Yuxarı

Aktrisamızın dəhşətli taleyi: metro faciəsi, erməni “əsirliyi”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktrisa, müğənni Səmayə İsmayılova 1954-cü il martın 17-də Qərbi Azərbaycanın Kirovakan rayonunun Hallovar kəndində anadan olub.

Zəngin və ağrılı həyat yolu keçən Səmayə İsmayılova Kult.az-a müsahibəsində sənətə gəlməsindən, ailə həyatından və Qarabağ münaqişəsi zamanı yaşadığı çətinliklərdən danışıb.

- Ömrünüzün 41 ilini musiqiyə, teatra həsr etmisiniz. Maraqlıdır ki, haqqınızda çox az informasiya var. Sizcə, bunun səbəbi nədir?

- Düzü, bunun səbəbini bilmirəm. Yavaş-yavaş gənc nəsil yaşlıların yerini tutmağa başlayır. Bəlkə də buna görədir. İndikilərin çoxu bizi tanımır. Elə olub ki, televiziyaya gedəndə tanımayıb soruşurdular ki, siz kimsiniz? Özümü təqdim edənə qədər pərt olurdum. Çünki əvvəllər bizə münasibət tamam başqa cür idi. Həmişə bizi televiziya və radioya özləri dəvət edirdilər.

1986-cı ildən dövlət radiosu ilə əməkdaşlıq edirəm. 100-ə yaxın bəstəkar və xalq mahnılarından ibarət səsyazılarım lentə köçürülüb. Xeyriyyə marafonlarına, cəbhə bölgələrinə, dövlət konsertlərinə qədər məni hər yerə çağırırdılar. Sonradan səhhətimdə problemlər yarandı deyə, çağırılan yerlərə gedə bilmədim. Səsimdə də problem olduğuna görə oxuya bilmirdim. 2002-ci ildən sonra özüm müraciət edəndə gördüm ki, qapılar artıq üzümə bağlıdır. Heç bir televiziya efirə dəvət etmədi. Yalnız Azərbaycan dövlət radiosunun qapısı bu günə qədər üzümüzə açıqdır.

- Bir az əvvələ qayıdaq: necə oldu ki, Bakıya gəldiniz?

- 1970-in yayında Bakıya gəldim. ADMİU-nun musiqili komediya fakültəsinə qəbul olundum. Qulu Əsgərov həftədə 3-4 dəfə dərsdən sonra bizə muğam öyrədirdi. Qulu müəllim bizim üzərimizdə çox ciddi işləyirdi. Həm xarakterimə, həm də səsimə görə mənim xətrimi çox istəyirdi.

Birinci kursdan biz parçalar oynayırdıq. Müəllimlərimiz bizi psixoloji olaraq aktrisalığa hazırlayırdılar. 5-ci kursdan tamaşalarda oynamağa başladım. Müəllimlərim deyirdi ki, səndən çox gözəl aktrisa olacaq, amma həyəcanı, kompleksi aşmalısan. Heç vaxt ağlımın ucundan keçməzdi ki, nə vaxtsa aktrisa olaram. Dəhşət ciddi xarakterdə bir insan olmuşam. Evdə məni o cür böyütmüşdülər. Atam mənə “oğul balam” deyirdi.

- Bildiyim qədər, atanızın təyinatınızı İrəvandakı teatra almasına görə çox məyus olmusunuz.

- O vaxtlar hər adamı ansambla qəbul etmirdilər. Mən ansambla qəbul olunan bir neçə nəfərdən biri idim. Sentyabr ayından həmin teatrda işə başlamalı idim. Lakin may ayında atamgil rayondan Bakıya məni aparmağa gəldilər. İrəvan teatrındakılar atama demişdilər ki, Səmayə öz elimizdəndir, onu bura gətirmək lazımdır.

Həmin dövrdə (1976) teatrın aktyorları bir avtobusda qəzaya düşmüşdülər. Vəziyyətləri çox ağır idi. Həlak olanlar da vardı. Atam dedi ki, qızım, gedək öz elimizdə işləyərsən. Beləliklə, İrəvan Dövlət Dram Teatrında çalışmağa başladım. Aktrisa olmağı istəmədiyimə, həm də Opera və Balet Teatrına dəvət aldığıma görə İrəvanda çalışmaq istəmirdim.

O dövrdə həm konsert proqramlarında çıxış edirdim, həm də tamaşalarda oynayırdım. Fəaliyyətimə görə mənə yataqxanada çox gözəl ev vermişdilər. Mənim üçün ən son dəb paltarlar tikdirdilər. Necə lazımdır şərait yaratmışdılar ki, orda qalıb işləyim.

- İndi də keçək həyat yoldaşınızla tanışlığınıza...

- İrəvan Teatrında çalışdığım zaman teatra göyçək, bəstəboy bir oğlan gəldi. Hamımız ona uşaq kimi baxırdıq. Bir gün mənə dedilər ki, filankəsin səndən xoşu gəlir. Belə baxanda həm xarakter, həm də görkəm baxımından mənim həmin insana heç aidiyyətim yox idi.

Həyat yoldaşım həmişə konsert və tamaşalarda gəlib məni izləyirdi. Səhnənin işıq işlərini o idarə edirdi. Qastrollarda həmişə bir yerdə olurduq. Elə o vaxtlardan tanış olduq. Özünə də dəfələrlə demişdim ki, bizim boyumuz, görkəmimiz tutmur, ailən sənətimi qəbul eləməz və s. Dedi ki, nə olur-olsun, mən səni qəbul edirəm. Xasiyyətimə dərindən bələd idi. Nə qədər özümdən uzaqlaşdırmağa cəhd eləsəm də, alınmadı. Onu tanıdığım üçün tanrıma dəfələrlə şükürlər olsun.

Amma bizim bir araya gəlməyimiz çətin olmadı...

- Konkret hansı maneələrlə rastlaşdınız?

- Ailəm evliliyə qarşı idi. Sovxoz direktoru olan əmimlə danışdım, ondan xahiş elədim ki, atam və qardaşlarımla söhbət eləsin. Dedim, ya gərək sənətimi atam, ya da sevdiyimi...

Bütün xanımlar istəyər ki, hörmət-izzətlə ailə qursun, ancaq həyatım elə bir məngənəyə düşmüşdü ki, ya onlardan, ya da sevdiyim adamdan, sənətimdən keçməli idim. Bunların ikisi bir arada və mənim o gözlədiyim xoşbəxtlik qeyri-mümkün idi. Buna görə də hamısından imtina elədim. Çox şükür ki, bəh-bəhlə toy edənlərin əksəriyyətindən gözəl ailəm oldu. Sevdiyim adam hər zaman arxa-dayağım oldu, mənə azadlıq verdi. Həm sənətimə, həm də özümə hörmət elədi. Mənim üçün sevindirici hal idi ki, istəniləməyən gəlin kimi getdiyim evdə böyük hörmət qazandım.

- Bildiyim qədər, yoldaşınız 1995-ci ildə Bakı metrosunda baş verən terakt zamanı qatarda olub.

- Hə. 1995-ci ilin payızında toya oxumağa getmişdim. Gördüm, camaat sönükdür, çox az adam gəlib. Özüm də yaman narahat idim. Soruşdum ki, nə baş verir? Dedilər, metroda nə isə olub. Bizim evimiz də metronun yanında idi. Ürəyimə damdı ki, bizim evdə nəsə baş verib. Evimizə çatanda gördüm ki, blokun qabağında adam əlindən tərpənmək olmur.Binaya necə qalxdığımı bilmirəm. O qədər həyəcanlanmışdım ki, ilk olaraq uşaqlarımı soruşdum, heç yoldaşım yadıma düşmürdü. Evə daxil olanda gördüm yoldaşım hərəkətsiz uzanıb. Dedilər ki, metroda qalıb. Təcili tibbi yardımla xəstəxanaya apardıq, 27 gün komada qaldı. Sən demə, qazdan zəhərlənibmiş. Gödəkçəsinin astarını ağzına basmışdı deyə, xilas ola bilmişdi. Bu hadisədən sonra qaraciyəri zədələndi və ikinci dəfə sarılıq keçirdi. 18 il ona qulluq elədim.

- İrəvanda ermənilərlə iç-içə yaşamışınız. Həmin dövrdə vəziyyət necə idi?

- İrəvanda çalışdığımız zaman 365 günün 300 gününü tamaşalarda, konsertlərdə olurduq. Birinci çətinlik onda idi ki, teatrı bağlamaq istəyirdilər, dövlət büdcə ayırmırdı. Ona görə də teatr var qüvvəsi ilə çalışıb tamaşalar, konsertlər keçirirdi ki, büdcəni doldursun. Bundan əlavə, ermənilər də hər cür cəhdlə teatrı bağlatdırmağa çalışırdılar. İrəvandakı bəzi Azərbaycan universitetlərinin, texnikumların bağlanmasına nail ola bilmişdilər. Ermənilər İrəvanda təmizlik işi aparırdılar.

- Ümumiyyətlə, İrəvanda yaşadığınız dövrdə ermənilərlə münasibətiniz necə olub?

- Atam həmişə mənə deyirdi ki, yağış yağanda erməni ilə küçədə dayanmaq düzgün deyil. Çünki yağış yağanda erməninin üstündən azərbaycanlının üstünə su sıçrayar və o mundarlanar.

O dövrdə erməninin əli dəyən qabı ya götürüb qumla sürtürdülər ki, təmizlənsin, ya da atırdılar. Erməninin əli dəyən əl salavatlanmalı idi. Biz ermənilərin içində yaşayıb, ermənilərə o münasibəti bəsləmişik. Aramızda heç bir yaxınlaşma, dostluq olmayıb. Mən Bakıya gəldikdən sonra eşidəndə ki, azərbaycanlı qızlar ermənilərlə ailə qururlar, başımın tükü biz-biz durdu. Heç cürə özümə sığışdıra bilmirdim.

- Təkcə sizin ailənizin ermənilərə münasibəti belə idi, yoxsa hər kəs eyni cür düşünürdü?

- Nəinki bizim ailədə, bütövlükdə kəndimizdə, ətraf bölgələrdə də ermənilərə münasibət pis idi. Yalnız anası erməni olanlar və digər millətlərlə qarışığı olanlar ermənilərlə ailə qururdular. Erməniyə qız vermək, qız almaq olmazdı. O vaxt bu, ən böyük günah hesab olunurdu.

Min cür ağrı-əzab görmüş biri kimi deyirəm: ermənilərə qəti surətdə humanist yanaşmaq olmaz!

Bu yaxınlarda eşitdim ki, Rüstəm İbrahimbəyov erməniləri tərifləyən film çəkib. O mənim nələrə dözdüyümü, nələr yaşadığımı bilmir. İrəvandan qaçqın düşəndə iki körpəmlə avtobusda gedəndə onlara demişdim ki, nə badə səsiniz çıxarasınız. Uşaqlara tapşırmışdım ki, su istəsəniz, ermənicə “cur” deyin. Onlar da az-maz ermənicə bilirdilər. Ermənilər Sumqayıt hadisələrindən sonra kənddən İrəvana gəldiyimizi bilsəydilər, bizim üçün ciddi problem yaranardı. Yol gələndə o iki saat yarım ömrümə qara hərflərlə yazıldı. Öldüyüm gün də həmin anı unutmaram.

- Qarabağ hadisələri başlamazdan əvvəl İrəvanda vəziyyət necə idi?

- 1988-ci ilin oktyabr ayında biz Bakıdakı qastroldan İrəvana qayıtdıq. 10 gün gecədən səhərə qədər evdə oturduq. Sovet əsgərləri küçədə dayanıb, bizi müdafiə edirdi. Ermənilər butulkalara benzin doldurub yandıraraq həyətə atırdılar. Gündüz uşaqları da qapıdan çıxmağa qoymurdum. Çörək, su ala bilmirdik. Məcbur olub erməni dilində danışırdıq. Yoldaşım sırf oralı olduğu üçün bu dili mükəməl bilirdi. Hətta bir dəfə yoldaşım məni ölümdən xilas etmişdi.

Gecə evimizə gəlmişdik, olaylardan xəbərimiz yoxdur. Yolda soruşdular ki Hallovarda nə işin var, sən türksən? Dedim, görmürsünüz?! Kobud reaksiya verdim, o da qayıtdı ki, bizə türk lazımdır doğramağa, qanını qurutmağa.

Yoldaşım məni onların əlindən çıxardanda arxadan bir nəfər bizi tutub otaqdan çıxardı, üstümüzə qışqırdı ki, axı burda neyləyirsiniz? Gördüm, atamın erməni tanışıdır. O gətirib məni taksiyə oturtdu, dedi, burda qırğın olub. Sən demə, bazarda nə qədər azərbaycanlı var, hamısını qırıb-töküblər.

Ermənilər deyirdi ki, bunların övladları yanlarında olsaydı, başlarını kəsib, qanlarını içərdik, şişə tutardıq. Bunu eşidəndə fikirləşdim ki, ermənilər övladıma nəsə eləsələr, əlimdəki paltar toxuduğum mili ürəyimə sancım. Özümü ölümə hazırlayırdım, çünki o anda əlimdən başqa heç nə gəlmirdi, övlad ağrısına dözə bilməzdim.

Bir şey deyim. Sovet dövründə xaricdə olan ermənilərə deyirmişlər ki, Qarabağda toyuqlar hər yerdə yumurtlayır, krantlardan su əvəzinə süd gəlir. Bu sözlərlər erməniləri gətirib azərbaycanlıların arasına tökdülər.

- Bu yaxınlarda Prezident İlham Əliyev bir sıra mədəniyyət işçilərinə fəxri adlar verilməsi ilə bağlı sərəncam imzaladı. Ümumiyyətlə, fəxri adlar ətrafında tez-tez incəsənət adamları arasında mübahisə yaranır. Sizə də hələlik fəxri ad verilməyib. Bu məsələ sizi narahat etmirmi?

- 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinə mənim təqdimatım verilib. Bir-iki dəfə də əlaqə saxlayıb dedilər ki, narahat olma. Amma doğrusu, bu ad məsələsi məni bir qədər narahat edir.

1977-ci ildən bu günə qədər fasiləsiz çalışmışam. Özü də əmək kitabçam var. Hesab edirəm ki, mənə veriləcək hər hansı fəxri ad İrəvan Teatrı üçün elədiklərimin qarşılığı ola bilər.

- Uzun illər teatrda çalışmısınız. Bəs filmlərdə rol almısınızmı?

- “Həkimlər” serialında çəkilmişəm, bir də “Dolu” filmində kiçik bir epizodda rol almışam. Əslinə qalsa, filmlərə çəkilmək istəyirəm. Sadəcə, təklif yoxdur. Bizi yalnız birgə işlədiyimiz rejissorlar tanıyır. Ona görə də təkliflər olmur.

- Azərbaycanda teatra maraq əvvəlki dövrlə müqayisədə artıb, yoxsa azalıb?

- Son dövrlərdə şahidi olduğum qədərilə tamaşaçıların teatra marağı artıb. Mənim özümə nə qədər adam zəng edib bilet istəyir. Bu, çox sevindirici haldır.

Tarix
2018.06.28 / 08:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla