"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Cumayeva Rüxsarə Bayraməli qızıdır. Rüxsarə xanım
1968-ci ildə Zaqatala rayonun Bəhmənli kəndində anadan olub.
Birinci Qarabağ Müharibəsi qazisidir. Evlidir, bir övladı
var.
Universitetdən qovuldum...
Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya
gəldim. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul
oldum. Amma 1988-ci ildə meydan hərəkatında fəallıq etdiyim üçün
institutdan qovuldum. İndi buna görə peşman deyiləm.
1991-ci ildə Əbülfəz Elçibəyin əmri ilə test üsuluyla keçirilən
ilk imtahanda əla nəticə göstərərək, Bakı Dövlət Univerisitetinin
Filologiya fakültəsinə qəbul oldum.
12 əsgərimiz itkin düşdü
Elə həmin il Məhəmməd Əsədovun könüllülərinə qoşularaq tibb
bacısı kimi Şuşaya yardım apardım. Daha sonra, 1992-ci ildə
hospitalda işlədiyim halda, qərar verdim ki, birbaşa döyüş
bölgəsinə, Ağdam rayonuna - Şirin Mirzəyevin batalyonuna gedim.
Yeri gəlmişkən, Şirin Mirzəyevin ruhu qarşısında baş əyirəm. Ona
görə ki, o mənə "Qarabağın Tutusu" adını vermişdi. Mənə"Qaraca qız"
deyirdi.
İlk döyüşüm Qazançı əməliyyatı zamanı oldu. Qiyaslı kəndində 12
əsgərimiz itkin düşdü. Sonralar məlum oldu ki, onlar səhvən gedib
Kəlbəcər rayonuna çıxıbmış.
Özümü ağacın altına verdim ki...
Daha sonra Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak etmişəm.
Şəxsən 4 əmrsiz döyüşdə iştirak etmişəm. Ağır döyüşlər Mehmanə
uğrunda olub. Bütün batalyonlar bu döyüşdə iştirak edirdi. 96
yaralımız oldu. Hamısının yarasını mən sarımışam. Sonuncu yaralını
sarıyanda özümü ağacın altına verdim ki, yaralı ölməsin. Meşəlikdə
idik deyə, erməni "Qrad"ı ağacları elə vururdu, dibindən
üzürdü.
Əsir qadınlarımız ölmək istəyirdi...
Əsgərlərimiz döyüşə gülə-gülə gedirdi. Amma ermənilər o boyda
texnika ilə qaçıb gizlənirdi. Bir dəfə erməni qarı tutduq. Nə qədər
etsək də, "Qarabağ Azərbaycanındır" demədi.
Onlar bizim əsirlərə zülm edirdilər. Dəfələrlə qızlarımız xəbər
göndərmişdi ki, burada baş verən zorlamalara, işgəncələrə dözə
bilmirik, olduğumuz yeri "Qrad"la vurun, ölək...
Nişanlandığı gün öldü...
Qarabala və Habil adlı iki əsgərimiz var idi. Qarabalanı
nişanlandığı gün snayperlə vurdular. Əlində bizim üçün gətirdiyi
şokolad və şirniyyatlar vardı. Heç kim onun gətirdiyi şirniyyata əl
vurmadı...
Yüzlərlə əsgərimiz qar uçqununda öldü
Sonuncu dəfə Murovdağda olmuşam. Orada qar uçqunu baş vermişdi.
Yüzlərlə əsgərimiz uçqun altında qaldı. Hazırda 93 əsgərimizdən 40
nəfəri yaşayır. Onların da çoxu əl-ayağını itirib.
***
Tərxis olduqdan sonra dövlətin heç bir imtiyazından
yararlanmamışam. Mənə kömək edən şəxsi tanımıram, üzünü də
görməmişəm. Deputatlardan ən çox Qənirə Paşayeva və Fazil
Mustafadır. Əsasən qardaşım köməklik edir. Evimi də görürsünüz,
acınacaqlı vəziyyətdədir.
İndiki gənclərdən də, çəkilən filmlərdən də razı deyiləm.
Filmlər canlı şəhidlərimiz sayılan qazilərimizi danışdırıb çəkməli
idilər. Gənclərimiz isə maarifləndirici kitablar, qəzetlər oxuyub
milli ruhda böyüməli idilər.
Son olaraq gəncliyimizə demək istəyirəm ki, vətənimizi
qarşılıqsız sevək. Atamıza, anamıza, torpağımıza sahib çıxaq.