Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2018


Şeirlə evlənən şair: Döyüşdə mina səddini ilk keçən... - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizli şair Çalğın Məhəmmədin Axar.az-a müsahibəsi:

- Əvvəlcə, oxucularımıza özünüz haqqında məlumat verin...

- 1977-ci ildə Təbrizdə doğulmuşam, orada da yaşayıram. Bir neçə dəfə universiteti atmışam. Lahican şəhərində kompüter, Nəcəf Abadda iqtisadiyyat ixtisaslarını buraxıb, daha sonra Təbrizdə xalçaçılığı oxumuşam. Bakıda 2 şeir kitabım dərc olunub: “Yalan sərgisi” və “Əlvida”. “Şeir kimdir?” adlı növbəti kitabım da çapa hazırdır. Özüm tanınmış təzhibkar (xalça dizayneri) və xalça rəssamı olmuşam, şeirlə evlənmişəm (gülür).

- Son kitabınız olan “Şeir kimdir”də nədən bəhs eləməlisiniz?

- 13 məqalədən ibarət olan “Şeir kimdir?” teorik və tənqid üzrə bir kitabdır. İlk dəfə dünyada biz demişik ki, şeir kimdir? Bütün filosoflar və ədəbiyyatçılar hamısı “şeir nədir”in tərifini veriblər. Əsrlərdir təriflər verilir, verilən tərif 3-5 il qüvvədə qalır, sonra gedir. Nəhayət yerinə yeni bir tərif gəlir. Beləliklə, heç nə kəşf olunmur. Ona görə deyirik ki, Allah da kəşf olunub, ancaq insan kəşf olunmayıb. Bu səbəbdən biz deyirik ki, şeir kimdir? Şeirə tam fərqli baxmışıq. Şeir 20 faiz ədəbiyyatın qulluğunda, 80 faiz insani elmlərin qulluğundadır - psixologiyanın, sosiologiyanın. Son kitabımda bir çox bölümlər var ki, onların əsasını dünyada ilk dəfə ortaya biz qoymuşuq. Xüsusilə, orada heca bəhsi gəlir. Bu, təəssüf ki, Azərbaycan ədəbiyyatında bu vaxta kimi bilinməyib.

- Çalğın bəy, Güneydə müasir poeziyanın durumu necədir?

- Qətiyyətlə deyə bilmirik ki, yüzəyüz dünyaya çıxarılacaq əsərlərimiz var. Amma onu deyə bilərik ki, müasirləşmə son illərdə yaxşıdır. Bizim çox yuxarı səviyyədə yazarlarımız var. Mən az qələm qəbul edirəm, çünki müasir şeiri yuxarı səviyyədə oxumuşam, yaxşı əsərlərim və tənqid üzrə danışmağa sözüm var. Mən “sərbəst” deyə bir şeiri qəbul edə bilmirəm. Bu, 30-40 il bundan qabaqda var və Bu tayda yayılıb. Sərbəst şeir o şeirə deyirik ki, bütünlüklə klassik şeirdən üzülə bilmirik. Bu gün dünya ədəbiyyatında “ağ şeir” deyilən bir anlayış da var. Və niyə “ağ şeir”? Məktəbdə yazı yazarkən bir sətir yazıb, bir sətir boş qoyardıq. Ağ şeir də budur. Bir sətir sən yazacaqsan, bir sətir boş qoyacaqsan, o bir sətri oxucu yazmalıdır. Yəni sənin haqqın yoxdur oxucunun şüuruna toxunasan. Sənin haqqın yoxdur ki, yazdığın misranın izahını verəsən. Yəni, hər şeydən bir nişanə verməlisən, izah deyə bir şey yoxdur. Təəssüf ki, Azərbaycan ədəbiyyatında, elə O tayda da, Bu tayda da, bəzən dostları izləyəndə görürük ki, fərqli fikir, müasirlik var, amma texnika bilmir. Bir sətir yazırlar, on sətir izah verirlər. Yəni bunu dünya ədəbiyyatının masasının üzərinə itələmək olmaz, iddialı şairdən bu, böyük bir qüsurdur. Buna sevinirəm ki, indi təzə ərsəyə gələnlər var. Çünki ədəbiyyat elə bir yer deyil ki, biri kiçik şeir kitabı çıxarsın, 2-3 il şeir yazsın, biz də buna şair deyək. Bir dəfə azərbaycanlı dostum məni məktəbə aparmışdı. Çoxlu cavan qız-oğlan şairlərimiz vardı. Onlar mənim üçün şeir deyib sonra soruşurdular: “Necədir?” Mən gülərək cavab verdim: Bunların çoxu ərə getməyib, evlənməyib, çoxunun işi yoxdur. Gəlin, ərə getməliləri ərə verək, evlənməliləri evləndirək, işsizlərə iş verək, sonra görək, bu masanın arxasında kim qalacaq? Bilək şair var, onunla oturub mübahisə edək. Ədəbiyyat, incəsənət elə bir dünyadır ki, insan 20-30 ildən sonra özünə bir yol tapa bilər. Həmin adamların risaləsi ilə, verdiyi əsərlərlə baxıb araşdıra bilirik ki, hansı nöqtədə idi, hansı nöqtəyə gəldi. Bu daha çox önəmlidir. Bizdə təkrar çoxdur, təqlid də çoxdur. Bütün bunlara baxmayaraq, mən gələcəyi parlaq görürəm.

- Azərbaycanın dəfələrlə qonağı olub festivallara qatılırsınız. Festivallarımızın keyfiyyəti sizi qane edirmi?

- Mən təkcə Azərbaycanda deyil, Rusiyada, Makedoniyada, Qazaxıstanda və bir çox ölkədə olmuşam. Məni festivala dəvət edirlərsə çox sağ olsunlar, təşəkkür edirəm. Dəlili budur ki, bizdə dövlətləşmə deyə bir şey yoxdur. Bizim Azərbaycanda (Güneydə) kimsə yoxdur ki, bizə sahib çıxsın. Yer kürəsinin heç bir yerində təşkil edilən festivallardan razı deyiləm. Çünki bu ədəbiyyatda alış-veriş var. Festivallarda həqiqi ədəbiyyatçılar ortaya çıxmaz. Hansı ölkədə olsam, həqiqi ədəbiyyatçıları axtarıram. Bir ölkədə ola bilər ki, 10 min nəfər şeir yazsın, amma onlardan yalnız 2-3-ü şair ola bilər. Festivallara gedib-gəlmək yaxşıdır ki, Cənubun da gücünü ortaya qoyuruq, demək istəyirik, Güneydə də söz var, yatmamışıq, işləyirik. Bura, ora, bizimki, sizinki müqayisəsi deyil.

- Düşünürsünüz ki, festivalın təşkilatçıları bizneslə məşğuldur?

- Kimisə tənqid eləmək fikrim yoxdur. Biz yazarlarda bir xüsusiyyət var ki, mən şəxsən avanqard adamam, avanqard şəxsiyyətləri xoşlayıram. Avanqard nə deməkdir? Məsələn, bir döyüş olur. Bir sıra insanlar minanın üstünə keçərək onu partladırlar, şəhid onlardır. Bu döyüşün qazananları da onlardır. Daha sonra digər əsgərlər güllə atır, ola bilsin, biri ona dəyir, biri başqasına. Amma əsas təhlükədən sonra gülləni hamı ata bilər. Yəni burda xətti sındıran avanqard şəxslər önəmlidir. Biz ədəbiyyatımızda avanqard şəxsiyyətləri toplayıb gündəmə gətirməliyik. Şeir Şərqin məhsuludur. Çoxları şeir yazır. Çünki tribun var. Hamı sevir ki, içində olan boşluqları tribunda desin. Biz onlara deyə bilmərik ki, həqiqətən şairdirlər, ola da bilməzlər. Onların bitmə tarixi var. Əsər odur ki, səni yaşatsın. Əsər odur ki, özü ölsün, amma səndə yaşasın. Yəni həqiqi əsər yazar öləndən sonra başlar yaşamağa və biz bunu adi bir yazarda görə bilmərik. Buna həqiqətən avanqardlıq lazımdır.

- O taylı-bu taylı Azərbaycan ədəbiyyatında nə kimi qüsurları görürsünüz?

- İkisində də çox böyük qüsurlar görürəm. Mən ədəbiyyatda şeiri iki yerə bölürəm: kənd şeiri və şəhər şeiri. Bizim Azərbaycanda şəhər şeiri deyə bir şey yoxdur. Cavan nəsildə görürəm şəhər şeirini. Ola bilər ki, bizim şairimiz olsun, gəlib Bakının yuxarı yerində otursun, qalstuk taxsın, əyri börk qoysun, Bakıda yaşamış olsun, amma bu adam şəhərli deyil. Bu adamın əsərini masaya qoyduğumuz zaman bütün motivlərin kənd şeiri motivi olduğunu görürük. Bunu düşünməliyik ki, millətimizin və digər ölkələrin millətlərinin 80 faizi şəhərdə yaşayır. Bu gün şəhərdə yaşayan insanın kənd problemi yoxdur. O bilmir palçıq və çamur nədir, sarmaşıq nədir, istəmir də bilsin. Həqiqətən, kənd şeirində diktatorluq var, öyüd-nəsihət var. Bu gün sənin öz uşağına nəsihət verməyə haqqın yoxdur. Kənd şeirində yazar deyir, hər şeyi mən bilirəm. Şəhər şeiri isə deyir ki, yox, sən heç nə bilmirsən. Hər şəxsiyyət özü danışmalıdır. Haqqın yoxdur ki, hər şəxsiyyətin əvəzinə cavab verəsən. Azərbaycanın dünya ədəbiyyatına çatmaq üçün ən böyük qüsuru budur.

3 cür şair var: məntəqə şairi, milli şair və qloballaşmış şair. Məntəqə şairi rayonda şairdir, rayondan çıxdısa, onu saymazlar. Milli şairimiz var, amma qloballaşmış şair bizdə yoxdur. Kənd şeiri böyüklərin bizə verdiyi bəladır, bunu danmırıq. “Əlvida” adlı bir kitabım çıxdı. 400 səhifəlik kitabı 40 səhifə etdim. Dəlilim var, istədim oxuculara isbat edim ki, mən klassik ədəbiyyatı tanımışam. 20 il bundan öncə güclü klassik şeirlər də yazmışam, amma daha istəmirəm. Ona görə yazmışam ki, bilin, mən təqlid eləmək yox, Azərbaycan kimliyinə malik müasir şeiri ortaya qoymalıyam. Avropanı da təqlid eləmək istəmirəm. Oxuyuram. Məsələ budur ki, mənim mifolojimdən, dilimin göstəricilərindən asılı olaraq masaya nə qoya bilirəm? Dünya da o vaxt səni sevir ki, əsər olaraq ərsəyə gətirdiyin əsəri özün kimi ortaya qoyasan, təqlid olaraq yox.

- Son olaraq nə demək istərdiniz?

- Çox şadam ki, bu gün burdayam, Axar.az-ın yubileyi günündə...

Şairin “Ölümsüzlük” adlı şeirini təqdim edirik:

2019-cu il mart ayının 21-idir

Mənim doğum günümdür

Otağımdakı pəncərəni götürürəm

Masamın üstündə yel əsir

Masanın üstündəki şamlar sınırlar

Sınırlar otağımın divarından asdığım adamlar

Və mən ağaclardan öyrənirəm

Yel əsəndə sınmazlar

2020-ci ilin mart ayının 21-idir

Yenə doğum günümdür

Yenə ciyərlərimdə vurnuxur

Oksigen adında bir zəhər

Yenə gecələr qol-boyun yatıram

Şeir adında oynaşımla.

Yenə iç əlimdə sən varsan

Yəni, iç əlimdə üsyan var

Yəni, iç əlimdə hərəkət var.

Yəni, yenə də mən varam

2021-ci ilin mart ayının 21-idir.

Mənim doğum günümdür

Əlim əlimdən tutmur

Masanın üstündəki şamları yandırmır əlim

O kuzədəki süddən

Bir stəkan mənə süzmür

Əllərimi bağışlamayacaqlar

Nə mən, nə masanın üstündəki şamlar

Nə də süd satan qızın məmələri

2066-cı ilin mart ayının 21-idir

Günəşin hər gün yanıb sönməsi karıxdırmasa 90 yaşım var

Və 90 ildir hər gecə azadlığı Ayda görürəm

Və 90 ildir azadlıq zəncirə çəkilmiş Ayın qarnında

Və 90 ildir hər gecə Aya baxdıqca

İçimdə qeyrətim özün öldürür

2876-cı ilin mart ayının 21-dir

Və hələ 900 yaşım var

Dik durmuşam Azərbaycan meydanında bir daş üstündə

Əlimi uzadıb havaya salam verirəm…

Tarix
2018.10.23 / 09:27
Müəllif
Aytac Araz
Şərhlər
Загрузка...
Digər xəbərlər

Nazirin millət vəkili olan qızı tələbəlikdən danışdı

Sabiq deputat "Nəsimi" bazarında satıcı işləyir - Foto

İspan mənşəli azərbaycanlı qızın Türkiyədə qeyri-adi həyatı - Foto

Azərbaycanın məşhur hambalı: 22 yaş kiçik aktrisa ilə... - Video

Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə

Gülərək ölən xalq artisti: SSRİ onun bu “səhv”ini bağışlamadı

Türkiyədən Mübarizlə bağlı möhtəşəm süjet - Video

Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - Foto

Kamal Sunalın həyat yoldaşı hər kəsi kövrəltdi - Foto

Bunu etsək, Azərbaycanda türk qalmaz... - Atatürkün gizli sözü

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla