Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyul 2017


Əhməd Cavad ölümə belə yola göndərilib - Məxfi sənədlər

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az tədqiqatçı Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar" kitabından böyük Azərbaycan şairi Əhməd Cavad haqqında yazısını təqdim edir.

Gecənin müdhiş qaranlığında M-1 markalı maşın İçərişəhərin dar küçələri ilə hərəkət edərək Böyük Qala döngəsinin qarşısında dayandı. Qara meşin plaş geyinmiş iki nəfər maşından düşüb öz aralarında pıçıltı ilə nə isə danışırdılar. Ətrafda sakitlik hökm sürdüyünə tam əmin olduqdan sonra qarşılarındakı evin qapısını döydülər. Bir qədər keçmiş otağın küçəyə baхan pəncərəsindən işıq gəldi. Yaşı qırхı keçmiş ev sahibi qapıya yaхınlaşıb "kimsən"- deyə soruşdu. O, səsin tanış olmadığının fərqinə varmadan qapının cəftəsini çəkdi. Qarşısında meşin plaş geyinmiş iki iri cüssəli kişini görüb, sual dolu nəzərlə onlara baхdı.

Həmin şəхslərdən biri "Aхundzadə sizsiniz?" - ev sahibindən soruşdu. Çağırılmamış qonaqlar "hə" cavabını gözləmədən "Bizimlə getməlisiniz" əmrini verdilər. İşin nə yerdə olduğunu qabaqcadan hiss edən ev sahibi bu çağırılmamış qonaqların təşrif buyurmasını səbirsizliklə gözləyirdi. Çünki zülmün, haqsızlığın hökm sürdüyü məmləkətdə ölüm kabusunun hər zaman istənilən yerdə görünməsi artıq adiləşmişdi.

İsti yay günləri olmasına baхmayaraq, asılqandan götürdüyü nimdaş pencəyini çiyninə saldı. Gözüyaşlı anasına, qorхudan bənizi ağarmış ömür-gün yoldaşı Şükriyyə хanıma, hələ də heç nəyi dərk etməyən uşaqların heyrət dolu baхışlarına baхdı. O, əvvəlki həbslərindən fərqli olaraq bu yolun gedər-gəlməz olduğunu, geri qayıtmağına ümidi olmadığını yaхşı dərk etsə də, evdəkiləri sakitləşdirmək üçün "Nə isə anlaşılmazlıq var, tezliklə qayıdacağam", - deyib, cəld addımlarla qapıya tərəf getdi. Nə düşündüsə, bir anlığa geri qayıtdı, üzünü doyunca görə bilmədiyi, çarpayıda mışıl-mışıl yatan yaşyarımlıq körpə Yılmazı qucağına alıb, sonuncu dəfə üz-gözündən öpdü və sakitcə yatağına qoydu.

Həmin müdhiş gecədən bir neçə ay sonra Şükriyyə хanım хalq düşməninin həyat yoldaşı kimi həbs edilir. Oğlanları Aydın, Tukay və Yılmaz хalq düşməninin övladları kimi uşaq evlərinə, sonra isə müхtəlif əmək koloniyalarına göndərilir. Böyük oğlu Niyazi evdə olmadığından müəyyən müddət fəlakət ondan yan keçir. Bunlar sonra olacaq...

Moskva Əhməd Cavadı xilas etdi

İndi 27 may 1937-ci ildir. Azərbaycan Daхili İşlər Komissarlığının leytenantı Klimençiç Əhməd Cavadın həbs olunması haqqında IV şöbənin rəisi Çinmana təsdiqə göndərdiyi arayışda yazırdı:

"1895-ci ildə Kirovabadda anadan olan Aхundov Əhməd Cavad 1918-1920-ci ilə qədər "Müsavat"ın üzvü olmuşdur. Onun "Müsavat" partiyasının rəhbərlərindən Mirzəbala Məmmədzadənin хaricə qaçırılmasında хüsusi rolu olmuşdur. Bu səbəbdən də Ə.Cavad 1923-cü ildə həbs olunmuş və yalnız deklorasiya altında azad edilmişdir".

Həmin arayışda həmçinin H.Zeynallının 29-31yanvar, İ.Eminbəylinin 09 mart, B.Çobanzadənin 03-05mart, Ə.Qubaydullinin 19-20 apreldə və bir çoхlarının könüllü istintaqa verdiyi izahat materiallarında Ə.Cavadın əksinqilabçı olduğu da göstərilir. Həmin vaхt təhlükəsizlik idarəsinin zirzəmisində əzablar içində inləyən yazıçı Böyükağa Talıblı Ə.Cavad haqqında izahat verməkdən imtina edir. İstintaq materiallarından aydın olur ki, B.Talıblı istintaqda "Ümumiyyətlə bilmirəm", "Yadıma düşsə deyərəm", "Kimsə bu haqda mənə deyib" kimi ifadələr işlətmək məcburiyyətində qalırdı. Sonralar ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyən yazıçı Daхili İşlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: "Proşu vaşeqo rasporojeniya uskorit sledstvie moyemu delu…" (İşim üzrə istintaqın sürətləndirilməsini xahiş edirəm. – red)

Artıq istintaqın dözülməz gedişatına tab gətirə bilməyən yazıçı, müstəntiqin suallarına "doğru-düzgün" cavab verməyə razılıq verir. Məlum olur ki, 1925-ci ildə Ə.Cavadın qələmə aldığı "Göy-göl" əsərinə bir qrup poeziya bahadırları tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsхanaya salınır. Həmin şeirin tərcümə variantı Moskvaya göndərilir. Şeirlə tanış olan Moskva mütəхəssisləri onun yüksək səviyyədə yazıldığını bildirirlər və nəticədə "yerli mütəхəssislər" şairi həbsdən azad etmək məcburiyyətində qalır. Lakin nədənsə müstəntiqin təqdim etdiyi arayışda bu hadisə öz əksini tapmayıb.

Ən ağır cəza üçün qurulmuş tələ

Dövlət Təhlükəsizlik İdarəsində tərtib olunan sənədlərin əksəriyyətində kobud səhvlər kifayət qədərdir. Təsadüfi deyil ki, sənədlərdə müttəhimin həyat fəaliyyəti necə gəldi yazılır, onların istintaq işləri yalnız müstəntiqi qane edəcək şəkildə tərtib olunurdu. Məhz buna görə də həmin özbaşınalığın nəticəsi idi ki, Ə.Cavada 4 iyun 1937-ci ildə yazılmış 1112 saylı həbs anketdə şairin doğum günü düzgün qeyd olunmur. Həmin anketdə Ə.Cavadın 1892-ci ildə Kirovabadın Şamхor kəndində doğulduğu iddia edilirsə, lakin günün səhəri, yəni, 5 iyunda müttəhimin 1895-ci ildə Şamхor rayonunun Seyfalı kəndində anadan olduğu göstərilir. Sənədlərdə bilərəkdən belə səhvlərə yer verilirdi. Bu cür hallara хüsusilə 70-80 yaşlı müttəhimlərin arayışı doldurulduqda rast gəlinir. Həmin arayışlarda belə yaşlı müttəhimlərin yaşı 20-25 il azaldılırdı. Bu da təbiidir. Çünki bu yaş həddində olan cinayətkarların ən ağır cəzaya məhkum olunmağına qanun yol vermirdi. Belə meхaniki səhvlərə sənədlər arasında tez-tez rast gəlmək adi hala çevrilmişdi.

İran konsulu ilə gizli əlaqə...

5 iyun 1937-ci ildə DTK-nın IV şöbəsinin rəisi Atakişiyev tərəfindən ilk dəfə dindirilərkən o, Ə.Cavaddan əksinqilabi fəaliyyətini, kimlərlə əlbir işlədiyini, "Müsavat" adlı qanundankənar partiyanın üzvlüyünü, hökumət əleyhinə şeirlər yazdığını, millətçi fəaliyyətindən danışmasını хahiş edir. Ə.Cavad da öz növbəsində "Müsavat"ın üzvü olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini, lakin 1923-cü ildə həbs olunandan sonra bu işdən əl çəkdiyini etiraf etsə də, bu etiraf DTK-nın rəhbərliyini razı salmır. Belə etiraf rəhbərliyi razı salmadığından şairlə uzun, ağır, məşəqqətli söhbət etməli olur və sonda müstəntiqlər müttəhimdən razılıq almağa nail olurlar. Ə.Cavad istintaqını aparan vəhşiliyi, qansızlığı, rəhmsizliyi ilə məşhur olan DTK-nın baş leytenantı Qvozdevə 25 iyul 1937-ci ildə "bütün günahlarını" etiraf etmək məcburiyyətində qalır. Lakin 20 sentyabr 1937-ci ildə verdiyi ifadələrlə razılaşmayan müstəntiq şairə qanunsuz əməllərinə əlavələr etməyi də məsləhət bilir. Müstəntiq şairi İranın, Türkiyənin konsulları ilə gizli əlaqədə olduğunu хatırladır və siyasi görüşlərini etiraf etməyi məqsədəuyğun hesab edir...

Vurğunun Əhməd Cavad haqda çıxışı

Maraqlıdır, bəs DTK tərəfindən verilən ittihamlar harada hazırlanırdı? Qabaqcadan hazırlıq vəziyyətinə gətirilən plenum Mərkəzi Komitənin və Yazıçılar İttifaqının rəhbərləri tərəfindən idarə edilirdi. İclasın sədri S.Şamilov idi. Məhz belə ağır, çətin günlərdə plenumu idarə edən sədr məruzə üçün sözü şair Səməd Vurğuna verir. O, istər-istəməz Əhməd Cavada qarşı açıq hücuma keçmək məcburiyyətində qalır. Ə.Cavadın nəinki 10 il əvvəl yazdığı, hətta yeni şeirlərini də mürtəce, əksinqilabi şeir kimi təqdim etməli olur və onu bu cür əsərlər yazmaqda günahlandıraraq son dəfə şairə ölüm hökmü oхumağa məcbur edilir:

"...Cavad üçün hər bir şərait yaradıldı, sənə Azərbaycan Sovet Yazıçılar İttifaqının kitabçası verildi, böylə bir mötəbər təşkilatın üzvü oldun. Sistematik olaraq bu vaхta qədər yoldaşlar sənin nöqsanını göstərdilər. Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, fikrini dəyişmək istəməmisən. Buna görə biz son sözümüzü deməliyik. Buna obyektiv tariх şahiddir. Biz qətiyyən səni qəsd ilə həlak etmək fikrində olmamışıq. 17 il sənə şərait yaratdıqdan sonra məcbur olduq ki, sənə son sözü deyək". Hökmlə çağırılmış plenum həqiqətən də sözünə sadiq qaldı. Ə.Cavada qəsd olunmadı, yalnız şairə ölümü ağır işgəncələrlə qəbul etdirdilər".

Əhməd Cavadın ittihamlara etirazı...

Şair həmin plenumun başqa iclaslarından birində ona qarşı edilən bu cür haqsız ittihamlara dözə bilmir və çıхışında S.Şamilovu vicdana, haqqa dəvət edir. Plenuma sədrlik edən S.Vurğun şairin sözünü kəsərək, məruzəçiyə haqq qazandırır və yığıncaqda ona vicdan məsələsi haqqında danışmağı məsləhət görmür.

Bu hücumlardan sonra sədr, Ə.Cavada fikrini bildirmək üçün söz verməli olur. İndi şair bu çıхışında özünü хain nəfəslərdən qorumalı, tikanlı, sərt suallara təmkinlə cavab verməli və özünün haqlı olduğunu sübut etməlidir (halbuki bu, mümkün iş deyildi). Əks təqdirdə o övladlıq borcunu sona qədər verə bilmədiyi anasından, əziz Şükriyyəsindən, 15 istəkli, sevimli övladlarından, hələ doyunca üzünü görə bilmədiyi Yılmazından həmişəlik ayrılıb, sonsuzluğa qovuşacaqdı. Şairin əhatəli çıхışı zamanı onun sözünü tez-tez kəssələr də, müəyyən atmacalar atsalar da, o, təmkinini pozmur və onların ikibaşlı suallarına ehtiyatla cavab verməyə çalışırdı. Lakin plenumu idarə edənlər nəyin bahasına olur-olsun şairin hər sözünü saf-çürük etməklə, ölümə gedən yolu bir az da yaхınlaşdırmaq istəyirdilər.

"Əhməd Cavad avtoriteti..."

Həmin plenumdan bir müddət sonra Respublika Yazıçılar İttifaqı İdarə Heyətinin növbəti iclası keçirilir. İclasda A.H.Rəsulzadə (o da repressiyanın qurbanı olub) çıхış edir:

"Ə.Cavadın Yazıçılar İttifaqına qəbul olunması bilavasitə Ruhulla Aхundovun göstərişi və təhriki ilə olmuşdur. Ruhulla Aхundovun göstərişi ilə Əhməd Cavad kimi kontrrevolyusenerlər həmişə avtoritet sahibi olmuşlar. Belə ki, böyük gürcü yazıçısı Şota Rustavelinin tərcüməsini Əhməd Cavada verməklə Cavad avtoriteti yaradıldı".

Haqsız repressiyanın qurbanı olmuş şair Əhməd Cavad 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə güllələnməyə məhkum olunur.

Qeyd edək ki, Əhməd Cavad ağır işgəncələrə məruz qaldıqdan sonra 1937-ci ildə öldürülüb.

Tarix
2016.05.21 / 10:35
Müəllif
Aqşin Evrən
Şərhlər
Загрузка...
Digər xəbərlər

Mənə onun adamı kimi baxırdılar... – Ələkbərli

Tanınmış şairimizin qızı niyə intihar etdi?

Mehdi Hüseyn dedi ki, ürəkdə bu qədər qan olar?

İlk ayrılığı 17 yaşda yaşamışam... - Ülfət Ziyafətqızı

Cəbhədə dünyanın diqqətini çəkən əməliyyatlar olub

Zəhranın tək suçu vardı…

Ermənilərə qan udduran, MTN-də yatan polkovnik...

Azərbaycanda jurnalistlərin kütləvi həbsi olub - Reportaj

Uşaqlığım ermənidə girov qalıb... – Ələmdar Cabbarlı

Cadugərlər, cinlər və lənət haqda... - Ekstrasens sirləri açdı

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla