyim Mövludu istəyir... Zəng elədim, Mövlud on beş dəqiqəyə gəldi. O günü də xatırlayıram. Təkcə indi yox, həyatda olanda da Mövluddan ötrü tez-tez darıxırdım.

Bir dəfə təzə pal-paltar alıb, üzümü-başımı qırxdırıb, kefimin də yaxşı vaxtında Nərimanova Mövludla görüşməyə getdim. Mövlud məni görən kimi gülümsəməyə başladı, qayıtdı ki, Kərəm, sən canın, səni bu qədər xoşbəxt eləyən o kədərli şeyin adı nədir? Bir kəlmə ilə hədəfi necə dəqiq vurdusa səsim çıxmadı...

Tez-tez deyirdi ki, onun dəyərin bil, bunun qiymətin bil, filankəsin qədrini bil və s. Son vaxtlar ona zəng edəndə deyirdim ki, onun-bunun qədrini bilən, hardasan? Bu sözüm ona ləzzət eləyirdi. Orda-burda danışırdı.

Deyirdi, təzə hekayə yazmışam. Soruşurdum ki, neçə min işarədir? Qayıdırdı ki, on min! Bir də soruşurdum ki, kişi kimi düzünü de, onun neçə min işarəsi üç nöqtədir? Uğunub gedirdi. Üç nöqtədən ötrü ölürdü.

Nə o mənim toyuma pul atırdı, nə də mən onun. Nişanında sərxoş olub cibinə əlli manat qoymuşdum, səhər zəng elədim ki, pulumu qaytar.

Mövlud və onun ölümü gündəm hadisəsi deyil, bir ömür hadisəsidir... Onun ölüm xəbəri ömür boyu oxunacaq. Öldüyü gün yazmışdım ki, ölüm xəbərini eşidib hönkürmək hələ səndən ötrü ağlamaq deyil. Emosiyadır, ilkin reaksiyadır. Aradan illər keçəcək, sənin o dünyadakı, mənim də bu dünyadakı yerim köhnələcək, sənin qəbrin qocalacaq, mənim saçım ağaracaq və bir gün hardansa qayıdanda, ya işdən çıxanda oturub bir kafe küncündə bir parç pivə ilə qəfil səni xatırlayacam, həmin andaca başımın arxasını soyuq kafe divarına söykəyib kövrələcəm, gözlərim yaşaracaq... Bax, səndən ötrü əsl ağlamaq o bir-iki damcı göz yaşı olacaq, Mövludum!

Mövlud tez-tez bu misranı deyirdi: “Axşam da qəribdi, mən də qəribəm”.

Tarix
2018.03.17 / 08:30
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla