Yuxarı

Rafətin yeni kəşfi: "Şıltaqlıq etmək istədim, ancaq..." - Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gedək üzü küləyə” mahnısı ilə tanınan gənc müğənni Çinarə Məlikzadə Musavat.com-a müsahibə verib.

Axar.az müsahibəni təqdim edir:

- İlk klipinizi təqdim etdiniz. Tamaşaçıların reaksiyası necə oldu?

- Hər zaman olduğu kimi müxtəlif reaksiyalarla qarşılaşdım. Klip çox səs-küyə səbəb oldu. Elə bil ki, camaat başqa bir şey gözləyirdi, amma tamam fərqli bir kliplə qarşılaşdılar. Bu da mənə görə çox normal bir şeydir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ümumiyyətlə, ortaya bir iş çıxaranda gərək hər şeyə hazır olasan. Gördüyün işi hamının bəyənməsi və sevməsi mümkün deyil. Zövqlər müxtəlifdir. Mən gəncəm və sənətdə addımlarımı yeni-yeni atıram. Hələ çox balacayam və yıxılıa-yıxıla böyüyəcəm.

- Klip sosial şəbəkədə də müzakirələrə səbəb oldu. Bəzi istifadəçilər klipdə sizin bəzi mimika və jestlərinizi bəyənməyib. Məsələn, bir istifadəçi deyir ki, niyə ayrılıq mahnısını gülə-gülə oxuyur, digəri isə əlinizi dodağınızda, boynunuzda gəzdirməyinizi, dodağınızı dişləməyinizi tənqid edir...

- İzləyicilərin fikirlərinə hörmətlə yanaşıram. Onların məni təhqir etdiyini düşünmürəm. Sadəcə izləyənlər məni qorumaq istəyir, səhv addım atmağımı, haqqımda başqalarında yanlış fikir formalaşmasını istəmirlər. Bu hal məni sevindirir. İnsanların sevgisini hiss etmək çox gözəldir. Allah hər birindən razı olsun ki, dəyərli vaxtlarını mənə ayırıb fikir bildirirlər. Məni sevib, mahnılarımı diləyən insanların fikirləri mənim üçün dəyərlidir. Mən özünü sevən insan deyiləm. Nə özümə qulaq asıram, nə də baxıram. Amma mənim yaxın dostum Ərtoğrul Kamalov bu klipi elə çəkib ki, mən oturub baxıram və gülürəm. Xoş təsir bağışlayır. Mən monotonluğu sevmirəm. Dəyişikliyə meylliyəm. Toğrula dedim ki, elə bir klip çək ki, maraqlı və fərqli olsun. O da sağ olsun, heç bir təmənna güdmədən klipi mənə hədiyyə etdi. Ona ancaq təşəkkür edə bilərəm. Mənə çətin vaxtlarımda dəstək olub, ilk işi boynuna götürüb. Çünki hər adam risk edib, ilk işi boynuna götürməz. Ətrafımda indi deyirlər ki, mən çəkərdim, mən daha yaxşısını çəkərdim. Hamı kənardan danışır. Məsləhət vermək, danışmaq asandır, amma əmələ gələndə insan yanında kimisə tapmır. Rejissorluq çox çətin sahədir. Mənim dostum ürəkli çıxıb, ilk klipimi çəkdi. Deyirlər ki, klip başa düşülmür, başqa cür çəkmək olardı. Toğrul özü də açıqlama verib ki, klipdə mənim stolda oturub oxumağım, mimikalarım və jestlərim, Feysbuk-da məşhurlaşmağım əsas götürülüb. O qədər klip var ki, müğənni səbəbsiz yerə paltar dəyişir. Mənə də yazırlar ki, niyə iki-üç paltar dəyişmisən? Klipdə oğlan məni fərqli-fərqli geyimlərdə təsəvvür edir. Elə yeri gəlmişkən gənc aktyor Murad Ismayıla da təşəkkürümü bildirirəm. Onun da ilk çəkildiyi klipdir. Məncə, çox gözəl canlandırıb. Klipdə onun mimikaları çox xoşuma gəlir. Gələk, klipdəki şərab məsələsinə... Mən həyatda içki içən biri deyiləm. Hətta nifrət etdiyimi deyə də bilərəm. Sadəcə olaraq bu, bir klipdir, roldur. Mimikalar və dodaq dişləməyə gəldikdə isə, öz aləmimdə şıltaqlıq etmək istəyirdim. O da elə alınıb. İnsanlar səhv başa düşüb. Burada rejissorun günahı yoxdur.

- Tənqidlər olacağını gözləyirdinizmi? Çinarə tənqidlərə açıqdırmı?

- Tənqidlərə açığam. Əgər mən dünya şöhrətli rejissora da belə klip çəkdirsəydim, yenə də tənqid olunacaqdı. Ideal heç nə yoxdur. Məni hamı bəyənmək məcburiyyətində deyil. Düşünürəm ki, insanlar məni sevdiyi üçün tənqid edib, səhvlərimi deyirlər. Klipi, ifamı, mimikalarımı bəyənlər də çoxdur. Hətta rejissorla işbirliyi qurmaq istəyənlər də var.

- Niyə ilk mahnınız olan “Bir sən varsan, bir də mən” mahnısına deyil, məhz “Gedək üzü küləyə” üçün klip çəkdirdiniz?

- Mən bildiyiniz kimi, Feysbuk-da məhz "Gedək üzü küləyə" mahnısı ilə tanındım. Ona görə də ilk klipi o mahnıya çəkdirdim. Mahnını çox sevirəm, mənə uğur gətirdi.

- Son günlər kliplə yanaşı, Rafət Əl Romanın konsertində çıxışınızla da gündəmdəsiniz. Konsertə təklif necə gəldi?

- Klip tədimatımla Rafətlə oxunan duet üst-üstə düşdü. Hətta müsahibə alan jurnalistlər bilmirdi ki, hansının barəsində soruşsunlar. Bizi tanış etdiyi üçün Nahid Emiloğlun təşəkkür edirəm. Konsertdən bir gün öncə Rafətin musiqiçiləri və vokalçıları ilə bir araya gəldik və bir çox mahnını ifa etdik. Onlar ifalarımızı videoya çəkirdilər. Rafət də video baxıb, mənim ifamı bəyənib və məni konsertə dəvət etdi. Çox həyəcanlı idim. Rafetlə minlərlə insanın qarşısında oxumaq həyəcanverici idi.

- Rafət sizi yeni azərbaycanlı kəşfi kimi təqdim etdi və sizin üçün mahnı yazmağa söz verdi. İşbirliyi təklifi varmı? Sizi də Ezo kimi Türkiyəyə aparıb, orada çalışmağı təklif etsə, razılaşarsınızmı?

- Rafətin konsertinə getmək çoxdankı arzum idi, amma qismət olmurdu. Deməli, hər şeyin zamanı var imiş. Mən konsertə tamaşaçı kimi deyil, qonaq kimi getməliymişəm. Rafət səhnədə mənim üçün mahnı yazacağını dedi. Hələ ki, bu haqda heç nə deyə bilmərəm. Çünki ortada nəsə yoxdur. Bir dəfə yuxuda gördüm ki, Rafətlə Yusif Güney Bakıya gəlir, konsertdə Yusuf mənə gül verir. Bir dəfə də yuxumda çox sevdiyim müğənni İlyas Yalçıntaşla səhnəni bölüşdüyümü görmüşdüm. Sonra elə oldu ki, İlyas Bakıya gəldi, biz birlikdə duet oxuduq. Rafətlə bağlı yuxum da çin çıxdı. Rafet məni Türkiyəyə aparmağı təklif etsə, düşünərəm. Hələ ki, öz ölkəmdə tanınmaq istəyirəm. Burada yetərincə tanınandan sonra başqa ölkədə fəaliyyət göstərmək haqda düşünəcəyəm. Ezo Türkiyədə fəaliyyət göstərir və tanınır. Onu ilk dəfə Rafetlə "Beyaz show" verilişində görmüşdüm. Siması da, səsi də gözəldir. Allah hər birimizin yolunu açıq etsin.

- Sosial şəbəkədə yeni məşhurlaşmağa başlayanda sizinlə müsahibə üçün görüşmüşdük. O zaman gələcək fəaliyyətinizlə bağlı çox da ümidli deyildiniz. Bu qədər dəstək yəqin ki, sizə ruh yüksəkliyi verdi?

- Hər uşaq yeni addımlamağa başlayanda qorxur. Mən də büdrəməmək üçün addımlarımı yavaş-yavaş atıram. İfalarımı yeni-yeni yayanda çox çəkinirdim, videoları paylaşmaq istəmirdim. İnsanların dəstəyi mənə çox kömək oldu. Dostum Hacıbəy Heydərli sağ olsun ki, məni ürəkləndirdi. Mənə qulaq asmayıb, videoları paylaşdı. O paylaşdıqca gördüm ki, insanlar bəyənir və xoş sözlər yazır. Bu, məni ürəkləndirdi. Məni insanların dəstəyi həvəsləndirir. Hər kəsə təşəkkür edirəm. Müğənniyə sevgi və alqış lazımdır. Mən də hələ ki, bunu insanlardan görürəm.

- Bəstəkar Sevinc Tofiqqizi yeni layihə üzərində işlədiyinizi dedi. Bir az da bu barədə danışaq...

- Bəstəkar Sevinc Tofiqqızı ilə işbirliyimiz davam edir. Sevinc xanımı çox sevirəm. Yeni mahnılar üzərində işləyirik. İnşallah, gələn il mahnılarımız işıq üzü görəcək. Mənə dəstək olduğu üçün Sevinc xanıma təşəkkür edirəm. O, təmənnasız mənə mahnı verir.

- Gələcək yaradıcılıq planlarınızda daha nələr var?

- Mən plan quran insan deyiləm. Çox düşünən və xəyallarda yaşayan adamam. Özümün balaca bir dünyam var. Həyat planlarımı Allah qurur. Hər şeyi ona həvalə edirəm və zamanın axışına buraxıram. Mənə qabaqcadan danışmaq da düşmür. Gəlcəkdə məni nələrin gözlədiyini bilmirəm. Mən çoxlu sevənlərimin olmasını, konsertlər verməyi və qastrol səfərlərinə çıxmaq istəyirəm. Arzum Azərbaycanın adını zirvələrə qaldırmaq, ölkəmi xaricdə təmsil etmək və tanıtmaqdır. Nə qədər ki, tamaşaçılar məni dəstəkləyəcək, o qədər də uğur qazanacağam.

Tarix
2016.12.25 / 15:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla