Yuxarı

Təşkilatlar, ocaqlar yarandı, bəhrəsi olmadı - Anar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ulduz” jurnalı ilə Axar.az saytının birgə layihəsi

“Yazı masası” layihəsinə başlayanda belə qərara gəldik ki, ilk qonağımız xalq yazıçısı Anar müəllim olsun. Böyük yazıçıyla üz-üzə oturmaq, danışmaq, sual verib-cavab almaq təkcə bir jurnalist kimi yox, oxucu kimi də bizə xeyli maraqlıydı. Baxmayaraq ki, Anar müəllimin yaradıcılığıyla bağlı yazıları, tədqiqatları, araşdırmaları, müsahibələri, reportajları gözdən qaçırmırıq, böyük zövqlə oxuyuruq, amma ürəyimizdən keçən suallar var ki, bu suallara ancaq Anar müəllim cavab verə bilər.

O vaxt bir az həyəcan, bir az tərəddüd və böyük sevgiylə Anar müəllimin qapısını döydük. 80 illik yubiley tədbirində iştirak etmək üçün qardaş Türkiyəyə səfərə getmişdi.

Üstündən aylar keçəndən sonra yenə Anar müəllimin qapısına döyürük. Qapı üzümüzə səmimiyyətlə, mehribanlıqla açılır. Kürəyini əsrlərin dahisi, poeziyanın tanrısı Nizamiyə söykəmiş Anar müəllimlə görüşüb üz-üzə otururuq.

Bir neçə dəfə gördüyüm geniş otaq, sinəsi şəkilli, hədiyyəli, xatirəli divarlar “Ədəbiyyat bu gün də var, yarın da...” - deyə pıçıldayır.

Bilmirəm niyə, bu dəfə otaqda qəlyan ətrini hiss eləmirəm. Stolun üstünə göz gəzdirirəm, mən Anar müəllimi qəlyansız təsəvvür edə bilmirəm. O qədər qəlyan çəkən adamlar var ki, amma mənə elə gəlir, Anar müəllim, hətta qəlyanı da bədiiləşdirib, əsərə çevirib. Onun xoş ətirli qəlyanı da bir obrazdır. Kiçik kitabxanamda Anar müəllimin əsərlərinin bir neçə cildi var. Birinci cilddə səhifələrin birindən gənc Anar boylanır. Nazik saqqalı, qəlyanı və qarşısında makintoşu. O şəkli ilk dəfə görəndə ağlıma bir sual gəlmişdi. Görəsən, ölkənin iki böyük şairinin evində yazıçı olmaq necə hissdir? Çətindir, ya asan? Rəsul Rza kimi bir şairin oğlu hansı mövzuyla, hansı əsərlə oxucuları təəccübləndirə bilərdi?

Mən gənc Anarı həmişə şanslı hesab etmişəm. Evlərində o qədər məşhur adamları görüb, danışıb, ədəbi müzakirələrin iştirakçısı olub, əlçatmaz kitabları oxumaq imkanı olub. Mən elə gəlir ki, Rəsul Rzanın evi akademiya olub – söz, ədəbiyyat, yaradıcılıq akademiyası. Anar müəllim bu akademiyanın yetişdirdiyi nadir şəxsiyyətdir.

Layihənin ənənəvi sualıyla söhbətimizə başladıq. İstədik, bizə ilk yazı masasından danışsın. Bizim təsəvvürümüzə görə, onun çox geniş və üstü kitablarla qalaqlanmış bahalı, sirli bir masası olmalıydı.

Anar müəllim bir necə saniyə düşünüb, yaddaşında həmin masanı axtarır.

– İlk yazı masamı xatırlamıram, gənclik illərimdə harda oldu yazmışam. Düzü, dəqiq yadıma gəlmir. Ailə qurandan sonra birotaqlı mənzildə yaşayırdıq. O vaxtlar radioda işləyirdim. “Axşam görüşləri” verilişinin ssenarisini gecələr mətbəx stolunda yazırdım.

Anar müəllimə yuxarıda qeyd etdiyim kitabdakı şəkli xatırlatdım. Dedi ki, o vaxtlar artıq makinada yazırdım. Şəkil də Moskvada çəkilib. Amma lap əvvəllər həmişə əlimlə yazmışam.

Anar müəllim danışdıqca düşünürdüm, gör neçə çətin olub. Klaviatura, kompüter görən nəsillər üçün bir romanı əllə yazmaq bəlkə də mümkünsüzdür. Bizim üçün çox məşəqqətli görünən, Anar müəllim üçün adi bir yazı prosesidir. Qəribədir ki, indi bizim üçün asan olan, elə səhifədəcə redaktə edə bilmə imkanı verən kompüter Anar müəllim üçün müəyyən qədər çətindir. Bu barədə də danışdıq.

– Makinada yaxşı yazırdım. Mənim üçün kompüterdə xüsusi proqram hazırlayıblar, mən kirillə yazıram, monitorda latın qrafikasında oxunur.

Qəribədir, Anar müəllim sözü necə yoğurursa, texnikanı da elə özününküləşdirib, onu da öz dilində danışdırır.

Anar müəllim danışdıqca adam sualları bir kənara atıb, sadəcə, susmaq, dinləmək istəyir.

Qarşısında oturduğumuz yazıçının bəzən əzəməti, böyüklüyü sıxırdı bizi, bəzən də onun sadəliyindən, səmimiyyətindən cəsarətlənib növbəti sualı verirdik.

– Niyə bizdə də Qərb ədəbiyyatında olduğu kimi, zaman-zaman ədəbi cərəyanlar, məktəblər yaranmadı? Sizcə, eyni düşüncəli yazıçılar bir yerə yığışa bilmirdi, yoxsa yeni yol, yeni cərəyan tapılmırdı?

– Bizdə də məktəblər olub. Amma cərəyan yaradanlar, əsasən, Qərb modelini götürürdülər ki, eyni olsun. Qərbdə dadaizm, sürrealizm olubsa, bizdə də eyni şey olsun. Əsrin əvvəllərində bizdə ən azı iki məktəb var idi: “Füyuzat” və “Molla Nəsrəddin”. “Füyuzat” daha çox romantik şairləri ətrafında toplamışdı. Düzdür, onların ədəbi dili ağırdır, Hadinin, Əli bəy Hüseynzadənin... Amma bunlara baxmayaraq, çox böyük mütəfəkkir, şairlər idi. Azərbaycan ədəbiyyatında onların öz yeri var. Digər tərəfdə “Molla Nəsrəddin” məktəbiydi. Həm dili aydın, həm də qoyduğu problemlər bu gün də aktual olan bir məktəb. Oxuyanda elə bilirsən, bu gün üçün yazılıb. Yəni məktəblər olub. O dövrdə rus ədəbiyyatının içindən keçirdilər, ona görə də sərbəst cərəyan yaratmaq, məktəb qurmaq bir az çətin idi. Bir cərəyanı, məktəbi rəsmiləşdirsəydilər, dövlət onlardan şübhələnəcəkdi. Ona görə o vaxtlar belə şeylər mümkünsüz idi. Amma altmışıncı illərdə bir az yumşalma var idi. Ədəbiyyat adamları bir yerə toplaşırdıq, saatlarla müzakirələr edirdik. Çayxanalarda otururduq. Mənim də mənsub olduğum həmin “altmışıncılar”ın ədəbi üslubu, janrları müəyyən qədər fərqli olsa da, əqidəsi, amalı bir-birinə yaxın idi. Sonrakı dövrlərdə müxtəlif təşkilatlar, ocaqlar yaratdılar. Təəssüf ki, onların bəhrəsi olmadı.

Anar müəllimin yazı masası arxasında necə göründüyünü, yazıya necə kökləndiyini, stolunun üstündə nələrin olub-olmadığını bilmək istəyirdik. Dedi ki, bir neçə üsulda çalışan yazıçılar var. Bir növ yazıçılar var ki, məsələn, dövlət vəzifəsində çalışanlar. Vəzifəsiylə bağlı işləri görür, arada yarım saat, bir saat oturub yazır, sonra yenə işinə-gücünə qayıdır, adamları qəbul edir, danışıqlar aparır. O yazıçılara qibtə edirəm. Mən o cür yazıçılara aid deyiləm. Xırda əsərləri – yəni essedir, məqalədir – onu işdə yaza bilərəm. Amma iri əsərləri, povesti, hekayəni, romanı yazmaq üçün gərək hər şeydən təcrid olam. Başqaları yay aylarında, istidə istirahət edirsə, mən oturub işləyirəm. Məzuniyyətə çıxanda öz bağım olmadığına görə hökumət bağında hər şeydən uzaqlaşıb yazıram. Arada yazmaq alınmır, həm ictimai fəaliyyət, həm Birliyin işləri, görüşlər buna imkan vermir. Yazıçılar Birliyinin məndən əvvəl sədrlərindən biri Mehdi Hüseyn günün müəyyən vaxtı qapısını bağlayıb, yazıyla məşğul olurmuş. Bilirsiniz ki, mənim qapım bütün günü hamının üzünə açıqdır. Yoldan keçən də gəlib dərdin danışır. Bütün gün ərzində mən kimisə qəbul edirəm. Bacardığım köməyi göstərirəm. Bu şəraitdə əsəri necə yazmaq olar?..

O ki qaldı yazı prosesinə, mən yerimdən durmadan səkkiz saat kompüterin arxasında yazıram. Yoldaşım qınayır ki, heç olmasa dur, bir az dincəl. Alınmır. Mən fasiləsiz işləyirəm.

Anar müəllim danışdıqca heyrətimizi gizlədə bilmirik. Adıyla bir zirvə olan, yazıçı ömrünün, bəlkə də, ən çox bəhrəsini almış, istədiyi məqama çatmış ustad yazıçı indi arxayınlaşıb dincəlmək əvəzinə, hələ də həvəslə, şövqlə, yorulmadan yazır. Bu gündən sonra Anar müəllim bir cümlə yazmasa belə, ədəbiyyat tarixində öz alınmaz qalası, ədəbiyyat dünyası var. Yəqin ki, indi onun üçün yazmaq danışmaq qədər asandır. Təəssüf ki, bunu soruşmadım. Amma ona əmin oldum ki, yazıçı heç vaxt bir yerdə dayanmamalıdır.

Anar müəllim yazıçı olsa da, poeziyaya bağlı adamdır. Bunu elə kürəyini Nizamiyə söykəməsindən də anlamaq olar. O portret-xalçanın yerindən başqa bir gözlər də baxa bilərdi. Amma Anar müəllim sözün poetikasına daha yaxından bağlıdır. Bu sevginin hardan gəldiyini soruşduq, Anar müəllim gülə-gülə dedi ki, şair ailəsində doğulmuşam, başqa cür necə ola bilərdi ki?! Biz də bu sualı təsadüfən verməmişdik. Hamıya məlum olduğu kimi, Anar müəllimin Azərbaycan ədəbiyyatı üçün gördüyü ən böyük işlərdən biri də tərtib etdiyi “Min beş yüz ilin Oğuz şeiri” kitabı və “Poeziya” adlı televiziya verilişidir. Nazim Hikmət haqqında bir neçə məqalənin, essenin, kitabın müəllifidir. Ən yaxın dostlarından biri Fikrət Qocadır, Vaqif Səmədoğluyla dostluğu isə artıq bir tarixdir. Göründüyü kimi, Anar müəllimin əhatəsi poeziyadır, amma o, yazıçı olaraq uğur qazanıb. Anar müəllim deyir, anamın, atamın sağlığında, demək olar ki, şeir yazmamışam. O vaxtlar bir-iki şeir yazmışdım. Onu da atam bəyənmişdi. Sonra belə oldu ki, pyeslərimə, romanlarıma yeri gələndə bir neçə bənd şeir yazmışam. Mənim filmlərimə, tamaşalarıma şeirləri Vaqif yazırdı. Bəzilərini də özüm yazırdım. Belə-belə arada bir neçə şeir yazmışam. Amma yenə də özümü şair saymıram.

– Anar müəllim, ssenarilərinizi ən çox hansı rejissorun hiss etdiyinə, duyduğuna inanırdınız?

– Kinoda da, teatrda da həmişə yaxşı rejissorlarla işləmişəm. Teatrda Tofiq Kazımov, Azər Paşa Nemətov, Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu, Mərahim Fərzəlibəyov, kinoda Tofiq Tağızadə, Arif Babayev, Rasim Ocaqov, Gülbəniz Əzimzadə, axır vaxtlar daha çox Ramiz Həsənoğluyla işləmişəm. Hamısının öz yeri var, hamısına minnətdaram. Bir şey də var ki, insanların yanaşması müxtəlifdir. Hərə bir hadisəyə başqa tərəfdən baxır, fikir ayrılığı yaranır. Ona görə də mövzuya nə qədər yaxın olsan da, nə qədər fikrindəkini həyata keçirməyə çalışsan da, görürsən, yox, istədiyin alınmadı. Öz çəkdiyim filmlər məni daha çox qane edir. “Dantenin yubileyi”ni Gülbənizlə bir yerdə işləmişdik. “Üzeyir ömrü” və “ Qəm pəncərəsi”nin həm ssenarisi, həm də rejissor işi tam mənə aiddir.

Şirin-şirin söhbətimiz dolana-dolana ən kədərli, yaralı bir məqama gəlib çatdı. Son dövrün ən acınacaqlı məsələsi olan kitaba biganəlik, mütaliənin telefon oyunlarına uduzması, ədəbiyyatın ləngiməsindən söhbət düşdü. Anar müəllimin məsələyə münasibətini öyrənmək istədik. Bizə maraqlıydı, Anar müəllim bu kələfin ucunu harda görür? Bu dolaşıq yoldan çıxmaq üçün nə məsləhət görərdi? Biz nə etməliyik?

– Doğrudur, – dedi Anar müəllim, – mütaliəyə marağın azalmasını intellektual tənbəllik hesab edirəm. Televizora, telefona baxanda heç bir zəhmət çəkmirsən. Kitab oxumaqsa işdir. Oxumaq zəhmətdir, gərək səy göstərəsən. İndi adamların da o qədər qayğıları, problemləri var, təzədən özünə zəhmət vermək istəmir. Bütün günü işləyən, çalışan, əziyyət çəkən adam evinə yorğun gəlir, hələ bir götürüb Tolstoyun dörd cildliyini də oxusun?! Heç kəs bunu istəmir. Oturur televizorun qarşısında, yüngül verilişlərə baxır, telefonla oynayır. Odur ki, bu, zamanın tələbləriylə bağlıdır. Orta məktəbdə də, universitetlərdə də ədəbiyyatı təbliğ edən, şagirdinə, tələbəsinə sevdirən fədakar müəllimlər lazımdır. Onlar uşaqlarda kitaba, mütaliəyə sevgi, maraq aşılamalıdır. Bir də televiziyalar ədəbiyyata maraq oyatmalıdır. Efirdə ədəbiyyatdan başqa hər şey var. Adamları məcbur edirlər ki, ancaq ucuz şoulara, mənasız seriallara baxsınlar. Amma ciddi ədəbiyyatı təbliğ edən, ədəbi söhbətlər aparan verilişlər təəssüf ki, efirlərimizdə yoxdur.

Bu barədə Anar müəllimlə əməlli-başlı dərdləşdik. Axır gəlib çıxdıq gənc yazıçıların üstünə. Bir az da bu sferada gəzişmələrimiz oldu. Anar müəllim məsləhət gördü ki, gənclər heykəlləşməyə tələsməsinlər. Heykəl olmasınlar. “Mən bu yaşımda da heykəl olmaq istəmirəm. Gənclik ömrün ən gözəl çağıdır. Həyat eşqiylə doludur. Bu gözəl çağında özünü bütləşdir, heykəlləşdir, bu, doğru deyil. Mən cavanları çox sevirəm. Çalışıram əlimdən gələni edim”.

Anar müəllim bax belə insandır. Səmimi, mehriban, qapısı həmişə hamının üzünə açıq, yorulmaz, əzmli... Aça bilmədiyimiz başqa tərəfləri qaldı Anar müəllimin. Və bu tərəflər həmişə qalacaq.

Tarix
2018.10.02 / 09:14
Müəllif
Xanım Aydın, Vüsal Nuru
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla