Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 İyun 2017


“Onlara Allah kimi baxırdım...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənan Hacı ilə söhbət etmək, onun alın yazısının bir sətrini, taleyini oxumaq, oxutmaq istədim. Səhhəti imkan vermədi, narahat da etmək istəmirdim. Çoxdanın dostu olmağımız imkan verirdi ki, onu "İnsan taleyi" layihəsində danışdırmağa ərk edim. Amma hər salamlaşdıqdan sonra gözümün qarşısında olan Kənan Hacı ilə söhbətimi təxirə salırdım. İllərin ardında qalan tanışlığın dostluğa qədər irəliləyən yollarında mübahisələrimiz də az olmamışdı.

Onu acıladığım anlarda sifətinin ifadəsi o qədər məsum olurdu ki… Qəribə təbəssümü vardı və indi də o təbəssüm Kənanın sifətinə içindən çilənir. Haqlı olduğu vaxtlarda belə, tanımayan adam elə başa düşər ki, günah sahibi odur. Günahı isə doğrudan da var, kim günahsızdır ki?..

Axır ki, rahat bir vaxt tapıb söhbət edəsi oldum. Gileylə başladım söhbətimizə:

- Kənan, bu nədir, son vaxtlar camaatın ürəyini yaman üzürsən, hiss edirsən ki, hələ çox yaşayacaqsan?

Bax, yuxarıda bəhs etdiyim həmin məsum, "günah dolu" təbəssüm sifətinə, romanın adı tək - "Yağ kimi", yayıldı, boynunu sol çiyninə tərəf qısdı:

- Çox vaxt düşünürəm ki, kifayət qədər yaşamışam, bundan o yana nə yaşasam, qənimətdir. Bəlkə də bu, çətin bir həyat yaşamağımdan irəli gələn haldır. Amma sənə deyim ki, mən bu həyatdan heç zərrə qədər də gileyli deyiləm. Hər insanın bir taleyi var, mən fatalist olmasam da, taleyə, alın yazısına inanan adamam. Sənə bir sirri də açım. Çünki sən mənim ailə qurmağımda birbaşa iştirak etmiş bir adamsan, elçiliyimi edənlərdən biri də sən idin. Biz yoldaşımla nişanlanandan sonra mən xəstələndim. Həkimə gedəndən sonra məndə həmin bu qaraciyər xəstəliyi aşkar olundu.

- Bilə-bilə müalicə də olunmadın...

- Bilirsən, səkkiz il bunu hamıdan, ən yaxın dostlarımdan da gizlətmişəm. Amma son vaxtlar gördüm ki, daha gizlətmək mümkün deyil. İndi özümə söz vermişəm ki, bir daha xəstəliyim haqqında danışmayım.

Mən də onun xəstə olmasının üstündən keçdim, mövzunu dəyişdim:

- Ətrafında az adam yoxdur. Oxunursan, tanınırsan, de görüm, səncə, dostların çoxdur, yoxsa bədxahların?

- İnanmıram ki, bədxahlarım olsun. Çünki mən kinli adam deyiləm, mənə pislik edən insana qarşı da ürəyimdə zərrə qədər inciklik olmayıb. Pisliyi çox tez unutmağa çalışıram, bağışlayıram. Düşünürəm ki, bəlkə bu pislik üçün özüm əsas vermişəm. Axı səbəbsiz yerə mənə niyə pislik etsinlər ki?

- Kənan, dərd elədir ki, istəmədən gəlib adamın yaxasından yapışır, sevinci yaşamaq üçün əzab çəkirsən, sənin əzabların çox olub, hansı əzabından sonra həzz yaşamısan?

- Ailə qurandan sonra bir ara yazmadım. Uzun müddət öz həyatım haqqında düşündüm, zərərli vərdişlərdən uzaqlaşmaq üçün özümdə güc axtarırdım. Mənim həyatım rejimsizliyin ən parlaq nümunəsidir. Bütün həyatım boyu rejimsiz, düzənsiz yaşamışam. Uzun müddət tənha yaşamaq, bir-birinin ardınca yaşadığım itkilər məni sanki bu dünyadan qoparmışdı.

- İtiyi olmaq, doğmaları itirmək, əzaba hamilə qalmaq, dərdə sarılmaq qədərdir...

- Erkən yaşımdan atamı itirdim, yaşlı anamı tək qoyub əsgərliyə getməli oldum. Əsgərlikdən qayıdandan sonra onu xəstə vəziyyətdə gördüm, uzun müddət xəstə yatdı. Bütün əsəblərim pozulmuşdu.

- O zaman da demək olar ki, dost yox, üz tutası kimsən yox..

- Yaxşı adamlardan xali olmadım. Həmin dövrdə mənə Aqil Abbas dayaq oldu. Rəhmətlik Tofiq Abdin məni nəşriyyata gətirdi, Aqil Abbasa dedi ki, sən Allah, buna qəzetdə bir iş ver, qoy işləsin, məhv olub gedəcək. Aqil müəllim heç bir sorğu-sualsız qayıtdı ki, a bala, səhər çıx işə. Bax, beləcə, məni uçurumdan xilas elədi. Aqil müəllim anam xəstəxanada yatanda da mənə çox böyük köməklik göstərdi. Allah Tofiq Abdinə rəhmət eləsin! Mənim xeyirxahlarım bu insanlar olub. Amma ailə qurana qədər yenə də avara həyat tərzi keçirirdim. Qəzetlərə köşə yazıb beş-üç manat alırdım, günümüz kafelərdə keçirdi. Ailə məni bu həyat tərzindən ayırdı, ağrılarımı, əzablarımı azaltdı. Tədricən normal həyat tərzinə qayıtdım.

- Əvvəldən elə qəribə taleyin vardı. Müxtəlif yerlərdə olurdun, bu yerlər ciddi ədəbiyyat adamlarının olmadığı toplum idi. Amma indi tamam başqadır. Necə başqalaşdın?

- Bu suala qismən cavab verdim. Demək, mən iki mühitin arasında qalmışdım. Şəhər və kənd mühiti. Şəhər mühitində yazıçılar, şairlər, kənd mühitində "pijonlar". Elə restoran, elə kafe yox idi ki, ora borcum olmasın. Bir dəfə taksidə pasportumu girov qoydum, bir kafedə iş vəsiqəsini borcuma görə almışdılar. Bir dəfə də mağazada telefonumu qoyub sonuncu dəfə ərzaq aldım və bir daha o mağazaya qayıtmadım, telefon da getdi işinə. Hansını deyim e, Faiq? Birdir, ikidir bəyəm?

Onun dəyişməsində həyat yoldaşının da xüsusi əməyi var. Bilirik bunu, özündən də eşitmək istəyirəm:

- İlhamə xanım səndə nələri dəyişə bildi?

- Çox şeyi. Özümü dəyişdi. Dəyişib tamam başqa adam oldum. İlk vaxtlar inana bilmirdim ki, mən normal həyata qayıda bilərəm, işdən çıxıb evə gəlmək anlayışı mənə yad idi. Evə gecə saat 2-də, 3-də gedirdim. İndi düşünürəm ki, o cür vəziyyətdə necə yazırdım? Ağlıma sığışdıra bilmirəm. Səhər kənddən şəhərə elektriçkada gəlirdim, yazılarımı elektriçkada, dizimin üstündə yazırdım. Camaat da qəribə baxırdı. O vaxtlarda yazdığım yazıları da indi heç oxumuram. Amma arxivimdə hamısını saxlamışam.

- Çox vaxt, incimə, boynu qısıq olardın, sanki utanırdın, ya da çəkinirdin kimdənsə. İşsizlik də bir yandan. İndi yaxında olanlar deyəsən o zaman yox idi yanında.

- Utanmaq deyəndə ki, mənim xarakterimdə yekəxanalıq yoxdur. Məsələn, Ələkbər Salahzadə, Səyavuş Sərxanlı, Aqil Abbas, Arif Əmrahoğlu, Vaqif Yusifli kimi söz adamlarını mən mətbuatdan tanıyırdım. Sonra elə oldu ki, onlarla daimi ünsiyyətdə oldum, mən onlara Allah kimi baxırdım. Çəkinmək bu mənada idi, danışanda da ehtiyat edirdim ki, birdən nəsə elə bir söz deyərəm ki, onların gözündən düşərəm. Rəhmətlik Ələkbər Salahzadə bilirsən necə insan idi? Bir dəfə eşidəndə ki ad günümdür, dedi, gedək, bu günü qeyd edək. Həyəcandan bilmədim nə deyim. O boyda böyük şair mənə gör nə deyirdi? Getdik oturduq, mən onun sadəliyinə heyrət elədim. İnsanın böyüklüyü onun sadəliyindədir. Mən belə insanlardan çox şey öyrəndim. Xoşbəxt adamam ki, taleyimdə bu cür insanlar olub. Gücümü bu insanlardan alırdım. Bir dəfə rəhmətlik Arif Əmrahoğlu ilə söhbət edirdik, söhbət Orxan Pamukdan düşdü, dedim ki, onun "Gizli üz" ssenarisini tərcümə edirəm. Arif müəllim dedi ki, mən onu tərcümə eləmişəm, gəl sənə verim, bax, redaktə elə, tərcüməçi kimi ikimizin adı getsin. Matım-qutum qurudu. İmzasını heç kim tanımayan bir gəncə Arif Əmrahoğlu görün nə deyirdi? Mən onları indi də minnətdarlıq hissilə xatırlayıram. O ki qaldı indi yanımda olanların o vaxt olmamağına, vallah, heç kimdən incikliyim yoxdur. Allah hamının canını sağ eləsin.

- Necə yollaşırsan bu mühitlə, dostların vardı ki, sənin yanında idi, niyə indi sənin yazıçı kimi parladığın bir zamanda onlardan uzaq oldun?

- İndi mütaliəyə, yazı-pozuya daha çox vaxt ayırıram. Xəstəliyimə görə normal işləyə bilmirəm. Türkiyədə də, burdakı həkimim də demişdi ki, mümkün qədər zehni işdən uzaq ol, sənə istirahət lazımdır. Amma mümkün deyil, hər gün yazmasam da mütləq nəsə oxumalıyam. Bu mənə hava kimi, su kimi gərək olan bir şeydir. Son illər həddən artıq məhsuldar işləmişəm. Esselər, tərcümələr, hekayələr, nəsr və şeir kitabları və sair. Dostları isə heç zaman unutmuram. Yaxşı dostlarım var, arada görüşüb çay içirik, söhbət edirik...

Söhbəti burada bitirdik. Çay içdik. Bundan o tərəfə etdiyimiz söhbəti nə mən istəmədim oxucular oxuya, nə də o istəməzdi kimsə bilə...

Tarix
2016.05.04 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Cadugərlər, cinlər və lənət haqda... - Ekstrasens sirləri açdı

İnsan kosmik enerjini necə alır? – Müsahibə

Əziz müəlliməm, məndən sevməyi soruşmayın - Video

Peyğəmbər deyirdi ki, qız övladını diri-diri basdırsan…

Düşmənə divan tutan tovuzlu kəşfiyyatçı

Anam dedi, nəyi gözləyirsən, kişi deyilsən?!

Kitabsız, “nakam” Həqiqətə 13 sual...

Bu “demokrat” “erməniləri də başa düşək” dedi...

Oğru aləminin lotuları haqda acı reallıqlar...

Alimlə oxuyan, Nurəddinlə çəkilən xanım - Video

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla