Yuxarı

Bu, fəlakətdir, mənəvi erroziyadır...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir Azərbaycan radiosunda çalışan Natəvan Dəmirçioğlu tanınmış yazarlarımızdandır. Onun hazırladığı ədəbi-bədii verilişlərdə və qələmə aldığı əsərlərdə vətənpərvərlik mövzusu həmişə diqqət çəkir.

Xanım yazarla görüşüb Axar.az üçün elə bu mövzuda söhbətləşdik.

- Natəvan xanım, bədii əsərdə vətənpərvərlik necə ifadə olunmalıdır ki, ucuz patetika və pafosçuluq sindromundan xilas olsun?

- Ədəbiyyatın, ümumən sənətin resepti yoxdur. Yaradıcılıqda istənilən sindromdan xilas yolu və daha dəqiqi, sindroma düşməmək üçün gediləcək yolun variantları isə şübhəsiz ki, var. Sizin qoyduğunuz aktual mövzu - bədii əsərlərdə vətənpərvərlik... patetika və pafosçuluq... - ciddi məsələdir.

- Yəni bədii əsərlərdə bu ciddilik mütləq qorunmalıdır?

- Bilirsiniz, vətənpərvərlik milli və bəşəri dəyər olduğuna görə yox, həm də hər xalq üçün spesifik xarakter daşıdığına və taleyüklü əhəmiyyətinə görə ciddi məsələdir. Bu mövzuda yazanda birinci ürək işləməlidir. Yaradıcılıq duyğuları və ruh oyaq olmalıdır. Vətənpərvərlik məsələsi bir insanın deyə biləcəkləri və gələcəyi qənaətlər ilə kifayətlənə bilməz. Burada yazarın, eyni zamanda, millətin daşıdığı ruh vacib faktordur. Vətənpərvərlik mövzusunda yazılan əsərlərdə coşqun pafos, romantik, həyəcanlı intonasiya, patetika istər-istəməz olur.

- Bu quru pafosa, şüarçılığa gətirmir ki?

- Gətirə bilər, ona görə də gərək qədərini keçməsin, şüarçılığın içində itməsin.

- Bəs, o zaman nə etmək olar?

- Bunun üçün ilk növbədə, şüara getməmək lazımdır. İkinci, sifarişli əsər yazmamaq. Üçüncü, boğazdan yuxarı danışmamaq. Dördüncü, konyukturadan qaçmaq. Əsərdə sadaladıqlarımdan biri olduqda artıq dediyiniz sindromdur. Amma bəzən bir əsərdə bunun hamısı olur. Vətənpərvərlik mövzusu göz önündə olan aydın bir mövzudur. Bu mövzu çoxlarına asan gəlir. Sadə, bəsit, nə istəsələr, yazırlar. Mən, ya siz - heç kəsə deyə bilmərik ki, yazma.

- Vətənpərvərlik mövzusu həm də aktuallığı ilə seçilir.

- Bəli, vətənpərvərlik mövzusunda yazılan hər bir yazının istifadə yeri, təbliğat məkanı, efiri var. Konyuktura buradan qaynaqlanır və eyni zamanda elə burada bilinir. “Duru su dayaz görünər. Dayazın dibi aydın bilinər”. Vətənpərvərlik mövzusu aydın və açıq mövzudur, orada nə etsən, bilinir. Bəzən bizim əksər yazarlarımız qəhrəmanlara, işğal olunmuş torpaqlara, geri alınan torpaqlara həsr olunmuş bədii nümunələr yazmaqla gündəm qazanırlar. Ən azı onların ildönümlərində, xatirə günlərində, anım mərasimlərində bu gündəm təzələnir.

- Natəvan xanım, çox vaxt bu mövzuda yazılan əsərlərin içərisində yaxşı əsərlərin az olmasından danışılır.

- İnanın, qətiyyən kimlərinsə fəaliyyətinə, zəhmətinə kölgə salmaq niyyətim yoxdur. Sadəcə, fikrimi tam ifadə etmək istəyirəm. Bilirsiniz, mahiyyət var. Sən vətənpərvərlik mövzusunda əsər yazırsan. Baxmayaraq ki, bu özü də çox anlamda qəbul ediləsi deyil ki, sən qarşına məqsəd qoyursan ki, vətənpərvərlik mövzusunda əsər yazasan. Dediyiniz sindroma düşməmək üçün gediləcək yolun variantlarından biri odur ki, belə məqsəd qoyulmaz, bəlkə də. Vətənpərvərlik bədii əsərin canında, qanında, ruhunda və bətnində olmalıdır, intonasiyasında, ritorikasında və patetikasında yox.

- Yəni bu mövzuda kütləviçilik heç də yaxşı hal deyil.

- Baxın, deyək ki, şairim, yazıçım, dramaturqum, hətta bədii publisistika ilə məşğul olanlarım hərbi vətənpərvərlik mövzusunda yazın. Nə qədər bacarırsınız yazın! Amma bilirsiniz, mahiyyət var. Sən vətənpərvərlik mövzusunda əsər yazırsan, bu, sənin gəncinin şüurunun alt qatına təsir etməlidir, onun ruhunu silkələyib oyandırmalı, o ruhun varlığa qayıtmasını təmin etməlidir. Təsəvvür edin, bizim məktəblərdə, qəhrəmanın anım gününə, işğal olunmuş ya da işğaldan azad edilmiş torpağımıza həsr edilmiş tədbir keçirilir. Dərsdən sonra, ya dərs ərəfəsi şagirdlər, tələbələr iki-üç saat mərasimdə iştirak edir. Tədbirdən sonra onlardan harada olduqlarını soruşun. Təxminən buna bənzər cavab, insanın şüurunu sarsıdır: “Tədbir var idi, səviyyəsiz-səviyyəsiz əsərlər göstərirdilər, bərbad şeirlər oxuyurdular”. Bu, fəlakətdir, bu, mənəvi erroziyadır. Yenə deyirəm, biz deyə bilmərik ki, kimsə yazmasın. Bu əsərlərin də istifadə məkanları, məqamları, hətta efirləri var.

- Siz demişkən, heç kəsə “yazma” demək olmaz. Həm də bu, bir növ, gənc nəsil qarşısında təbliğatdır axı.

- Amma nəticə nədir?! Görülən işdə əsas məsələ nəticədir. Düz deyirsiniz, bu mövzu adətən təbliğat vasitəsi kimi istifadə edilir. Lakin unudulur ki, təbliğat özü təhlükəli işdir. Düzgün aparılmadıqda, naşı idarə edildikdə özü özünü antitəbliğata çevirə bilir. Və onun fəsadlarını aradan qaldırmaq bəzən çox çətin başa gəlir. Bunun bilərəkdən edilməsi təhlükədir, bilməyərəkdən edilməsi ondan da böyük təhlükədir.

“Bədii əsərlərdə vətənpərvərlik necə istifadə olunmalıdır ki, ucuz patetika və pafosçuluq sindromundan xilas olsun?” - deyə soruşursunuz. Mən də sizdən soruşuram: həyatında, fəaliyyətində, şəxsiyyətində, yaşamında, mənəvi və fiziki varlığında vətənlə, millətlə, dövlətlə, xalqla, yurdla, etnosla bağlılıq olmayan yazarın yazdıqları sizin üçün nə dərəcədə əhəmiyyətli, inandırıcı və dəyərlidir? Ədəbiyyatda elə mövzular var ki, şəxsiyyət mütləq şəkildə bədii mətnin arxasında tələb olunur, elə mövzular var ki, tələb olunmur. Məsələn, təsəvvür edin, lirik , psixoloji, romantik bir mətnin arxasında üç-beş sevgilisi olan yazarın həyatı durur (hətta onun sevgililərini şəxsən tanıyanlar olur). Onun yazdıqları qəbul edilir. Əgər o yazılarda hiss, duyğu, sevgi varsa, onlar sevilir. Şəxsiyyəti aramırsan, arasan da çoxsaylı “heyranlarını” ona keçirsən, çünki bilirsən ki, ən azı bildiyi sahədən yazıb və gerçək hissləri yazıb. Amma elə bir adam ruhani mövzulara əl atırsa, o qıcıq verir. Bilirsən ki, bu, onun mövzusu deyil, onun yaşam tərzi ilə dedikləri tərs mütənasibdir. Bu fikrə etiraz edənlər tapılar ki, şəxsiyyət müvəqqətidir, əsər isə daimi. Belə olmuş olsa belə, bu mövzuda əsər yazarın şəxsiyyətini mətnin arxasında tələb edir. Misal üçün, Yunus Əmrə, Veysəl Qarani, Aşıq Veysəl və sair kimi. Vətənpərvərlik mövzusu da şəxsiyyəti diri və var olaraq, vətənpərvər olaraq tələb edir. Əks halda onun dedikləri, yazdıqları yalançı patetika və quru pafosdur. Boğazdan yuxarı, şüar sözlər burada keçərli deyil.

Tarix
2016.12.17 / 09:19
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla