Yuxarı

Ədəbiyyatda olduğumu 40 yaşından sonra dərk etdim

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Nəriman Əbdülrəhmanlının gerçəkləşməyən arzularını öyrənmək istədik. "Axar.az"ın eyni adlı lahiyəsi çərçivəsində yazıçını sosial şəbəkədə sorğu-suala tutduq. Deyəsən, vaxt qıtlığından həmişə əziyyət çəkən yazarın bu dəfə belə bir problemi yox idi. Hər dəfə qısaca salam-kəlamdan sonra xudahafizləşərdi. İndisə həvəslə söhbətə girişdi.

Beləliklə, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı "Gerçəkləşməyən arzular"da...

Bəzən maddi ehtiyac ucbatından tərcümə etməli oluram

- Qardaş, deyəsən təzə kitabın çıxıb?

- Hə...

- Təbrik edirəm. Bu, neçənci romandır?

- Təşəkkür edirəm... Cap olunmuş dördüncü romandır...

- Amma kitablarının sayı çox olmalıdır, məncə.

- Hə, çoxdur...

- Yaman xəsissən sözə... Nə qədər kitabın çıxıb?

- Tərcümə və antologiyalarla birgə 40-a yaxın kitabım var.

- Nəriman bəy, kitablarının kəmiyyəti qədər də keyfiyyəti var. Səndə xaltura olmaz. Amma de, səni tərcümə daha çox sıxır, yoxsa öz əsərini ərsəyə gətirmək?

- Əlbəttə, tərcümə. Çünki bəzilərini maddi ehtiyac ucbatından tərcümə etməli oluram. Amma çalışıram ki, bu, keyfiyyətə təsir eləməsin.

- Sən deyəsən yaradıcılığa ilk dəfə şeirlə başlamışdın... Gənclik illərindən üzü bəri ədəbiyyatla yoldaşlıq etməndə şeirlərin körpü rolu oynadı.

- Yox, onlara şeir demək olmazdı, sadəcə, sözlə təması sınaqdan keçirməkdi. Eləcə də, ilk hekayələrim. Mən 40 yaşından sonra ədəbiyyatda olduğumu dərk etdim. Ona qədər həyatı və yazmağı öyrənmişəm...

- Demək 40 yaşa qədər ədəbiyyatda arzularını gerçəkləşdirə bilmədin, amma gerçəkləşəcək arzularına doğru yol aldın.

- Elədi... Məncə, nəsrdə əsl yaradıçılıq məhz 40 yaşdan, yetərincə həyat təcrübəsi qazanandan sonra başlayır. Bu gün Kamal Abdullanın dünyanı dolaşan romanları buna sübutdu.

- Kamal müəllim də sənin son romanın haqqında yaxşı fikirlər söyləyib. Amma müəllif kimi hansı əsərini özünün möhürü hesab edirsən?

- Çətin sualdı. İki povest, dörd roman, iyirmiyə yaxın hekayəm var. Bir romanımı da redaktə edirəm. Yazdıqlarımın heç birini fərqləndirmək istəməzdim. Ümumiyyətlə, bu, oxucuların işidi...

- Bəs indiyə qədər gerçəkləşməyən arzuların çoxmu olub?

- Gerçəkləşməmiş arzularım… istədiyin qədərdi. Planımda daha iki irihəcmli əsər var. Hələ ki, öz vaxtını gözləyir. Ömür möhlət versə...

- Verər inşallah! Ədəbi aləmdəki uğurların göz önündədir. Bəlkə yazıçı Nəriman ata, oğul, qardaş, dayı Nərimanla müqayisədə arzularına çatıb? Yoxsa əksinədir?

- Bu sarıdan şikayətim yoxdu. Qismətimə düşənlə razıyam... Məncə, pis oğul, pis ata, pis qohum olmamışam.

- Səni indiki durumda ən çox nə narahat edir ?

- İndi məni ən çox narahat edən "Qanun" nəşriyyatına olan təzyiqlər, süni maneələrdi. On ilə yaxındır həmin nəşriyyatla işləyirəm, Şahbaz Xuduoğluyla nəşriyyatın qurulmasında, ilk uğularında payım var. Onlarla istedadlı, yaradıcı adama dayaq duran, milləti aydınlatmağa çalışan bir quruma qarşı bu cür münasibət ən azı insafsızlıqdı. Bu məsələ ədalətli həllini tapmasa, cəmiyyətimiz çox şey itirəcək.

Yaradıcılıqla məşğul olmaq qəhrəmanlıqdı

- Ağrılı mövzudur. Hamımızı narahat edir. Amma sənin özünü fərdi olaraq narahat edən problemlərin varmı?

- Təbii ki, maddi qayğılar ucbatından yazı-pozuya kifayət qədər vaxt sərf edə bilmirəm. Yaradıcı adam maddi və mənəvi cəhətdən tam sərbəst olmalıdı. İş, ailə qayğıları arasında yaradıcılıqla məşğul olmaq qəhrəmanlıqdı...

- Maddi sıxıntıların mənəvi sarsıntılar yaratdığı anlar olur. Sən bu sıxıntılar içərisində dostlarından daha çox kimi xatırlayırsan, kimi daha çox yanında istəyirsən?

- Çox olub. Daha çox mərhum yazıçılarımız İsa İsmayılzadə, Arif Mustafazadə, Natiq Səfərov, Eyvaz Əlləzoğlunu xatırlayıram. Çünki onların çəkdikləri sıxıntıların şahidi olmuşam...

- Allah rəhmət eləsin hamısına. Nəriman, ən çox hansı arzunun gerçəkləşməyəcəyindən nigaransan?

- Tərtib etdiyim antologiyalar var, nəşr olunmayıb. Bir neçə kinossenarim var, təəssüf ki, hələ çəkilməyib. Bir də dördcildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyam hazırdır, amma o da dərc olunmayıb. Onlara görə çox nigaranam.

Az qala dünyanı dolandım, bir ömür qədər...

- Səni necə xarakterizə etmək olar, xəyalları gerçəkləşən, yaxud arzusu gözündə qalan yazar?

- Məncə, bunların heç birini mənə şamil etmək olmaz. Gerçəkləşən arzularımla gerçəkləşməyənlərin çəkisi təxminən bərabər olar.

- İndi harda işləyirsən?

- Altı ildi, necə deyərlər, azad sənətkaram, tərcümə və redaktə hesabına dolanıram.

- Sən tərcümə edirsən. Özün necə, tərcümə olunmusan?

- Bir neçə hekayəm rus və ingilis dilinə çevrilib. Bir povestim Türkiyədə nəşr olunub. "Könül elçisi" romanımı Fəthi Gədikli türkcəyə çevirib, İstanbulda nəşr olunacaq.

Yolçu

- Ən son çıxan əsərin adı nə idi?

- "Yolçu"…

- "Yolçu"yacan nə qədər yol keçdin? Bu yol səni yormadı ki, yolçu qardaş?

- Uzun yol keçdim... Az qala dünyanı dolandım, bir ömür qədər... Amma hələ yorulmamışam. Bundan sonra da hər şey ömrün möhlətindən asılıdı.

Tarix
2013.12.04 / 00:55
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla