Yuxarı

“Ermənilər iki əsgərimizi girov götürdülər...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Alman Ənvər oğlu Abbasovdur. O 1968-ci ildə Füzuli rayonunda anadan olub. 1987-ci ildə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Birinci Qarabağ müharibəsi iştirakçısıdır, ailəlidir.

Ölüm çanağı

- 1990-cı ildə Sovet ordusundan qayıtmışam. 1991-ci ildə könüllü olaraq Füzuli rayonunda 814-saylı batalyonda döyüşə yollanmışam. Həmin vaxt dəhşətli döyüşlər gedirdi. 1991-ci il dekabr ayında batalyonumuzdan Abbasov Bəxtiyarı şəhid verəndə 3-4 gün özümə gələ bilmədim. Ən dəhşətlisi o idi ki, Bəxtiyar səriştəsiz komandirimiz ucbatından şəhid oldu. O, Qaradağlıda Kösbək deyilən yerdə öldü, oraya "Ölüm çanağı" da deyirdilər. Çox çətin yer idi. Həmin vaxtlarda bölük komandiri idim. Döyüşdüyüm vaxtlarda irili-xırdalı əməliyyatlarda iştirak etmişəm. Mənim döyüşdüyüm müddət Ayaz Mütəllimov-Elçibəy hakimiyyətini əhatə edən dövr idi. Həmin vaxtlar özümüzkülərin bizə güllə atmasının da şahidi olmuşuq. Onlara sual verirdik ki, niyə bizə güllə atırsınız? Cavab belə idi ki, bizi polislər buna məcbur edib.

Bəxtiyarın erməni dilini bilməsi...

Mən döyüşlərə getməyimin əsas səbəbkarı Elxan bəy idi. Onun nəsli rayonun ən sayılan, qəhrəman nəsillərindən idi. Biz bir dəfə may ayında əməliyyat keçirdik, amma yaxşı alınmadı. Səbəb isə texnikamızın zəif olması idi.

Avtomatla döyüşə girirdik, təsəvvür edin ki, avtomatı atırdın, açılmırdı. Buna baxmayaraq, komandirimiz Elxan bəyin hörməti, güvəni əsgərləri irəli aparırdı. Məsələn, ilk şəhidimiz Bəxtiyarın erməni dilini bilməsi bizim əməliyyatlara çox kömək edəcəkdi, amma olmadı. Bilirsiniz, bizim uduzmağımızın səbəbləri belə şeylər idi. Bəxtiyarın ölümünə səbəb olan komandiri bütün gücümlə çalışıb oradan uzaqlaşdırdım.

Mən Füzuli rayonunun hər istiqamətində döyüşmüşəm. Ermənilər alçaq millətdir. Onların əsirlərini gətirmişdilər ki, əsirlərimizlə dəyişək. Bizim barmağımız da onlara dəymədi, əsirlə davranma qaydası var axı. Alçaqları bir kəlmə danışdıra bilmədik. Həmin əsirlərdən biri orada öldü.

Bu anı heç vaxt unutmaram

Doğrusu, 23 il keçib, mənim də yaddaşımda çox şey qalmayıb. Gözəl bayram günlərimiz olub, ad günlərimiz olub. Yadıma gəlir, Saatlı rayonundan cəbhəçilər yardım gətirirdilər, əsgərlər üçün konsert təşkil edirdilər. Həmin vaxtlarda mən yaralı idim. Bir xanım vardı, bizdə döyüşlərə də gedirdi, tibb bacılığı da edirdi. Təəssüf ki, şəhid oldu.

Döyüşlərin birində yaralanan əsgərimizi hospitala çatdırmağa çalışırdıq. Bir əsgərimiz mənim qucağımda idi, qan aparırdı. Nəfəs alanda ağzından qan tökülürdü. Mən bunun qoltuğunun altına əlimi salmışdım. Elə bilirdim ki, əlim paltarındadır. Ha çalışırdım ki, sıxmacla bağlayım, əlim irəli getmirdi! Sən demə, əlim bunun paltarında yox, yarasının içindəymiş. Yəni yarası o qədər dərin idi. Bunu ölənəcən unutmaram. Onu sarısam da, qan dayanmırdı. Çox cüssəli əsgər idi. Təəssüf ki, hospitalda şəhid oldu.

Beynini götürüb dəfn elədim...

Hər bir əsgərimə qayğı ilə yanaşırdım. Bir dəfə axşam Xaxollu kəndindən xəbər gəldi ki, ermənilər bizimkilərdən iki nəfəri girov götürüb. Həmin şəxsləri başlarından vurandan sonra motosikletlə sürüyüb aparmışdılar. Onlardan birinin beyni yola dağılmışdı. İnanın, həmin adamın qardaşı qorxudan beyninə əlini vurmadı, amma mən yerdən beyini götürüb dəfn etdim. Baxın, biz belə zülmlər yaşamışıq. Müharibə bizi məhv etdi!

Mənim yaralanmağım da qəribə oldu. Bu, döyüşdə baş vermədi, adicə postda durduğum yerdə məni ombamdan vurdular, ağır yaralandım. Hətta qıçımın biri qısadır. Buna baxmayaraq, gəncliyimdə yaxşı futbolçu idim deyə, indi də futbol oynayıram, necə lazımdır hərəkət edirəm. Mən yaralanandan sonra tərxis olundum. Ailəmin yanına gəldim. Atamın maddi vəziyyəti yaxşı idi. Bu da həyatımda öz yerini tutub.

15 dəqiqəlik filmlər...

Mən Məşəl İctimai Birliyini yaratmışam. Burada fəaliyyətim var, qazilərimizin problemləri ilə məşğulam. Prezident təqaüdü, pensiya alıram. Gənclərimizə səslənirəm: Qorxmayın, vətəni sevin, sahib çıxın. Bu vətən bizimdir. Bir də deyim ki, ölkəmizdə çəkilən filmlər gülməlidir. Qarabağla bağlı filmləri belə çəkməsinlər, adicə çeçen mücahidlərinin meşənin içində çəkdiyi 15 dəqiqəlik filmlərə baxın və film necə çəkilir öyrənin. Ayıbdır vallah!

1991-ci ildə ailə qurandan qısa müddət sonra döyüşlərə getmişəm. 1992-ci ildə övladım dünyaya gəlib. Sözün düzü, yeni ailə qurmuş birinin döyüşdə olması çətin idi, amma vətənimi darda qoya bilməzdim. Öncə vətən, sonra hər şey! Mən fəxr edirəm ki, atam, anam, yoldaşım mənim könüllü sürətdə döyüşə getməyimə "yox" demədilər. Təəssüf ki, ortalıqda veyil-veyil gəzənlər çox idi.

Tarix
2016.02.16 / 09:24
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla