Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


Zeynəb: “Bu faciələri görən adam necə sevinsin?”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zeynəb Dərbəndli ilə "Azərbaycan" nəşriyyatında təsadüf nəticəsində tanış olduq. Şeirlərini oxumuşdum, sözlərinə yazılan mahnıları dinləmişdim. Şəxsi tanışlığımız isə şairə Nəcibə İlkinin vasitəçiliyi ilə baş tutdu. Zeynəb xanım Dərbənddə yaşayır. Orada ədəbi fəaliyyətlə məşğuldur. Bakı və Dərbənd arasında yaranan ədəbi körpünün, ədəbi yolçuluğun yorulmazlarındandır.

Söz-sözü çəkdi, Zeynəb xanımdan qərib şəhərimizin sorağını almaq, onu "Soraq" layihəsinin qonağı kimi görmək istədim.

- Zeynəb xanım, Dərbənddə yaşayıb-yaradırsınız. Amma tez-tez Bakıda olursunuz, budəfəki gəlişiniz nə ilə bağlıdır?

- Bəli, Dərbənddə yaşayıram, budəfəki gəlişim yeni mahnılarla, dəvət olunduğum digər ədəbi tədbirlərlə bağlıdır.

- Biz Dərbəndi qərib şəhərimiz bilirik. Deyin, Dərbənd yenə də dastanlarda deyildiyi kimi, dəmir qapı Dərbənddir, yoxsa adi bir şəhər olaraq yaşayır?

- Bəli, Dərbənd elə dəmir qapıları ilə durur. Dərbənd Dədə Qorqudun diyarı, tarixlər dastanıdır. Bu şəhərin adi ömür sürməsi, adiləşməsi mümkün deyil.

- Dərbəndin adiləşməsi mümkün deyil, deyirsiniz, o zaman deyin, bu gün nələr ötənləri xatırladır?

- Bu gün Dərbəndin qala divarları, şəhərdəki tarixi abidələr, şəhər sakinlərinin özlərinin qan yaddaşının, genetik yaddaşının diktəsi ilə daxili özgürlüyün, kimliyini qoruması sizin sualınıza cavab olaraq hər şeyi deyir. Dərbəndin nələr xatırlatdığını bilmək üçün Dərbəndi görmək lazımdır. Dərbəndin Narin Qalası bütün keçmişi bu günün insanına narın-narın, həzin-həzin danışır.

Dərbənd mənə ana kimidir

- Zeynəb xanım, Bakı doğma şəhərimiz, paytaxtımızdır. Siz özünüzü harada daha rahat hiss edirsiniz, Bakıda, yoxsa Dərbənddə?

- Hamı bilir ki, mən Azərbaycana sıx bağlı insanam. Amma doğulduğum ocağım Dərbənd mənə ana kimidir.

- Şeirlər yazırsınız, mahnılarla bağlı gəlmisiniz dediniz. Başqa layihələriniz var, dediniz, həm də. Hansısa ədəbi layihələrdir və bu layihə dərbəndlilərə nə verəcək?

- Bu layihə təkcə dərbəndlilərə deyil, bütün türk dünyasına Zeynəb Dərbəndli imzasını təqdim etdi. Çünki layihəmizin adı hər şeyi deyir: "Azərbaycan Türk Ədəbiyyatı Şöləni. Yeni ATƏŞ 2016". Azərbaycan şairlərinin şeirlərindən ibarət almanax dərc etdirdik.

Dərbəndin hansı bayraq altında...

- Çox gözəl. Deyin, Dərbənd ta qədimlərdən aşıqlarımızın, şairlərimizin yaradıcılığında kök salıb. Bəs bu şəhərin qədimiliyini insanlar öz xarakterində saxlaya bilirmi?

- Doğrudur, Dərbənd aşıqların, şairlərin, şeirin, sənətin beşiyidir. Qədim şəhərimizin bəzi adət-ənənələri hələ də qorunub saxlanılır. Toy mərasimlərində və ya bayramlarda.

- Bəs dərbəndli yazarlar necə fəaliyyət göstərir? Onların da əsas oxucusu Azərbaycandadır, deyəsən. Qədim şəhərimiz başqa bir xalqın bayrağı altında qəribsəmir ki?

- Dərbənd, mən deyərdim, indiki zamanda çox sevilən şəhərdir. Onun hansı bayraq altında olmağından asılı olmayaraq, o yenə də Dədə Qorqudun vətənidir. O ki qaldı yazarlarımıza, onların şeirlərindən daha çox kədər boylanır, nisgil görünür.

- Sizin yaradıcılığınıza qayıdaq, şeirlərinizdə əsas nələrə üstünlük verirsiniz?

- Mən şeirlərimdə əsas Qarabağ mövzusuna, anama, vətənə, dünyaya, xalqa, sevgiyə yer verirəm. Hər halın, hər ovqatın şairiyəm. Mən iki elin yaradıcı qızıyam - Dağıstan və Azərbaycanın.

Bakı mənim qürur yerimdir

- Bakıda gerçəkləşdirdiyiniz layihələrlə bağlı yardımçınız varmı, yoxsa tək külüng çalırsınız?

- Əlbəttə var, axı tək əldən səs çıxmaz. Mənə ilk gündən bu yolda əl tutan astaralı gənc bəstəkar Elmir Mədətoğlu olub. Hələ də bir yerdə yaradırıq. Gözəl şairəmiz, mən deyərdim, mənə ana qədər dəyərli olan, arzularımın çin olmasına dəstək verən gözəl insan, mehriban ana - Nəcibə İlkinin qayğısını həmişə hiss etmişəm.

- Dərbənd üçün darıxırsınız, aydındır, bəs Bakı sizin xatirələrinizə necə köçür?

- Bəli, Dərbənd mənim nəfəsimdir. Bakı mənim əvəzolunmaz vətənimdir. Bakı adı gələndə, gözümdə keçmişin dastanları canlanır. Bakı mənim qürur yerimdir.

- Sizin gülümsər gözünüz, kədərli simanız var, nədir bu təzad?

- Mən həyatda çox şey itirmişəm. Atamı 11 yaşımda, anamı 8 il öncə. Anam 16 il gözləri görmədən yaşayıb. Onun körpə uşaq kimi qulluğunda dursam da, yenə də bir gecəlik haqqını qaytara bilməmişəm. Anadangəlmə gözdən əliləm. Uşaq vaxtı məktəbə getməmişəm, orta məktəb şagirdi, ali məktəb tələbəsi olmamışam. Kiçik yaşlarımdan atasız böyümüşəm, kasıb ailə olmuşuq, çox əzablı günlərim olub. Bütün bunları görən bir insanın gözündə sevinc ola bilərmi?

Zeynəb xanımın sonuncu sualıma sualla cavab verməsinə rəğmən, susmağa üstünlük verdim, sonra mövzunu dəyişdik. Xanım şairə ilə Dərbəndin dərdə bənd olan günlərini birgə yaşadıq.

Tarix
2016.06.21 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Ermənilər bundan sonra yalvarmağa başladılar - Varis

KQB atamın o əsərini evdən apardı – Kərimzadə

Bolqarıstanda Bakı ilə bağlı reportaj yayımlandı - Foto

Mən fövqəlinsanam: Aqşindən Seymura qədər, hamısı... - Herisçi

Bizim Ağa müəllim: SSRİ-dən qorxmayan köhnə kişi - Foto

Ateistlərlə dindarların cəmləşdiyi məkanda müqəddəs gün – Foto

Fədayə Laçın hamısını üstələdi

Erməni qadınlarla yaxşıca əyləndik, sonda isə...

Kitabı haqda yazını 100 manata yazdıran şairimiz - Reportaj

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla