Yuxarı

“İmam Mehdi”dən qorxunc öngörü

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kazım Əziz özünü seçilmişlərdən biri kimi görür. O, 12-ci imam Mehdi Sahib əz-Zaman olduğunu dilinə gətirməkdən də çəkinmir. Bu haqda müsahibələri, yetərincə açıqlamaları var. "Bu mənim alın yazımdır, taleyimdir", deyir. Onunla "İnsan taleyi" layihəmizdə görüşdük.

Allaha və mənə nə cavab verəcəklər?

- Kazım, sən özünü Allahın elçisi kimi təqdim edirsən, qorxmursan ki, həqiqi din adamlarının qəzəbinə gələsən?

- Allahın elçisi onun peyğəmbərləridir, mən isə peyğəmbər övladı, övliyayam, seyidəm və imam Mehdinin 32 nişanə və 300-dən çox əlamətlərinə malikəm. Odur ki, Allahdan savayı heç kimdən qorxmuram. Qorxsaydım, qəzetlərdə, saytlarda və digər sosial şəbəkələrdə fikirlərimi, öncəgörmələrimi açıq-aşkar bəyan etməzdim. Qoy mənə haqsız irad tutanlar görsün ki, kimliyim sübuta yetirilib öz təsdiqini tapanda Allaha və mənə nə cavab verəcəklər? Çünki bu iddianı mən öz başımdan etmirəm.

- Amma sənin haqqında deyirlər ki, Allah-taala səni vergili yaratmayıb. Özün haqda o qədər vergili olduğunu demisən ki, qurban olduğumuz əlacsız qalıb, sənə baş qoşmayıb.

- O söz-söhbəti edənlər Allahla mənim aramda şahidlikmi edirlər? Onlar mələkdirlər? Allah heç zaman əlacsız qalmır. Mənə vergi verilməsəydi, savadsız, imkansız bir əlil olduğum halda ölkəmizin siyasi dövlət qəzetləri, hətta Rusiya və Türkiyə mətbuatı haqqımda yazmazdı.

Mənə inanmadı, onu öldürdülər

- Kazım, incimə, mən də müşahidə etmişəm ki, sənin proqnozların elə proqnoz olaraq qalır, dediklərinin çoxu təsdiqini tapmayıb.

- Siz təkcə 2003-cü il 5 dekabr "Ekspress" qəzetinə nəzər salsanız, 9 öncəgörməmin tam dəqiqliyi ilə özünü doğrultmasının şahidi olarsınız. Yutubda da "Kazım Əzizlə söhbət" və "İmam Mehdi Sahib əz-Zaman Azərbaycanda" videolarını da görə bilərsiniz, sadalamağa ehtiyac yoxdur. 1998-ci ildə oktyabr ayında Amerikanın San-Fransisko şəhərində 8 bal gücündə zəlzələ baş verəcəyini dedim. "Günün səsi" qəzetinin şöbə müdiri

İbrahim xəbəri inanmayaraq gizlətmişdi. Elə bu səbəbdən də son yazısında mənə təhqiramiz ifadələrlə "üzdəniraq falçı" damğası vurmaq istəmişdi. Amma onu öldürdülər. Ona sağ ikən xəbərdarlıq etdim. Şahidlərim Teymur Əhmədov və Aqil Abbasdır, hər ikisinə də İbrahim sağ ikən ona olan iradımı məktub şəklində ətraflı yazıb verdim. Şifahi də bir neçə dəfə onun faciəsini dedim.

- Məsələn, sən bir dəfə demişdin ki, Primakovla görüşübsən, o zaman çox qısa müddətdə SSRİ-nin bərpa olunacağını deyibsən.

- Mənim bəzi öncəgörmələrim nostradamussayaq işarələrlədir, açması gərəkdir, Primakovla görüşümdə "druqoy soyuz", yəni "özgə ittifaq" yaranacağını demişəm. Yenə inanmırsan? MDB-ni belə ifadə etmişdim də "Vesti" qəzetində.

Qarabağ probleminin həlli...

- Elə Qarabağla da bağlı hamının gördüyünü, bildiyini deyirsən…

- Qarabağla bağlı problemin həllinə yaxınlaşmağım dəqiq idi, 5 rayonun qaytarılması razılaşdırılmışdı. İlk dəfə bu razılaşmanı 1998-ci ilin yanvarında İrəvan parlamentindəki qətl hadisəsi alt-üst elədi. Spitak zəlzələsini isə "göydən daş yağacaq" kimi vermişdim, zəlzələ zamanı həqiqətən evlərin, binaların daşları göydən yerə yağmışdı. Qarabağ problemi Lenin və Stalin belə hakimiyyətə gəlib bizi dəstəkləsə, yenə mümkün deyil, çünki bu mənim alın yazımdır, sağ qolumun qartal simvolu və ayağımdakı Rusiya prezidentinin simvolu buna əyani sübutdur. Eyni zamanda, əslimin, nəslimin, babamın, ocağımızın və adaşımın (Qərbi Azərbaycanın, Naxçıvanın xilaskarı) adlarındakı "Qara" sözü də bunu deməyə əsas verir. Qara Fatmalılar, Qara Bayram, Qara Seyid, Qara Vəli Kazım Paşa və şikəstliyim - Qarabağ şikəstəsi... Azərbaycanın da onurğa sütununun qırılması məndəki kimidir, sağ yanımda yanıq izində qartala bənzər Azərbaycan və qan içində dolanıb yanan Qarabağın rəmzi mənim haqlı olduğumu təsdiqləyir. Eyni zamanda, dədə-baba torpaqlarımızın tam işğalı kimi atamın torpaqları, ana yurdun beşdə biri işğal olan kimi anamın 10 sot qanuni sənədli torpağının 2 sotunu qonşu ələ keçirib və mənim də torpağımın o qədərini dələduzun biri mənimsəyib. Sizcə, bu qədər təsadüf olar?

- Ay Kazım, deyirsən də... Mən inanıram, görək oxucular da inanacaq? Həm də deyirsən ki, guya, İmam Mehdi Sahib əz-Zaman sən özünsən. Düzdür, mən bunu sənin ağzından eşitməmişəm, indi desən, eşidərəm.

- Bunu mən yox, bütün nişanə və əlamətlərini gəzdirdiyim peyğəmbərlər, bütün hədislər deyir, çünki Allah özü deyib və bir kitablıq həcmdə sübut, dəlil göndərib mənə.

Ərdoğan mənimlə təkbətək görüşsə...

- Toylarda deyirlər e, bəy tərifində, "belini bağlasın Sahib əz-Zaman..." Səni o mərasimlərə çağırırlar?

- ….

- Bəs o zaman de, Putin və Ərdoğan münasibətlərində yüngülləşmə olacaqmı?

- Xeyr, Putin hakimiyyəti uzun sürməyəcək, 2000-ci ildə seçki ərəfəsində Oryol şəhərində necə mənə əl eləyib getdisə, mən də ona əl edəcəm. Əllərimdən öpmək istəyən Ərdoğan isə mənimlə bir daha təkbətək görüşsə, Türkiyəni xilas edə biləcək, əks halda, Türkiyə təhlükə ilə üz-üzədir.

- Ümumiyyətlə, əgər müharibə başlasa, müsəlmanlar qalib gələcək, yoxsa xristianlar?

- Bütün müsəlmanlar türk dünyasının ətrafında sıx birləşəcək, təriqətlər yox olacaq, İŞİD məğlub olacaq. İslam qələbə çalacaq, bütün insanlar islamı qəbul edəcək.

Qazımı kəsdilər, bazar partladı...

- Heç olubmu ki, evdə qazını, işığını, suyunu borca görə kəssinlər?

- Suyumu kəsməyiblər, şükürlər olsun. Yoxsa bu məmləkətə qan yağışı yağardı. İşığı isə dedilər, kəsəcəyik, getdim baş idarənin direktor müavininin yanına, dedim, işığımı kəssən, Bakı od tutub yanar, axşam canlı efirdə Baloğlan dedi ki, 8-ci km bazarı od tutub yanır.

Qazımı isə ilk dəfə noyabrın 25-də kəsdilər və bununla da dənizdə qaz partlayışına səbəb oldular.

Mənə böhtanlar atıb, lağa qoyub gülənlər idi Hacı Talehin tərəfdarları.

1995-ci ilin 28 oktyabrında qatarın altına düşdüm, 2 vaqon keçdi üzərimdən, Allah saxladı. Həmin ilin həmin ayının həmin günündə bildim ki, Bakıda metro partlayışında 300 nəfər həlak olub. Bununla Allah mənim Azərbaycanla bağlılığımı təkrar-təkrar təsdiqləyir, qanmaz insanlar dərk edə bilmir. Artıq Suriyanın İsrafilin suru ilə bağlı olduğunu dərk edənlər tapıldı. Mənim isə İsrafilin qızı Suradan doğulduğumun da təsadüf olmadığını dərk edən yoxdur. Hələ Qarabağla geniş şəkildə bağlılığımı, peyğəmbərlərin hamısı ilə bağlılığımı, birbaşa Allahla bağlılığımı demirəm.

Doğma qardaşıma deyəndə ki, məni şəhərdən kəndə apar, sabah prezident gələcək, inanmadı, dedi, başın xarab olub, burda prezidentin nə işi var, səni görməyə gələcək? Məni ələ saldı. Sonradan qardaşım avtomobil qəzasında həlak oldu.

- Kazım, sən hamını qıra-qıra gedirsən, kaş Sərkisyan da xətrinə dəyəydi, sənə inanmayaydı.

- Sən şəkk etmə… Özü də mənim ünvanımda ev nömrəsi 10-dur, qardaşım qəzaya düşən yer də onuncu sahədir.

- Yaxşı, bu ölüm-qalım savaşını bitirək, de görüm, qadınlarla aran necədir? Onların halına və falına baxırsanmı?

- Qadınlar ana və bacılarımızdır deyə, onlara münasibətim də olduğu kimi safdır, fala isə ümumiyyətlə baxmıram, bədahətən yaxşılara yaxşı, pislərə isə pis aqibətlərini xəbərdarlıq edirəm, özümdən asılı olmayaraq.

Azərbaycan dünyanın mərkəzidir

- Səncə, Azərbaycan nə vaxtsa öz qədim torpaqlarını - Borçalını, Zəngəzuru, Göyçəni, Vedibasarı, Dərbəndi geri qaytara biləcək?

- Tam əminliklə deyirəm ki, millət imana-qeyrətə gəlib mənə dəstək verən zaman bu olacaq. Hətta bütün cənub bölgələrimizə - Şah İsmayıl Xətainin zamanında olan torpaqlarımıza da sahib çıxacağıq. Yalnız sizin kimi qeyrətli və peşəkar jurnalistlərin sayəsində dünyada tanındığım və qəbul olunduğum zaman asanlıqla bunları icra edəcəyimə şahid olacaqsınız. Bütün peyğəmbərlərin zamanında da onlara qarşı pis münasibət nəticəsində, lap Nuhun zamanından bəri, insanlar Allahın qəzəbinə gələrək, faciələrə, qırğınlara məruz qalmışlar. Musa, Davud, Yusif peyğəmbərləri yada salın. Hədislərdə yazılıb ki, mənim halım da onların halı kimi olacaq, o ümmətdə baş verənlər bu ümmətdə də təkrarlanacaq. Ölkəmiz şərqi, qərbi, şimalı, cənubu birləşdirən dünyanın mərkəzidir ki, dünya buradan idarə olunacaq.

- Şəxsi həyatından nigaran deyilsən ki?

- Şəxsi həyatım Allahın alın yazısıdır deyə, şükür edirəm bu halıma, ağrı-acılarıma Allah özü dözüm verib. Bu missiyanı, ağır yükü məmnuniyyətlə öz çiynimə götürmüşəm. Bu ağır yükə görə də belimin Allah qarşısında əyildiyini zənn edərək, özümü ən xoşbəxt adam sanıram. Allah məni fiziki qüsurlu etsə də, mənəviyyatca hamıdan üstün yaradıb. Hər şeyi alan da Allahdır, verən də. Əli adında bir oğlumu 18 ildir qərib salan Allahım səbrimə, Yaqub peyğəmbər sayaq yeganə oğluma görə ah-vay qoparmadığım üçün 2 oğul da 2-ci qadından verdi. İmam Museyi Kazımın da Əli adlı oğlunun qərib düşməsi Allahın mənə lütfüdür. Qərib İmam Rzanın adı da Əlidir. Oğlum Əli Xəzərin o tayına qərib düşdüyü üçün xəritəmizin qartala oxşar bir gözü Arazın o tayına baxırsa, o biri gözü isə Xəzərin o tayına həsrətlə baxır. Allaha minnətdaram, Quranı Həmd surədən yaratdığı sayaq, məni də Həmidlə Surədən və Qara Fatmalılar deyilən Hz.Fatimənin nəslindən yaratdı, heç kəsə oxşar olmayan kimi necə də gözəl yaratmış. Bundan nigaran olmaq olarmı? Heç kəsin həyatını bu dərəcədə peyğəmbərlərin hamısına bənzər yaratmayıb. Heç kəsin taleyini bu dərəcədə rəngarəng, çoxşaxəli yaratmayıb uca Yaradan. Heç kəsə nəsib etmədiyi çox şeyləri mənə verən Allahına güvənən kəs nədənsə nigaran qala bilməz.

18 ildə hələ heç bir jurnalistə nəsib olmayıb ki, mənə bu cür sanballı, mənalı və əhəmiyyətli suallar versin. Bütün cavabların doğruluğuna əmin olmaq istəyənlər Feysbuk profilimdəki statuslarımı oxuyub, videolarımı Yutubda izləyə bilərlər.

Tarix
2016.03.28 / 10:20
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla