Yuxarı

“Allahı ilk dəfə burada görmüşəm...” - “25-lər”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"25-lər" layihəsində

Axar.az "25-lər" layihəsində tənqidçi Əsəd Cahangirlə Anarın "Göz muncuğu" povesti barədə söhbətin II hissəsini təqdim edir:

əvvəli burada

Həmid Herisçi ona görə Anarın əsərindən yazdı ki...

– Maraqlıdır ki, Həmid Herisçi də "Göz muncuğu" haqda yazdı. Sizcə, onu buna nə vadar etdi?

– Anarın povesti mistikanın insan həyatındakı gerçəkliyini təsdiq edir. Həmid isə ədəbiyyatda mistisizmin tərəfdarıdır. Onun son illər ANS telekanalında apardığı pirlərlə bağlı veriliş də mistik xarakterli idi. Lakin o buna görə çoxsaylı tənqidlərə məruz qalırdı. Bundan başqa, povestdə konspiroloji məqamlar da var. Yəni Milli Təhlükəsizlik Orqanlarının nümayəndəsi tərəfindən Əhlimana gizli göstəriş verilməsi və sair məsələlər. Həmid isə ən yeni ədəbiyyatda konspirologiyanın zəruriliyini təsdiq edən yazıların müəllifidir. Onun hətta "Konspirologiya" adlı kitabı da dərc olunub. Ona görə Həmid bu əsərin meydana çıxmasını təmsil etdiyi düşüncə xəttinin qələbəsi kimi qəbul etdi. O, bu povestdə özünü, öz taleyini gördü və əslində, Anarla yanaşı həm də özü haqda yazdı. Mən vaxtilə Həmidin Kamal Abdullanın "Yarımçıq əlyazma" romanını da eyni maraqla qarşılamasının şahidi olmuşam. Çünki onda Həmid postmodernizmi dəstəkləyirdi və Kamal Abdulla da postmodernist əsər yazmışdı. Halbuki onun bir çox yaşıdları Kamal Abdullanın postmodernist əsər yazmasını qısqanclıqla qarşılamışdılar.

– Biz daha çox Kamal Abdullanı mistikaya meyilli yazıçı kimi tanıyırıq və bu barədə çox müzakirələr gedib.

– Kamal Abdulla haqda "Unutmağa kimsə yox"dan danışanda söz açacağıq. Onun əsərləri ilə bağlı müzakirələrə gəlincə, bunların mühüm bir qismi akademizm örtüyünə bürünmüş filoloji spekulyasiyalardır. Bu fikri onun romanları haqda yazılan bir çox məqalələrə də aid etmək olar. Onlar məsələni aydınlaşdırmaq əvəzinə daha da qəlizləşdirirlər. "Yarımçıq əlyazma" romanı haqda Moskva mətbuatında keçirilən müzakirə də, hansısa amerikan aliminin məqaləsi də mahiyyətcə bizdəkilərdən fərqlənmir – adlı-sanlı, rütbəli adamlar bir yerə yığışıb nələrsə danışır, kimsə nəsə yazır, müxtəlif gözqamaşdıran filoloji terminlərdən bol-bol istifadə olunur, amma sonucda aydın olmur ki, yazıçı nə yazıb və necə yazıb. Bu yazıların bir çoxu mənə "Qulliverin səyahətləri"ndəki Laputilər ölkəsi alimlərinin anlamsız fəaliyyətini xatırladır.

Allahı ilk dəfə görürük

– Bəs sizcə, Anar müəllimi mistikaya çəkən nədir?

– "Mistikaya çəkən" deyəndə ki, mistika insanın içində olur. Anarın mistikaya meyili də onun, sadəcə, son əsəri ilə bağlı olmayıb, gənclik illərindən üzü bəri yazdığı əksər əsərlərdə özünü büruzə verir – "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Macal", "Əlaqə". Bu fikri onun müstəqillik dövründə yazdığı əsərlərə də aid etmək olar – "Otel otağı", "Qırmızı limuzin", "Vahimə". "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Macal", yaxud "Otel otağı"nda mistika zərif, məxməri səviyyədədir və daha çox əsərin finalında qəfil dalğa kimi baş qaldırır. Yerdə qalanlar, xüsusən "Əlaqə"də isə mistika əvvəldən sonacan əsərin bütün ruhuna sirayət edir və qatı səciyyə daşıyır.

– Bu əsərlərin mistisizmi nədədir ki?

– Bu əsərlərdə adi gözlə görünməyən, amma gerçəkliyə təsir gücünə malik sirli qüvvə ilə əlaqə cəhdləri var. Altıncı mərtəbə, yaxud otel otağı bu sirli qüvvənin rəmzi-simvolik ünvanıdır. "Əlaqə" povestində bu ünvan artıq kosmosun özü ilə adekvatlaşır. Özü də bu qüvvə antik Roma allahı Yanus kimi iki üzlüdür – onun bəzən xeyir, bəzən isə şər üzü görünür. Xeyir üzü "Beşmərtəbəli evin altıncı mərtəbəsi", yaxud "Əlaqə"də olduğu kimi insanı yaşadır, şər üzü isə "Macal", "Qırmızı limuzin", yaxud "Vahimə"də olduğu kimi onu ölümlə təhdid edir. "Göz muncuğu"nda bu iki üzlü mistik qüvvə bir araya gəlir və birbaşa insanın daxilində qərar tutur. Povestin qəhrəmanı Əhlimanın xeyir başlanğıcı Hörmüz və şər başlanğıcı Əhriməni özündə birləşdirməsi buna işarədir.

– Belə çıxır ki, "Göz muncuğu"dakı mistisizm Anarın yaradıcılıq yolunun yarım əsrlik daxili inkişaf məntiqindən doğur.

– Amma bu məsələnin yalnız birinci – fərdi-daxili tərəfidir. İkinci – xarici tərəfi də var.

– Necə yəni?

– Yetmiş illik sovet cəmiyyətindən müstəqilliyə keçidimiz, sadəcə, siyasi, iqtisadi yox, mənəvi planda da oldu. Bu mənəvi keçidin əsasında ateist-materialist sovet düşüncəsindən Allaha qayıdış ideyası durur. Anarın "Göz muncuğu"ndakı mistikanın alt yapısında da məhz Allah axtarıcılığı dayanır. Təsadüfi deyil ki, ömrü boyu ilk dəfə olaraq, onun qəhrəmanları, sadəcə, insanlar yox, həm də Hörmüz və Əhrimən kimi allahlar, əsas qəhrəmanı isə bütün şər əməllərinə baxmayaraq, Əhlimandır, yəni əhli-imandır. Bizdə indiyəcən Peyğəmbər, Əzrayıl, hətta İblis bədii əsər qəhrəmanı kimi mövcud olub. Allahın bədii əsər qəhrəmanı statusunda zühurunu isə məncə, ilk dəfə "Göz muncuğu"nda görürük.

Dünya müharibələri insanı Allaha qaytardı

– Siz mənəvi keçidi niyə ancaq SSRİ çərçivəsində götürürsünüz? Bununla da Anarı dünya ədəbi və tarixi prosesindən təcrid etmirsinizmi?

– Yox, məncə, təcrid etmirəm. Çünki SSRİ dünya dövləti idi və onun dağılması dünya əhəmiyyətli hadisə idi. Digər tərəfdən Allaha qayıdış, sadəcə, SSRİ yox, son bir neçə əsrlik dünya tarixi ilə təsdiqlənən cahanşümul fakt idi.

– Bəlkə, bu barədə açıqlama verəsiniz?

– Orta əsrlər Allah-insan münasibətləri üstündə qurulmuşdu. Yeni dövrdən etibarən bu öz yerini təbiət-insan münasibətlərinə verdi. XX əsrin ikinci yarısından sonra Allah ideyası yenidən gündəmə gəldi. Çünki iki cahan savaşı insanda öz ağlına, məntiqinə şübhə yaratdı və yenidən Allah ideyasına dönüş başladı. SSRİ-nin dağılması ümumdünya tarixindəki bu hadisələrlə paralel meydana çıxdı.

"Göz muncuğu" Anarın Cami-cəmidir

– Anar müəllimin əvvəlki əsərlərindən danışdınız. Sizcə, hörmətli xalq yazıçımızın əvvəlki əsərləri ilə "Göz muncuğu" arasında nə kimi intertekstual əlaqə var?

– Povestin "Dədə Qorqud" kinodastanı ilə əlaqəsindən bayaq danışdıq. Bu povest Anarın beşmərtəbəli evinin altıncı mərtəbəsi, yəni adi gözlə görünməyən mistik qatı, qırxıncı otağıdır. Bu əsərdə Anar mistik qüvvə ilə "Əlaqə" povestində can atdığı, amma nail ola bilmədiyi əlaqəsini qurmağa nail olub. Bu əsərdə Anarın qəhrəmanı ölüm gətirən otel otağından çıxır və dirilməyə can atır. Bu əsərdə "Qırmızı limuzin" hekayəsinin əsas qəhrəmanı – limuzin birbaşa iştirak edir. "Ağ qoç, qara qoç" kimi bu əsər də ağ və qara qoçun, yəni xeyir və şərin toqquşması üstündə qurulub. Bu əsərdə Anarın indiyə qədər yazdığı əksər personajlar, məkanlar, situasiyalar, təkcə yazdığı yox, oxuduğu ən vacib kitablar bir araya cəm olub. Başqa sözlə desək, bu kitab Anarın hər şeyi özündə ehtiva edən "Cami-cəm"idir.

– Sizcə, "Göz muncuğu"nun qəhrəmanı dirilir, yoxsa xortdayır?

– Dirilmənin iki üzü var – cismani və ruhi. Əhlimanda bunun ikisi də baş verir. O, cismən xortlayır, ruhən isə dirilir. Xortlamaq özü də, əslində, dirilmədir, daha doğrusu, onun neqativ üzüdür. İnsan ancaq cismən diriləndə bu, sadəcə, xortlamaq olur. Dirilmədə ruh da iştirak edəndə isə proses xortlamaq səviyyəsindən çıxır. Ona görə bu sualına da yazıçının birmənalı cavabı yoxdur.

– Əgər heç bir sualın birmənalı cavabı yoxdursa, Anar müəllim niyə əbədi suallarla əlləşib-vuruşur, özü də bilə-bilə ki, cavab yoxdur.

– Kamünün "Taun"unu oxumusan?

– Əlbəttə…

– İndi mən sənə bir sual verim. Həkim Rio tauna tutulanları niyə boş-boşuna müalicə edirdi? O ki xəstəliyə yoluxanları sağalda bilməyəcəyini gözəl bilirdi.

– Ümid verirdi.

– Məncə, Rio onlara heç bir ümid vermirdi. Özünün də bu vəziyyətdən çıxmağa heç bir ümidi yox idi.

– Onda bəs nə idi məsələ?

– O, sadəcə, öz üzərinə düşən həkimlik vəzifəsini yerinə yetirirdi. Anar da, sadəcə, öz mənəvi həkimlik – yazıçılıq borcunu yerinə yetirir. Məncə, onun dünyanın bütün suallarına mütləq mənada cavab vermək iddiası yoxdur. Bir ekzistensialist kimi o, bəzi suallara mütləq cavabdan imtina edir. Ekzistensialistə görə, bütün sualların cavabı mövcudluğun özüdür. Mövcudluğun o üzündə isə anlaşılmaz və idarəolunmaz təsadüfdən başqa heç nə yoxdur. Ona görə yeganə çıxış yolu öz içinin həqiqətinə sığınmaqdır. Amma hər kəsin daxili həqiqəti yalnız onun özünə məxsus olduğundan bunu başqalarına isbatlamaq mümkünsüzdür. Kamüyə görə, insan nəinki başqalarına, hətta özü-özünə belə yad və anlaşılmazdır.

Ruh əbədidir, insan ölməzdir, dirilmə mütləqdir

– Siz, məncə, ekzistensialist deyilsiniz. Ona görə suallara cavabınız var.

– Müqəddəs Kitabımızda bütün sualların cavabı var. Mən o cavabları qəbul etmişəm. Amma bu, sadəcə, Kitabı oxumaqla baş verməyib. Kitabın özünü qəbul etmək üçün birbaşa fərdi ruhi təcrübənin olması olduqca zəruridir. Yəni ilahi bilgi sənə ilk öncə birbaşa öz ruhundan açılmalıdır. Yoxsa inancında yəqinlik hasil etməz və daimi şübhələr içində qalarsan. Şübhə isə insanı həqiqətdən hər an sapdıracaq qorxulu düşməndir. Həqiqətə azacıq şübhəsi olan adamı hətta Nitsşe belə öz sərsəmləmələri ilə çaşdıra bilər. Ümumən, mütləq cavablar ancaq dində olur. Nə elm, nə fəlsəfə, nə də ədəbiyyat heç bir suala mütləq cavab vermir. Özünü çözümsüz suallarla yormamaq və mənəvi rahatlıq tapmaq üçün Kitabın hökmlərini qeyd-şərtsiz, mütləq imperativ kimi qəbul etməkdən başqa yol yoxdur. Kitabın ehkamlarına görə isə ruh əbədidir, insan ölməzdir, dirilmə mütləqdir.

– Bəlkə, sizin dediyiniz kimi, ilahi bilgi kiməsə öz ruhundan açılmadı, o nə etməlidir?

– Sən öz işini yerinə yetirməsən, sənə sadəcə qara tellərinə görə maaş verməzlər, elə deyilmi?

– Elədir, amma bunun mətləbə nə dəxili var ki?

– O dəxili var ki, Allah da bizə mənəvi maaşı – ilahi sirri havayı yerə vermir. O, mərhəmətli olduğu qədər də ədalətlidir. Əgər insan bu sirrə qovuşmağı bütün varlığı ilə, hava kimi, su kimi arzulasa, ilahi həqiqət ona öz içindən açılır. Bunun üçün dünyada olan hər şeyi, hətta özünü belə unutmalı, bütün ruhunla o sirrin ardınca qoşmalısan. İlahi sirr pərdəsi yalnız bu yolda şiddətli əzab çəkənlərin üzünə açılır. O dərəcədə şiddətli ki, ya o sirr sənə açılmalı, ya ağlını itirməli, ya da ölməlisən. Yalnız bundan sonra ilahi mərhəmət zahir olur, Allah səni cismən öldürmür, amma mənən öldürüb yenidən dirildir. Nəticədə öz ruhundan doğulur, özünü dərk edirsən. Anarın ölüb-dirilən qəhrəmanı kimi.

"Göz" sözü Gözəgörünməzin dildəki işarəsidir

– Əzab demişkən, qəbir əzabı səhnəsi Azər Abdullanın "Gül yağışı" hekayəsində də var. Necə düşünürsünüz, bu səhnənin təsvirində kim daha çox başarılıdır – Anar müəllim, yoxsa Azər Abdulla?

– Anarın povestində qəbirdə oyanma səhnəsi ən yaddaqalan epizodlardan biridir. Azər Abdullanın "Gül yağışı" hekayəsində də qəbir əzabı heyrətamiz dəqiqliklə təsvir olunub. Yadımdadır, bu hekayəni oxuyub ondan soruşdum ki, siz bir dəfə ölüb dirilmisiniz? Güldü, dedi yox, niyə soruşursan? Dedim, bəs, bu hekayəni necə yazmısınız? Hər iki yazıçı bu məsələdə başarılıdır. Amma bu, onlardan birinin digərindən təsirlənməsi demək deyil. Hamı insan olduğu üçün analoji hissləri yaşaya və yaza bilər. Bu yaxınlarda Azər Abdullanın su ilə bağlı böyük bir essesini oxudum. Anar öz povestində bütün əsər boyu göz sözü ilə bağlı frazeoloji vahidləri qeydə aldığı kimi, Azər Abdulla da su sözü ilə bağlı frazemlərə baş vurur. Başqa sözlə desək, Anar əsərdə hər şeyi gözdən keçirir, Azər Abdulla isə suya çəkir. Yəni onlar təkcə mövzu yox, dil baxımından da analoji yol gedirlər.

Sizcə, Anarın "göz" sözünə bu marağının arxasında nə durur?

– Anar bununla hər şeyə yuxarıdan səssizcə göz gəzdirən Gözəgörünməzə işarə edir. Bunun hesabına Allah əsərin mətnindən bir nəsim kimi keçib gedir. Məncə, yazıçı bununla demək istəyir ki, işlərimizə müdaxilə etməsə də, Allah hər şeyi görür. Beləliklə, mətni əvvəldən sonacan gizlicə izləyən "göz" sözü Allahın dildəki işarəsi, rəmzidir. Sartr da Sözə Allah kimi baxırdı. Yaxud İncildə deyildiyi kimi, "Başlanğıcda Söz var idi, Söz Allahda idi və Söz Allah idi". Anarın orijinallığı ondadır ki, o bu barədə danışmayıb, buna dilin özü vasitəsilə işarə edib. Axı, doğrudan da, Allah özünü bizə birbaşa göstərmir, bizimlə açıq yox, işarələr diliylə danışır. Onu yalnız daxili gözlə görmək, daxili qulaqla eşitmək olar.

– Bu məntiqlə belə çıxır ki, Azər Abdulla da suya Allah kimi baxır?

– Antik yunan naturfilosofu Fales inanırdı ki, hər şey öz başlanğıcını sudan götürüb, yəni onun nəzərində su Allahdır. İnanmıram ki, Azər Abdulla bu essesində özünün naturfəlsəfi inancını ifadə edib. Məncə, bu, onda inancdan daha çox linqvopoetik hadisədir.

Ardı var

Tarix
2015.03.16 / 14:10
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla