Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2017


“Heydər Əliyev birbaşa mənə yaxınlaşıb...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahlar Əsgərov SSRİ-nin ən tanınmış elm adamlarındandır. Onun Fizika elminə gətirdiyi yeniliklər bu gün də ölkədən kənarda – ABŞ və Avropada istifadə olunur. Ölkənin elm sahəsi ilə yanaşı, siyasi həyatında da önəmli yerlərdən birini tutan tanınmış elm və siyasət adamı ilə görüşüb, onu Axar.az-ın "Xatirə dəftəri"nə qonaq çağırdıq.

Çox istərdim ki, mənim də...

- Şahlar müəllim, hazırda nə işlə məşğulsunuz? Söhbət elmi işlərinizdən gedir.

- 2013-cü ildə "Kamilləşən Düşüncə" kitabını yazdım. İndi bu monoqrafiyanı "Путь к совершенству" adı altında Moskvada çap etdirmək istəyirəm. Artıq danışıqlara başlamışam.

- Bəs, boş vaxtlarınızı necə səmərəli istifadə edirsiniz? Uzun illər təhsil sistemində, parlamentdə olmusunuz.

- Boş vaxt nadir hallarda olur. Çox istərdim ki, mənim də çoxlu boş vaxtım olsun.

- Sizin xatirələrinizi – xatirə dəftərinizi vərəqləmək istərdim. Ötənlər yaddaşınızda necə qalıb? Yeniyetməlik, gənclik illəriniz...

- Bir çox ziyalının xatirə dəftəri, əslində, avtobioqrafik bir kitabdır. Deyəsən, elə mənim də dəftərimi vərəqlədikdə bunlara təsadüf edəcəyik.

- Yox, biz çalışarıq ki, sizin xatirə dəftərinizin oxunmamış vərəqlərini də çevirək…

- Bilirsiniz, mən ali məktəbi qutaranda təyinatla ADU-da (indiki BDU) qalmışam. Aspiranturada akademik L.A. Senanın (Leninqrad) rəhbərliyi altında elmi iş yerinə yetirmişəm. Sonra bir il Danimarkanın Texniki Universitetində (DTH) çalışmışam. Yarım ilə yaxın Finlandiyanın Helsinki Universitetində tədqiqat aparmışam. Moskva və Kiyev Dövlət Universitetlərinin hər birində də yarım il işləmişəm. Bunlar mənim ömrümün parçalarıdır.

İlk dəfə diodun qeyri-bircins modelini təklif etdim

- Respublikanın, eləcə də keçmiş SSRİ-nin tanınmış fiziklərindənsiniz. Haqqınızda bəhs edən tanınmış alimlər sizi fizikada hansısa kəşfin banisi kimi xarakterizə edib. Bir az elmi araşdırmalarınızdan bəhs edərdiniz.

- İlk uğurlu elmi işi Leninqradda professor L.Senanın rəhbərliyi altında "Katod tozlanması" adlanan bir fiziki hadisəni öyrənən zaman görmüşəm. Bu işdə ilk dəfə aldığımız formulaya monoqrafiyalarda, icmal məqalələrdə rast gəlmək olur. Həmin formulaya görə, tozlanmanın intensivliyi ionların enerjisindən asılıdır. Bu tədqiqatın nəticələrindən NASA-da (ABŞ) indi də geniş tətbiq olunur. Moskva Dövlət Universitetinin professoru V.E.Yurasovanın rəhbərliyi ilə yazılmış icmal məqalədə (2012-ci il) istinad olunan elmi işlərin 30 faizi mənim işlərim idi. Əlbəttə, bu, qürurverici haldır. Danimarkada Şotki diodları ilə bağlı tədqiqat aparanda ilk dəfə bu diodun qeyri-bircins modelini təklif etdim. Azərbaycanda bu istiqamətdə 10-a yaxın aspirantım müdafiə edib. Son illərdə sosial fəlsəfə sayəsində tədqiqat aparıram. İctimai həyatın bir çox sahələrinə (iqtisadi, sosial və mənəvi) nəzərət etmək üçün yeni meyar təklif etmişəm.

- Bu, nə meyardır?

- Bu meyar etdiyimizin edə bilmədiyimizə, bildiyimizin bilmədiyimizə, ümumi mənafenin şəxsi mənafeyə olan nisbətini göstərir. Bu meyar bir çox sahələrə, o cümlədən, tarixə də işıq tutur.

- Yəni…

- Bəşər tarixinin yeni meyardan asılılığı göstərir ki, tarix açıq şəkildə iki dövrə bölünür. Birinci tarixi dövrdə proseslər şəxsi mənafenin, fiziki gücün və instinkt düşüncənin təsiri altında baş verib. İkinci dövrdə bəşəri hadisələr ümumi mənafenin, əqli gücün və şüurun təsiri altında baş verir. Tədqiqatlar gələcəyə optimist baxmağa əsas verir.

Ölkəmizdə şairlərin çox olması...

- Şahlar müəllim, Kəlbəcərdənsiniz. Bu torpağın övladları saza-sözə daha çox bağlı olur. Siz fərqli sahədə tanınmısınız.

- Haqlısınız. Müşahidə etdiyiniz təzadı izah etmək mümkündür. Kəlbəcərdə oxuduğum orta məktəbdə mənim fizika, riyaziyyat, kimya müəllimlərim çox qüvvətli və çox hörmətli idilər. Allah Qara Bəhmənə, Aslan müəllimə rəhmət eləsin. Onlar bizlərə gələcəyə gedən yolları göstərərkən elmə gedən yolu da göstərirdilər. İndi qayıdaq sualınıza. Hesab edirəm ki, ölkəmizdə şairlərin çox olması orta məktəbdə dəqiq elmlərin pis tədrisi ilə bağlıdır. Dəqiq elmlər güclü tədris edilsə, humanitar sahənin adamlarının bir qismi dəqiq elmlər sahəsinə keçərdilər. İnsan böyük potensiala malikdir. Hesab edirəm ki, bu potensial başqa cür xərclənməyəndə şeir formasında açılır.

Mən də 91-lərdən biri oldum

- Elmi yaradıcılıqla yanaşı, respublikanın siyasi həyatında da gündəmdə oldunuz. Məşhur "91-lər"dənsiz.

- 1990-cı illərin ab-havası məni də, belə demək mümkünsə, siyasətə gətirdi. Çünki mən müstəqil dövlətlərdə (Danimarkada, Finlandiyada) yaşamış adamam. Hiss edirdim ki, artıq zaman gəlib, Azərbaycan da müstəqil ola bilər. Bu səbəbdən mən də 91-lərdən biri oldum. Mən o məktubu həm imzalayan, həm də imzaları toplayanlardanam. Universitetin 1200 müəllimindən cəmi 18 nəfər o məktuba imza atdı. Nəticədə YAP yarandı. Sonrasını isə hər kəs bilir.

Heydər Əliyev birbaşa yaxınlaşıb...

- Rəhmətlik Heydər Əliyevlə şəxsi tanışlığınız vardımı?

- Mən rəhmətlik Heydər Əliyevi ilk dəfə ADU-nun 50 illiyində görmüşdüm. O zaman universitetin rektoru rəhmətlik Mehdi Əliyev idi. Dekanlıqdan göstəriş gəldi ki, hər kəs laboratoriyada öz qurğusunu işlək saxlasın. Mən qurğunu işlədirdim. Bir də görüm ki, ulu öndər Heydər Əliyev, rektor M.Əliyev və digər qonaqlar laboratoriyaya daxil oldular. Mənim qurğum işləyəndə parlaq işıq yayırdı və diqqəti cəlb edirdi. Ulu öndər birbaşa qurğuya yaxınlaşdı və soruşdu ki, cihazla nə öyrənirsən, harada tətbiq olunur və sairə. Onun suallarına cavab verdim. Beləcə, fikir mübadiləsi apardıq. İkinci dəfə onu 1992-ci ilin noyabrın 20-də Naxçıvanda gecə saatlarında Bakıdan gələn ziyalıları qəbul edərkən gördüm. Sonralar isə müxtəlif unudulmaz görüşlərin iştirakçısı oldum.

Mənim parlamentdən getməyimin bir neçə səbəbi var

- İki dəfə Milli Məclisin deputatı oldunuz. Necədir, indi parlament yadlaşmayıb ki?

- Maraqlıdır, 10 ildir parlamentə yolum düşmür. Mənim parlamentdən getməyimin bir neçə səbəbi var. Əsas səbəb isə Təhsil Qanununun 3 maddəsi ilə bağlı idi. Mən Qanunda ciddi şəkildə 3 dəyişikliyi təkid edirdim:

1) Rektorlar ya bir, ya da iki müddətə seçilsinlər. Bu maddənin hikməti universitetləri qorumaq idi. Əks halda rektor qorunur, universitet yox. Rektor doğulandır, öləndir. Universitet isə ölməzdir. Düşünürdüm ki, ölməyəni ölənə qurban verməməliyik.

2) Təkid edirdim ki, elmi dərəcələr iki yox, birpilləli olsun. Belə olan halda ən azı neqativ hallar sıradan çıxır.

3) Təkid edirdim ki, qəbul zamanı tələbələri nə universitetlər seçsin, nə də TQDK yerləşdirsin. Tələbələr özləri universitetləri seçsinlər. Belə olanda təhsil sağlamlaşar. Gənclər sevdiyi ixtisası öyrənəndə yorulmaz. Yorulmayanda çox öyrənər və çox öyrənəndə ixtisasının ustası yox, ustadı olar. Ustad olanlar xoşbəxt yaşayar. Gənclərin xoşbəxt yaşamasını istəyirdim.

- Şahlar müəllim, nostalji hisslər yaşadınız, bu, aşkar hiss olundu. Ümumiyyətlə, həyatınızın hansı dönəmini yenidən yaşamaq istərdiniz?

- Həyatın hər dönəmi gözəldir. Gözəl yaşamışam. Heç nəyi təkrar etmək istəməzdim. Bundan sonrakı ömrümü də gözəl yaşamaq istəyirəm…

- Sonda sizin xatirə dəftərinizin heç kəs tərəfindən oxunmayan, iki nəfər üçün yazılan lirik bölməsinin vərəqini çevirmək istərdim. Deyin, gənclik illərinizdə elmdən, təhsildən kənar duyğusal yaşantı, könül alıb, könül qırdığınız məqamlar necə, olubmu?

Şahlar müəllimin bığaltı gülüşünün ardınca vediyi cavab "Xatirə dəftəri"ni örtməyimə səbəb oldu:

- Sizcə, belə suallara və veriləcək cavaba ehtiyac varmı?.. Yeri gəlmişkən bir fikri də əlavə etmək istərdim. Müğənnilərin oxuduğu "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" fikrini çox ziyanlı sayıram. Heç kəs gələcək günlərini keçən günlərə qurban verməməlidir.

Tarix
2015.11.03 / 09:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Ermənilər bundan sonra yalvarmağa başladılar - Varis

KQB atamın o əsərini evdən apardı – Kərimzadə

Bolqarıstanda Bakı ilə bağlı reportaj yayımlandı - Foto

Mən fövqəlinsanam: Aqşindən Seymura qədər, hamısı... - Herisçi

Bizim Ağa müəllim: SSRİ-dən qorxmayan köhnə kişi - Foto

Ateistlərlə dindarların cəmləşdiyi məkanda müqəddəs gün – Foto

Fədayə Laçın hamısını üstələdi

Erməni qadınlarla yaxşıca əyləndik, sonda isə...

Kitabı haqda yazını 100 manata yazdıran şairimiz - Reportaj

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla