Yuxarı

Dənizin və insanların geri döndüyü şəhər - Bakı

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın əsas dövlət nəşri – rus dilində çıxan “Slovo Kırqızstana” qəzetinin baş redaktorunun müavini Kifayət Əsgərova bu ilin sentyabrında tarixi Vətəninə - Azərbaycana səfəri barədə təəssüratlarını bu qəzetin səhifələrində bölüşüb. Odlar Yurdunun paytaxtı Bakıya xüsusi diqqət ayırıb.

Axar.az həmin yazını təqdim edir.

Bu yaxınlarda öz-özümə düşündüm ki, tarixi Vətənimin paytaxtına hər 10-15 ildən bir gedirəm. Birinci dəfə Bakıda körpəliyimdə - anamın qucağında, ikinci dəfə məktəbi bitirəndən sonra olmuşam. Onda Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olmaq istəyirdim. Daha sonra 1989-cu ilin günəşli baharında gəldim. Sovet İttifaqının süquta uğraması artıq qaçılmaz idi və indi, uzun illərin arxasından baxanda məlum olur ki, fəlakətin əlamətləri əslində hər sahədə hiss olunurdu. Amma biz onun bu qədər yaxın olduğunu güman belə etmirdik...

Həmin ilin baharında mənə atamın yurduna - Zuvand çökəkliyində yerləşən Göydərə adlı ucqar dağ kəndinə getmək xoşbəxtliyi nəsib oldu. Zuvand Azərbaycanın ən gözəl regionlarından biri sayılır. Orada sanki səma torpaqla birləşir, baharda hava gündə bir neçə dəfə dəyişir, sərt yoxuşlara dırmanan yol isə alabəzək zolaqlar kimi qıvrılaraq, dağların siluetini canlandırır. Yamaclar boyu ağaclar və kollar bitir, daşlardan şırıltı ilə şəlalələr axır, dərələrin dibində çaylar guruldayır. Yadımdadır ki, vadidən keçəndə bir gün əvvəl yağmış güclü leysanın yol kənarlarında yaratdığı gölməçələrdə yanı üstə uzanan kəllər gördük. Onlar yaxınlıqdan ötüb keçən maşınlara məhəl qoymadan, özündən razı halda gövşəyirdi. Bir məsələ də təəccüblü görünürdü: 9 may olmasına baxmayaraq, bütün mağazalar işləyirdi. Azərbaycan o zaman bazar iqtisadiyyatına doğru addımlayırdı: bayram oldu-olmadı, şıdırğı alver gedirdi.

... Əslən Zuvanddan olanlar həmişə öz kökləri ilə fəxr ediblər. Sovet dövründə Bakıda deyirdilər ki, bu diyara pul yatırsan, turistlər üçün İsveçrə qədər cəlbedici olar. Onu elə ikinci İsveçrə adlandırırdılar.

1990-cı ilin dekabrında o yerlərə bir daha getdim. Zuvandın rayon mərkəzi olan Lerik ilə Bakı arasında hələ də qutuya bənzər avtobuslar işləyirdi. Yol Xəzər boyunca, sonra Lənkəran ovalığının, dekabr ayı olmasına baxmayaraq, zümrüd rəngli məxmər xalısı boyunca uzanır, getdikcə daha yuxarılara doğru qalxmağa başlayırdı. Avtobus soyuq idi, sanki canı çıxacaqmış kimi, boğuq səslə uğuldayır və silkələnirdi. Bu yerlərə öyrəşməmiş bizim kimi sərnişinlər özlərini itirərək oturacaqlardan yapışmışdlar - bilmirdilər, həyatları üçün əndişələnsinlər, sürücünün məharətinə heyran qalsınlar, yoxsa pəncərədən bu yerlərin gözəlliyini seyr etsinlər. Tərslikdən, geriyə dekabrın 31-də qayıtdıq. Lerikdən çıxanda məlum oldu ki, gecə dağdan nəhəng qaya parçası qoparaq yolu kəsib. Texnikanın gəlib onu götürməsini gözləməli olduq. Nəticədə yola səhər tezdən çıxdığımız halda, Bakıya düz Yeni il süfrəsinə gəlib çatdıq, həm Zuvanddakı qohumlarımızı, həm də paytaxtda bizi gözləyənləri nigaran qoyduq. Həmin il “Qara Yanvar” hadisələrini yaşayan şəhər sanki kədər içində idi, külək adamın canına işləyirdi. Xəzərin qurğuşun rəngli dalğaları Dənizkənarı bulvarın alçaq məhəccərini döyəcləyir, ətrafa kəskin neft qoxusu yayılırdı. Dalğalar sakitləşəndə isə suyun üzü göy qurşağının rənglərinə çalan yağ təbəqəsi ilə örtülürdü. Mağazalar bomboş idi. Amma o vaxtlar yaşadığım Qazaxıstanla müqayisədə burada nə isə tapıb almaq mümkün idi: məsələn, Suriya parçalarını. Bakıda həmişə yüksək qiymətləndirilən təcrübəli dərzilər bu parçalardan dəbə uyğun paltarlar tikirdilər. Amma mağazaya girən kimi işarə etməli idin ki, dövlət qiymətindən baha almağa hazırsan. Onda anbarlar nağıllardakı kimi, sehrli mücrütək açılır, oradan parça rulonları, yaxud 25 sovet manatı qiyməti olan, amma 50 manata satılan aztapılan fransız ətirləri çıxarılırdı.

2006-cı ildə dünya azərbaycanlılarının qurultayına gedəndə Bakı sürətlə yenidən tikilirdi, amma dəniz yenə də çirkli idi və neft qoxuyurdu.

Yeniliklərin nəzərə çarpası üçün on il, yəqin ki, o qədər də uzun müddət deyil. Bu payız ənənəvi Bakı Beynəlxalq Humanitar Forumuna dəvət edildiyim üçün yenə də gəncliyimin şəhərinə uçmalı oldum. Buradakı dəyişikliklər məni heyrətə gətirdi.

Əvvələn, Bakının rəngi açılıb. Şəhərin Dənizkənarı bulvardan başlayan və sonra sanki dalğalar kimi aşağı enən tarixi hissəsindəki bütün binalara, o cümlədən yaşayış binalarına zərif qum rəngli üzlük çəkilib. Bunun üçün Azərbaycanda lap qədimlərdən istifadə olunan və ən gözəl bəzək materialı sayılan aqlay deyilən əhəngdaşından istifadə edilib. Abşeron yarımadasında, Bakının həndəvərində çoxlu aqlay yatağı var.

Təəssüf ki, şəhərin dəqiq yaşı məlum deyil: tarixçilərin məlumatları müxtəlifdir - bəzilərinə görə, Bakının 1500 yaşı var, bəzilərinə görə isə o, hələ eramızdan əvvəl yaranıb. Hər necə olsa da, şəhər qədimdir və hər bir dövr burada öz izini qoyub. XIX əsrin sonu XX əsrin əvvəlində neft bumu yaşayan Bakı dünyanın hər yerindən kapitalistləri, o cümlədən Rotşildi, Nobel qardaşlarını cəlb edib. Varlı adamlar dünyanın ən yaxşı memarlarını dəvət edirdilər. Nəticədə burada yaraşıqlı sütunları, tağları, karnizləri və eyvanları olan, yapma üsulu ilə məharətlə bəzədilmiş çox gözəl binalar tikilib. İndi onlara üzlük çəkilərkən bütün köhnə elementlər qayğı ilə qorunub, müəyyən yeni detallar və konstruksiyalar, məsələn, bürclər əlavə edilib. Eyvanların sürahilərində gül dibçəkləri qoyulub.

Bakının bu hissəsində, o cümlədən maşınların işləmədiyi, daş döşənmiş məşhur Torqovaya küçəsində evlər həmişə bahalı və elit sayılıb. Bu küçə sovet dövründə də Bakının ən koloritli yeri olub. Burada saatlarla gəzişmək, dar pilləkənlərlə Şəhrizad nağıllarının süjetlərini canlandıran məşhur xovlu örtüklərin, təbii ipəkdən kəlağayı adlanan yüngül örpəklərin, habelə kooperativlərdə (Sovet İttifaqının digər regionları ilə müqayisədə Qafqazda belə kooperativlərin yaranmasına daha tez icazə verilmişdi) tikilən ayaqqabıların satıldığı kiçik zirzəmi-mağazalara getmək olardı. Çox zərif ipəkdən hazırlanmış rəngbərəng kəlağayıların bolluğundan adamın gözləri qamaşırdı. Hər bir azərbaycanlı qadının, o cümlədən repressiyalar səbəbindən Vətəndən uzaqlarda yaşamağa məcbur olmuş qadınlarımızın, həmçinin anamın bir neçə kəlağayısı vardı: bej rəngli kəlağayını hər gün, ağ kəlağayını toya gedəndə bağlayırdılar, qara kəlağayıları nənələr örtürdü. Bu örpəklərin hazırlanması sənəti iki il əvvəl UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

UNESCO-nun baş katibi İrina Bokova bu barədə sənədi Mehriban Əliyevaya təqdim etmək üçün Bakıya gəlib. Anamın dövründə kəlağayılar ucuz idi, indi isə bahalıdır – ölçüsündən asılı olaraq on dollarlarla ölçülür. Saxta kəlağayılar da çoxdur.

...2006-cı ildə məni şalbanbaşı daşlar döşənmiş Torqovaya küçəsində Novruz bayramı (səfərim bu bayram ərəfəsinə təsadüf etmişdi) münasibətilə boşqablarda düzülmüş yamyaşıl səmənilərin bolluğu heyrətləndirdi. Yaxınlaş və zövqünə uyğun istənilən səmənini seçib al. Zirzəmilərdə isə əsasən əntiq mallar, o cümlədən basma və oyma naxışlı mis qablar və xalçalar satılırdı. Xalça nə qədər qədimdirsə, qiyməti bir o qədər baha idi... Azərbaycanlılar həmişə metal sənəti və xalçaçılıqla şöhrət qazanıblar.

Bu dəfə Torqovaya küçəsində gecə saatlarında olduq. Bərpa edilmiş və yenidən qurulmuş bu küçənin, ilk növbədə, işıqlandırma sistemi heyrət doğurur: burada hər hansı şəhər üçün ənənəvi olan fənərlər yoxdur, hər bir bina aşağıdan və yuxarıdan işıqlandırılır.

Yeri gəlmişkən, şəhərdəki bütün qədim binalar bu üsulla işıqlandırılır. Adama elə gəlir ki, divarlar sanki daxildən işıq saçaraq¸gözəl tağları, şəbəkəli eyvanları və mürəkkəb yapma bəzəkləri daha da qabardır. Torqovayada üzbəüz yerləşən binaların damlarına bağlanmış zəncirvarı çilçıraqlardan da işıq ələnir. Adama elə gəlir ki, küçədə deyil, sonu görünməyən bir saraydadır.

İlin bütün fəsillərində, küləksiz isti günlərdə buralarda istirahət edən əlindən tərpənmək olmur. Xüsusən də gənclər... Burada görüş təyin edir, xudmani skamyalarda oturur, kafelərdə masa arxasında söhbətləşir, yaxud da sadəcə ideal şəkildə uyğunlaşdırılmış və cilalanmış şalbanbaşı daşların üstündə gəzişir, burada nəqliyyatın işləməməsinin kefini çıxarır, yaxınlıqdakı dənizdən gələn sərinliyi ciyərlərinə çəkirlər. Gecə saat bir-ikiyə qədər belə davam edir. “Məgər onlar səhər dərsə və ya işə getmirlər?”, - deyə bakılı qohumlarımdan soruşuram. “Əlbəttə gedirlər”, - deyə cavab verdilər. Torqovaya küçəsində və onun qədər sevilən Dənizkənarı bulvarda (ondan da söhbət açacağam) gec saatlarda təyin edilmiş görüşlərin daha bir izahı var ki, bu da tam əmin-amanlıq hissidir. Mənə deyilənə görə, gecə vaxtı şəhərin istənilən nöqtəsində, eləcə də bütün ölkə ərazisində soyğuna və həqarətlərə məruz qalacağından qorxmadan tam arxayın hərəkət etmək mümkündür.

Bakının İçərişəhər deyilən qədim hissəsi də dəyişib. Qədim qala divarlarının arxasında gizlənən və turistləri cəlb edən İçərişəhər paytaxtın tarixi incilərindən biridir. On il əvvəl İçərişəhərin daşları zamanın təsirindən qaralmış, bozumtul rəngdə idi, amma indi onlara aqlay üzlük çəkilib. İnsanların yaşadıqları bu evlərin fasadlarında, eləcə də qala divarında bərpa edilməmiş hissə tapmaq çətindir. Küçələrə yenidən daş döşənib. Ötən əsrin yazıçılarından biri bu küçələri çox düzgün olaraq Şərq xəncərinin ensiz və əyri tiyəsinə bənzədib.

İşərişəhərin bərpa edilmiş siması bir tərəfdən də təəssüf hissi doğurur. Elə təəssürat yaranır ki, dekorasiyalar arasında gəzişirsən. Digər tərəfdən, əgər illərin təsirinə tab gətirməyən divarlar dağılırsa, nə etməli?

Bir məsələni də özüm üçün aydınlaşdırdım: əgər özünü həqiqətən qədim şəhərdə hiss etmək istəyirsənsə, evlərin küçə qapılarından həyətə keçmək lazımdır, çünki onlar demək olar toxunulmaz qalıb. Kiminin pəncərəsi, kiminin isə qapısı bu həyətlərə açılır. Kiçicik mətbəxlər də dimdik olan pilləkənlərə çıxır. Turistlərin bu marağı sakinləri yormur. Əksinə, onlar bütün suallara gülər üzlə cavab verirlər. Burada təqribən 1300 nəfər yaşayır.

Evlərin bir qismi satın alınıb, bərpa edilərək otelə çevrilib. İçərişəhərin vur-tut 22 hektar olan kiçik ərazisində 15 otel yerləşir. Əslində, Bakıdakı otellər heç də ucuz deyil, amma ən bahalıları İçərişəhərdəki otellərdir. Bu da başa düşüləndir: özünü qədim zamanlarda hiss etmək, gecəni vaxtilə şirvanşahları ibadətə səsləyən minarələrin günbəzləri əhatəsində keçirmək istəyirsənsə, əlin cibində olsun.

Yeri gəlmişkən, bir neçə ölkənin – Yunanıstan, İtaliya, İsveçrə və Polşa səfirliklərində işləyənlərin hər gün belə imkanı olur. Bu səfirliklərin binaları üçün Qalanın yuxarı hissəsində yer seçilib. Ən gözəgəlimli binalar, o cümlədən Şirvanşahlar sarayı burada yerləşir. İçərişəhərdə küçələrdən biri fitri istedada malik musiqiçi və bəstəkar Müslüm Maqomayevin adını daşıyır. O, məşhur müasirimiz Müslüm Maqomayevin babasıdır. Necə deyərlər, ot kökü üstə bitər.

Getdikcə daha çox mənzil alıb restoran və kafe açırlar. Kafelərin xudmani terraslarından şah-plovun, qoyun ətindən qovurmanın, qəlyənin, kömür manqalında bişirilmiş kütüm balığının, qutabların və digər milli təamların ətirləri ətrafa yayılır. Adətən süfrəyə içərisinə quru nanə qatılmış ayran da verirlər. Azərbaycanlılar deyirlər: “Doyunca yeməyin piyə çevrilməməsi üçün yaxşı həzm olunmasını istəyirsənsə, üstündən ayran iç, ya da bir tikə bərk və duzlu pendir ye, onda festala-filana ehtiyacın olmayacaq”.

...Samovar tüstülənir – burada samovarı odun və kömürlə qaynadırlar. Çayı ənənəvi armudu stəkanlarda kəllə qənd, albalı və içi qozla doldurulmuş ağ gilas mürəbbəsi isə verirlər. Samovarın tüstüsü əcnəbiləri çəkib gətirir. Axşama yaxın hava soyuyur və terraslarda oturan qonaqlara üşüməmək üçün adyal verirlər.

Bərpaçıların həm relyefinə, həm də rənginə görə qədim formasına maksimum uyğunlaşdıraraq şalbanbaşı daş döşədikləri nahamvar Qala küçələrində dikdaban çəkmələrlə yerimək Torqovayada olduğu qədər asan deyil. Ayağın burxula bilər. Üstəlik, bütün ərazi eniş-yoxuşludur: Qalanı inşa edənlər yaşayış məskəni üçün dənizin yaxınlığındakı təpəni bəyəniblər. Odur ki, turstlərin rahatlığı üçün İçərişəhərdə elektromobillər işləyir.

Keçmiş sovet respublikalarından gələnlər adətən Yuri Nikulinin “Brilyant əl” filmindəki qəhrəmanının dillər əzbəri olan “Çyort poberi” sözlərini deyərək, yıxıldığı yeri axtarırlar. Yeri gəlmişkən, həmin yerin yanındakı binaya da qumdaşından üzlük çəkilib. Təəssüf ki, “Amfibiya-adam”, “Tehran-43”, “Aybolit-66” və başqa filmlərin müəyyən epizodlarının bu qədim məhəllələrdə çəkildiyini turistlərin çoxu bilmir.

Yeri gəlmişkən, Bakının bu yay ilk dəfə qəbul etdiyi “Formula-1” yarışlarının keçirildiyi halqavarı şəhər trasının müəyyən hissələri Qala divarlarına bitişikdir. Birgünlük yarış üçün şalbanbaşı daş döşənmiş küçələrə xüsusi asfalt təbəqə çəkiblər. Yürüş başa çatandan sonra bu təbəqəni xüsusi mexanizmlə qoparıblar. Trasın baş arxitektoru German Tilke Bakı trasını unikal adlandırıb. Bunu deməklə o, təkcə “Formula -1” maşınlarının təkərləri üçün münasib olmayan daşların üstünün örtülməsini deyil, həm də Qala divarlarını mühafizə etməyin yollarını axtarmaq lazım gəldiyini nəzərdə tutub.

...Görəsən dənizin sahilində yerləşməsəydi, Bakı necə olardı? Bunu təsəvvürə gətirmək çətindir. Başı qarlı dağ zirvələri Bişkek və Almatını nə dərəcədə füsunkar və cəlbedici edirsə, Xəzər də Bakını bir o qədər cazibədar edir. Amma indiyədək nə Almatıda, nə də Bişkekdə təbii landşaftdan istifadə edə bilməyiblər. Yəni dağların əzəmətinin, onların nəfəsinin arxitekturada, gündəlik həyatda duyulmasına nail ola bilməyiblər, insanın sayılı dəqiqələr ərzində dağlara gedib təmiz hava udmasına şərait yaratmayıblar. Bakıda isə metro və Dənizkənarı bulvar sayəsində belə imkan var.

Doğrudur, Xəzər həmişə Bakıya belə yaxın olmayıb. Eramızın II əsrində Ptolomey çəkdiyi xəritədə dənizdən uzaqda yerləşən insan məskəni təsvir edib. Amma Xəzər şıltaq və dəyişkəndir: o, gah qabarır, gah da çəkilir. Özü də onun suları yüz il ərzində nisbi sabit səviyyədə qala da bilər, 1978-ci ildən müşahidə olunduğu kimi bir neçə il ərzində azalıb-çoxala da bilər.

...Vaxtilə Xəzərin suları yaxınlıqdakı adaları basıb: beləcə, Bakı buxtası yaranıb. İnsan da fürsətdən istifadə edərək, növbəti çəkilmə zamanı yaranan quru sahədə tikinti işləri aparıb. Bu yolla bir növ maraqlar arasında tarazlıq yaranıb. Bu, dənizin yaxınlığında və onun dibində zəngin neft yataqları aşkar olunana qədər davam edib. Üstəlik, sahil boyunca genişlənməkdə olan şəhərin kanalizasiya və sənaye suları da dənizə axıdılıb. Buxtanın akvatoriyası batmış gəmi, bərə və neft sisternlərinin məzarlığına çevrilib, buna görə də dənizdən neft qoxusu gəlməyə başlayıb. Amma ötən əsrin 90-cı illərində, Sovet İttifaqı dağılandan sonra şəhər özünə gəlib. Əvvəlcə böyük barjları, yedəkləri, qaldırıcı kranları, habelə dalğıcları cəlb edərək dənizin dibini tədqiq ediblər, onun təmizlənməsi üçün böyük işlər görülüb. Suyun dibindən onlarca batmış gəmi, habelə minlərlə ton metal konstruksiya – istifadə olunmayan hidrotexniki qurğular, boru kəmərləri və s. çıxarılıb. Özü də təkcə sahil zolağı deyil, sahildən qırx kilometrdən çox məsafədə yerləşən “Neft Daşları” rayonu da təmizlənib. İndi bulvarın ən yüksək nöqtəsi olan Dağüstü parkdan seyr edəndə də, sadəcə sahildə gəzişəndə də daha Xəzərdən neft qoxusu gəlmir. Üstəlik, günəşli havada dəniz mavi rəngə çalır. Bu da suyun şəffaflığının, günəş şüalarının süzülüb keçməsinin və planktonun, yəni canlı orqanizmlərin yaşamasının mütləq əlamətidir. Zənnimcə, bu, son on ildə Bakıda baş vermiş ən böyük dəyişiklikdir.

Bir neçə il əvvəl 100 illiyini qeyd edən Dənizkənarı bulvar da dəyişib. Bulvar həm eninə, həm də uzununa genişlənir. Sənaye obyektlərini, o cümlədən gəmi təmiri müəssisələrini sahilyanı zolaqdan yığışdırırlar ki, piyada gəzinti və müxtəlif nöqtələrdən dənizi seyr etmək üçün daha geniş məkan açılsın. 1998-ci ildə bulvara Milli Park statusu verilib. İki il əvvəl başa çatan son yenidənqurma işlərinə 500 milyon vəsait ayrılıb. Deyəsən, gənclik illərimin yeganə şahidi təkcə “Mirvari” kafesidir. 1977-ci ilin 9 mayında biz bayram atəşfəşanlığının sədaları altında bu kafedə kiçik vazalarda çox dadlı dondurma yeyirdik. Onda “Mirvari” bizə arxitektura fantaziyasının zirvəsi kimi görünürdü. İndi isə Bakıda saysız-hesabsız, bir-birindən mürəkkəb yeni möhtəşəm layihələrin fonunda bu kafe sönük görünür. Bişkek opera teatrının bağında yerləşən və el arasında “Ulitka” adlandırılan kafe kimi, bir vaxtlar “Mirvari”nin də sökülüb-sökülməməsi məsələsi müzakirə edilib, amma sonda onu tarixi tikili kimi saxlayıblar.

Bulvarın şərq hissəsi vaxtı ilə Dağüstü parkla qurtarırdı. Məsəl var, deyərlər haqq-ədalət gec-tez öz yerini tapır. Bakıda Sovet hakimiyyəti qurulana qədər bu ərazidə müsəlman qəbiristanlığı yerləşirdi. Sonra həmin qəbiristanlığı başqa əraziyə köçürərək, yerində park saldılar və ona Kirovun adını verdilər. 1990-cı il “Qara Yanvar” hadisələri zamanı SSRİ rəhbərliyi tərəfindən şəhərə yeridilmiş zirehli texnikanın təkərləri altında və gülləbaran nəticəsində həlak olmuş Bakı sakinlərini bu parkda dəfn etdilər. Sonradan Qarabağda həlak olmuş gəncləri burada torpağa tapşırdılar. İndi parkda məscid, memorial və böyük “Əbədi məşəl” var. Buradan gecə vaxtı şəhərə tamaşa edəndə sayrışan işıqlar qeyri-adi mənzərə yaradır: şəhər sanki dənizi qucaqlayır, şərqə doğru davam etsəniz, Dövlət Bayrağı Meydanında dalğalanan nəhəng bayrağı və məxsusi olaraq “Eurovision-2012” musiqi müsabiqəsi münasibətilə inşa edilmiş “Baku Crystal Hall”u görərsiniz. Musiqi müsabiqəsinin final mərhələsi idman-konsert kompleksinin sanki nəhəng ölçülü kristallardan ibarət binasında keçib.

2007-ci ildə Prezident İlham Əliyevin Fərmanına əsasən, Dövlət Bayrağı Meydanı yaradılması qərara alındı. Üç ildən sonra bu meydan hazır oldu və Azərbaycanın Dövlət Bayrağı təntənəli şəkildə 162 metr hündürlüyündə bayraq dirəyi üzərinə qaldırıldı. Meydanın yeri elə seçilib ki, şəhərin istənilən nöqtəsindən baxanda bayraq görünsün. O vaxt bütün dünyada ən uca sayılan bu bayraq dirəyi Ginnesin rekordlar kitabına daxil edildi. 2011-ci ildə isə Tacikistanda ondan üç metr hündür bayraq dirəyi tikildi. Azərbaycanda vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verilir. Bakı ətrafındakı qəsəbələrdə ən gözəgəlimli yerlərdə dövlət bayraqları ucaldılıb. Paytaxtın bir rayonunda isə hətta Dövlət Bayrağı Meydanının kiçik ölçülü “surətini” gördük.

... Son illərdə Xəzərdə suyun səviyyəsinin bir qədər azalmasından istifadə edərək, bulvarda daha bir terras yaradıblar. İndi suya lap yaxın getmək mümkündür. Bunun üçün sahil boyunca betonla bir-birinə bərkidilmiş böyük qaya parçalarından ibarət orijinal bir “yayla” yaradılıb. Qoçaq gənclər bu yaylanın lap kənarında əyləşirlər.

Şəhərdə baş verən böyük hadisələrin şərəfinə bulvarda xatirə rəmzlərini qoymaq artıq ənənəyə çevrilib. Burada gəzişərkən birinci Avropa Oyunlarının rəmzi olan ceyran heykəlinə, eləcə də milli sərvət sayılan beş rəmzini (od, su, Simurq quşu, xalça naxışları və nar) özündə birləşdirən Oyunların embleminə rast gələcəksiniz. Görünüşcə əyri-üyrü nar ağacları bərəkətli Azərbaycan torpağında həqiqətən qeyri-adi bar verir. İri və şirəli dənələri olan narın qiyməti elə də baha deyil: oktyabrın əvvəllərində mən Bakıda olarkən, bir kiloqramının qiyməti manat yarım (təxminən bir dollar) idi.

...Mən heç vaxt, xüsusilə yaxın məsafədən neft buruqları görməmişdim. Sən demə, çox möhtəşəm mənzərə imiş.

Gecə maşınla bulvara yaxınlaşarkən başı səmaya dəyən parlaq “yolkalar” diqqətimi cəlb etdi – bunlar elə buruqlar idi. Onları gəmilər kimi sahilə yaxın yerdə inşa edir, sonra suya salırlar. Bakının ətraf yerlərində isə bir vaxtlar şəhərin sənaye bumunun başlandığı köhnə neft mancanaqlarının siluetlərini görmək mümkündür. Toran düşəndə onlar boyunlarını uzadıb, bu pozada donub-qalmış yorğun nəhəng qazlara bənzəyir.

...Kiminsə ağlına bulvarın düz mərkəzində kaktus istixanası yaratmaq gəlib. Niyə məhz kaktus? Yəqin ki, Bakıda əsasən şam, zeytun və sərv ağacları bitdiyinə görə. Əlbəttə, ekzotik mənzərədir: rəqs edən dalğalar fonunda iki insan boyunda olan kaktusları təsəvvürünüzə gətirin. Onların necə çiçəklədiyini və hətta bar verdiyini görə bilərsiniz. Səhra bitkiləri üçün xüsusi torpaq gətirilib, qışda üstünü qoruyucu plyonka ilə örtürlər. Bahalığına görə xalq arasında onu milyonluq layihə adlandırırlar. Lakin hamı üçün maraqlıdır: yaxınlaşıb nəzərdən keçirirlər, gənclər fotoşəkil çəkir, bəziləri hətta enli və qalın yarpaqlar üzərində sevgi etirafları cızıb, hərçənd ətrafda çoxlu polis var və hamı eşidib-bilir ki, kimisə tutublar, cərimələyiblər.

...Bəxtim gətirdi: şəhərə düz-əməlli bələd olmadan və bulvara gedən yolu qısaldıb, deyəsən, sahilin liman işləri aparılan hissəsinə gəlib çıxdım – orada “Müslüm Maqomayev” gəmisi lövbər salmışdı. Sonradan öyrəndiyimə görə, gəminin maraqlı tarixçəsi var və o, nəvə Maqomayevin adını daşıyır. Azərbaycan bu gəmini məxsusi olaraq Avstraliya gəmiqayırma zavodunda sifariş verib. Xəzər dənizinə istiqamət götürərək gəmi Bakıya düz iki aya gəlib çatıb və 2014-cü ilin dekabrında gəminin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Maraqlı detal: o, dünyada sərnişin gəmisi kimi istifadə olunan katamaran tipli ilk sürətli laynerdir. Bu gəmi Xəzər dənizində neft-qaz platformalarında növbəyə gedən mədənçiləri aparır.

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimə müğənninin dul xanımı Tamara Sinyavskaya da dəvət edilib. Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb. Mərasimində çıxış edən Prezident deyib ki, Müslümün bəstələdiyi “Dəniz” mahnısı onun doğma şəhərə, dənizə olan məhəbbətini əks etdirir. Yəqin ki, dəniz haqqında bundan yaxşı mahnını heç kəs bəstələməyib.

Bakıda, Müslüm Maqomayevin uşaqlıq, gənclik illərinin keçdiyi məhəllələrdə onu “məhəllə uşağı” adlandırır və fəxr edirlər ki, son mənzilinə doğma Azərbaycan torpağında qovuşub.

Bulvarı şəhərin içinə doğru genişləndirirlər. Yaxınlıqdakı küçədə – Neftçilər prospektində yeraltı avtomobil yolu salıb, bu küçəni piyadaların ixtiyarına verməyi planlaşdırırlar. Parklama yerləri yer altında olacaq.

Dənizkənarı bulvardan daha nələr danışmaq olar? Bakılılar Torqovaya küçəsini sevsələr də, bulvarın vurğunudurlar. Yaxşı havada burada istirahət edənlərin sayı həmişə çox olur, bürkülü yay axşamları dəniz adamın imdadına çatır. Gənclər gəzişir, yaşlı insanlar çox nadir hallarda sakit olan Xəzəri seyr edirlər. Bacım təmiz hava udmaq və dənizdən enerji almaq üçün şəhərin o biri başından bütün sahil boyu gəzintiyə çıxır. Son illər bulvarda çoxlu kütləvi əyləncə tədbirləri keçirilir. Orada olduğum gün Azərbaycan və Avropanın yaxınlaşmasının 25 illiyinə həsr olunmuş gənclər festivalı keçirilirdi. Cavanlar üzlərini müxtəlif ölkələrin milli bayraqlarının rənglərinə boyamışdı. Bulvardakı terrasların birində çəkilən böyük şahmat taxtasında fiqurları hərəkət etdirən kişiləri gecədən xeyli keçənədək görmək olardı. Onların yanında dayanan adamlar növbəti gedişlər üzərində düşünürdülər. Qara və ağ xanalı lövhələr bir neçə həftə əvvəl Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasından qalmışdı.

...Bakının neft və digər sənaye müəssisələrinin keçmişdən cəmləşdiyi Qara Şəhər də başqalaşıb. Universitetə daxil olmağa hazırlaşarkən bir vaxtlar yaşadığım binanın cənub eyvanı dənizə baxırdı və oradan mayakın işığının hətta buludlu havada da Xəzərin səma ilə qovuşmasından yaranan qurğuşun pərdəni yarıb keçdiyini görmək olurdu. Şimal eyvanının üzü Qara Şəhərə tərəf idi və neftayırma zavodlarının borularından çıxan məşəllərin parıltısı gecə səmanı işıqlandırırdı. Neftin tərkibindəki səmt qazını beləcə yandırırdılar (indi bu istehsalın mənasızlığı barədə düşünürsən: yalnız təbii xammal məhv edilmir, həm də atmosfer çirkləndirilir). Səhərlər sərnişinləri əsasən fəhlələr olan 35 nömrəli “PAZ” markalı avtobusla Qara Şəhərə, oradan isə işlədiyim “Termoizolyasiya” Bakı Montaj İdarəsinin kontoruna payı-piyada gedirdim. Yolun bu hissəsi yaddaşımda üfüqi və şaquli, düz və əyri, fit verən və buxar püskürən çoxsaylı boru kəmərləri ilə qalıb. Bir də sürüşkən qara torpaqla və yağışdan sonra yağlı gölməçələrlə, onlardan yan keçmək, ya da üstündən adlamaq lazım gəlirdi... Bu dəfə yaşadığım evə oxşar binanın yaxınlığında olarkən borulardan çıxan alov dilimlərini görmədim. Onlar yoxa çıxıb və eşitdim ki, Qara Şəhər Ağ Şəhər olub. Köhnəlmiş sənaye müəssisələrini Britaniya və Amerika memarlarının layihəsi əsasında söküblər, torpağı təmizləyərək bərpa ediblər, magistrallar çəkiblər, fəvvarələr quraşdırıb və parklar salıblar. İşlər davam etdirilir və gələcəkdə keçmiş Qara Şəhər Bakının yeni işgüzar mərkəzi olmalıdır. Doğrudur, torpaq hələ də neft qoxuyur: onu həddindən artıq uzun müddət, bir əsrdən artıq, hələ Nobellərin vaxtından, hətta onlardan da əvvəl çirkləndiriblər...

...Bakının coğrafi baxımdan bəxti gətirməyib. Azərbaycanın demək olar ki, bütün ərazisi gözəl yaşıl dağlar, meşələr və dərələrdən, sitrus meyvələrindən tutmuş taxıl və tərəvəzə qədər hər bitkini əkib-becərməyə imkan verən münbit torpaqlardan ibarətdir. Bölgələrin əksəriyyətinin iqlimi əladır: mülayim qış və nisbətən sərin yay... Mənə 1930-cu illərdə Orta Asiya çöllərinə sürgün edilmiş valideynlərimin doğma torpağın xiffətini niyə bu qədər çəkdiklərinin səbəbi aydındır. Bakı Abşeron yarımadasının kənarında yerləşir və burada iqlim, təbii landşaft Xəzərin əks sahilində – Qazaxıstanın Manqışlaq yarımadasındakı kimidir. Torpaq şoran, qumlu və ya daşlıqdır, bitki örtüyü seyrəkdir, bir sözlə, yarımsəhradır. Yay çox istidir. Qədim insanlar məskunlaşmaq üçün niyə məhz həyat üçün çox da münasib olmayan bu yeri seçib? Güman edilir ki, onları neft, duz və əlbəttə, dəniz cəlb edib.

...Hə, hələ küləklər barədə söz açmamışam. Bakının şimal küləyini – yerlilər onu xəzri adlandırır – qışda görəsən. Qar yağmır, burada o, nadir “qonaq”dır, amma külək elə qəzəblə əsir ki, heç bir təbii kürk canı qızdırmır. Bax onda quru qarlı qışı həsrətlə yada salırsan. Buna görə də şəhəri yaşıllaşdırarkən bakılıların seçimi az olub. Burada hamının Abşeron şamı adlandırdığı şam, habelə zeytun ağacları yaxşı kök atır. Bulvara yaxın yerlərdə palmalara rast gəlinir, lakin bu yaxınlardan sərt keçən qış zamanı bu ağacların təpəsi donduğu onları plyonkaya bürüyüblər.

Abşeron şamları ayrıca söhbətdir. Onları görəndə elə təəssürat yaranır ki, qarşındakı abidələrdir, küləyə müqavimət göstərən abidələr. Bakıda düz qamətli şam ağacı görməzsən: onların gövdələri 45 dərəcə əyilib, çünki həmişə küləyin qəzəbinə müqavimət göstərə-göstərə böyüyüblər. Heykəltəraş təbiət şamlıqlarda əyilib-bükülmüş, amma yıxılmamış ağaclardan küləyin əli ilə gözəl kompozisiyalar yaradıb. Yayın qızmar keçməsinə və güclü küləklərə baxmayaraq, Bakıda yaşıllaşdırmaya böyük diqqət yetirilir, köhnə parklar bərpa olunur, yeniləri salınır, onlara gözəl və romantik adlar verilir. Şəhərdə olduğumuz o günlərdə bir-birinin ardınca iki yeni park açıldı: “Qızılgül bağı” və “Sevirəm”. Onlardan biri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 1906-cı ildə tikilmiş və istifadəsiz qalmış keçmiş radio mərkəzinin ərazisində yaradılıb, ikincisi isə neft tullantılarından və mərmər tozundan təmizlənərək münbit torpaq tökülmüş 3,2 hektar ərazidə salınıb. Parklarda uşaq attraksionları və fəvvarələr quraşdırılıb. Maraqlıdır ki, tinglərlə birlikdə böyük ağaclar da əkilir, hərçənd məlumdur ki, tinglərlə müqayisədə onlar çətin kök atır. Məsələn, “Sevirəm” parkında 35 yaşlı sərv və 30 yaşlı Eldar şamı əkilib. Onlar yalnız Azərbaycanda təbii formada qalır və Qırmızı Kitaba salınmış çox nadir növlərdir. Eldar şamının olduğu ərazi qoruq elan edilib.

Beynəlxalq Humanitar Forumunda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri məmnunluqla məlumat verdi ki, nəhayət, ölkədə meşələrin sənaye üsulu ilə qırılmasına son qoyulub. Onları ümumiyyətlə, az qırırlar. Meşə sahəsi ölkə ərazisinin 12 faizini təşkil edir. Bu, məsələn, Gürcüstanla müqayisədə çox kiçik rəqəmdir, lakin yaxın illərdə qarşıya yaşıllıqların payını 28 faizə çatdırmaq vəzifəsi qoyulur. Zeytun əkinlərinin sahəsi üç dəfədən çox artıb.

Geri döndükdə təəssüflə oxudum ki, bizdə, təkcə İssıq-Qul vilayətində bu ilin əvvəlindən 1280 ağac kəsilib. Onların çoxu (599 ağac) Cet-Oğuz rayonunda kəsilib.

Mən artıq ötən materialda qeyd etmişdim ki, son onilliklərdə Azərbaycan dünya miqyaslı bir çox siyasi forumlar, paytaxtın vizit kartına çevrilmiş Bakı Humanitar Forumu, Dünya Dini Liderlərinin Sammiti, BMT-nin Mədəniyyətlər Alyansı Qlobal Forumu kimi böyük tədbirlər keçirir. Bundan başqa, burada bir çox qlobal əyləncə və idman tədbirləri təşkil olunur: barəsində danışdığımız “Eurovision”, Avropa Oyunları, “Formula-1”, Ümumdünya Şahmat Olimpiadası. Gələn il ölkə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Əlbəttə, bütün bu tədbirlər böyük maliyyə vəsaiti tələb edir. Xalq mübahisə edir: belə xərclərin xeyri nədir? Lakin hər bir tədbirdən sonra ölkədə dünyanın ən yaxşı memarlarının iştirakı ilə yaradılan böyük obyektlər qalır. “Eurovision” üçün tikilmiş “Baku Crystal Hall”u artıq qeyd etmişəm. Avropa Oyunlarından sonra Olimpiya stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və Olimpiya kəndi. Digər yeniliklər də var. Məsələn, bənövşəyi rəngli yeni taksilər, yasəmən rəngli metro qatarları və rahat avtobuslar.

Bundan əlavə, ölkə dünyada tanınır. Azərbaycan artıq neft və qaz hasilatına belə bağlamadan digər sahələrin, o cümlədən turizmin inkişaf etdirilməsinə keçid edir. Buna görə də təhlükəsizliyin təmin edilməsinə, yolların, xidmət obyektlərinin tikintisinə və tarixi abidələrin bərpasına böyük diqqət yetirilir. Nəticədə turistlərin sayı artır. Təkcə Bakını görmək yox, həm də ölkə ilə tanış olmaq istəyənlərin axını güclənir. Kiçik turizm agentliyi təsis etmiş bir tanışım əcnəbiləri qarşılamaq və qrupları gəzdirmək üçün güclə vaxt çatdırır. Əla yollar, bütün turizm marşrutlarında lüks otellər, gözəl təbiət, dadlı yemək, mehriban insanlar və əlbəttə, yaxşı vəziyyətdə saxlanılan və bərpa edilən çoxsaylı tarixi, mədəni və memarlıq abidələri – bütün bunlar qonaqları cəlb edir. Bu yerdə ölkəmizlə, xüsusən Bişkeklə necə müqayisə aparmayasan? Bişkek qədim şəhər deyil, vur-tut bir-iki abidəsi var, onlar da ya dağıdılıb, ya da dağılmaq üzrədir.

Erkindik bulvarındakı və Toktoqul küçəsindəki tikililərin məhv edilməsini, tacir Terentyevin dağılmaqda olan malikanəsini yada salmaq kifayətdir.

Bakıya qayıdaq. Oxucu üçün daha bir maraqlı xəbər odur ki, ölkədə valyutadəyişmə məntəqələri bağlıdır, valyutanı yalnız banklarda dəyişdirməyə icazə verilir, hesablaşmalar isə yalnız milli valyuta ilə aparılır.

Rus dilinə münasibət də dəyişib. SSRİ-nin dağılmasından sonra ilk vaxtlar uşaqların Azərbaycan məktəblərində oxumasına üstünlük verilirdi, nəticədə rus dilini bilməyən nəsil yetişdi. İndi rus dilini bilməyə qiymət verilir, bununla yanaşı, gənclər ingilis və türk dillərini öyrənməyə çalışırlar. Türkiyə ilə sıx münasibətlər qurulub, bu ölkə uzaqda yerləşmir, buna görə də Azərbaycana çoxlu Türkiyə malı idxal edilir, mağazalarda və bazarlarda böyük seçim var, qiymətlər də Qırğızıstandakına nisbətən aşağıdır. Yeri gəlmişkən, bazarlar şəhərdən kənara çıxarılıb. Məsələn, bir neçə il əvvəl Şimali Qafqaz, İran və digər ölkələrdən alıcı-tədarükçülərin, - əvvəllər bizim “Dordoy”da Qazaxıstan və Rusiyadan gələnlər kimi, – mal alıb-mal satdığı məşhur “Sədərək” ticarət mərkəzini qurudulmuş bataqlığın yerində tikiblər. Meyvə-tərəvəzi saxlamaq üçün soyuducular da elə oradadır. Vizual təqdimat: “Sədərək”ə getmək üçün Bakının yerləşdiyi təpəni aşırsan.

Sonda da doğma şəhərin bakılıların həyatında oynadığı rol barədə. Bakıda anadan olanların ürəyi bulvarla döyündüyündən, orada öz şəhərlərindən başqa planetin hər hansı digər guşəsinə yer qalmır. Yayın istisinə və xəzriyə baxmayaraq... Özləri barədə deyirlər: əsl bakılını dünyanın istənilən yerində tanımaq olar. Həqiqətən də hər hansı bir şəhər ona həsr edilən saytların sayı ilə nadir halda öyünə bilər. Burada yaşayan və ya dünyanın müxtəlif guşələrinə səpələnən bakılılar uşaqlıq illərinin keçdiyi küçələrin tarixini bərpa edir, fotoşəkillər paylaşır, keçmiş haqqında suallara dəqiq cavablar axtarırlar. “Window2baku” (“Bakıya pəncərə”) saytının təsisçisi, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunu, əvvəllər Elmlər Akademiyasında, doğma universitetində, “Sərhədsiz həkimlər” humanitar təşkilatında işləmiş, indi isə “British Petroleum” neft şirkətində çalışan 50 yaşlı Faiq Nəsibov yazır: “Bu sayt mənim qədim və əbədi gənc şəhərə sevgimdən və Bakı barədə materialı sistemləşdirmək arzumdan yaranıb. Əgər sizdə Bakı ilə bağlı hər hansı bir məlumat və fotoşəkil varsa, onları internet istifadəçiləri ilə bölüşmək istəyirsinizsə, mənə göndərin. Bütün iradları, şərhləri və təklifləri minnətdarlıqla nəzərdən keçirərəm”.

Çox vacib məlumatı “ourbaku.com” (“Naş Baku. İstoriya Baku i bakintsev”), “baku.ru/city/parapet/” (“Parapet: soobşestvo istorii Baku i bakintsev”), “Moy Baku” bloqunda öyrənmək olar... Həvəskar bilicilər şəhərin tarixi ilə maraqlanan gəncləri toplayır və insan kimi öz tərcümeyi-halı olan evlərin yerləşdiyi köhnə məhəllələrə ekskursiyalara aparırlar.

Bakı adının dəqiq mənşəyi, təəssüf ki, onun yaşı kimi müəyyən edilməyib. Bir neçə versiya var. Versiyalardan birinə görə “Tanrı”, “Günəş”, digərinə görə “təpə”, üçüncüsünə görə “küləkli”... Hər halda, bu mənalardan hər biri həqiqətə uyğundur.

...İçərişəhərin küçələrində yerli adamlarla demək olar ki, rastlaşmazsan. Hər halda qısa payız günü, qürub vaxtı bacımla, gərək ki, Böyük Qala küçəsinin yaxınlığından keçəndə, orada 8-10 yaşlı oğlandan başqa heç kim yox idi. Özünün icad etdiyi oyunu təkbaşına oynayırdı. Bizi görəndə qaçıb yanımıza gəldi. İfadəli üzündə böyük qara gözləri parıldayırdı. Mehribancasına soruşdu: “İstəyirsiniz, sizə ən maraqlı yeri göstərim?” Allah günahımızdan keçsin, fikirləşdik ki, oğlan turistlərin hesabına pul qazanmaq istəyir.

Maraqlanıb arxasınca düşdük, pilləkənlə yuxarı qalxdıq və qalereyaya gəlib çıxdıq. Qalereya körpü kimi küçənin üstündə tikilmişdi, iki evin yuxarı mərtəbələrini birləşdirirdi. Buradan Qalanın daş döşənmiş küçələrinə mənzərə açılırdı. Yəqin ki, bu balaca oğlan üçün o, kapitan körpüsü idi, buradan öz şəhərini seyr edirdi. Buxta üzərindən uçan qağayılar kimi. Sən demə, balaca bələdçiyə pul lazım deyilmiş. Sadəcə əsl bakılı kimi, kəşfini qonaqlara göstərmək istəyirdi: qoy görsünlər ki, şəhəri necə qeyri-adidir. “Rus sektorunda” (rusdilli məktəbləri burada belə adlandırırlar) oxuyan oğlan Çin dili öyrənməyi arzulayır. Niyə Çin? Öz təbirincə, Çin dili sayəsində o, dünyanı gəzib-dolaşa biləcək. Yeni-yeni şeylər öyrəncək, doğma şəhərə qayıdıb, biliklərini burada tətbiq edəcək. Yolun açıq olsun, Böyük Qalalı kiçik kapitan!

Tarix
2016.12.18 / 00:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla