Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


Sənədlər Tamerlan Qarayevin maşınında necə itdi?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Cəbhə xətti" layihəsinin budəfəki qonağı Radə Sabir qızı Abbasdır. Radə 1962-ci ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. İbtidai 8 illik təhsilini Hacılar kəndində, orta təhsilini isə Boyat kəndində bitirib. 1980-1982-ci illərdə Bakı 2 saylı baza tibb texnikumunda təhsil alıb. Təhsil aldığı zaman M.Topçubaşov adına Eksperimental Tibb İnstitutunda əvvəl kiçik tibb bacısı, laborant, daha sonra isə cərrahiyyə korpusunun tibb bacısı kimi çalışıb. I Qarabağ Müharibəsi başlayan zaman da orada çalışırdı...

Maşınlar ölü və yaralılar ilə dolu idi...

- Müharibədən əvvəl, 1988-ci ildə hərəkat başlandı. Qafandan qovulan, yaralanan xeyli insan var idi. Bəziləri də bizim kəndə gəlmişdi. Anam infarkt keçirmişdi. Anama görə kəndə getməli oldum və 1 ay orada qaldım. Hadisələrin bilavasitə şahidi olmuşam. Təxminən aprelin əvvəllərində hərəkata qoşuldum. 1988-ci ildə Topxana meşəsinin qırılmasına qarşı etirazlar başladı. Paralel olaraq Bakıda hadisələr qızışırdı. 1989-cu ilin sentyabrında kommunist partiya biletindən imtina etdik. Yanvar hadisələrində isə hamı partiya biletini yandırırdı. Sonra o partiya biletlərini yığıb idarələrə göndərmişdilər. İdarələrdən çağırdılar ki, gəlin, partiya biletinizi götürün. Sizi başa düşürük, emosionallıq olub. Dedim ki, mən bileti 20 yanvarda yox, sentyabrda atmışam. 5 aydır atdığım bilet mənə lazım deyil. 20 Yanvar günü çox dəhşətli idi. Həmin gecə mən yaralı daşıyırdım. Hər şey gözümün qabağındadır, çox ağır günlər idi. Onda biz xalq hərəkatı sıralarında idik. İndiki 20 Yanvar dairəsindən 2 mikrorayona gedən yolda bizi gülləbaran etdilər. Orada XXI ordunun heykəli var idi. Avtobusun içində idim. Gecə saat 12 idi. Növbədəydim. Eksperimental xəstəxanaya gedirdim. Möcüzə nəticəsində sağ qaldım. Güllələr yağış kimi yağırdı. Bütün maşınlar ölü və yaralılar ilə dolu idi...

Beyni yerə tökülmüşdü...

Tanımadığımız adamlar bizə kömək edirdi. Xəstəxanaya gedə bilmədim, yollar bağlı idi. Yaralıları "Semaşko" xəstəxanasına aparırdılar. Ora çatanda gözlərimə inanmadım. Dəhlizlər də yaralılar ilə dolu idi. Fərman müəllim var idi, Yanvar şəhidi Larisanın atası. Elə hey qışqırırdı ki ,qızım öldü, qızım öldü. İkisi də qaçmaq istəyəndə onları güllələmişdilər. Fərman müəllimin sağ qolu, sol ayağı yaralanmışdı, qızı isə yanında ölmüşdü. Larisanın məzarı Şəhidlər Xiyabanındadır. Fərman müəllim sonralar 20 Yanvar Cəmiyyətinin sədri oldu.

***

Bir xəstə gətirmişdilər. Başı yarılmışdı, beyin möhtəviyyatı çölə çıxmışdı. Yarasını sarıdım. Sarıyanda öz-özümə dedim ki, bu öləcək. Yazığın bütün beyni çöldə idi...

Bir il sonra 20 Yanvar ərəfəsində pul yığıb əlillərə baş çəkmək qərarına gəldik. Bir evə girəndə əlil mənə baxıb dedi ki, səni tanıyıram. Amma mən tanımadım. Ayağa duranda gördüm ki, başının arxasında əməliyyat izi var. Kəllə sümüyünün bir hissəsi yoxdur. Bu şəxs "Semaşko"da başı yarılan xəstə idi... Dəhşətə gəldim. Onun sağ qalmasına inanmırdım.

İtmiş sənədlər...

20 Yanvarda başı kəsilmiş meyitlər var idi. Güllələməmişdilər. Həmin meyitlərin şəxsiyyətini müəyyən etmək mümkün olmadı. O vaxt dedilər ki, guya, sənədlər Tamerlan Qarayevin maşınından oğurlanıb. Daha sonra 70 cildlik məhkəmə sənədi Moskvaya göndərildi. Lakin geri qaytarmadılar. Bu hadisələrdən sonra kütləvi həbslər başlandı. Məcbur olduq ki, qaçıb gizlənək. Fəallıq edən hər kəsi təqib edirdilər. İki aydan sonra vəziyyət bir qədər sabitləşdi. Daha sonra Qarabağda atışmalar başladı, silahlar işə düşdü...

Üç uşaq anasına 18 güllə vurmuşdular...

Oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan elədi. Daha sonra ordunun yaradılması ilə bağlı qərar qəbul olundu və Əbülfəz Elçibəy səfərbərlik elan etdi. Orduya könüllü yazıla bilmədim. İşlədiyim instituta çoxlu yaralı gətirirdilər. Fevralın 18-də ilk Ağdam hərbi səhra cərrahiyyə hospitalı formalaşdırıldı və mən də Ağdama getdim. Elə vaxtlar olurdu ki, 3-4 sutka evə gedə bilmirdik. Diləfruz adlı qadın var idi. Çox ağır yaralanmışdı. Möcüzə nəticəsində sağ qaldı. Bədənində 18 güllə yarası var idi. Avtomatın bütün gülləsini onun bədəninə doldurmuşdular. Qan içində, bağırsaqları tökülmüş vəziyyətdə hospitala gətirdilər. Onun bağırsağının çoxu kəsilib atılıb. Qarın boşluğundan 5 dəfə əməliyyat olundu. 3 gündən sonra Bakıya göndərə bildik. O zaman 3 uşağı var idi. İndi balaları da böyüyüblər, nəvəsi var.

Əsir düşməmək üçün vurdular...

Milli Qəhrəman Muxtar Qasımovun ölümünü də xatırlayıram. Muxtar çiynindən, 5,45 mm-lik gəzən güllə ilə vurulmuşdu. Güllə bədənini dağıdıb qaraciyərinin üstündən çıxmışdı. Muxtar çox yaxşı həkim idi, orator idi. Döyüş bölgəsinə getmişdi.

Milli Qəhrəman Gültəkin Əsgərova da birbaşa döyüş bölgəsində yaralılara kömək etmək üçün getmişdi. Əsir düşəcəkmiş. Hərbçilərimiz əsir düşməsin deyə onu vurmuşdu... Çox faciəvi şəkildə həlak oldu. İki yerə bölünmüşdü. Onun sağ qolu və bədəni Bakıda dəfn olunub. Başı və sol qolu hadisə yerində, hansısa ağacın altında basdırılmışdı.

Corab yuyur, döyüşürdü...

Əgər bir qadın deyirsə ki, mən hər yerdə idim, deməli, yalan deyir. Bizim yaxşı döyüşən kişilərimiz var idi. Qadınları önə buraxmırdılar. Kim deyirsə ki, mən səngərdə kişilər ola-ola adam öldürmüşəm, inanmayın. Bizim kişilər evdə necə məsuliyyətli idilərsə, orda da elə idilər, imkan vermirdilər. Qadınlar da döyüşürdü. Məsələn, Növrəstə adlı xanım snayper var idi. Növrəstə xanım döyüşməklə bərabər əsgərlərin corabını da yuyurdu, yemək də hazırlayırdı.

Çoxlu erməni əsir gətirirdilər. Biz də onlara yaxşı baxırdıq. Bir qadın azıb gəlmişdi. Mülki vətəndaş idi. Bizim əsgərləri görüb qaçanda yıxılmışdı, ayağı sınmışdı. İnanın ki, ondan heç bir kəlmə də ala bilmədik. Onlardan söz almaq mümkün deyildi. Heç vaxtımız da olmurdu. Erməni hərbçiləri çox saxlanılmırdı. Yalvarırdılar ki, onları öldürməyək. Dilimizi də mükəmməl bilirdilər.

3 dəfə yaralanıb, 45 manat alır...

2001-ci ildə hərbi xidmətdən tərxis olundum. Hələ müharibə dövründə yoldaşlarımız arasında narazılıq yaranmışdı. Müharibədən gələndən sonra hərbçi qadınlara münasibət fərqli idi. Bir müddət əmimlə bir yerdə yaşadım. Hazırda həm prezident təqaüdü, həm də əlillik təqaüdü alıram. Lakin qardaşım 3 dəfə yaralanıb, heç bir statusu yoxdur. Elə müharibə veteranıdır, 45 manat təqaüd alır. Evi də yoxdur. Həyat yoldaşı da müharibə veteranıdır. Ona da heç bir status verilməyib. Hara getsək deyirlər ki, müharibə veteranıdır, biz ona iş verə bilmərik.

Hazırda yaşadığım ev o biri qardaşımındır. O, Moskvada yaşayır, bir müddətdən sonra Bakıya qayıdacaq. Gəlib öz evində yaşayacaq. Mən isə oğlumla hara gedəcəm, onu bilmirəm. 2008-ci ildən ev növbəsindəyəm.

İlham Əliyevdən xahiş edirəm...

54 yaşım var. Bugünkü Azərbaycan gəncliyi həmin dövrlərdən ibrət dərsi götürməlidir. Bu yaşımda deyirəm, müharibə başlasa, yenə gedərəm. Gəncliyimi, hər şeyimi Azərbaycanın azadlığı uğrunda, müstəqilliyi uğrunda vermiş bir adam kimi deyirəm. İnsanın sevəcəyi bir şey var. O da vətəndir. Mən Prezident İlham Əliyevdən xahiş edirəm. Bütün döyüşçülərin adından xahiş edirəm ki, hərbi komissarlığa gərək yoxdur. Təkcə televiziyada keçmiş döyüşçülərə əmr versə, biz torpaqları azad edərik. Bu bizim şərəf işimizdir, şəhidlərin ruhu qarşısında borcumuzdur.

Tarix
2015.11.04 / 09:00
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
loading...
Digər xəbərlər

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Ermənilər bundan sonra yalvarmağa başladılar - Varis

KQB atamın o əsərini evdən apardı – Kərimzadə

Bolqarıstanda Bakı ilə bağlı reportaj yayımlandı - Foto

Mən fövqəlinsanam: Aqşindən Seymura qədər, hamısı... - Herisçi

Bizim Ağa müəllim: SSRİ-dən qorxmayan köhnə kişi - Foto

Ateistlərlə dindarların cəmləşdiyi məkanda müqəddəs gün – Foto

Fədayə Laçın hamısını üstələdi

Erməni qadınlarla yaxşıca əyləndik, sonda isə...

Kitabı haqda yazını 100 manata yazdıran şairimiz - Reportaj

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla