Yuxarı

Türkiyəli məşhur: Azərbaycanla bunu davam etdirməliyik - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sevdalısı Türkiyə sənətçisi Hasan Sağındığın Kult.az-a müsahibəsini təqdim edirik:

- Türkiyədə daha çox Azərbaycan sevdalısı olaraq tanınsanız da, Azərbaycanda, xüsusən də ölkə mediasında çox tanınmırsınız. Bir qədər sizi tanıyaq...

- 1963-cü ildə Adananın Ceyhan mahalında anadan olmuşam. 1800-ci illərdə Krımdan Ceyhana gələn noqay bir ailənin övladıyam. İlk orta təhsilimi öz məmləkətim Ceyhanda almışam. Sonra İzmir İqtisadiyyat Universitetini bitirdim. Həmin illərdə musiqi ilə məşğul olurdum, mahnılar bəstələyirdim. Bir gün studiyalar bəstələrimi dinlədilər və kaset çıxarmağı təklif etdilər. Mən də təklifi qəbul etdim. Beləliklə, 1989-cu ildən başladıq və indiyə qədər 9 albom çıxardıq. Hazırda isə yeni bir albom üzərində çalışırıq.

- Azərbaycan musiqisinə olan marağınız haradan qaynaqlanır?

- Azərbaycan musiqisi Türkiyə radiolarında tez-tez səslənir. Türkiyədə demək olar ki, hamı Azərbaycan mahnılarını bilir. Çünki əvvəllər yalnız tək kanal TRT radiosu idi. Bu radioda Azərbaycan xalq mahnıları səsləndirildi. Daha sonrakı illərdə yeni kanallar açıldı, bundan başqa, Türkiyəyə müğənni Hüşəng Azəroğlu gəldi, onun da bu işdə çox faydası oldu. “Sizə salam gətirmişəm” mahnısını Türkiyədə ilk olaraq o məşhur etdi. Bu da Azərbaycan-Türkiyə qardaşlığına töhfə verdi.

Xarakter etibarilə daha çox milli düşüncəyə sahib olduğum üçün bu cür düşünən insanlarla maraqlanmağa başladım. Bu maraq məndə ta orta məktəb illərindən yaranıb. O zamanlar Türk cümhuriyyətləri başqa ölkələrin idarəçiliyi altında idilər. Bu üzüntümüzlə bərabər, içimizdə qardaşlarımıza olan sevgimiz də hər zaman böyüdü. Uyğur türkləri ilə bağlı da eyni düşüncələrə sahibik. Çünki onlar hazırda böyük sıxıntı yaşayırlar, basqı altındadırlar və özlərini rahat şəkildə ifadə edə bilmirlər. Bu düşüncələrimiz də məhz həmin səbəbdən qaynaqlanır. Bir gün Türkiyədə nəşr olunan Türk Ədəbiyyatı dərgisində Məmməd Aslanın 1990-cı ildə 20 Yanvar hadisələri zamanı yazdığı “Ağla, qərənfil, ağla” adlı dörd səhifəlik şeirini gördüm və çox təsirləndim. Həmin şeirə mütləq musiqi bəstələməyi və bu mahnını da Türkiyə ictimaiyyətinə çatdırmağı düşündüm. Çünki həmin dövrdə Türkiyədə Azərbaycanda baş verən hadisələrə indiki kimi ciddi yanaşmırdılar. Buna görə də “Ağla, qərənfil, ağla”nı öncə Türkiyədə, sonra isə ölkəmizdən kənarda tanıtmağı lazım bildim. Bu maraq gənclik illərindən davam edən milli damarlardan qaynaqlanır.

- "Ağla, qərənfil, ağla”dan sonra təsirləndiyiniz daha hansı Azərbaycan mahnıları olub?

- Adətən xoşuma gələn şeirə mahnı bəstələyirəm. “Ağla, qərənfil, ağla”dan sonra Nəbi Xəzrinin “Oxucularıma” şeirini çox bəyəndim. Bu şeirdən həm də özümü ifadə etmək üçün istifadə etdim. Nəbi Xəzri o şeirini öz oxucularına söyləyib, mənsə bu şeiri daha çox sizə olan baxışımızı anladan bir şeir olaraq görürəm. Mahnını da elə bu şəkildə bəstələmişəm. Yeni çıxacaq diskimdə bu mahnı da yer alacaq.

- Bakıya gəlişinizin xüsusi səbəbi varmı?

- Təbii. Millət vəkili Qənirə Paşayevanın dəvəti üzrə Bakının qurtuluşunun 100-cü il dönümü çərçivəsində Rəşid Behbudov Mahnı Teatrında səhnəyə çıxdım, orada “Ağla, qərənfil, ağla”, “Ana yurd”, “Gəl, qardaşım, bir olalım”, “Qurşun-qurşun üstünə” mahnılarını ifa etdim. “Qurşun-qurşun üstünə” əsərində Bakı ilə əlaqəli bir sətir də keçir...

- Həsən bəy, Azərbaycan deyəndə ağlınıza nə gəlir?

- Azərbaycan və Qənirə Paşayeva vəfanın adıdır. Bu gün Bakıya 1990-ci ildə bəstələdiyim “Ağla, qərənfil, ağla”dan dolayı dəvət edilmişəmsə, demək, ortada çox böyük bir vəfa örnəyi vardır.

- “Ağla, qərənfil, ağla”nı oxuyanda nə hiss edirsiniz?

- Mən bu şeirə 90-cı illərdə bir jurnalda rast gəldim. Bu, mənə çox təsir etdi. O vaxt Azərbaycanda baş verənlər Türkiyədə çox bilinmirdi. Ona görə də bu şeirə musiqi bəstələdim və oxudum. Azərbaycanda baş verənlərdən türk insanının xəbərdar olması mühüm idi.

- Azərbaycanda daha çox tanınmaq istəyərdinizmi və ya gələcəkdə bununla bağlı hansısa layihəniz varmı?

- Ola bilər ki, gənclər arasında çox tanınmıram. Bu bir az da insanların öz maraq dairəsi ilə bağlıdır. Sizin yaşlarınızda qızım var və o da fərqli musiqilər dinləyir. Ancaq maraqlı bir kəsim mütləq sizi axtarıb tapır. Azərbaycanda dinləyicilərimin olduğunu düşünürəm. Bu əsərləri insanlara bir missiya olaraq çatdırsam da, xaraktercə hansısa ölkədə məşhur olmaq kimi bir fikrim yoxdur. Bakıya gələrək üzərimə düşən məsuliyyəti yerinə yetirdim. Son diskimdə Nəbi Xəzrinin əsərini ifa edərək, yenə bu qardaşlığa bir fayda verməyə çalışdım. Rəhmətlik Çingiz Dağcı savaş illərində İngiltərəyə gedərək, ömrü boyu Krıma həsrət qalıb. O, əslində, yazıçıdır, ancaq bir şeirinə mahnı bəstələmişəm. Çox fərqli, gözəl bir əsər alındı. Türk dünyasındakı bu gəzintimiz öz axarında davam edəcək. Məqsədimiz bu işi mədəniyyət, sənət və musiqi üzərindən davam etdirməkdir.

- Yaradıcılığınızda türk birliyi hər zaman ön yerlərdən birini tutub. Ümumiyyətlə, türk ölkələri bir-biri ilə daha da yaxınlaşa bilibmi?

- Əlbəttə. Hazırda türk dövlətləri bir çox mövzuda bir ola bilirlər. Bu hazırda istənilən səviyyədə olmasa da, irəlidə mütləq olacaq. Türkiyə, İran, Rusiya, Azərbaycan və digər türk cümhuriyyətlərinin bu bölgədə fərqli bir birlik formalaşdıracağına inanıram. Hazırda bütün şərtlər buna aparır. Fikir verin, Türkiyə ilə NATO arasında yaşanan gərginlik Rusiya ilə yaxınlaşmağımıza səbəb oldu. Bu da özlüyündə Türkiyənin Azərbaycanla daha sıx yaxınlaşmasına gətirib çıxardı. Həmçinin, Özbəkistan, Türkmənistan, Qırğızıstan da məhz bu konyekturadan dolayı bir-birinə daha da yaxınlaşmağa başlayıblar. Hər şərdə bir xeyir var.

- Hazırda Türkiyədə yaradıcılığınız hansı yerdədir və yeni bəstələriniz olacaqmı?

- 1989-cu ildə ilk diskimizi buraxdıq. O zamanlar hələ nə olacağını və dinləyicilərin necə qarşılıq verəcəyini bilmirdik. Daha sonra gözlədiyimizdən də çox qəbul edildik və bu yolda da davam etməyə qərar verdik. Həmin illərdə tələb o qədər çox idi ki, bir ildə iki disk buraxırdıq.

- 90-cı illərdə Azərbaycanda baş verən hadisələrə türklərin etinasız yanaşdığını söylədiniz. Bəs, indi?

- Hazırda Azərbaycan Türkiyənin ən yaxın dostlarından biridir. Bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən sadəcə sözdə deyil, praktikada da sübuta yetirilib. Türkiyə hər zaman Azərbaycanın yanındadır.

- Türkiyədə yeni konsert verməyi planlaşdırırsınızmı?

- Daha əvvəllər çox konsertlərim olub. Lakin bir müddətdir ara vermişəm. Bu yaxınlarda qızımı itirdim (kədərlənir). Son zamanlar çox həssas olduğumdan və ağır günlər yaşadığımdan insanlardan uzaq durmağa çalışıram. Bakıya da bu şərəfli gündə yanınızda olmağı özümə milli vəzifə hesab etdiyim üçün gəldim.

- Bəs, gələcək planlarınızda Azərbaycanda konsert verməyi düşünürsünüz?

- Millət vəkilləri Qənirə Paşayeva və Sona Əliyeva təmsil etdikləri bölgədə konsertimi keçirməyi təklif etdilər. Bir dəfə buradan Tovuza qədər getmişdik. Hətta Bakı, Salyan, Gəncə, Tovuzda konsertlərimiz olub.

- Deməli, bölgələrimizdə də olmusunuz. Təəssüratlarınız maraqlı olardı...

- Təbii ki, bölgələrinizi gəzdim. Hətta dəfələrlə kəndlilərin evlərində qonaq oldum, çaylarını içdim, söhbət etdim. Hər şeydən öncə dilinizi çox sevirəm. Biz sizləri görmədən sevdik. Bu elə bir duyğudur ki, onu sözlərlə ifadə etmək olmur... Azərbaycandakı mühiti, insanlarınızı çox sevirəm.

- Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən paradı necə qiymətləndirirsiniz?

- Allah bir də azərbaycanlılara acı gün yaşatmasın. Belə bir gündə Azərbaycan və Türkiyə rəhbərlərinin bir araya gəlməsi çox gözəl haldır. Bu, dosta güvən, düşmənə qorxu hiss etdirən bir hadisədir. Bunun davamlı olacağını düşünürəm. Burada olmağımız, Ərdoğanın Bakıya gəlişi Türkiyə gündəminin də diqqətindir. Əslində, bütün bunlar arxa planda iki ölkənin daha da yaxınlaşmasına şərait yaradır. Əgər xalqlar bir-birinə yaxındırsa, dövlətlərin dostluğu da əbədi olur. Hətta ta qədimlərdə babalarımız bir-biri ilə qohum olub, qız alıb, qız veriblər.

- Bu ənənə hazırda da var. Azərbaycanlı qızlar türk oğlanlarla, türk qızlar isə azərbaycanlı oğlanlarla ailə qurur...

- Əlbəttə ki, bu ənənə davam etməlidir. Hətta bunu dəstəkləyirəm. Bu, bir növ, siyasətdir və üstüörtülü şəkildə tətbiq edilməlidir. Bu, ölkələrimiz arasında gediş-gəlişi də artırar.

- Qardaş Türkiyənin son zamanlar yaşadığı çətin günlər bizləri də olduqca narahat edir. Bu kimi durumlar sənətə, sənət adamlarına hansı formada təsir edir?

- Bu hallar sənətə və sənətçiyə təsirsiz ötüşmür. Türkiyə Osmanlı dönəmlərindən bu yana ağır günlər yaşadı, amma hər zaman bütün sınaqlardan üzüağ çıxdı. Məmləkətimiz çevrilişlərə, xarici qüvvələrin dəstəklədiyi əməliyyatlara məruz qaldı. Hazırda da eyni şeyləri yaşayırıq. Bu kimi durumlar nəinki sadə vətəndaşlara, sənətə, sənət adamlarına da təsir edir. İqtisadi vəziyyətin dolayısı ilə pisləşdirilməsi insanların öncəliklərini dəyişdirir. Məsələn, təhlükəsizlik qayğılarının olduğu bir ölkədə sənətdən çox danışa bilməzsiniz. Çünki insan üçün öncə onun təhlükəsizliyi, rifahı gəlir. Bunları həll etdikdən sonra digər işlərə vaxt ayırırsınız. Həyat mübarizəsinin olduğu yerdə dolayısı ilə sənət olmaz. Öncə ölkənin təhlükəsizliyi ilə bağlı məsələləri həll edəcəyik, daha sonra önümüzə baxacağıq. Bəzi şeylər iqtisadi hadisələrlə bağlıdır. Türkiyədə 2001-ci ildə də iqtisadi böhran yaşanmışdı. Ondan sonra albom çalışmaları bir az gerilədi. İnternetin həyatımızın bir parçası halına gəlməsi ilə artıq insanlar albom almırlar. Buna görə də firmalar demək olar ki, albom işi ilə maraqlanmırlar. Bunun nəticələrini bu gün də yaşayırıq. Hətta yeni hazırladığımız son albomumuz da məhz bu səbəb görə gecikir. Düz 3-5 ildir ki, təklif gözləyirik. Bəlkə də Qənirə xanıma desəm, albomumu çıxarmağa kömək edər (gülür). Təbii ki, bu, zarafatdır.

- Azərbaycan-Türkiyə birliyinin hazırkı durumu barədə düşüncələriniz nədən ibarətdir?

- Hazırda bu birlik mükəmməldir, Türkiyə və Azərbaycan münasibətləri dünyaya örnək olacaq səviyyədədir. Türkiyədən Azərbaycana qarşı tam bir dəstək var. Çünki Azərbaycan Türkiyənin pis günlərində hər zaman yanında olub.

- Azərbaycandan daha çox kimləri dinləyirsiniz?

- Əzizə Mustafazadə ayrı bir dünyadır, Azərbaycanın döyünən ürəyidir. Onun “Jaziza” adlı albomu mükəmməldir. Son dönəm ifaçılarının hamısını tanımağım mümkün deyil. Tünzalə Ağayevanın səsinin vurğunuyam. Tünzalə xanım bir dəfə Türkiyədə TRT-nin konsertində çıxış etdi, orada ifadə etdiyi bir mahnı onun sənətini tanımağım üçün yetərli oldu. Hətta Tünzalə xanımın səsini Türkiyədə o qədər sevmişdilər ki, daha sonra ona TRT-də proqram aparıcılığı da təklif edildi. Adlarını tam olaraq xatırlamasam da, Azərbaycanda sevdiyim sənətçilər çoxdur.

- Dinləyicilərinizə son sözünüz...

- İlk öncə çox təşəkkür edirəm. Bugünkü söhbətimiz çox əhəmiyyətlidir. Biz azərbaycanlıları, Azərbaycanı çox sevirik. Məhməd Akifin də dediyi kimi, Allah Türkiyə və Azərbaycana bir daha pis günlər yaşatmasın. Buradakı qardaşlarımıza hüzur içində yaşamağı arzulayıram. İnşallah, Qarabağ işğaldan azad olunsun və o torpaqlarda konsertimiz keçirilsin!

Tarix
2018.09.18 / 08:45
Müəllif
Aygün, Firuzə
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla