Yuxarı

Osmanlı təsiri, piti, gözəl qızlar, Fez və... – Səfir nələr dedi?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla müsahibəni təqdim edir:

– Azərbaycan – Mərakeş münasibətlərini üç sözlə necə ifadə edərdiniz?

– Güclü, mükəmməl və perspektivli. Güclü ona görə ki, bizim münasibətlər qarşılıqlı hörmət, dəstək prinsiplərinə əsaslanır və biz bir-birimizlə paylaşdığımız bir çox ortaq, humanitar dəyərlərə sahibik. Mükəmməl ona görə ki, bu iki ölkə arasında heç bir problem, anlaşılmazlıq, heç bir qaranlıq tərəf mövcud deyil. Perspektivli - çünki birgə həyata keçirdiyimiz və keçirə biləcəyimiz çoxsaylı layihələr mövcuddur. Humanitar, iqtisadi, mədəni sahələrdə birgə layihələrimiz inkişaf etdiriləcək. Perspektivli düzgün seçilmiş sözdür, çünki Mərakeş və Azərbaycan münasibətlərinin gözəl gələcəyi var.

– Cənab səfir, Mərakeş Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Mərakeş ilə Azərbaycan arasında mövcud siyasi və iqtisadi əlaqələri necə qiymətləndirə bilərsiniz? İki ölkə arasında diplomatik əlaqələrin 26 ili ərzində ən böyük nailiyyətlər hansılardır?

– Biz bir-birimizdən beş-altı min kilometr uzaqdayıq. Lakin bu məsafəyə baxmarayaq, ikitərəfli münasibətlərimizin ən yaxşı mərhələsindəyik. Hər iki ölkə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və bundan sonra böyük siyasi əməkdaşlıq etdi. Əlbəttə ki, bizim ikitərəfli münasibətlərimiz daha qədim köklərə dayanır. Qeyd etdiyiniz kimi, Mərakeş Azərbaycan müstəqilliyini 1991-ci ildə tanıyıb. Daha sonra 1994-cü ildə Azərbaycan Respublikasının keçmiş prezidenti cənab Heydər Əliyev Mərakeşə rəsmi səfər etdi. Bu səfər iki ölkə arasında mövcud olan münasibətlərin inkişafında müstəsna rol oynadı. Əliyev Mərakeş səfəri zamanı kralımızın atası Kral II Həsən tərəfindən qarşılandı və İslam Əməkdaşlıq Təşkilatı Sammitində iştirak etdi. Bu sammit zamanı Azərbaycanın ərazi bütövlüyü bir çox ölkələr tərəfindən tanındı. Azərbaycanın Dağlıq Qarabağ problemi dünya miqyasında gündəmə gətirildi. Bu hadisə Azərbaycan və Mərakeş üçün olduqca əhəmiyyətli idi. Hazırda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının tam dəstəyini alır. Mərakeş Krallığının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita 5 mart tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə oldu və XİN rəhbəri Elmar Məmmədyarovla görüşdü. Bu görüş zamanı aparılan müzakirələr də bir daha sübut etdi ki, iki dövlət olaraq ortaq maraqlarımız və bir çox məsələlərə ortaq baxışımız var. İki ölkə arasında kifayət qədər qarşılıqlı müqavilələr, sazişlər imzalanıb və imzalanacaq.

– Ötən həftə Bakıda Mərakeş səfirliyinin təşkil etdiyi Fez festivalı keçirildi. Festival Bakıda böyük maraqla qarşılandı. İki ölkə arasındakı mədəni münasibətlərin inkişafı üçün daha hansı addımların atılması planlaşdırılır?

– Azərbaycan böyük mədəni dəyərlərə sahib olan bir ölkədir. Azərbaycan xalqı mədəniyyəti sevir. Bu bizi birləşdirən dəyərdir. Mərakeş olduqca qədim bir ölkədir və bizim olduqca zəngin mədəniyyətimiz var. Mərakeş həmişə müxtəlif mədəniyyətlərə qucaq açan ölkə olub. Güclü mədəniyyətə sahib olduğumuzdan başqa mədəniyyətləri aramıza alıb onların təsirindən qorxmamışıq. Ölkəmizdə müxtəlif millətlər, müxtəlif dinlərə sitayiş edən insanlar yaşayır. Fərqli olsaq da hamımız mərakeşliyik və bir millətə mənsubuq. Hər kəs özünəməxsus mədəniyyəti gətirməklə bir mozaika yaradır, biz birlikdə vahid bir mədəniyyət yaradırıq. Azərbaycanın gözəlliyi də bundadır. Azərbaycan da Mərakeş kimi olduqca tolerant və bir ölkədir. Azərbaycanda baş tutan festivallar, mədəniyyət gecələri, tədbirlər burdakı multikulturalizmin mövcudluğunun sübutudur. Bütün bunlar Azərbaycan və Mərakeşi bir-birinə yaxınlaşdırır. Ötən aylarda Bakıda Muğam Mərkəzində qnoa musiqisi gecəsi keçirdik. Biz bu kimi tədbirləri həyata keçirməklə öz mədəniyyətimizlə yerli xalqı tanış etmək və mədəni əlaqələrimizi genişləndirməyə çalışırıq. Mərakeş, ümumiyyətlə, digər ərəb ölkələrindən fərqlənir. Biz yeganə ərəb ölkəsiyik ki, neftimiz yoxdur və biz Osmanlı imperiyası tərəfindən işğal olunmamışıq. Çünki onlar Əlcəzair və Mərakeş sərhədindən sonra irəliləmədilər. Osmanlı imperiyası bir çox ərəb ölkəsinə kifayət qədər müsbət şeylər gətirdi. Bununla da onların tarix və mədəniyyətinin bənzər olmasına gətirib çıxardı. Məsələn, dolmanı siz istənilən ərəb ölkəsində fərqli formalarda olsa belə tapa bilərsiniz. Lakin bunu Mərakeşdə tapa bilməzsiniz. Əlbəttə ki, müəyyən təsirlər oldu, lakin bizim geyimlərimiz, arxitekturamız digərlərindən müəyyən qədər fərqlənir. Bu spesifikliyimizi Azərbaycanda olan bacı və qardaşlarımızla bölüşmək istəyirik.

– Bir müddətdir ki, burda yaşayırsınız. Yerli əhali ilə, milli mətbəximizlə, mədəniyyətimizlə tanışsınız. Sizcə, Mərakeş və Azərbaycan xalqlarının hansı ortaq cəhətləri var?

– Bu haqda danışmaq üçün bizə günlər lazımdır (gülür). Elə ondan başlayaq ki, biz xarici görünüşümüzdən bir-birimizə çox oxşayırıq. Mən, məsələn, azərbaycanlıya oxşayıram. Deyərdim ki, tolerantlığımız, digər millətlərə, dinlərə qarşı olan qonaqpərvər (mülayim və ya dözümlü) münasibətimiz bizi birləşdirən əsas dəyərlərdən biridir. Bu cəhətdən bir-birimizə çox oxşayırıq. İkinci Dünya müharibəsi zamanı Mərakeş Fransa işğalı altında idi. Bu zaman yəhudilərlə bağlı qanun qəbul edildi. Hər ölkə başçısı ölkə daxilində yaşayan yəhudilərin qollarına yəhudi olduqlarını göstərən mavi ulduzlu qolbaq taxmalarını əmr edən qanun imzalamalı idi. Lakin Mərakeş kralı bu qanunu imzalamadı. Bu multikulturalizm Azərbaycanda inkişaf edib. Bir çox dövlət ölkədə multikulturalizmi inkişaf etdirdiyini dilə gətirir, lakin bu həqiqətə uyğun olmur. Azərbaycanda isə bu, həqiqətən də, belədir – tolerantlığın təşviqi, digər etnik xalqlara, dinlərə, mədəniyyətlərə hörmət və sairə.

Yeməklərimiz! Mətbəximiz çox oxşardır. Sizdə bir yemək var - Şəki pitisi. Bizdə də bu yeməyin eynisi var! Adı tanjiadır. Doğrudur, ölçücə bir az Şəki pitisindən daha böyükdür, amma yesəniz, görəcəksiniz ki, çox oxşardır! Əlbəttə, ortaq çox şeydən danışmaq olar, amma bunun üçün kifayət qədər vaxt lazımdır. Yadıma düşmüşkən, bunu da deyim. Bizi bir-birimizə bənzədən bir cəhət də var: öz tariximizi, mədəniyyətimizi, dəyərlərimizi qorusaq da, Qərb mədəniyyətini qəbul edirik və yeniliklərə açığıq.

– Qərb mədəniyyətinin təsirlərindən söhbət düşmüşkən, yadımdadır ki, mən hələ məktəbli ikən bütün dünyada mərakeşli bir qızla braziliyalı gəncin məhəbbəti haqda olan bir serial məşhur idi. Bu filmdən məlum olur ki, Mərakeş qızları çox gözəldir.

– Çox sağ olun! Elədir ki, var. Mərakeş qızları Azərbaycan qızları qədər gözəldir!

– Bu serialda Mərakeş ənənələri, mədəniyyəti, mentaliteti konservativ təsvir olunmuşdu. Əlbəttə, minlərlə kilometr uzaqlıqdan hər şey fərqli görünə bilər. Bu filmlə tanışsınızmı? Bir çoxlarının Mərakeş haqda olan bütün təsəvvürü bu filmin təsiri ilə yaranıb. O kadrlar həqiqəti əks etdirirmi?

– “Kloun” serialını deyirsiniz. O filmi izləməmişəm, lakin haqqında eşitmişəm və bir neçə səhnəsini izləmişəm. Xeyr, o film Mərakeşdə çəkilməyib. Filmdə göstərilənlər Mərakeş reallığını əks etdirmir. Bu tipli fantaziyalara əsaslanan filmlər ölkəmizin reallığı ilə insanları tanış etməyimizə mane olur. Mərakeşlilərin “Kloun” filmindən heç xəbəri belə yoxdur. Yeri gəlmişkən deyim ki, Mərakeş Hollivuddan sonra dünyanın ən böyük ikinci kino studiyalarına sahibdir. Dünyanın bir çox məşhur filmi məhz Mərakeşdə çəkilib. Çünki Mərakeş özündə möcüzəvi təbiət gözəlliklərini birləşdirir. Siz burda həm səhra, həm dağ, həm çimərlik görə bilərsiz. Sən bir gün ərzində həm dağa qalxıb qarlı hava görə, aşağı enib səhra istisində gəzə, dənizə gedərək sırf mülayim havada sörf sürə bilərsən. “Yerinə yetirilməz missiya”nın sonuncu bölümü Mərakeşdə çəkilib. Dünya şöhrətli “Mumiya” filminin üç bölümü, “Məsihin son günahı” Mərakeşdə çəkilib. Bu siyahını davam etdirmək olar. Lakin “Kloun” yox! Bu film Mərakeşdə çəkilməyib. Bizim ölkədə qadınların bəziləri qərblilər kimi geyinir. Şəhərlərimizdə restoranlar, klublar var. Burda insanlar istədikləri kimi dincəlib istirahət edə bilir. Digərlərinin seçimlərinə hörmət edir, müasir düşüncələrə sahibik. Yeri gəlmişkən onu da deyim ki, dünyanın ilk universiteti nə Oksford, nə Harvard, nə də Kembricdir. Dünyanın ilk universiteti bir qadın tərəfindən Mərakeşdə tikilib. Mərakeşlilərin çoxu üç dildə – ərəb, fransız və ingilis dillərində danışır. Mərakeş həmçinin turizm ölkəsidir. Hər il milyonlarla turist qəbul edən bir ölkənin o filmdə göstərildiyi kimi qəddar, konservativ olduğuna inanmaq doğru deyil. Turist özünü rahat, təhlükəsiz yhiss etmədiyini yerə niyə gəlsin ki?

– Ölkəmizdə səfir olmasaydınız, Azərbaycan sizi turizm obyekti olaraq cəlb edərdimi? Ölkəmiz mərakeşliləri cəlb edə bilmək üçün hansı addımları atmalıdır?

– Biz təkcə Mərakeşi Azərbaycanda təbliğ etmirik, həmçinin Azərbaycanı Mərakeşdə, mərakeşli turistlər üçün təbliğ edirik. Son zamanlar görürük ki, fəaliyyətimiz öz nəticəsini verir və Bakıya üz tutan mərakeşli qonaqların sayı artan xətlə inkişaf edir. Burada təşkil etdiyimiz tədbirləri Mərakeşdə də təbliğ edirik. Ötən dəfə sizin də qonağı olduğunuz festivalımız haqda Mərakeş mətbuatı da yazdı. Bütün bunlar Azərbaycan haqda olan təsəvvürlərin inkişafına, marağın artmasına müsbət təsir göstərir. Əgər mən Azərbaycanda fəaliyyət göstərən diplomat olmasaydım, bəli, yenə də bura məni cəlb edərdi. Mənim çoxsaylı dostlarım var ki, Bakıya səfər etməyi çox arzulayır. Azərbaycan son zamanlar Formula-1, İslam Oyunları, Avropa Oyunları, Avroviziya və digər bir sıra beynəlxalq tədbirlər təşkil edib. Bu, Azərbaycanın bütün dünyada tanınması, təbliğatı üçün olduqca əhəmiyyətlidir. Azərbaycanın gənc dövlət olduğu üçün onu bir çox ölkələrdə tanımırdılar. Lakin indi bu tədbirlərdən sonra artıq bütün dünya sizi tanıyır. Bu ilin aprel ayında Bakıda nazirlərin görüşü baş tutdu. Önümüzdəki il isə burda sammit keçiriləcək. Dünya mediasının diqqəti paytaxt Bakıda olacaq. Azərbaycanı turistlər üçün maraqlı edən bir özəllik var. Bunlardan ən birincisi təhlükəsizlikdir. Dünyanın ən böyük, inkişaf etmiş şəhərlərinin əksəriyyəti bu təhlükəsizliyə sahib deyil. Bu turistlər üçün olduqca əhəmiyyətlidir. Əlbəttə ki, turizmin inkişafı üçün bəzi sahələrin mükəmməlləşdirilməsi də pis olmazdı. Məsələn, turistlər adətən səfər etdikləri ölkədən gedərkən özləri ilə yadigar bir şey aparmaq istəyir. Bu baxımdan Azərbaycan xalçaları unikaldır, lakin hər kəsin büdcəsinə uyğun deyil. Buna görə də əl işləri sahəsi önəm kəsb edir. Önümüzdəki ay Mərakeşin Əl İşləri naziri Bakıya səfərə gələcək. Bu istiqamətdə yaradılacaq əməkdaşlıq Azərbaycanın turistlərə öz gözəlliklərini daha asan göstərmək şansı yaradacaq. Turizm sahəsində hava limanlarının da böyük əhəmiyyəti var. Azərbaycan dünyanın ən gözəl hava limanlarından birinə sahibdir. Heydər Əliyev Hava limanı öz unikallığı ilə göz oxşayır. Hava limanı turistin ölkə haqqında ilk və son təəssüratı deməkdir. Bu baxımdan Azərbaycan şanslıdır.

– Azərbaycanın yaxın bir neçə ildə regiondakı rolunu necə görürsünüz?

– Bu, çox çətin sualdır. Azərbaycan öz ambisiyalarını regionda həqiqətən böyük infrastrukturla logistik platformaya çevirən bir ölkədir. Şimal-Cənub Nəqliyyat Dəhlizinin Şərq-Qərb Nəqliyyat Dəhlizinə, yəni, Bakı-Tiflis-Qars dəmir yolu xəttinə inteqrasiyası, 2020-ci ilin əvvəlindən isə TANAP Transadriatik Təbii Qaz Boru Xəttinin TAP-a birləşdiriləcəyi Azərbaycanın iqtisadi və siyasi gələcəyi üçün böyük vədlər verir. Azərbaycanın geosiyasi mövqeyi, güclü dövlətlərlə – İran, Türkiyə, Rusiya ilə qonşu olması da onun perspektivinə təsir edən amillərdəndir. Bəzən qərbdə olan “çətin” qonşularla üzləşməsinə baxmayaraq, Azərbaycan çətinlikləri necə fürsətə çevirmək lazım gəldiyini bilir. Azərbaycanın gələcəyinin çox parlaq olacağından əminəm. Digər tərəfdən Azərbaycan iqtisadi, turizm, arxitektura, sənaye sahəsində də uğurla irəliləyir.

Tarix
2018.10.06 / 09:15
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla