Yuxarı

Ölkənin ən yaxşı kürəkəni: Bir qadın mənə yazdı ki...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər Azərbaycanda ən çox izlənilən seriallardan biri olan “Vicdan haqqı”nın aktyorları da daim diqqət mərkəzindədirlər. Serialda Fuad obrazını canlandıran Rus Dram Teatrının aktyoru Elşad Süleyman yaratdığı müsbət obraza görə tamaşaçıların rəğbətini qazanıb.

Kult.az aktyor Elşad Süleymanla müsahibəni təqdim edir:

- “Vicdan haqqı” serialı böyük maraqla izlənilir. Tamaşaçıların çoxu yəqin ki, sizi serialda canlandırdığınız Fuad obrazından sonra tanıyıb. Həmin obrazla bağlı sizə hansısa tənqidi fikir söyləyənlər, real həyatda Fuad kimi yanaşıb suallar verən olurmu?

- Tənqidi fikirlər yazsalar da, bu vaxta qədər pisləyən olmayıb. Deyirlər ki, gərək filan səhnədə atana belə deyərdin. Çox mədənisən və s. Amma daha çox yaxınlaşırlar ki, sən Azərbaycanda bir nömrəli kürəkənsən. Hətta sosial şəbəkələrdə yazırlar ki, istəyərdim belə kürəkənim, həyat yoldaşım olsun. Bir də serialda daha çox həyat yoldaşımın tərəfini saxlamağıma irad bildirirlər. Əslində isə real həyatda belə deyiləm.

- Reallıq demişkən, Fuadla Elşadın xasiyyəti üst-üstə düşürmü?

- Fuadla nə tam eyniyik, nə də bir-birimizin əksiyik. Məncə, müəyyən fərqlər var. Real həyatda daha çılğın, hər şeyə tez qərar verən biriyəm. Məsələn, serialda atama qarşıyam, amma həyatda başıma belə bir hadisə gəlsəydi, yəqin ki, atamın tərəfində olardım. Bu mənada, tamaşaçıların etirazı doğrudan da düzgündür. Mənim qayınanam gedir və bir neçə ildən sonra bir uşaqla qayıdır. Bunu realda atam mənə desəydi, yəqin ki, mənə təsir edərdi. Serialda isə olub-bitənləri çox normal qarşılayıram.

- Bəs Fuad obrazını canlandırarkən əsəbiləşdiyiniz anlar olurmu?

- Bir dəfə belə bir şey olub. Deyə bilmərəm ki, çox özümdən çıxmışam. Yox, sadəcə sakit formada həll eləmişik. Məsələn, serialda evdə qulluqçu və həyat yoldaşım ola-ola ssenariyə əsəsən qayınatam (Kamil) gələndə ona sual verməliydim ki, sizə çay gətirimmi? Dərhal ssenaristə zəng edib xahiş elədim ki, olarmı həmin cümləni deməyim? Bu gün “çay gətirim” deyirəmsə, sabah ev yığışdıran yerdə görəcəklər. Həmin səhnədə o cümlənin əvəzinə qayınatama dedim ki, bayıra hava almaq üçün çıxa bilərəmmi? Hərçənd kompleksli adam deyiləm, amma istəmədim ki, məni qınaq obyektinə çevirsinlər.

- Bəs realda o cür ailədə böyümüş bir qızla ailə həyatı qurarsınızmı?

- Əlbəttə. Məni daha çox qızın xasiyyəti maraqlandırır. Ailəsindəki problemlərə görə qızdan imtina etməzdim. O qədər ziyalı ailələr tanıyıram ki, cəmiyyət arasında böyük hörmətə sahibdirlər, lakin övladları heç onlara bənzəməyib. Yaxud da əksinə. “Anasına bax qızını al” fikri ilə razı deyiləm.

- Klassik bir sual: hər bir aktyorun canlandırmaq istədiyi bir rol olur. Siz hansı obrazı oynamaq istəyərdiniz?

- Bu suala cavab verməyəcəyəm. Çünki mən deyən kimi başqaları dərhal həmin obrazı canlandırır. Bir dəfə teatrda təklif elədim ki, filan rolu oynamaq istəyirəm. Dərhal o tamaşa səhnəyə qoyuldu və o rolu başqa adam oynadı. Filmlərdən Yeseninin obrazını çox məmnuniyyətlə canlandırardım. O şairi çox sevirəm.

- Hərənin qorxduğu və ya çəkindiyi bir şey olur. Siz nədən qorxursunuz?

- Qadınlardan çox qorxuram. Daha doğrusu, onlardan çox ehtiyat edirəm. 10 nəfər kişi düşmənim olsun, amma bir qadın düşmənim olmasın. Nənəm həmişə deyirdi ki, həyatda özünü iki şeydən qoru: “skvoznyak”dan bir də qadından. Necə ki, ”skvoznyak”ın zərəri beş ildən sonra özünü biruzə verir. Heç özün də bilmirsən ki, böyrəklərin niyə ağrıyır. Qadın da eynən belədir.

- Tanınmış insanların adətən öz peşələrindən əlavə məşğul olduğu işlər olur. Sizin aktyorluqdan başqa hansı qabiliyyətiniz var?

- Neft şirkətində çalışan mühəndis və ya metroda maşinist olsaydım, yəqin ki, əlavə başqa bir işlə məşğul olardım. Amma bir aktyorun əlavə işi, məncə, ya dublyaj olacaq, ya da reklam çəkilişi. Bunların hamısını birlikdə çatdıra bilmirəm. Məişət işlərini yaxşı bacarıram. Məsələn, yaxşı kafel-metlax vura bilirəm. Ev dizaynı verə bilirəm.

- Sizi “ən yaxşı kürəkən” adlandırırlar. Yəqin ki, qızlar sosial şəbəkələrdə sizə böyük diqqət göstərirlər, yazırlar.

- Oğlanlar da yazır. Əsəbiləşdiyim şeylərdən biri də budur ki, əksəriyyət lazımsız suallar verir. Ən çox da şəxsi həyatımı soruşurlar. Bu barədə danışmağı xoşlamıram. Yaxşı olardı ki, əməkdaşlıqla bağlı yazsınlar. Soruşurlar ki, bu həftə serial niyə yayımlanmadı, niyə Yutuba yüklənmədi? Hamısına bir-bir başa sala bilmirəm ki, biz bu işlərlə məşğul olmuruq.

Ümumiyyətlə, Fuad obrazını oynadığıma görə bəxtim gətirib. Az qala, rastıma çıxan hər kəs mənimlə evlənmək istəyir. Məsələn, bir qadın yazmışdı ki, qızım universitet oxuyub, filan yerdə işləyir, tərbiyəli qızdır və s. Mən də yazdım ki, Allah qızınızı xoşbəxt eləsin. Xanım yazdı ki, məni başa düşmədiniz. Sonra da bloka atdı. Bu, çox normal haldır. Camaat serialda bəyənsə də, həyatda necə biri olduğumu bilmir. Filmi o qədər ciddi qəbul ediblər ki, elə bilirlər, realda da hər şey bu qədər gözəl və ideal ola bilər.

Tarix
2018.04.20 / 08:45
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla